Mülk torpaqları. Xilafətin ağalığı yerli mülklərin tutulub müsadirə olunmasına, onların ərəb xəzinə torpaqlarına qatılmasına gətirib çıxardı. Ancaq torpaq mülkü bir tarixi anlayış olmaqla aradan çıxmadı, onlar sadəcə xəzinə torpaqlarına qatıldılar və onun yeni hüquqi daşıyıcıları yarandı. Xəlifə iqtası adlanan torpaqların bir qismi əslində mülk olaraq müxtəlif şəxslərə və icmalara bağışlanırdı. Bataqlıqların qurudulub yararlı hala salınması, dövlət torpaqlarının satın alınması yolu ilə də mülklər yaranırdı. Mülk torpaqlarının sahibi qeyd-şərtsiz mütləq sahiblik hüququ qazanırdı. O, dövlət qulluqçusu və yaxud hərbi qulluqçu olmaya bilərdi. Öz mülkünü alqı-satqı obyekti edib onu özgələşdirə, girov qoya və bağışlaya bilərdi. Mülk torpağı bir qayda olaraq atadan oğula və ya başqa hüquqi varisə keçirdi.
Vəqf torpaqları.Xilafətdə, xüsusilə, qılınc gücünə tutulmuş bir ölkə olan Azərbaycanda vəqf torpaqları böyük idi. Vəqf torpaqlarının gəliri yalnız Xilafətin müqəddəs şəhərlərinin, müxtəlif dini müəssisələrinin tikintisi üçün xərclənmirdi. Azərbaycanda və ondan kənarda saxlanılan qoşunların əsgərləri qazilər sayıldığından, onların da xərci vəqf torpaqlarından ödənilirdi. Məsələn, Şirvanın (Bakının) neft və duz mədənləri VIII-IX yüzillər boyunca Dərbənd əhalisinə-əslində buradakı ərəb qarnizonuna vəqf verilmişdi. Ayrılmaz (müsadirə olunmaz) sayılan vəqf torpaqları müsəlman ruhani idarəsinin ixtiyarında idi. Bu torpaqlardan xəzinə üçün xərac yığılmır, vergi ödənilmirdi, onların alqı-satqıya qoyulması da qadağan olunmuşdu.
İcma torpaqları.Kəndlərdə əhaliyə məxsus olan torpaqlar, biçənəklər, qaramal, davar, at ilxıları otlayan örüşlər icma torpaqları sayılırdı. Meşələr, qəbiristanliqlar, əhalinin yanacaq əldə etdiyi yerlər də icmaya məxsus idi. Bu torpaqlardan xəzinəyə xərac ödənilməsi başlıca şərt idi.
Xilafət xəzinələrinə, Dəməşq, Kufə, Bağdad saraylarına, bir-birini əvəz edən əmirlərin qəsrlərinə Azərbaycandan axıdılan gəlir nə qədər çox olsa da, məqsəd yalnız iqtisadi soyğunçuluq deyildi. Başlıca məram həm də xalqın yadelli ağalığa qarşı döyüş əzmini, onun siyasi və iqtisadi gücünü qırmaqdan ibarət idi. Ancaq Xilafət xalqın daxili dirəniş gücünü, azadlıq istəyini qıra bilməmişdi.