Azərbaycanda metal alətlərdən istifadə. Tunc dövrü e.ə. IV minilliyin sonundan II minilliyin sonuna kimi davam etmişdir. Tunca təbiətdə hazır şəkildə rast gəlinmir, misin, qalayın, nikelin, mərgümüşün, sürmənin qarışığından alınırdı. Tuncdan hazırlanan alətlər daş və mis alətlərə, nisbətən daha möhkəm idi.
Tunc dövründə cəmiyyətin inkişafında bir sıra dəyişiklikər baş vermiş, anaxaqanlığı ataxanlığı ilə əvəz olunmuşdu. İctimai həyatda, ailədə kişilərin rolu artmış, təsərrüfatın müxtəlif sahələri meydana gəlmiş, əmlak və sosial bərabərsizlik, böyük ictimai əmək bölgüləri yaranmışdı. Tunc dörü özü 3 mərhələyə bölünür: 1) Erkən tunc dövrü (e.ə. 3900 – 2000-ci illər); 2) Orta tunc dövrü (e.ə. 2000 -1500 –ci illər); 3)Son tunc dövrü (e.ə. 1400 – 1200 –ci illər).
Erkən Tunc dövrünə aid maddi-mədəniyyət nümunələri ilk dəfə Azərbaycanda Kür və Araz çayları araslndakı ərazidən tapıldığı üçün Kür - Araz mədəniyyəti kimi tanınır.
Azərbaycanın Qarabağ (Xankəndi, Xaçınçay, Üçtəpə və s.), Naxçıvan (Kültəpə), Xaçmaz (Sərkərtəpə), Qazax, Urmiya və s. ərzilərində Erkən Tunc dövrünə aid arxeoloji abidələr öyrənilmişdir. Bu dövrdə əhalinin sayı artmış, yaşayış məskənlərinin ərazisi böyümüşdür. İnsanlar dağətəyi və dağlıq zonalarda da məskənlər salmışdılar. Yaşayış məskənləri çay kənarında, düşməndən qorunmaq üçün əlverişli yerlərdə salınır, bəzi yaşayış yerlərinin ətrafına müdafiə hasarları çəkilirdi.
Toxa əkinçiliyi xış əkinçili ilə əvəz edilmiş, süni suvarma yaranmış, qoşqu heyvanları vasitəsilə torpağın şumlanması başladı, taxıl oraqla biçilmiş, dən quyularda və təsərrüfat küplərində saxlanmış, unun üyüdülməsində dəndaşları və həvəngdəstədən istifadə edilmişdi.
Maldarlıq inkişaf edir, mal-qaranın sayı artırdı. Atdan minik vasitəsi kimi istifadə edilməsi nəticəsində köçmə (yaylaq) maldarlıq meydana gəldi. Heyvanların yaylaq və qışlaqda bəslənilməsinə başlanıldı. Maldarlıq üçün daha əlverişli ərazilərdə yaşayan tayfalar ancaq maldarlıqla məşğul olurdu. Beləliklə, əkinçilik və maldarlıq bir-birindən ayrıldılar, yəni birinci böyük ictimai əmək bölgüsü yarandı.
Erkən Tunc dövründə sənətkarlığın dulusçuluq, metalişləmə, toxuculuq və sair sahələri inkişaf etmişdi. Erkən Tunc dövründə əhalinin dini inamlarında və mərasimlərində dəyişikliklər baş vermişdi. Dini ayinlərin icrası üçün mehrabı olan ibadət evləri tikilirdi. Qazax (Babadərviş), Naxçıvan (Kültəpə) və s. ərazilərdə dini ibadətgahlar, Sərkərtəpədə dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Ölüləri yaşayış yerindən kənarda dəfn etməyə başladılar. Bəzi qəbirlərin üzərində kurqanqlar (torpaq təpələr) meydana gəlmiş, ölünü yandırma və kollektiv dəfn adətləri yaranmışdı.
Azərbaycanda Erkən Tunc dövründə ailədə, təsərrüfatda və ictimai həyatda kişilərin rolu artmışdı. Çünki xış əkinçiliyi, maldarlıq və metalişləmə fiziki güc və dözüm tələb edirdi, qadınlar isə bu işin öhdəsindən gələ bilmirdilər. Nəticədə, həyatın bütün sahələrində kişilərin rolu artdı və anaxaqanlığı ataxaqanlığı ilə əvəz olundu. Ailəyə və təsərrüfata başçılıq kişilərə keçdi. Bir neçə qohum qəbiləni birləşdirən tayfalar yarandı, tayfa daxilində bərabərsizlik meydana gəldi.
Orta Tunc dövrünə aid abidələr Naxçıvan (II Kültəpə, Oğlanqala), Urmiya (Göytəpə), Qarabağ (Üzərliktəpə) və s. ərazilərdə öyrənilmişdir. Bu dövrdə kənd tipli yaşayış məskənləri ilə yanaşı, ilkin şəhər mərkəzləri də yaranmışdı. İlk şəhər tipli yaşayış yerləri çay kənarında, ticarət yolları üzərində salınır, müdafiə divarları ilə əhatə olunurdu. Naxçıvan şəhəri 3500, Şəki şəhəri isə təqribən 2800 il bundan əvvəl Orta tunc dövründə meydana gəlmişdir.
Taxılın döyülməsində daş vəllərdən istifadə olunurdu. Kültəpə, Üzərliktəpə abidələrində küp və quyulardan arpa, buğda, darı qalıqları əldə edilmişdir. Bu dövrdə yeni təsərrüfat sahələri olan bağçılıq və bostançılıq, üzümçülük və şərabçılıq yaranmışdı. Süni suvarma kanalları çəkilmişdi. Sənətkarlıq inkişaf edərək ayrıca peşə sahəsinə çevrilmişdi. Maldarlar və əkinçilər artıq məhsullarını sənətkarlıq məhsuluna dəyişirdilər. Nəticədə, sənətkarlıq əkinçilikdən ayrıldı, müstəqil sahəyə çevrildi, yəni ikinci böyük ictimai əmək bölgüsü baş verdi. Naxçıvan yaxınlığındakı 2-ci Kültəpədən dulusçuluq məhəlləsi və dulus sobaları tapılmışdır. Hazırlanan saxsı qablara naxış vurulmuşdu və Azərbaycanda boyalı qablar mədəniyyəti meydana gəlmişdi. Metalişləmə geniş yayıldı.Metal əridilən sobalar təkmilləşmişdi. Qəliblərə tökülən əridilmiş metaldan müxtəlif əmək alətləri, silahlar, bəzək əşyaları hazırlanırdı. Toxuculuq alətləri olan sümük əyricilər, iynə, biz və sairlərdən istifadə edilmişdi.
Torpaq və yaylaq uğrunda mübarizə, qonşu dövlətlərin hücum təhlükəsi tayfa ittifaqlarının yaradılmasını zərurətə çevirmişdi. Orta Tunc dövründə Azərbaycanda qəbilə və tayfalar böyük tayfa ittifaqlarında birləşmişdilər. Bu tayfa ittifaqlarına varlı hərbi başçılar rəhbərlik edirdilər. Onlar tayfanın əmlakının çoxunu ələ keçirib varlanırdılar. Orta Tuncda iki, üç otaqlı evlər meydana gəldi. İctimai və əmlak bərabərsizliyi genişlənirdi. Varlı adamlar ölərkən əmlakı, arvadı, kənizləri, silahları və s. ilə birlikdə dəfn olunurdular. Yoxsul adamların qəbirlərində az əmlak olurdu. Bu dövrdə daş qutu qəbirlər meydana gəlmişdi.