İnqilabın II mərhələsi (1978-ci ilin sentyabrından – 1979-cu ilin fevralı). Sentyabrdan inqilabın 2-ci mərhələsi başlandı. İnqilabi hərəkat bütün İrana yayıldı və onun əsas mərkəzləri Təbriz, İsfahan və Tehran şəhərləri idi. Bütün sosial təbəqələr hərəkata qoşuldu. Tətilçilər SAVAK-ın ləğv edilməsini, demokratikləşməni tələb edirdilər. 07 sentyabr 1978-ci il tarixdə İranın 12 şəhərində kütləvi çıxışlar başladı.08 sentyabr tarixdə nümayişçilər gülləbaran edildi və bu gün tarixə “Qanlı cümə günü” kimi düşdü. 1978-ci ilin noyabrı neft müəssisələrinin fəhlələri tətilə qoşuldular və bu ümumi tətillər 1979-cu ilin fevralınadək davam etdi. Neftçilərin tətilə qoşulması inqilabın taleyini həll etdi.
1978-ci il dekabrın 30-da təbrizlilər yenidən nümayişə başladılar. 16 yanvar 1979-cu il tarixdə Şah Məhəmməd Rza Pəhləvi İrandan qaçdı. Yanvarın 19-dan isə nümayişlər “Allahu əkbər, Xomeyni rəhbər” şüarı ilə kecirilirdi. 1979-cu il fevralın 1-də A.Xomeyninin Parisdən Tehrana gəlməsi münasibətilə Təbrizdə nümayişlər geniş vüsət aldı. Fevralın 11-də nümayişçilər gülləbaran edildilər. Nümayişçilər də polis qüvvələrinə hücum etdilər. Xeyli insan həlak oldu.
11 fevral 1979-cu il tarixdə Tehranda üsyan qalib gəldi. Fevralın 11-də paytaxtda şah tərəfdarları üzərində qələbə çalınmasına baxmayaraq, Təbrizdə əksinqilabi qüvvələr müqavimət göstərirdilər. 16 fevral 1979-cu ildə inqilab Cənubi Azərbaycanda qalib gəldi, nəzarət xalqın əlinə kecdi. 1978-1979-cu illər inqilabında Cənubi Azərbaycan 25 min qurban verdi. Şahlıq üsul-idarəsi devrildi. 1979-cu ilin fevralında İranda inqilab qələbə ilə başa çatdı və martın 30-31-də referendum keçirildi. Əhalinin 97%-i İran İslam respublikasının tərəfdarı oldu. 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan edildi.
İnqilabın qələbəsindən sonra inqilabda iştirak edən xalqlara, o cümlədən Azərbaycan türklərinə vəd olunan müxtariyyət verilmədi.Kəndlilər torpaq islahatı keçirilməsini, işsizlər isə iş istəyirdi. 1981-ci ildə torpaq islahatı haqqında qanun verilsə də, həyata keçirilmədi. İşsizlik artdı, kəndlilər iş dalınca şəhərlərə axışdı.
Əsas siyasi və sosial qüvvələr şahlığın devrilməsindən sonra milli-demokratik istiqamətdə inkişaf gözləyirdilər. Milli məsələnin ədalətli həlli gozlənilirdi. 1979-cu il dekabrın 2-3-də İran İslam Respublikası Konstitusiyanı qəbul etmək ücün referendum kecirdi. Millətin hüququ adlı III fəslin 19-cu maddəsində deyilirdi: İran xalqı hansı etnik qrup və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstunluk vermir. 15-ci maddədə isə deyilirdi: İran xalqının rəsmi müştərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır. Ancaq bu nailiyyətlər türk dilinin 1945-1946-cı illər milli - demokratik hərəkat dövründəki mövqeyindən cox aşağı oldu. Az bir müddətdə türk dilində təxminən 30 adda qəzet və jurnal nəşr olundu, yazıçılar ittifaqı yarandı, dərs vəsaitlərinin hazırlanmasına başlandı.
İnqilabın qələbəsindən sonra siyasi partiya və təşkilatlar milli zülmün ləğvinin yeganə yolunu İranda ictimai həyatın həqiqi federalizm əsasında yenidən qurulmasında görürdülər.
İran-İraq müharibəsində (1980-1988) həlak olan 600 min iranlının çoxu İran türkləri idi.Müharibədən sonra ölkəyə vurulan ziyanlar aradan qaldırıldı. Cənubi Azərbaycanda çoxlu müəssisələr tikildi. Azərbaycanlıların əksəriyyəti bərabərlik, demokratik azadlıqlar, milli hüquqların təmin olunmasını gözləyirdi. Bu tələblər Konstitusiyada öz əkşini tapmışdı. Yerli və etnik dillərin fars dili ilə yanaşı işlənilməsi nəzərdə tutulsa da, Azərbaycan dilinin məktəblərdə işlənilməsinə imkan verilmədi.
Şah hakimiyyəti dövründə hegemon olan «vahid İran milləti» anlayışı inqilabdan sonra «vahid İslam milləti» anlayışı əvəz edildi və bu ad altında milli mənsubiyyət inkar olunur.
Bütün çoxmillətli dövlətlərdə olduğu kimi İranda da milli məsələnin həlli ölkənin demokratikləşməsi ilə sıx bağlıdır.
İranın demokratikləşməsi burada Azərbaycan məsələsinin təkamül yolu ilə həllini sürətləndirə bilərdi. İnqilabın qələbəsindən sonrakı illərdə iqtisadi durğunluq keçirən ölkə yavaş-yavaş bu vəziyyətdən çıxdıqca və İran-İraq müharibəsindən (1980-1988) sonra iqtisadiyyatın bərpası başlandıqca Cənubi Azərbaycanda da sənaye və kənd təsərrüfatının inkişafı müəyyən sürət götürdu. Burada neftayırma zavodu, traktor, maşınqayırma, dəzgahqayırma zavodları, kənd təsərrüfatı maşınları üçün mühərriklər istehsal edən zavodlar, lampa zavodu, xalça fabrikləri, qənd zavodları, tütün fabrikləri, toxuculuq fabrikləri və s. kimi yüzlərlə yüngül sənaye müəssisələri fəaliyyət göstərirdi. Taxılçılıq, bostançılıq, heyvandarlıq məhsulları qismən də İranın digər rayonlarına ixrac olunurdu. Aqrar ölkə olan Cənubi Azərbaycan kənd təsərrüfatının inkişafı üçün böyuk imkanlara malikdir.
Cənubi Azərbaycan türklərinin milli şüurunun inkişafına Məhəmməd Hüseyn Şəhriyarın “Heydər babaya salam” poeması, 1989-cu ildə Sovet-İran sərhəddinin dağıdılması və Şimali Azərbaycanın müstəqilliyini bərpa edərək müstəqil inkişaf yoluna qədəm qoyması müsbət təsir göstərdi.