13. Modifikasiyalar. Öz mənşəyinə görə bir qədər dəqiq müəyyən edilə bilməyən əvəzetmələr var. Əksər hallarda bu, kökü sadəcə söyləyicinin fantaziyasına gedib çıxan yaradıcı əvəzetmələrdir, həm də belə formalar etnoqrafiya və ya tarix baxımından spesifik deyil. Ancaq qeyd etmək lazımdır ki, bu əvəzetmələr sehirli nağıllara nisbətən heyvanlar haqqında və digər nağıllarda böyük rol oynayır (ayının canavarla, bir quşun başqası ilə əvəz edilməsi və s.). Əlbəttə, onlar sehirli nağıllarda da mümkündür. Belə ki, hava daşıyıcısı rolunda qartal, şahin, qarğalar, qazlar və başqaları da ola bilər. Axtarılan təəccüblü şey kimi qızılbuynuzlu maral, qızılsaçlı at, qızıl lələkli ördək, qızıl tüklü donuz və başqaları bir-birini əvəz edə bilərlər. Xüsusilə bünövrəyə münasibətinə görə, ümumiyyətlə, ikinci olan formalar tez-tez şəklini dəyişirlər. Bir sıra formaların tutuşdurulmasıyla göstərmək olar ki, tələb olunan təəccüblü şey, istənilən qızılı qıvrım saçlı şahzadənin dəyişdirilməsindən başqa bir şey deyildir. Əgər törəməylə əsas formanın müqayisəsi müəyyən azalan xətti göstərirsə, onda iki törəmə formanın müqayisəsi müəyyən parallelizmi göstərir. Nağılda xüsusi forma müxtəlifliyinə malik olan elementlər var. Bura, məsələn, çətin tapşırıqlar aiddir. Madam ki, əsas növün tapşırığı verilmir, onda nağıl və onun konstruksiyasının bütövlüyü üçün bu məsələlərin necə olacağının bir o qədər fərqi yoxdur.
Bu hadisə daha kəskin şəkildə, bütovlükdə heç vaxt nağılın əsas növünə aid olmayan, onun tərkibinə daxil olmayan hissələrin tutuşdurulması vaxtı ortaya çıxır. Belə elementlərə əsaslandırmalar aiddir. Amma transformasiyalar bəzən bu və ya digər hərəkəti əsaslandırmaq ehtiyacını yaradır. Buradan tamamilə eyni hərəkətlərin ən müxtəlif əsaslandırmaları yaranır. Məsələn, qəhrəmanın sürgünü (sürgün — ikinci törəmədir) çox müxtəlif üsullarla əsasladırılır. Əksinə, qızın (ilkin xarakterli forma) ilan tərəfindən oğurlanması zahirən demək olar ki, heç vaxt əsaslanmır: o daxilən əsaslandırılmışdır.
Komanın bəzi əlamətləri modifikasiyalara da meyillidir: toyuq ayaqlarında komanın yerinə "keçi buynuzlarında, qoyun ayaqlarında" koma ilə qarşılaşırıq.
Dostları ilə paylaş: |