Mannanın dövlət quruluşu və təsərrüfat həyatı. Manna mərkəzləşdirilmiş bir dövlət kimi İranzunun dövründə formalaşdı. Dövləti hökmdar təkbaşına idarə edirdi. Hakimiyyət bir nəslin nümayəndələrinə irsən ötürülürdü (atadan oğula və yaxud qardaşdan qardaşa). Dövlət ayrı-ayrı vilayətlərdən ibarət idi ki, onları da canişinlər idarə edirdilər. Mannada məşvərətçi orqan kimi Ağsaqqallar Şurası var idi və o tamamilə hökmdardan asılı idi. Mahiyyət etdibarı ilə Manna quldar dövlət olsa da, burada hələ də ibtidai icma quruluşunun bir çox elementləri qalmaqda idi. Bu dövlətdə quldarlıq patriarxal xarakter daşıyırdı, yəni qul əməyindən təsərrüfatın bəzi sahələrində istifadə olunurdu. Dövlətdə əsas istehsalçı təbəqə icmaçı kəndlilər idi.
Mannanın təbii şəraiti burada kənd təsərrüfatının inkişafı üçün əlverişli idi. Kənd təsərrüfatının əsas sahələrini əkinçilik, maldarlıq və bağçılıq təşkil edirdi. Manna döründə Urmiya gölünün ətrafında yaradılan suvarma sisteminin izləri bu gün də qalmaqdadır. Dağ və dağətəyi ərazilərdə yaşayan mannalılar oturaq maldarlıqla məşğul olur, qaramal, qoyun, at, dəvə və s. saxlayırdılar. Taxılı və başqa kənd təsərrüfatı məhsullarını tarlalardan daşımaq üçün iki və dördtəkərli arabalardan istifadə olunurdu. Suvarmada arxlar şəbəkəsinin tətbiqi bağçılığın və üzümçülüyün inkişafına müsbət təsir göstərirdi. Mannada atçılıq geniş yayılmışdı. Atlardan həm qoşqu, həm də minik vasitəsi kimi istifadə olunurdu. Cənubi Azərbaycanda, Həsənlidə arxeoloji qazıntılar zamanı e.ə. IX əsrə aid torpaq qatında üzərində at təsviri olan taxta parçası tapılmışdır ki, bu da Mannada atlardan minik vasitəsi kimi istifadə olunmasına sübutdur. Mannada sənətkarlıq da inkişaf etmişdir. Mannada külçə yataqları mövcud idi və bu metal işləmə üçün şərait yaradırdı. Mannalı ustalar qızıldan, gümüşdən və başqa əlvan metallardan qab-qacaq və bəzək əşyaları hazırlayırdılar.
Cənubi Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı Həsənlidə, Ziviyədə, Göytəpədə Manna sənətkarlarına aid çoxsaylı nümunələr tapılmışdır. Həsənlidə tapılan qızıl cam, Ziviyədə tapılan qızıl və gümüş döşlüklər, dağ keçisi formasında olan qızıl və gümüş qədəhlər (qrifonlar), gümüş sini, kəmər Mannada metalişləmənin və zərgərliyin yüksək inkişafının göstəricisidir.
Mannada dulusçuluq və toxuculuq da inkişaf etmişdi. Həsənlidə qazıntı zamanı Manna dövrünə aid yun və qəzil parça (keçi tükündən hazırlanan parça) nümunələri tapılmışdır.