Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə22/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   18   19   20   21   22   23   24   25   ...   269
Azərbaycan tarixi mühazirə

Mannanın xarici siyasəti. Manna tez-tez xarici işğallara, xüsusən Aşşur və Urartunun hücumlarına məruz qalırdı və xarici siya­sətini bu iki ölkə arasında mövcud münasibətləri nəzərə alaraq qururdu.
İranzunun dövründə Aşşurla yaxın münasibətlər qurul­muşdu ki, bu da e.ə. 719-cu ildə Urartu tərəfdarlarının üsyanına səbəb olmuşdu. Bu üsyan Aşşur çarı II Sarqon tərəfindən yatırılmışdır. E.ə. 719-cu ildə İranzu vəfat etdi və hakimiyyət uğrunda onun oğulları Aza və Ulussun arasında mübarizə başladı. Aşşur meylli Aza e.ə. 718-ci ildə hakimiyyəti ələ alsa da, daxili çəkişmələr zamanı, e.ə. 716-cı ildə sui-qəsd nəticə­sində öldü­rüldü. Fürsətdən istifadə edən Ullusun Urartu çarı I Rusanın hərbi dəstəyi nəticəsində hakimiyyəti ələ keçirdi və I Rusanın köməyi müqabilində Mannanın 22 qalasını Urartuya güzəştə getdi. Mannanın Urartu ilə yaxınlaşması II Sarqonu qəzəbləndirdi və e.ə. 716-cı ildə o, Mannaya yürüş təşkil etdi. Ulussun İzurtunu tərk edib dağlarda gizləndi və II Sarqondan mərhəmət istədi. Urartudan üz döndərən və Aşşurun siyasi ağalığını tanıyan Ullusun yenidən öz taxt-tacına qayıtdı.
Bu Urartunun yenidən Mannaya qarşı hərbi müdaxiləsinə səbəb oldu və bu dəfə I Rusa Dayaukku adlı mannalı canişini ələ alaraq onu taxt-taca gətirəcəyini vəd edərək öz tərəfinə çəkdi. Urartu təhlükəsi qarşısında kömək yenə Aşşurdan gəldi – e.ə. 715-ci ildə II Sarqon I Rusanı Mannadan qovub çıxartdı. E.ə. 714-cü ildə II Sarqon Midiya, Babil, Manna və Urartuya qarşı “Böyük yürüş”ə çıxdı. Bu yürüş çərçivəsində o, üçüncü dəfə Mannaya qoşun çəkdi, Mannanı Urartu təcavüzündən tamamilə azad etdi. Nəticədə, Aşşurun mövqeyi Mannada xeyli gücləndi, Mannanın Aşşura xərac ödəməsi qaydaya salındı. II Sarqon Ullusun və əyanları tərəfindən Mannanın xilaskarı kimi qarşı­landı. Ona çoxlu qiymətli hədiyyələr verildi, şərəfinə abidə qoyuldu. II Sarqon Urartunu darmadağın etdi və bu məğlubiy­yətdən sonra I Rusa intihar etdi. II Sarqonun “Böyük yürüş”ündən sonra Urartu dövləti bir daha Mannanın daxili işlərinə qarışa bilmədi. Beləliklə, I Rusanın ölümündən sonra Aşşurla ittifaqda Manna sabit inkişaf üçün şərait qazandı.
Ullusun e.ə. 680-ci ilə qədər hakimiyyətdə olmuşdur. Onun ölü­mün­dən sonra Mannada 5 il hakimiyyət uğrunda mübarizə getdi və e.ə. 675-ci ildə hakimiyyətə Ahşeri gəldi. Ahşerinin xarici siyasət sahəsində ən ümdə vəzifələrindən biri Aşşurdan asılılığa son qoymaq və müstəqil siyasət yeritmək idi. Öz hərbi qüdrətini möhkəmlətmək məqsədi ilə o, Qara dənizin şimal sahillərindən köçüb Qafqazda məs­kunlaşan türk mənşəli iskit, sak və kimmer tayfalarının Mannanın şimal – qərb ərazilərində, Urartu ilə həmsərhəd vilayətlərdə məskunlaş­masına şərait yaratdı. Bununla, Ahşeri həm Urartu hücumlarından qorunmaq, həm də Aşşurun asılılığından azad olmaq niyyəti güdürdü.
Aşşurun iqtisadi və diplomatik basqıları Mannanı diz çökdürə bilmədi. Belə olan halda, Aşşur hərbi gücə əl atdı və e.ə. 650-ci ildə Aşşur çarı Aşşurbanipal Mannaya qarşı çoxsaylı qoşun yeritdi. Aşşur qoşunları Mannanı məğlub edib əhalini, mal-qaranı, atları qənimət kimi apardılar. Ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşdı. Bütün bu bəd­bəxtliklərdə xalq Ahşerini günahlandırdı və ona qarşı üsyanlar baş­ladı. Üsyan nəticəsində Ahşeri öldürüldü, hakimiyyətə onun oğlu Ualli gətirildi (e.ə. 650-630-cu illər). Ualli tarixi mənbələrdə adı çəkilən axı­rıncı Manna hökmdarıdır. Ondan sonra hakimiyyətdə olan hökm­darların adları hələlik tarixə məlum deyil.
Ualli hakimiyyətə gələn kimi Aşşurla münasibətləri bərpa etdi və Manna Aşşurun süqutuna qədər onunla müttəfiqliyə sadiq qaldı. E.ə.616-cı ildən Midiya Yeni Babil çarlığı ilə ittifaqa girərək Aşşurla müharibəyə başladı və e.ə. 605-ci ildə Aşşurun varlığına son qoydu. Bundan sonra Midiyanın bütün qüvvəsi siyasi səhnədə təklənmiş Mannaya yönəldi və e.ə. 590-cı ildə Manna Midiya tərəfindən işğal olundu, Manna dövləti ləğv edildi, onun əraziləri “Şimali Midiya” adlandırıldı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin