Tərcümə olunan əsərlərdəki yad tarixi şərait, sosial-ictimai vəziyyət, məişət, dünyagörüşü, əxlaq normaları çox vaxt sadə misirlilər tərəfindən tam mənasında qəbul olunmurdu və tərcüməçilər anlaşılmaz qalan bəzi məqamların açıqlanması məqsədilə tərcümə ilə bərabər geniş şərhlər, göstəricilər, illüstrasiyalar verirdilər. Bu yolla tərcümə olunmuş əsərlər daha oxunaqlı, xalq kütləsinə aydın və yaxın olurdu. Adaptasiyanın dördüncü yolu:
Tərcümə zamanı obrazların adlarını, yer adlarını dəyişməklə yanaşı əsərin, obrazların dilinin ərəbləşməsi yolu ilə adaptasiya aparılırdı. Xüsusilə, ərəb atalar sözləri, xalq arasında çox işlənən ibarə, ifadə və təsvir vasitələri, müraciət formaları və s. bu tərcümələrə daxil edilirdi.
Bir faktı da qeyd etmək lazımdır ki, Misir tərcüməçiləri yalnız Avropa, Amerika ədəbiyyatını tərcümə etmir, həmçinin Rusiya tarixi ilə bağlı əsərlərin, rus yazıçılarının əsərlərinin tərcüməsi ilə də məşğul olurdular. Hərçənd bu proses bir qədər sonrakı tarixə təsadüf edir və XIX əsrdə az hal təşkil edirsə də, XX əsrdə daha böyük vüsət alır.
İlk dəfə Rusiya ilə bağlı tərcümə Məhəmməd Əli dövründə (1805-1848) başlanan və onun varisi Abbasın dövründə (1848-1854) Əhməd ibn Məhəmməd Ubeyd Ət-Təhtəvi tərəfındən başa çatdırılan “Böyük Pyotrun tarixi” (Ər-raud əl-əzhər fı tərix Butrus əl-əkbər) əsərinin tərcüməsi olmuşdur. Rusiya ilə bağlı ərəb dilində olan bu ilk əsər fransız yazıçısı Volterə (1694-1778) məxsus olmuşdur və fransız dilindən tərcümə olunmuş, “Bulaq” nəşriyyatı tərəfindən 5 mart 1850-ci ildə 348 səhifə həcmində çap olunmuşdur (4).
Buna qədər isə 1826-cı ildə Məhəmməd Ət-Təntəvinin (1810-1861) “Rusiyamn təsviri” adlı orijinal əsəri olmuşdur. 1840-cı ildə Peterburqa gəlmiş Ət-Təntəvi Rusiyanın digər şəhərlərində də olmuş və bu əsərində Rusiya əhalisinin gündəlik həyat tərzindən, adət-ənənələrindən, Odessada, Kiyevdə aldığı təəssüratlardan, xüsusilə I Pyotrun (1672-1725) hakimiyyətindən, onun apardığı islahatlardan, Rusiya hərb sənətindən, dəniz donanmasından, təhsil sistemindən bəhs etmişdir.
XX əsrin əvvəllərindən başlayaraq isə rus ədəbiyyatı nümayəndələrinin əsərləri böyük surətlə tərcümə olunaraq istər Misir, istər digər ərəb ölkələrində yayılmağa başlayır.