ОБМЕН СТИШКАМИ АШУГ НАДЖАФА ГОЙЧАЛИ
Резюме
Ашуг Наджаф Гойчали прошел богатую творческую жизнь. Его стихи изданы во многих сборниках и в виде книг. Его обмен стихами, как форма имеет огромное значение как разнообразием, так и возможностями создавать полное представление о нем. Оно является достоверным источником для изучения возможностей стилистики выражения, семантику обмена стихами в творчестве ашуга.
Ключевые слова: Творчество ашуга, ашугская среда Гойча, Ашуг Наджаф Гойчали, обмен стихами
Göyçə aşıq mühitində müxtəlif istiqamətli araşdırmalara zərurət doğuran sənətkarlardan biri də Aşıq Nəcəfdir. Onun zəngin ədəbi irsində aktuallıqla görünən problemlər kifayət qədərdir. Onlardan biri də deyişmələrinin forma mahiyyətinin, məzmun və mündəricəsinin açılmasıdır. Ümumiyyətlə, aşıq yaradıcılığında deyişmələr mühüm bir hissəni təşkil edir. Türk tədqiqatçısı Nazim İrfan Tanrıqulu onu “aşıqlar divanı” (7) kimi vurğulayır. Bunu ustad sənətkarlardan Xəstə Qasımın, Ləzgi Əhmədin, Qurbaninin, Dədə Yadiyarın, Aşıq Alının, Aşıq Yığvalın və digərlərinin qarşılaşması timsalında görürük. Hətta deyişmələr bir forma kimi mahiyyətində yeni dəyərlər qazanaraq yazılı ədəbiyyata da özünün təsirini göstərmiş, M.V.Vidadinin, M.P.Vaqifin, Ağqız oğlu Purinin, Sarı Çobanoğlunun və başqalarının şəxsində yeni mahiyyət kəsb etmişdir. Bu rəngarənglik aşıq yaradıcılığında da müxtəlifliklərlə müşahidə olunmuşdur. Daha doğrusu, Nazim İrfan Tanrıqulunun dediyi kimi “haqq divanı” (7) olmadan çıxmış, fikrin düşüncənin ifadəsi üçün yeni dəyərlərlə səciyyələnmişdir. Hətta XIX əsrdə Q.Zakirin, M.F.Axundovun, Cəfərqulu xan Nəvanın, Məhəmməd bəy Aşiqin, Mirzə Həsən Mirzənin, Aşıq Pərinin, Kazım ağa Salikin, Məsum Əfəndi Qiyasbəylinin və başqalarının yaradıcılığı timsalında bir növ yazılı ədəbiyyata təsirdə, yeni dəyərlərdə görünmüşdür.
Aşıq yaradıcılığında deyişmə özlüyündə janr modeli, düşüncə tipi kimi vahid bir sistemi işarələyir. Folklorşünas P.Əfəndiyev yazır: “Deyişmə aşıqların sənətkarlıq bacarığını, istedadını, dünyagörüşünü, biliyini nümayiş etdirmək üçün mühüm vasitələrdən biridir” (2, 249). Onun mahiyyətində bütünlükdə xalq təfəkkürünün zənginliyi, aşıqlığın çəkisi və məsuliyyəti ifadə olunur. Bu səbəbdən də deyişmənin bir formul kimi janr modelinə uyğun müxtəlif müstəvilərdə izahlı gərəyi yaranır. Burada estetik məlumat hadisəsi olma, kanoniklik, struktur-semantik əlaqələrin bütövlüyü, kompozisiya prinsipi və s. məsələlər aydınlaşma zərurətində görünür. Çünki deyişmə bir formul kimi bədii-estetik sistemin hadisəsidir. Aşıq yaradıcılığında deyişmə ilə yazılı ədəbiyyatda deyişmə fərqli tənasüblərdə (məlumat inikası, subyektin özünü ifadəsi, janr məntiqinin təzahürü prinsiplərində) araşdırmanı aktuallaşdırır. Göyçəli Aşıq Nəcəfin yaradıcılığı timsalında deyişmənin şərhi bir istiqamətdə mühiti ifadə edir.
Məlum olduğu kimi, Göyçə aşıq mühiti özünün zənginliyi, poeziya ruhu, ifa özünəməxsusluqları və bütünlükdə ayrı-ayrı sənətkarlarının yaradıcı təbiəti ilə həmişə digər mühitlərə təsirdə görünmüşdü. Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Şişqayalı Aydın, Şair Məmmədhüseyn, Usta Abdulla, Növrəs İman, Aşıq Talıb və s. onlarla sənətkarı (həm aşıq, həm də el şairləri) aşıq sənətinə öz töhfələrini vermişlər. Aşıq Nəcəf də həmin mühitin istedadlı nümayəndələrindəndir. Aşıq Ələsgər ocağına məxsus sənətkardır. Məhz bu istedadın, zənginliyin nəticəsidir ki, hələ gənc yaşlarından, təxminən otuzuncu illərdən bu mühitin marağında olmuşdur. Folklorşünas H.Əlizadə, daha sonra Ə.Cavid onun şeirlərindən nümunələri ayrı-ayrı toplularda vermək məqsədində olmuşlar. Artıq Göyçəli Aşıq Nəcəfin yaradıcılığı bir toplum şəklində İ.Ələsgər tərəfindən “Göyçəli Aşıq Nəcəf” (Bakı, Səda, 2000) adı ilə çap olunmuşdur. Bu kitab sənətkar haqqında bütöv təsəvvür yaradır. Qoşmaları, gəraylıları, təcnisləri, divaniləri, müxəmməsləri, qəzəlləri onun zəngin yaradıcılıq yolu keçməsini aydın şəkildə ifadə edir. İ.Ələsgər yazır: “Saz götürdüyü zamandan şeir yazmağa başlayan aşıq Nəcəfin yaradıcılığı çox zəngindir. Biz onun əsərlərini hələ 1950-ci illərdən toplamağa təşəbbüs göstərmişik” (3, 12). İndi əlimizdə olan şeirləri müxtəlif müstəvilərdə, kanonik prinsiplərlə, semantik sistemin qanunauyğunluğunda, estetik informasiya bolluğunda və s. araşdırmanı gərəkli edir. Fikrimizcə, bu böyük kitab Aşıq Nəcəfin Göyçə mühitinə, bütünlükdə aşıq ədəbiyyatına təzədən təqdimidir. Bizə belə gəlir ki, aşığın yaradıcılığı timsalında hələ bu da tam deyildir. Çünki ustadların yaradıcılığının vaxtında yazıya alınmaması müxtəlif itkilərə, yaddaşlardan silinmələrə yol açmışdır. Göyçəli Aşıq Nəcəfin yaradıcılığı da bunlardan xali deyildir.
Aşıq Nəcəfin bizə on bir deyişməsi (“Qızla deyişmə”, “Sumaya ilə deyişmə”, “Xalidə ilə deyişmə”, “Molla Muradla deyişmə”, “Aşıq Talıbla deyişmə”) gəlib çatmışdır. Bunların hər birisi spesifikası, semantik mahiyyəti, işarələdiyi məna, deyişmə formulları baxımından zəngin material verir. Aşıq yaradıcılığında, eləcə də Göyçə aşıq mühitində müxtəlif tipli deyişmələr vardır. Onlar içərisində mühüm bir hissəni el gözəlləri ilə aşıqların qarşılaşması təşkil edir. Məsələn, “Aşıq Ələsgərlə Həcər xanımın deyişməsi”, “Aşıq Məhəmmədin (Aşıq Ələsgərin qardaşı) Qars şəhərində dağıstanlı Səlvi xanımla deyişməsi”, “Aşıq Əsədin Minayə ilə deyişməsi”, Şair Vəlinin “Qızla Oğlanın deyişməsi”, “Mirzə Səmədlə Zərnişanın deyişməsi” və s. nümunələr vardır. Bunlar aşıq yaradıcılığında deyişmə rəngarəngliyini göstərir və formul kimi işləkliyini açmağa, fikrin ifadəsi üçün əsaslı fakt olduğunu düşünməyə imkan yaradır. Göyçəli Aşıq Nəcəfdə də bunlar bir bütöv kimi təsir bağışlayır və açılma zərurətində görünür. Onu da əlavə edək ki, bu nümunələr hansısa bir təsadüfün hadisəsi olmayıb müəyyən məqsədin ifadəsi üçün vasitə, əsas rolunu oynayır. Məsələn, “Qızla deyişmə” üç rədif üstündədir. “Vədəsində”, “Gəlibsən”, “Buralarda” deyişməsi hər birisi müəyyən fikrin, qənaətin çatdırılması məqsədi daşıyır.
Qız: Dolanıb zimistan, gəlibdi bahar,
İndi bizim yerin iş vədəsidi.
Girmə gədiklərdən əriyibdi qar,
Ellərin yaylağa köç vədəsidi.
Nəcəf: Hələ tezdi çıxmaq olmaz yaylağa,
Havalar soyuqdu, qış vədəsidi.
Naşı səyyad nahaq gedir ovlağa,
Ov keçib bərədən boş vədəsidi (3, 186).
Bu deyişmədə etnoqrafik cizgilər, Göyçə elat camaatının həyat tərzi, dağ-aran köçü, məişəti özünün ifadəsini tapır. Məlum olduğu kimi, tərəkəmə-elat həyat tərzi, dağ-aran həyatı, onun zənginliyi, məişət özünəməxsusluqları ilə bağlı etnoqrafların kifayət qədər maraqlı, həm də zəngin elmi araşdırmaları vardır. Həmin həyat tərzinin bütöv şəkildə aydınlığı, tam bilgi əldə olunması üçün mühitin şifahi sözlüyünün, söz sənətinin, aşıqların, el şairlərinin dediklərinin paralel araşdırmalara cəlb olunması fakt kimi mühümdür. Xalqın zəngin yaradıcılığı xalqın məişətinin, mədəniyyətinin, tarixinin, ədəbiyyatının, musiqisinin öyrənilməsi üçün ən əsaslı mənbədir. Göyçə aşıq mühiti bu mənada böyük informasiya yükü ilə səciyyələnir. Ona görə də Aşıq Nəcəfin deyişmələrində aşağıdakı üç istiqamətə diqqət yetirmək lazımdır.
a) “mətn və mühit”. Əlbəttə, yuxarıdakı mətn mühiti ifadə baxımından lazımı qədər informasiyaya yüklüdür. Çünki burada Aşıq Nəcəfin qızla qarşılaşmasında biz Göyçəni və onun məişətini görə bilirik. Dediyimiz kimi, Göyçə özünün tarixi, mifik yaddaşa bağlılığı, spesifik özəllikləri ilə genetik yaddaşı qorumağa meyilli məkanlardandı. Sazın, tərəkəmə həyat tərzinin, mərasimlərin rolu olduqca böyükdür. Mətn və mühit müstəvisində Aşıq Nəcəfin deyişmələri fakt zənginliyi, Göyçə, onun təbiəti ilə bağlı müəyyən bilgi vermək baxımından diqqəti çəkir. Heç şübhəsiz, hər hansı mətn (bədii nümunə) bu və ya digər dərəcədə mühitlə bağlanır, mühiti ifadə etmək məqsədi daşıyır. Çünki onun yaradıcısı özlüyündə mühitin hadisəsidir. Öz timsalında mühiti ifadə etmək funksiyasında çıxış edir.
Qız: Bir şərbət işmişəm, ağzım ağıdı,
Sinəmə çəkilən hicran dağıdı.
Bizim yerin çox səfalı çağıdı,
Demirsən işrətin heç vədəsidi.
Nəcəf: Nəcəf deyər, sən qarışma işimə,
Hay-küy salıb eli yığma başıma.
Briqadirin səsi gəlmir guşuma,
Bir az qulağımın dinc vədəsidi (3, 186).
b) “mətn və subyekt”. Bu məsələdə bütün olanlar tamlığı ilə aydın və üzdə görünəndir. Düzdür, folklorda konkretləşmiş fərdi subyekt olduqca alt qatda, demək olar, görünməz müstəvidə müşahidə olunur. Burada nə varsa xəlqi səciyyə daşıyır. Ümumiləşmiş müəllif obrazı ilə səciyyələnir və onunla çıxış edir. Ancaq aşıq yaradıcılığında müəlliflik folklor üçün müəyyənləşmiş prinsipləri pozur. Aşıq burada subyekt timsalında çıxış edir və öz hiss, duyğu, düşüncələrini ortaya qoyur. Deyişmə – mətn və subyekt baxımından xeyli geniş imkanlılıqla səciyyələnir. Daha doğrusu, subyektin həyat, dünya, mühit haqqında düşüncələrini ortaya qoymağa xidmət edir. Bu, ümumiyyətlə, deyişmənin mahiyyətində dayanan məsələdir.
c) “mətn və mətn”, daha doğrusu, janrın təzahür formulları və ifadəlilik imkanları. “Deyişmənin qədim tarixi vardır, həm şifahi, həm də yazılı poeziyada onun rəngarəng növlərinə rast gəlirik. Adından da göründüyü kimi, deyişmədə əsas əlamət iki şəxsin qarşı-qarşıya dayanıb şeirləşməsidir. Lakin bu proses deyişmənin sonrakı inkişaf mərhələsidir. Zəngin xalq poeziyasının bəzi janrlarına diqqət yetirdikdə, məlum olur ki, qarşı-qarşıya dayanıb şeirləşməyə qədər, xalq poeziyasında ayrı-ayrı janrlarda deyişməyə bənzər şeir şəkilləri olmuşdur” (8, 204). Göyçəli Aşıq Nəcəfin şeirlərinə bu müstəvidə diqqət yetirdikdə və tipoloji müqayisələrlə yanaşdıqda bir forma kimi onun mahiyyətini aydınlaşdırmış oluruq. Yəni aşıq yaradıcılığında deyişmənin bir forma kimi konseptual araşdırmalara yol açdığını müşahidə edirik. Dedim - dedilərdə, dialoq səciyyəli söhbətlərdə deyişmə ünsürləri vardır və adın özü də bunları ehtiva edir. Ancaq aşıq yaradıcılığında bu forma aşıqlığın sənət meyarına, sənətin nüfuz və çəkisinin qorunuşuna xidmət edir. Artıq aşıq yaradıcılığında deyişmələrin müxtəlifliklərlə nəzərə çarpan nümunələri (“Dağ və aran”, “Qız və gəlin”, “Qafiyə və təcnis” və s.) yaranmışdır. Aşıq Nəcəfin də deyişmələrində bu bir istiqamətdir. “Qızla deyişmə”, “Sumaya ilə deyişmə”, “Xalidə ilə deyişmə” məhz struktur və mahiyyət etibarilə şərtiliklə səciyyələnir. Mətn tipi kimi isə sırf deyişmə strukturuna yüklənir.
Aşıq Nəcəfin qızla deyişməsi “Buralarda” rədifi ilə yekunlaşır. Deyişmə rədiflə bir istiqamətdə mühit və subyektin ifadəsi üzərində qurulur. Daha doğrusu, mühiti və subyekti ifadə etmək məqsədinə xidmət edir. Düzdür, burada daha çox subyekt özünü ifadəsi vardır və üstünlük də ona verilir. Ancaq “buralarda” mətn faktı kimi subyekti birbaşa mühitlə ifadə etməyə köklənir.
Qız: Dolanar zimistan, gələr nobahar,
Açılar bənövşə yaz buralarda.
Xoş gələr ruzigar, neysan olar car,
Çalxanar sonalar, qaz buralarda.
Nəcəf: İxtiyar səndədir, vəfalı dilbər,
Az mənim canımı üz buralarda.
Əgər qəbul etsən, bircə ərzim var,
Dözə bilməzsiniz siz buralarda (3, 188).
Burada mətn və subyekt məsələləri daha aydınlıqlı və müəllif düşüncəsini ifadə etmək baxımından kifayət qədər informasiyaya yüklüdür. “Adi danışıq mükalimələrindən başlayaraq, şifahi xalq yaradıcılığımıza bir poetik termin kimi daxil olan deyişmələr həm yazılı, həm də aşıq poeziyasında “Dedim-dedi” üzərində misradaxili, sonralar isə təkmisralı, nəhayət, bütöv bəndlər şəklində formalaşmışdır” (5, 213). Bu rəngarəngliyin, müxtəlifliyin özündə də daha çox üzdə görünən mətn və subyektdir. Poetik nümunə kimi bu uğurludur. Müəllifin, lirik mənin duyğularına, sevgi hisslərinin ifadəsinə yönəlikli hadisədir. “Sumaya ilə deyişmə” də struktural müstəvidə məhz müəllif məninin ifadəsinə xidmət etməklə mükəmməl poetik nümunə hadisəsi olaraq diqqəti cəlb edir. Burada Sumaya və Aşıq Nəcəf tərəfdilər. Güman etmək olar ki, Sumaya şeir yazmamışdır. Bəlkə də, yaza bilmək qabiliyyəti olmamışdır. Ancaq Aşıq Nəcəf Sumaya adını öz hiss və duyğularını ifadə etmək, düşüncələrini vermək üçün deyişməyə tərəfmüqabil kimi gətirmişdir. Çünki bu tip nümunələr vardır. Məsələn, “Aşıq Ələsgərin Həcərlə deyişməsi”, “Aşıq Əsədin Minayə ilə deyişməsi” və s. Bu formanın özü aşıq yaradıcılığında fikrin ifadəsinə, lirik mənin düşüncəsinin açımına xidmət edir. Burada problemin nəzəri tipologiyasından əlavə, formanın struktur komponentləri də bir çevrənin komponentləri kimi izlənməyi zəruriləşdirir. Əlbəttə, mətnin özünün fenomenallığı, məna yaddaşının nələrlə səciyyələnməsi, janrın məzmunu bütünlükdə müəllifin ifadəsinə xidmət edir. Onu da əlavə edək ki, deyişmələrdə struktur elementləri, mahiyyət əlvanlığı digər formalardan daha zəngin və çalarlıdır. Göründüyü kimi, deyişmə bütün müstəvilərdə bədii estetik sistem olmanı ortaya qoyur. Sənətkar bunu mühit hadisəsi kimi yaşayır. Ayrılıq həsrəti, dağ-aran köçləri, məişət hadisələri məhz aşiqin hissləri timsalında təqdim olunur. Bu hansısa səfərin, elin-elatın yaylaq zamanının hadisəsi kimi mətndə daşlaşır. “Xalidə ilə deyişmə” isə bütün bunlardan fərqli olaraq dini düşüncəyə, islamın müqəddəs şəxslərinə inamın ifadəsinə yüklənibdi.
Nəcəf: Əvvəl, ibtidadan demişəm “bəli”,
Ana bədənində cana gələndə.
Allahü Məhəmməd, – söylədim Əli,
Qədəm qoyub bu cahana gələndə.
Xalidə: Nə möhkəm tutubsan sən mövhumatdan,
Allahdan, Əlidən və Məhəmməddən?
Qədim ənənədən, köhnə adətdən,
Göstər mənə bir nişana, gəlibsən (3, 192).
Göründüyü kimi, bu deyişmələrdə, hətta Aşıq Talıbla deyişməsində müxtəlifliyin, hər bir nümunədə fərqli yanaşmanın şahidi oluruq. Aşıq Talıbla Aşıq Nəcəfin deyişməsi (1, 95) ümumiyyətlə, deyişmə hadisəsi kimi əvvəlkilərdən fərqli olaraq real və ciddi tərəfmüqabildir. Düzdür, burada dəvət, hərbə -zorba, qıfılbənd kimi deyişməyə məxsus mətn hadisəsi yoxdur. Ancaq bu deyişmə ilə biz iki sənətkar arasında səmimi münasibəti, davranışları, yumor hisslərini görürük. Bütün bunlar Aşıq Nəcəfin bir sənətkar kimi yaradıcılıq imkanlarını, Göyçə mühitində yerini, deyişmələrindəki hər bir formal ünsürün məna ifadə etmək funksiyasını, semantikləşmə xarakterini düşünməyə əsas verir.
Dostları ilə paylaş: |