Azərbaycan ərazilərinin arxeoloji cəhətdən öyrənilməsi. Qeyd edildiyi kimi, Azərbaycanda ilk insanların meydana gəlməsini 1,5- 2 mln. il bundan əvvələ aid edilir. Azərbaycan ərazisi təbii-coğrafi cəhətdən dünyanın ən zəngin və əlverişli zonalarından biridir. Burada ibtidai insanın yaşaması üçün hər cür şərait olmuşdur. Bol içməli su, zəngin bitki və heyvanat aləmi, təbii mağaraların olması bunu sübut edir. Təbii mağaralara, qayaaltı sığınacaqlara, açıq hava şəraitində insanların yaşadığı düşərgələrə Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Qazaxda Daş Salahlı, Damcılı, Naxçıvanda Qazma, Lerikdə Buzeyir, Zuvandçay və digər mağaralarında rast gəlinir və burada aparılan arxeoloji qazıntılar zamanı ibtidai insanların əmək alətləri və ovladıqları heyvanların sümükləri tapılmışdır.
Alt Paleolit ilk insan tipinin yaranmasından 100 min il bundan əvvələ qədər davam etmişdir. Bu günədək Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində 30-dan artıq paleolit abidəsi müəyyən olunmuşdur ki, arxeoloji tapıntıların əhəmiyyətinə görə onlardan ən önəmlisi Azıx, Tağlar, Daşsalahlı, Qazma, Buzeyir və Zuvandçay mağara düşərgələridir. Alt paleolit abidələrində aparılan tədqiqatlar zamanı 4 arxeoloji mədəniyyət - olduvay (ən qədim), qədim aşel, aşel və Mustye mədəniyyətləri müəyyən olunmuşdur. Adı çəkilən mağaralarda Azərbaycan arxeoloqlarının apardığı elmi tədqiqatlar nəticəsində, keçmiş SSRİ ərazisində ilk dəfə olaraq çaydaşı alətləri mədəniyyəti müəyyən olunmuşdur. Bu baxımdan çoxtəbəqəli Azıx mağara düşərgəsində aparılan tədqiqatların xüsusi elmi əhəmiyyəti vardır.
Quruçay mədəniyyəti.Azıx mağara düşərgəsi Azərbaycan Respublikasının Qarabağ Azərbaycanda bu dövr Qarabağda Füzuli rayonu ərazisində Quruçay dərəsində aşkar edilən Azıx mağarasında əldə edilən arxeoloji tapıntılar əsasında öyrənilir. Alt paleolitdə əmək alətləri ağacdan, adi çay daşlarından hazırlanırdı. Min illər keçdikdən sonra çaxmaqdaşı, bazalt və dəvəgözündən əl çapacaqları, qaşov, ərşin və sair alətlər düzəldilmişdi. Alt paleolitdə 1,5 milyon il bundan əvvəl Azıxda ilk insan kollektivi – ibtidai insan sürüsü (ulu icma) yaranmışdı. İbtidai insan sürüsü insan quruluşunun ilk pilləsində meydana gəlmiş qeri-sabit insan kollektivi idi. Bu kollektivin üzvləri artıq əmək alətləri hazırlayırdılar və buna görə onlar elmdə “bacarıqlı insan” (“homo habilius”) adlandırılmışlar. Ən qədim insanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. Ən qədim insanlar ildırım vurması və ya üzvü maddələrin öz-özünə qızışıb yanması nəticəsində əmələ gələn təbii oddan istifadə etmişlər. Azıx mağarasında tapılmış ocaq izləri 700 min il bundan əvvələ aiddir.
1968- ci ildə arxeoloq M.Ş. Hüseynovun Azıxda aşkar etdiyi 18 yaşlı qızın alt çənə sümüyünün bir hissəsi qədimliyinə görə dünyada dördüncü tapıntıdır. Alimlər onu Azıxantrop (Azıx adamı) adlandırmışlar. Azıxantroplar 400-350 min il bundan əvvəl mövcud olmuşlar. Bu tapıntı Azərbaycan ərazisinin qədim insanın formalaşdığı regionlardan biri olduğunu göstərir. Alt paleolitin sonunda əmək alətləri təkmilləşir, onların yeni növləri-dişli, ucu oymalı, qaşov tipli alətlər hazırlanırdı.