Yuxu→butalanma→səfər. Yuxu özlüyündə psixoloji hadisə olub, insanın həyatında hər gün rastlaşdığı, fizioloji baxımdan zəruri olan bir faktdır. O, bu dünya ilə o biri dünya arasında keçid funksiyasını yerinə yetirir. Gecələr yatmaq qaranlığı, gündüzlər oyanmaq isə işığı təcəssüm etdirir. Qaranlığı ölüm, işığı da həyat kimi qəbul etsək, burada mifoloji ritual-inisiasiyanın baş rolda olduğunu yenidən vurğulamalıyıq. ““Yuxu” semantemi işıqdan qaranlığa, gündüzdən gecəyə və əksinə adlamanın, başqa sözlə, statusdəyişmənin ritual mexanizmini bildirir......Yuxu mifologem olaraq astral-kosmik “gözdən doğulma” mifologemi ilə eyni invarianta girir” (8.195). Əgər yuxu istər xaos və kosmos, istərsə də ölüm və yaşam arasında keçid funksiyasını yerinə yetirirsə, bu o deməkdir ki, burada səfər motivi altmətndə gizlənmişdir. Oğuzlar əbəs yerə yuxunu “kiçik ölüm” adlandırmırlar. Qurani-Kərimin əz-Zümər surəsinin 42-ci ayəsində buyrulur: Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilər). Ölümünə hökm olunmuş kimsələrin canlarını ( ruhlar aləmində) saxlayar ( onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də, bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qayarar. Quran ayələrinin epik mətnə gətirilməsi və ona edilən istinadlar xüsusi araşdırma tələb edir. Folklor mətnlərində isə yuxarıdakı ayənin təsir gücü aydın seçilməkdədir.
Yuxu vasitəsilə səfər gözlə səfər etmək kimi xarakterizə edilə bilər.
Yuxu səfərdən əvvəl və sonra olmaqla özündə bir sıra spesifik cəhətləri toplayır. Bunların hər ikisində qəhrəman dərin yuxuya gedir. Qəhrəmanın dərin yuxuya getməsi məhəbbət dastanlarında daha geniş poetik məzmun kəsb edir.
Məhəbbət dastanlarında yuxuyagetmə bir qədər fərqlidir, onun butalanma motivinin tələbindən irəli gəldiyini desək, yanılmarıq. Professor Azad Nəbiyev butanın fövqəlbəşər qüvvə tərəfindən insan övladına qeyri-adi şəraitdə bəxş edilən bir istedad, məhəbbət duyğusu olduğunu bildirir(1.354). Fikrimizcə, butalanma da bir ritualdır və o, səfərəçıxma üçün zəmin yaradır. Eşq əsasında yaranan dastanlarda aşiq sevgilisini ya yuxuda butalanmaqla tanıyar, ya da göbəkkəsmə ilə. Bir qrup dastanlarda isə qəhrəmanlar səfərdə, bulaq başında yatarlar. Ayılandan sonra üzərlərində sevgilisinə aid bir nişanə taparlar və bu nişanənin ardınca ona qovuşmaq üçün səfərlər edərlər. Butalanan aşiq bərk yuxuya gedər, onu heç kim ayılda bilməz. Təcrübəli insanlar, əsasən, qarılar onun butalandığını bildirərlər. Elə ki qəhrəman oyandı, tez butalandığı qıza qovuşmaq istər. Bu sevdadan dönməkdən ötrü aşiqə digər qızlar görsədilər. Aşiq isə istəyindən dönməz, yolda bir sıra çətinliklərlə üzləşsə də, haqq aşiqi olduğunu sübuta yetirər. Butalanma dinləyicidə maraq oyadaraq, əsərin süjetini sona kimi izləməyi vadar edir və yuxuda butalanan aşiqlər sonda bir-birinə qovuşurlar.
Motivin üstünlük təşkil etdiyi əsərlərdə diqqəti cəlb edən detallardan biri də evlənmə ilə bağlı rituallardır. Qəhrəmanlıq dastanlarında evlənmə məhəbbətlə deyil, obrazın müəyyən bacarıq və qabiliyyətləri, daha doğrusu, onun döyüş qaydalarına bələd olması və göstərdiyi qəhrəmanlıqlar nəticəsində baş tutan ritualdır. İstər məhəbbət, istərsə də qəhrəmanlıq dastanlarında əksər səfərlərin sonu bununla tamamlanır. Burada bir daha səfərəçıxmada məqsəd və onun nə ilə nəticələnməsi diqqət çəkməkdədir. Evlənmə məntiqsiz, kortəbii detal olmayıb müəyyən qanunauyğunluğa tabedir. Bu, səfər motivinin qəhrəman obrazı yaratmaqda oynadığı rolu bir daha təsdiqləyəcək və bizim yuxarıda adıçəkilən fikrimizə aydınlıq gətirəcəkdir. F.e. d. Seyfəddin Rzasoy “Koroğlu” dastanında evlənmənin mifik izahını belə izah edir: “Eposda bütün hərəkətlər bir hərəkət invariantını özündə əks etdirir: Koroğlunun igidliklə evlənməsi. Bütün səfərlər qızların gətirilməsi və toyla başa çatır. Toy mərasimdir və bu, eposun ritual arxetipində gənclərin kişi statusuna keçirilməsi ritualının durduğunu göstərir. Hər səfər konkret bir dəlinin toyu ilə başa çatmaqla onu igid kimi təsbit edir” (8,315). Alimin bu fikirləri bizim səfər−evlənmə−igidlik (qəhrəmanlıq) fikirlərimizlə üst-üstə düşür. Evlənmə özlüyündə həm sosial, həm də mifik faktları cəmləyən, xalqın etik-estetik baxışlarının optimal şəraitdə gerçəkləşməsidir. O, eyni zamanda cəmiyyətdə baş vermiş ictimai-siyasi dəyişikliklərin nəticəsidir. Qəhrəmanlıq dastanlarında hər hansı bir səfərin evlənmə ilə bitib-bitməməsinin digər səbəbini səfərə yollanan igidin tək və ya mütəşəkkil şəkildə döyüşməsi kimi də izah etmək olar. Adətən, tək döyüşə gedən və sınaq döyüşü keçən igidlər bu kişilik statusuna daha tez yiyələnir və sonda evlənir.
Yuxarıda qeyd etdiyimiz fikirlərə bir daha “Şah İsmayıl” dastanı üzərində əyani şəkildə açıqlama verək. Vücudnamə ilə başlayıb duvaqqapma ilə bitən dastanlardan biri də Qəndəhar şəhərində Ədil adlı padşahın oğlu Şah İsmayılın dastanıdır ki, başdan-başa süjeti səfər motivi üzərində işlənib tamamlanmışdır. Uşaqlıq illərini qaranlıq otağın quru divarları arasında keçirən İsmayılı sanki atası xaos aləmindən qoruyur. Bu qaranlıq dünya özlüyündə həm xaosu, həm də kosmosu birləşdirir. Bildiyimiz kimi kosmos işıqlı dünyanı inikas etdirirsə, bəs o zaman İsmayılın “xaos aləmindən” qorunduğu bu qaranlıq otaq nədir? Elə bu otağa düşən işıqdan kosmos aləminə can atan qəhrəmanımız səfərə çıxmaq üçün ilk olaraq, ov ovlamaqdan başlayır və şəhərdən çıxır. “Carçılar onun uzaq şikar səfərinə getdiyini hamıya xəbər edirlər” (3,208) İsmayıl vəzir, vəkil və qoşunu ilə ov ovlaya-ovlaya o qədər gedir ki, axırda özgə padşahın torpağına ayaq basır. Gözü bir ceyrana sataşan ovçunun fikri ancaq bu ovda olur. Ov isə ceyran cildinə düşmüş gözəlin- Gülzarın poetik portretidir. Gülzar nisanlı olmasına baxmayaraq, İsmayıla aşiq olur və onlar əhd bağlayıb üzüklərini bir-birinə nişan verirlər. Bu aşiqlər butalanma yolu ilə deyil, əhd peymanla bir-birinə qovuşmağı söz verirlər, elə ona görə də Ədl padşah İsmayıla Gülzara oxşar digər qızları məsləhət biləndə butalanmış digər qəhrəmanlardan fərqli olaraq, o razılaşır. Lakin gözəllikdə Gülzara tay olmadıqlarını bildirərək Türkmana səfər etməyə hazırlaşır.
Şah İsmayılın səfərlərində iki niyyət vardır:
1. Şikar etmək;
2. Qız almaq – evlənmək;
Bunlardan birincisini niyyət, ikincisini isə həm növbəti səfərə səbəb, həm də bütün səfərlərin nəticəsi kimi qiymətləndirmək olar. Qeyd etdiyimiz kimi, burada bir səfər yeni bir səfərin planlaşdırılmasına zəmin yaradır. Təsadüfən ceyranla rastlaşan ovçunun səfərə çıxması zərurətdən doğan dialektik qanunauyğunluqdur ki, sonu üç qadınla- Rəmdar Pəri, Ərəb Zəngi və Gülzarla evlənməklə yekunlaşır. Bu səfər zaman etibarilə çox uzundur, nəticəsi isə evlənməkdən əlavə, İsmayılın anasının həsrətdən ölməsidir. Ərəb Zəngi ilə davadan sonra xaos aləmində olan qəhrəman yuxuya gedə bilmir, buna səbəb hər şeydən əvvəl fiziologiyadır, belə ki, İsmayılın beynini məşğul edən detal vardır: əgər bu pəhləvana qalib gəlməsə, muradı gözündə qalacaqdır. Dastanlarımızda aşiqin əhd bağlandıqdan sonra onun bitməsinə son gün qalmış deyilən yerə gəlib çatmasının tez-tez şahidiyik. Digər folklor qəhrəmanları kimi bu əsərdə də qəhrəman aşıq paltarı geyinib sevgilisi ilə görüşə gəlir və əgər bu görüş qızın qaçırılması ilə bitərsə, o zaman qaçmış aşiqlərin ardınca ev yiyəsinin qoşunu gəlir. Belə ki, qəhrəman əgər qız alıb evlənmək istəyirsə, öz gücünü isbata yetirməlidir. Bir-birinə qovuşduqdan sonra yolda yuxuya gedən aşiqlərin ardınca Mahmud paşanın qoşunu gəlir. Lakin bu qoşunu Ərəb Zəngi öz hesabına dəf edir. Əsərdə iki gözəli öz hesabına əldə edən İsmayılı bundan sonra daha çətin sınaq gözləyir. Əgər o, Gülzarı Ərəb Zənginin hesabına deyil, öz gücünə əldə etsəydi, ikinci dəfə ağır sınaqla rastlaşmaya bilərdi.(qayda pozulmuşdur) Belə ki, Gülzara aşiq olan atası Ədil şah tərəfindən gözləri çıxardılan qəhrəman inisiasiya prosesindən keçərək quyuya atılır. Demək, öz yurduna- kosmosa gəlmiş İsmayıl elə buradaca xaosa mifik səfər edir. Sonda atasına fiziki gücü hesabına qalib gələn qəhrəman səfərə çıxmazdan əvvəl etdiyi niyyətə çatıb Gülzarla evlənir və taxt-tac sahibi olur.
Dostları ilə paylaş: |