Mezolit dövrü. Mezolit (Orta daş dövrü) e.ə. XII-VIII minillikləri əhatə edir və Mezolit mərhələlərə bölünmür. Azərbaycanda mezolit və neolit mədəniyyətlərinin izlərinə ilk dəfə Qazax rayonunda Avey dağında Damcılı mağarasında təsadüf olunmuşdur.
Bu dövrdə iqlim istiləşmiş, buzlaşma qurtarmış, təbii şərait yaşayış üçün daha əlverişli olmuşdur. Ox və kaman ixtira edilmiş, ovçuluq əsas peşəyə çevrilmiş, heyvanların əhililəşdirilməsi, nəticədə ibtidai maldarlığın əsası qoyulmuş, yabanı dənli bitkilərin mədəni şəkildə becərilməsinə başlanmış, ibtidai əkinçilik vərdişləri yaranmışdı. Mənimsəmədən ibtidai istehsal təsərrüfatına keçidin əsası Mezolit dövründə qoyulmuşdur.
Azərbaycanda Mezolit dövründə yaşamış insanların yaşayış və məşğuliyyəti Bakı yaxınlığındakı Qobustan abidələri əsasında öyrənilmişdir. Ehtimal olunur ki, Qobustan düşərgələrində yaşayan sakinlər vahid (nəsli) icmalardan ibarət idi. Arazın o tayındakı ayrı-ayrı yaşayış yerlərinin sakinləri haqqında da eyni sözü demək olar. O dövrdə cəmiyyətin əsas özəyini kollektiv təsərrüfat aparan nəsli icmalar təşkil edirdi. Burada yaşamış insanların məşğuliyyəti ovçuluq, balıqçılıq və yığıcılıq olmuşdur. Öküzlər, Ana zağa, Firuzə kimi qədim insan düşərgələrində çaxmaqdaşı və sümükdən düzəldilmiş müxtəlif əmək alətləri tapılmışdır. Qazax rayonunda Damcılı mağarasında Mezolit dövrünə aid kiçik ölçülü ox ucları, müxtəlif tipli daş alətləri, cilalanmış dişli lövhələr aşkar edilmişdir. Bu dövrdə daş nüvələrindən qoparılmış qəlpələrdən müxtəlif əmək alətləri hazırlanırdı. Mezolit dövründə oturaq həyata keçid başlamışdır.
Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdi. Qobustan qaya rəsmlərində qədim insanların ovsun-totem inamları, dini ayinlər, axirət dünyasına inam, ov səhnələri təsvir olunmuşdur. Axirət dünyasına inamla əlaqədar dəfn zamanı ölulərin yanına məişət əşyaları qoyulurdu. Ölülərin dolixokran və braxikran antropoloji tipə mənsub olduğu müəyyən edilmişdir.
Neolit dövrünün əkinçi-maldar qəbilələri. Əmək alətləri. ”Neolit inqilabı”.Neolit dövrü (Yeni daş dövrü) e.ə. VIII-VII minillikləri əhatə edir. Bu dövrdə ovçuluq və balıqçılıq qalmaqla əkinçilik və maldarlıq insanların əsas məşğuliyyət sahəsinə çevrildi. Neolit dövründə saxsı qab istehsalı, əyricilik, toxuculuq yaranmış, insanlar oturaq həyata keçmiş, əkinçilik və maldarlıqla yanaşı, ovçuluq və balıqçılıqla da məşğul olmuşlar. Əmək alətləri əsasən, çaxmaqdaşından və dəvəgözündən hazırlanırdı. Bu mərhələdə əkinçiliyin, maldarlığın, toxuculuğun, saxsı qab istehsalının meydana çıxması, daş toxalar, sapı ağacdan olan cilalanmış daş baltalar, çəkic və sairənin hazırlanması, ən əsası isə insanların mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçməsi elmdə Neolit inqilabı adlandırılmışdır. Bu dövrdə əhali oturaq həyat tərzinə keçmişdi. O vaxtlardan Cənubi Azərbaycanda tamam məskunlaşma başlamışdır. Məhz bu dövrdən burada anbarı, ocağı, həyət sahəsi və möhrədən birotaqlı evləri olan yaşayış yerləri yaranmışdır. Cənubi Azərbaycanda Urmiya gölü hövzəsində Həsənli, Firuztəpə, Yanıqtəpə və s. kimi qədim yaşayış yerlərində ilk əkinçi məskənlərinin qalıqları tapılmışdır.
Şimali Azərbaycanın Naxçıvan, Gəncə, Göygöl, Lənkəran, Qazax, Qobustan ərazilərində Neolit dövrünə aid abidələr- çaxmaq və çaydaşından hazırlanmış, erkən neolit dövrünə aid gəzli lövhələr, həndəsi formalı alətlər, hamarlayıcılar, zərb alətləri və toxavari alətlər əldə edilmişdir.