Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası parlament seçkilərinin monitorinqi layihəsi çərçivəsində se



Yüklə 98,98 Kb.
tarix21.10.2017
ölçüsü98,98 Kb.
#7750

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçkiqabağı vəziyyətin monitorinqinin nəticələri

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası parlament seçkilərinin monitorinqi layihəsi çərçivəsində seçkiqabağı dövrdə müxtəlif istiqamətlərdə vəziyyəti araşdırıb. Tədqiq olunan istiqamətlər sırasına aşağıdakılar daxildir:

- Namizədlərin təşviqat kampaniyasının və seçki qanunvericiliyinə riayət edilməsi səviyyəsinin monitorinqi;

- KİV-in monitorinqi;

- Qanunverici baza.

Namizədlərin təşviqat kampaniyasının və seçki qanunvericiliyinə riayət edilməsi səviyyəsinin monitorinqi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahının ekspertləri və Assosiasiyanın regional nümayəndəliklərinin əməkdaşları sentyabrın 9-dan başlayaraq seçkiqabağı mərhələdə qanun pozuntularının monitorinqini həyata keçiriblər. Bu monitorinq nəticəsində 9 sentyabrdan 31 oktyabra qədər deputatlığa namizədlər, dairə və mərkəzi seçki komissiyaları, yerli icra və bələdiyyə strukturları tərəfindən bir sıra qanun pozuntusuna yol verildiyi müşahidə olunub.

Monitorinq nəticəsində aşağıdakı seçki dairələrində daha çox qanun pozuntusuna yol verildiyi müşahidə olunub: 11 saylı Qaradağ - 6 halda,  16 saylı Yasamal ikinci - 3 halda, 33 saylı Xətai birinci - 7 halda, 44 saylı Sumqayıt-Abşeron - 7 halda, 45 saylı Abşeron - 7 halda, 59 saylı Salyan və  100 saylı Şəmkir-Daşkəsən - 4 halda, 125 saylı Zəngilan-Qubadlı - 5 halda.

Monitorinq nəticəsində müəyyən edilib ki, seçkiqabağı dövrdə ən çox təşviqat qaydalarının pozulması faktları qeydə alınıb (170 fakt).

Eyni zamanda Seçki Məcəlləsinin 17.6 və 74.4 maddələri (Dövlət və bələdiyyə orqanları və müəssisələrinin, dini və xarici təşkilatların seçki prosesinə müdaxilə etməsi və seçkiqabağı təşviqatda iştirak etməsi) pozulub (116 fakt). Bu faktlar arasında çoxluğu dövlət orqanları və müəssisələrinin seçki prosesinə müdaxiləsi təşkil edir. Bir qədər öncə təqdim etdiyimiz statistikanın təhlili göstərir ki, seçkiqabağı dövrdə bir sıra rayonların icra strukturları hər hansı bir namizədin xeyrinə təbliğat aparıblar, ona seçicilərlə görüşlərin təşkil edilməsinə yardım göstəriblər. Bundan əlavə, bir sıra dairələrdə bələdiyyələr funksiya baxımından gördükləri işləri hər hansı bir namizədin adı ilə bağlayaraq, onun xeyrinə təbliğat aparıblar. İcra hakimiyyətlərinin seçki prosesinə müdaxiləsi faktları ən çox aşağıdakı dairələrdə müşahidə edilib:

- 11 saylı Qaradağ - 2;

- 33 saylı Xətai birinci - 4;

- 45 saylı Abşeron - 3;

- 73 saylı Lənkəran şəhər - 4;

- 85 saylı Şamaxı - 3;

- 125 saylı Zəngilan-Qubadlı - 4.  

Deputatlığa namizədlərin seçiciləri ələ alması, xeyriyyə xidmətləri göstərməsi üzrə 47 fakt qeydə alınıb. Bu isə Seçki Məcəlləsinin 55.3, 88.6, 115, 1.4, İnzibati Xətalar Məcəlləsinin isə 47.3-cü maddəsinin pozulması deməkdir. Xeyriyyəçilik tədbirlərinin həyata keçirilməsi, hədiyyələrin paylanması ən çox sentyabrın 15-dən- orta məktəblərdə yeni dərs mövsümünün başlanmasından sonra qeydə alınıb. Belə ki, bir çox deputatlığa namizədlərin yerli təhsil şöbələri ilə birlikdə məktəblərdə uşaqlara hədiyyə formasında çanta, müxtəlif ləvazimatlar paylamaları faktları mövcuddur. Eyni zamanda bir neçə dairədə deputatlığa namizədlər orta məktəblərdə təmir işləri aparıb, kompüterlər bağışlayıblar. Eyni zamanda təbliğat kampaniyasının gedişində namizədlərin küçələrin asfaltlaşdırılmasını, məhəllələrin abadlaşdırılmasını, xeyir və şər evlərinin təmirini, eləcə də su və qaz kəmərlərinin çəkilişini maliyyələşdirmələri geniş yayılıb. Bundan əlavə, bir sıra deputatlığa namizədlərin nümayəndələri mənzilləri gəzərək əhaliyə pul paylayıb, namizədin seçiləcəyi təqdirdə yenidən pul hədiyyələrinin veriləcəyini vəd ediblər. Bir sıra dairələrdə pul payladıqdan sonra vətəndaşlardan seçici vəsiqələrinin nömrələri, bəzi hallarda isə sənədin özü götürülüb. Seçicilərin pulla ələ alınması və xeyriyyəçilik faktları demək olar ki, bütün dairələrdə müşahidə edilib.    

Bununla yanaşı seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə və ya namizədin seçicilərlə görüşünə mane olma faktı üzrə 24 pozuntu qeydə alınıb. Qeyd edək ki, bu nəinki Seçki və İnzibati Xətalar Məcəllələrinin müvafiq maddələrinə, həmçinin də Cinayət Məcəlləsinin 159 və 1.2 maddələrinə ziddir. Müxtəlif dairələrdə mənzil-kommunal istismar sahələrinin əməkdaşları, klub müdirləri vəzifə səlahiyyətlərini aşaraq deputatlığa namizədlərin seçicilərlə görüşlərinə maneçilik törədiblər. Bu həm seçicilərin qorxudulması, həm namizədin görüş üçün müvafiq yerlə təmin edilməməsi formasında özünü biruzə verib.  

Eləcə də seçkiqabağı dövrdə qeydə alınmış seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsi, dəqiqləşdirilməməsi və seçici siyahılarının tərtibində səhvlərə yol verilməsi fakt üzrə 19 pozuntu qeydə alınıb. Belə ki, bir sıra məntəqə seçki komissiyaları qanunla nəzərdə tutulan vaxtda- seçkilərə 65 gün qalmış seçici siyahılarını seçicilərin görə və tanış ola biləcəyi yerdə yerləşdirməyiblər. Bundan əlavə, seçici siyahılarında səhvlər qeydə alınıb. Bəzi hallarda seçici iki dairənin seçici siyahısına daxil edilib. Bəzən isə ərazidə qeydiyyatda olan seçici siyahısına düşməyib. Bu isə bir sıra seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi işinin pis aparılması deməkdir. Eyni pozuntular seçici vəsiqələrinin paylanması zamanı buraxılıb. Bir seçiciyə iki seçici vəsiqəsinin verilməsi, həqiqi hərbi xidmətdə olan şəxslərin adına seçici vəsiqələrinin yazılması faktları mövcuddur. Bundan əlavə, məntəqə seçki komissiyalarının nümayəndələri bir çox hallarda seçici vəsiqəsinin "əldən-ələ" paylanması prinsipinə riayət etməyiblər.

Qeyd edək ki, şəxsiyyət vəsiqələri ilə bağlı problemin çözülməsi istiqamətində görülən əməli işlər sırasında AVCİYA-nın təşkilatçılığı ilə görülmüş tədbirlər əhəmiyyətli yer tutur. Azərbaycanda seçkilərə hazırlıq prosesində vətəndaşların şəxsiyyət vəsiqələri il təmin edilməsi ilə bağlı müəyyən problemlərlə bağlı  AVCİYA-nın Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış məktubunda da mövcub problemlem qeyd edilmiş, onların aradan qaldırılması ilə bağlı fəaliyyətin aktivləşdirilməsi xahiş olunmuşdu. Tezliklə Prezidentin bu məsələ ilə bilavastə maraqlanmasından sonra müvafiq idarələr daha aktiv fəaliyətə keçmiş və bu işdə xeyli irəliləyişlərə nail olunmuşdur. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr  2005-ci il tarixli sərəncamında, şəxsiyyəti təsdiq edən heç bir sənədi olmayan vətəndaşlara seçki gününədək şəxsiyyət vəsiqələrinin verilməsini təmin edilməsi barədə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə konkret tapşırıq ünvanlanmışdır.

 Seçici vəsiqələri ilə bağlı qeyd etmək lazımdır ki, qanunvericilikdə seçici vəsiqələrinin tətbiq edilməsində məqsəd səsvermə günü bir şəxsin iki dəfə və daha artıq səs verməsinin qarşısını almaqdan ibarətdir. Seçicinin adı yalnız bir seçici siyahısına daxil edilməli, buna müvafiq olaraq ona yalnız bir seçici vəsiqəsi verilə bilər. Bu qaydanın pozulması ilə bağlı isə qanunvericilikdə müvafiq məsuliyət tədbiri nəzərdə tutulmuşdur. Lakin qeyd etmək lazımdır ki, bu məsələdə də komissiyaların fəaliyyətlərində bir sıra çatışmazlıqlar nəzərə çarpmış, bir sıra hallaada bir seçiciyə bir neçə vəsiqə verilməsi, qeydiyyatda olmayan şəxslərin adına seçici vəsiqsinin gəlməsi hallarına rast gəlinmişdir. Görülən müvafiq tədbirlər nəticəsində göstərlən noqsanların aradan qaldırılması istiqamətində də müəyyən addımlar atılmışdır. Ancaq, qeyd etmək lazımdır ki, Prezidentin yuxarıda adı çəkilən sərəncamı ilə seçki günü seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi praktikasının hüquqi əsasının təsbit edilməsi, seçici vəsiqələrinin praktik əhəmiyyətini azaltmışdır.

Sevindirici haldır ki, namizəd kimi qeydə alınmış dövlət orqan və təşkilatlarında çalışan şəxslərin vəzifələrinin icrasını dayandırmaması üzrə cəmi 6 pozuntu fakt qeydə alınıb. Seçkiqabağı dövrdə deputatlığa namizədlərin əksəriyyəti tutduğu vəzifədən istefa verib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası seçkiqabağı dövrün monitorinqi zamanı kütləvi informasiya vasitələrində dərc edilmiş qanun pozuntularının statistikasını da aparıb. Seçkiqabağı dövrdə KİV vasitəsilə namizədlər arasında güclü mübarizə getdiyindən AVCİYA bu məlumatların dəqiqliyi ilə bağlı heç bir məsuliyyət daşımır. KİV-də gedən məlumatlara əsasən Seçki Məcəlləsinin tələblərini ən çox pozan bir neçə deputatlığa namizəd və  onlara yardımçı olan şəxslər müəyyənləşdirilib. Yasamal rayonunda icra başçısının müavini, Nərimanov rayon icra başçısının müavini, Nizami rayonu icra başçısı, Xətai rayonu icra başçısı, Masallı rayon icra başçısı və polis idarəsinin rəisi, Şamaxı rayonu icra hakimiyyəti, Xaçmazda yerli icra hakimiyyətinin, polis idarəsinin və bələdiyyənin nümayəndələrinin müvafiq dairələr üzrə bəzi namizədləri dəstəkləmələri və onların xeyrinə təbliğat aparmaları halları müşahidə edilib.

Onu da qeyd edək ki, seçci öncəsi təbliğatın aparılması üçün müxalifət partiyalarına Azərbaycan paytaxtının müvafiq tələblərə tam cavab verən beş meydanı təklif edilib. Daha bir məqam hüquq-mühafizə orqanlarının yalnız asayişi pozan fərdlərə qarşı tədbirlər görməsi ilə bağlıdır.

Bütün yuxarıda göstərilənləri ümumiləşdirdikdə və onları 2000-ci ilin parlament seçkiləri zamanı yol verilən pozuntularla müqayisə etdikdə vəziyyətin müsbət istiqamətdə xeyli dəyişdiyinin şahidi ola bilərik. Ötən dəfəki parlament seçkilərinə nisbətən bu seçkilər zamanı dövlət strukturlarının, seçki komissiyalarının nümayəndələri və deputatlığa namizədlər qanunverciliyin tələblərinə daha hörmətlə yanaşıblar. Bununla belə seçkiqabağı dövrdə dövlət orqanları və müəssisələri, bələdiyyələr tərəifndən qanunvericiliyin pozulması halları müşahidə olunub. Bu da Seçki Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin, Cinayət Məcəlləsinin, "Dövlət Qulluğu haqqında" qanunun müddəalarına, eləcə də Prezidentin məlum 11 may və 25 oktyabr tarixli sərəncamlarının tələblərinə ziddir.

Qanunvericilik    

2005-ci il parlament seçkilərinə hazırlıq çərçivəsində bu prosesi tənzimləyən qanun və normativ sənədlərə bir sıra dəyişikliklər edilib. AVCİYA-nın seçki qərargahının hüquqşunasları bu dəyişikliklərin monitorinqini və təhlilini həyata keçiriblər.

İlk növbədə qeyd etməliyik ki, 24 avqust 2002-ci ildə keçirilmiş referendumun nəticələrinə əsasən Azərbaycan Respublikası Milli Məclisinə seçkilər yalnız majoritar əsasda həyata keçiriləcək.

Azərbaycan Respublikasının Seçki Məcəlləsi Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli 461-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş və artıq bu Məcəllə əsasında Azərbaycan Respublikası ərazisində 2003-cü ildə Azərbaycan Respublikasının Prezident seçkiləri, 2004-cü ildə isə bələdiyyə seçkiləri keçirilmişdir. Ancaq builki parlament seçkiləri ilə bağlı qanunvericiliyə bir sıra əlavə və düzəlişlər edilməsi zəruri olmuşdur. Bu məqsədlə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 28 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edilmiş və bu qanun 02 iyul 2005-ci il tarixində qüvvəyə minmişdir. Həmin düzəlişlər seçki praktikasına bir sıra yeniliklər gətirmişdir.

İlk növbədə qəbul edilən düzəlişlər Seçki Məcəlləsində əvvəldə nəzərdə tutulmayan bir sıra anlayışlar gətirmiş və onları bir-birindən fərqləndirmişdir.  Bu anlayışlara  səsvermənin nəticələri,  seçkilərin (referendumun) nəticələri, seçkilərin (referendumun) yekunları, seçkilərin ümumi yekunları aiddir. Qanunvericilik bu anlayışların tətbiqi praktikasına da yeniliklər gətirmişdir. Misal üçün, müşahidəçilərin fəaliyyəti əvvəlki qaydadan fərqli olaraq artıq seçkilərin yekunları elan olunduqdan sonra başa çatır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Prezident, bələdiyyə üzvü seçilmiş namizədin müəyyən edilməsi artıq seçkilərin (referendumun) yekunlarının açıqlanması ilə həyata keçirilir.

Əhəmiyyət kəsb edən məsələlərdən biri də qanunvericiliklə seçki komissiyalarının rəsmi saytlarının fəaliyyətə başlaması və onun fəaliyyət əsaslarının qanunvericiliklə təsbit edilməsidir. Belə ki, artıq seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilir. Bu vətəndaşlara öz adlarını seçici siyahılarında asanlıqla tapmağa və mövcud uyğunsuzluqlar barədə vaxtında müvafiq orqanları məlumatlandırmağa, son nəticədə seçki günü yarana biləcək anlaşılmazlıq halları və pozuntulardan özünü sığortalamağa imkan verir. Ötən seçkilərdən fərqli olaraq, seçici siyahılarında və Mərkəzi Seçki Komissiyasının saytında  seçicilərin yaşadıqları ünvanlar göstərilməməlidir. Bu hal da qanvnvericiliyə edilən son dəyişiklikdə öz əksini tapmışdır və fikrimizcə, daha məqsədəuyğun sayılmalıdır. Çünki vətəndaşlara aid olan şəxsi, özəl xarakterli məlumatların yayılması onların Konstitusiyada təsbit edilmiş şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilə bilər.

Digər diqqət çəkən məqam- məcəllənin keçmiş mətninə görə namizəd seçicilərin azı 3 faiz səsini topladığı halda onun könüllü olaraq qoyduğu qeydiyyat depoziti sonradan geri qaytarılmalı idi. Yeni düzəlişlər ilə "seçicilərin azı 3 faiz səsini" ifadəsi  "etibarlı hesab edilən səslərin azı 3 faizini"  ifadəsi ilə əvəz edilmişdir.

Bundan başqa qanunvericilikdə namizədlərin və digər şəxslərin seçkiqabağı, təşviqat xarakterli çıxışlarında digər şəxslər barədə həqiqətə uyğun gəlməyən, təhqir xarakterli və digər bu kimi ifadələr işlətməsinin yolverilməzliyi barədə müddəalar təsbit edilmişdi. Bu müddəa düzgün və məqsədyönlü olması ilə bərabər həmin şəxslərin söylədiyi istənilən fikrə görə söz və fikir azadlığının məhdudlaşdırmaq üçün əsas ola bilərdi. Artıq yeni düzəlişlərlə bu cür hallarda Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin (fikir və söz azadlığı) müddəaları da tətbiq edilməli, namizədlərin çıxışlarında istifadə etdiyi ifadələr  Konstitusiyanın 47-ci maddəsi nəzərə alınmaqla təfsir edilməlidir. Həmçinin bu müddəa ilə irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilməməsi də təsbit edilir.

Artıq yeni düzəlişlərə görə, səsvermə günü seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə gününün tarixini əks etdirən xüsusi möhür (ştamp) vurmalıdır. Bu da seçki prosesində saxtakarlıqların qarşısını almağa kömək edən hal kimi qiymətləndirilməldir. Bundan başqa Məcəlləyə edilən düzəlişlər və MSK-nın müvafiq təlimatı ilə müşahidəçiyə seçki günü səsvermənin gedişini və səslərin sayılması prossesini müşahidə etmək və s. bu kimi hüquqlarla bərabər, seçki sənədlərinin məntəqə seçki komissiyasından dairə seçki komissiyasına göndərilməsi prosesində də birbaşa iştirak etmək imkanı yaratmışdır.

Yeni düzəlişlərlə Seçki Məcəlləsində maliyyə vəsaitlərinin, pul məbləğlərinin hesablanması üçün qeydiyyatdan keçmiş deputatın dövlətdən aldığı vəsait və Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin əmək haqqı istisna olmaqla bütün hallarda artıq əvvəllər təsbit edildiyi kimi minimum əmək haqqının deyil, şərti maliyyə vahidinin müvafiq hasili əsas götürülür. Həmin məbləğlərin kəskin aşağı düşməsi ilə əlaqədar müvafiq əmsallar 5 dəfə artırılmışdır. Əksinə, minimum əmək haqqı əmsal kimi saxlanılan hallarda vuruq əmsalları azaldılıb. Bu düzəlişlə bağlı qeyd etmək lazımdır ki, hələ 1999-cu ilin sonunda Milli Məclisin qəbul etdiyi qanun əsasında Azərbaycan Respublikasının bütün qanunvericilik aktlarında yuxarıda göstərilən hallara uyğun bütün müddəalarda "minimum əmək haqqı"  ifadəsi  "şərti maliyyə vahidi"  ifadəsi ilə əvəz edilmişdi. Son düzəliş Seçki Məcəlləsinin qüvvəyə minməsindən sonra yaranmış anlaşılmazlığı aradan qaldırmışdır.

Yeni düzəlişlərlə seçki hüquqlarının pozulması ilə bağlı vətəndaşın şikayəti ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə Apellyasiya Məhkəməsinə şikayət edilə bilər. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.

Sadalananlardan başqa Seçki Məcəlləsinə təşkilati və prosedur xarakterli bir sıra düzəlişlər də edilmişdir ki, bütün bunlar da seçki prosesində mümkün qanunsuzluqlar və pozuntu hallarının qarşısının alınmasına yönəlmişdir.

Seçki Məcəlləsi ilə yanaşı onun müddəalarının pozulması ilə bağlı məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar Məcəllələrinə də bir sıra əlavələr edilmiş, yeni cinayət və inzibati hüquq pozuntusu tərkibləri (məsələn, namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki kampaniyalarına müdaxilə etmə və ya onu pozma, seçkilərdə  başqalarının əvəzinə səs verilməsinə şərait yaratma, seçki  məqsədləri öz vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunması) müəyyən edilmişdir.

Seçki qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti də məqsədəuyğun sayılmalıdır. Bununla bağlı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli sərəncamı və  "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2005-ci il tarixli   Sərəncamı xüsusi qeyd edilməlidir.

Prezidentin 12 may tarixli sərəncamı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq müdaxilə etməsi yolverilməz hesab edilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına səlahiyyətləri çərçivəsində deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təbliğ imkanlarının yaradılmasının təmin edilməsi, paralel səsvermənin nəticələrinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsinə dair zəruri tədbirlər görülməsi və müvafiq seçki rəsmilərinə zəruri yardım göstərilməsi və s. bu sahədə konkret tapşırıqlar verilmişdir.

Prezidentin bu sərəncamı ilə Mərkəzi və yerli icra hakimiyyəti öz səlahiyyətləri çərçivəsində ixtisaslaşmış ictimai rəyçilər tərəfindən aparılacaq exit-poll prosesinin aparılmasına lazımi şərait yaradılması, onların həmin prosesin gedişinə qanuna zidd olaraq müdaxilə etməməsi barədə tapşırıq verilmiş, bununla da 06 noyabr 2005-ci il tarixində Azərbaycan Respublikasında ilk dəfə olaraq keçiriləcək exit-poll-un tətbiqi üçün hüquqi baza yaradılmışdır.

Seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər  haqqında" 25 oktyabr 2005-ci il tarixli Sərəncamının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Sərəncamda seçici vəsiqələrinin paylanması və seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq, seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair müvafiq təlimatın qısa müddətdə hazırlanması və Mərkəzi Seçki Komissiyasının müzakirəsinə çıxarılması barədə tövsiyə ehtiva olunmuş və bununla da Azərbaycan tarixində ilk dəfə olaraq seçki günü seçicilərin barmaqlarının boyalanması praktikasının hüquqi cəhətdən əsası qoyulmuşdur. Həmin göstərişin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 26 oktyabr 2005-ci ildə "Azərbaycan Respublikasının 2005-ci il noyabrın 6-a təyin edilmiş üçüncü çağırış Milli Məclisinə seçkilərdə səsvermə günü seçicilərin barmaqlarının işarələnməsi üçün mürəkkəbdən istifadə edilməsi" barədə qərar qəbul edib.

Prezidentin sərəncamında  "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanunundan nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasında keçirilən prezident, Milli Məclis və bələdiyyə seçkilərini müşahidə etməsinə qadağanın götürülməsi məsələsinin həll edilməsi barədə" Azərbaycan Respublikasının Milli Məclisinə təklif öz əksini tapmış və bu məsələ ilə bağlı Milli Məclis Azərbaycan Respublikasının qanunvericilik aktlarında müvafiq düzəlişlərin edilməsi ilə bağlı qanun qəbul etmişdir. Bu faktı da seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müsbət addım kimi qiymətləndirmək lazımdır.



Mətbuatın monitorinqi

Seçki kampaniyasının kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasının monitorinqinə 6 telekanal, 17 qəzet və 5 informasiya agentliyi cəlb edilib. Monitorinq informasiya materialları və siyasi reklamın telekanallarda efir vaxtının, agentlik və qəzetlərdə isə sayının və sahəsinin hesablanmasını, həmçinin bütün KİV-də obyektivlik, balansın qorunması və s. bu kimi meyarlara əməl edilməsinə diqqət yetirməyi nəzərdə tutur. Monitorinqin yekun nəticələri parlament seçkilərindən sonra elan ediləcək.  

Seçki iştirakçıları monitorinqdə "Azadlıq", "Yeni siyasət" seçki blokları, Yeni Azərbaycan və Liberal partiyalarına bölünüb. Müstəqil namizədlər, digər blokların və birliklərin nümayəndələri isə "digər" adlar altında birləşiblər. Tərəflər haqqında telekanallarda təqdim olunan informasiyalar isə neqativ, pozitiv və neytral qiymətləndirilmə kimi göstərilib. Bundan başqa, monitorinqdə beynəlxalq rəy, yəni xarici dövlətlər, diplomatik missiya və beynəlxalq təşkilat nümayəndələrinin bəyanatları və fikirləri də öz əksini tapıb.

Telekanallar

Monitorinqin nəticələri bunu deməyə əsas verir ki, seçkilərin təşviqat mərhələsi bütün telekanallar üçün prioritet təşkil edib. İnformasiyanın təqdim edilməsi və hadisələrin şərhi zamanı tərəflər arasında balansı tam olaraq ANS və İctimai televiziya qoruyub, digər telekanallar isə, AzTV istisna olunmaqla, bunu qismən yerinə yetirib. Beləliklə, təşviqat kampaniyasına start verildiyi gündən telekanallar seçkiyə aid  3727 material təqdim etməklə, bu mövzuya 1.546.195 saniyə vaxt ayırıblar. Telekanallar reklam üçün ən çox yeri (787) "digər" blokunda birləşmiş seçki iştirakçılarına ayırıblar. Deputatlığa namizədlərin reklamı ən çox Az TV-də, ən az isə "Lider" telekanalında olub.

Beynəlxalq rəy haqqında ümumilikdə (241) xəbər təqdim edilib və bu məsələdə ANS telekanalı öndədir. Qeyd edək, gündəlik xəbərlər buraxılışları zamanı seçki mövzusuna ən çox toxunan yenə də ANS, sonra ATV və İctimai televiziyadır.    

Qeyd etməliyik ki, telekanallar arasında pozuntuların əksəriyyəti AzTV-in payına düşüb. Günü-gündən ödənişli efir vaxtını artıran bu telekanal mütəmadi olaraq ödənişli efir haqqında Seçki Məcəlləsinin maddələrini pozub. MSK və Milli Teleradio Şurasının ciddi xəbərdarlığından sonra dövlət televiziyası Seçki Məcəlləsinin və MSK-nın müvafiq təlimatlarının normalarına riayət etməyə başlayıb. Seçki dövründə AzTV-nin yol verdiyi ən ciddi qanun pozuntularından biri 3 gün ərzində namizədlərin ödənişsiz efir vaxtına senzuranın tətbiq edilməsi olub. Monitorinqin nəticələrinə görə, AzTV televiziya kanalları arasında qanunvericiliyi ən çox pozan qurum olub.  



AzTV kimi dövlət büdcəsindən maliyyələşən İctimai televiziya isə tam əksinə, həm ödənişli, həm də ödənişsiz efir faxtının təşkilində Seçki Məcəlləsinin müddəalarına əməl edərək, hələ ki, nöqsanlara yol verməyib. Ümumiyyətlə, ötən dövr ərzində bu telekanalın fəaliyyətini qənaətbəxş hesab etmək olar.



Telekanallar:

İnformasiyanın sayı

İnformasiyanın həcmi, san.

1.

ANS

775

520178

2.

AzTV

927

275186

3.

ATV

381

61768

4.

Space

404

198644

5.

Lider

459

110736

6.

İTV

781

379683

Bir məsələyə də xüsusi diqqət yetirmək istərdik. Milli Teleradio Şurasının başçısı Nuşirəvan Məhərrəmov özəl telekanallara, sonra isə AzTV-yə xəbərdarlıq etdi ki, namizədlər üçün ayrılan ödənişli efir vaxtı həftə ərzində 6 saatdan artıq olmamalıdır. AzTV-yə gəldikdə dövlət büdcəsindən maliyyələşən bu informasiya vasitəsinin rəhbərliyinə KİV-lərdə seçkiqabağı təşviqat qaydalarının pozulmasına dair səsverməyə 10 gün qalmış deyil, çoxdan xəbərdarlıq edilməliydi. Lakin həftədə 6 saatlıq ödənişli seçkiqabağı təşviqat vaxtı barədə özəl kanallar qarşısında tələbin qoyulması qanuna ziddir. Milli Teleradio Şurasının rəhbərliyi bu qərarı Seçki Məcəlləsinin 80.5 və 81.2 maddələrilə əsaslandırır. Lakin AVCİYA-nın seçki qərargahının hüquqşünaslarının verdiyi rəyə görə, həmin maddələrdə söhbət yalnız təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və ya dövlət büdcəsindən maliyyələşən və verilişləri Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan teleradio verilişləri təşkilatlarından gedir və bu müddəalar yalnız dövlət kanallarına aid edildiyindən, özəl telekanallara şamil edilə bilməz. Eyni zamanda qanunvericilikdə söhbət yalnız efir vaxtının minimum həddindən, ödənişsiz və ödənişli efir vaxtının nisbətindən gedir, yuxarı hədd barədə isə heç bir məhdudiyyət qoyulmayıb.

İnformasiya agentlikləri

 "Turan", APA, Trend, Em-pi-ey və AzərTAC informasiya agentliklərinin monitorinqi aşağıdakıları aşkar edib. Seçkiqabağı kampaniyanın balanslaşdırılmış və obyektiv işıqlandırılmasını APA və Trend-in bülletenlərində müşahidə etmək olar. Operativlik və çeşidlik baxımından digər informasiya mənbələrindən fərqlənən "Turan" seçkilərin balanslı işıqlandırılması ilə bağlı problemlər yaşayır. Bütövlükdə isə, sözügedən informasiya vasitələri ötən müddət ərzində (1568) məlumat yayıb. Siyasi reklama gəlincə, namizədlərin ödənişli təbliğatına yalnız APA-da rast gəlmək mümkündür. Blokların fəaliyyətinin işıqlandırılmasına gəlincə, agentliklər əsasən "Azadlıq", "YES"  blokları, bitərəf namizədlər və hakim partiyaya daha çox diqqət yetiriblər. Beynəlxalq rəyə isə önəmi əsasən Trend agentliyi verib.





Agentliklər

Materialların sayı

1

APA

703

2

AzərTac

82

3

Trend

441

4

Turan

273

5

Em-pi-ey

69

Qəzetlər

Qeyd etdiyimiz kimi, monitorinqə 17 qəzet daxil edilib. Həmin nəşrlər ötən müddət ərzində blokların fəaliyyəti haqqında bütövlükdə (9058) informasiya və məqalə dərc edib. Parlament seçkiləri ilə bağlı materialların ümumi sahəsi 2.963.862 kv.sm təşkil edib. Monitorinqin nəticələrinə əsasən, yazıların sayına görə "Bakı xəbər" və "Yeni Müsavat", sahəsinə görə isə "Azadlıq" qəzeti öndədir.






Qəzetlər

Materialların sayı

Sahə, kv.sm.

1

"Azadlıq"

990

345284

2

"Ayna"

344

173500

3

"Bakı-xəbər"

1222

345941

4

"Zerkalo"

312

142700

5

"Exo"

273

101000

6

"Novoye vremya"

237

5"389

7

"Kaspiy"

153

70383

8

"Yeni Azərbaycan"

323

141805

9

"Yeni Müsavat"

1114

336479

10

"Xalq Cəbhəsi"

569

180900

11

"Ekspress"

498

134230

12

"Xalq qəzeti"

185

117989

13

"Həftə içi"

670

127926

14

"Gün-səhər"

427

151794

15

"Şərq"

719

146651

16

"525-ci qəzet"

572

242891

17

"Mərkəz"

450

147000
 

 

 



 

 

 



 

 

 



 

 

 



Qeyd etmək vacibdir ki, qarşıdan gələn seçkilərlə bağlı ən çox məlumat yayan, həmçinin mövcud problemləri və yerlərdəki qanun pozuntularını işıqlandıran "Yeni Müsavat" və "Bakı xəbər" qəzetləridir. Bununla belə, adıçəkilən qəzetlər hadisələri birtərəfli işıqlandırıb və buna səbəb həmin nəşrlərin siyasi orientasiyalı olmasıdır. Bu məsələdə "Yeni Azərbaycan" qəzeti də onlardan geri qalmır, çünki onun da səhiflərində çap olunan bütün yazılar partiya maraqlarını ifadə edir. Maraqlıdır ki, oktyabr ayında "Yeni Azərbaycan" qəzeti "Azadlıq" bloku haqqında, maraqlarını təmsil etdiyi YAP namizədlərindən iki dəfə artıq yazı dərc edib ki, bu da ən yaxşı halda tənqiddən, ən pis halda isə "qara piar"dan xəbər verir. Onu da deyək ki, "qara piar"ın əlamətlərinə "Gün səhər", "Kaspiy", "Ekspress", "525-ci qəzet", "Zerkalo" və "Exo" qəzetlərində rast gəlinməyib. Digər qəzetlərdə isə bu hal müəyyən dərəcədə öz təsdiqini tapıb. Namizədlərin təşviqat kampaniyasını ən çox işıqlandıran "525-ci qəzet" və "Yeni Azərbaycan"dır. Lakin yanaşma fərqlidir, çünki "525-ci qəzet"in səhifələrində bütün tərəflərin və daha çox müstəqil namizədlərin, "Yeni Azərbaycan" qəzetində isə yalnız YAP-ın namizədlərinin reklamına rast gəlmək olar. Qeyd edək ki, "Novoe vremya" qəzetində təşviqat materiallarına çox nadir hallarda, "Kaspiy" qəzetlərində isə ümumiyyətlə namizədlərin reklamına rast gəlinməyib. Beynəlxalq rəyi səhifələrində ən çox "Yeni Müsavat" və "Novoe vremya" qəzetləri işıqlandırıb. Obyektivlik, balans və fikir müxtəlifliyi kimi əsas meyarlara yalnız "Gün səhər" və "Zerkalo" əməl edib. Bu kateqoriyada ən aşağı göstərici "Yeni Müsavat" və "Yeni Azərbaycan" qəzetlərində qeydə alınıb.

Telekanalların və qəzetlərin seçki prosesini işıqlandırmalarının monitorinqi bir neçə qrup problemi ortaya çıxarır. Telekanallarda bu ödənişli siyasi reklam üçün efir vaxtının alınması prosedurunun şəffaflığıdır. Belə ki, ödənişli təşviqat vaxtı üçün telekanallara müraciət edilərkən kanal efir vaxtının bu və ya digər namizəd tərəfindən artıq alındığını bildirir. Bir çox hallarda eyni namizəd 2-3 dəfə efir vaxtı aldığı halda, digər bir namizəd ümumiyyətlə efirsiz qalır. Bu nöqteyi-nəzərdən telekanallarda efir vaxtının satışının şəffaflaşdırılması üzrə tədbirlər görülməlidir. Bundan əlavə, seçkiqabağı dövrdə namizədlər öz təşviqatlarını hər hansı bir digər namizədin əleyhinə yönələn fikirlər üzərində qururlar və bunu ekrandan səsləndirirlər. Qanunvericiliyə görə, "qara piar" həyata keçirən namizədlərə qarşı sanksiyalar tətbiq edilməli, telekanal isə eyni vaxtda təşviqat dövrünün sonuna qədər "qara piar" obyektinə ödənişli əsaslarla çıxış etmək imkanı verməlidir. Təəssüflər olsun ki, indiyədək bu normaya çox az hallarda riayət edilib.

Çap mətbuatına gəldikdə isə seçkiqabağı dövrdə mətbuatın ən çox qabaran problemi onun siyasiləşməsidir. Belə ki, siyasiləşmə üzündən qəzetlərin əksəriyyəti qüvvələr arasında balansı qoruyub saxlamırlar, əhalinin məlumatlandırılması və təşviqat proseslərinə obyektiv yanaşmırlar.

Nəticə

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının yuxarıda adı çəkilən istiqamətlər üzrə keçirdiyi monitorinq aşağıdakı nəticələri verdi.

- Seçkiqabağı dövrdə müxtəlif istiqamətlərdə bir sıra qanun pozuntuları hallarına yol verilməsi müşahidə olunub. Qanun pozuntularına yol verən namizədlər, məmurlar, bələdiyyə işçiləri çox az hallarda cəzalandırılıb ki, bu da seçki prosesinə mənfi təsir göstərib. Bununla belə, 2000-ci ilin parlament seçkilərinə hazırlıq mərhələsi ilə müqayisədə builki kampaniyada yol verilən qanun pozuntularının həcmi xeyli azalıb, namizədlərə təşviqat üçün yaradılan şərait də bərabərləşib. Bu isə özü-özlüyündə müsbət irəliləyiş kimi qəbul edilməlidir.

- Seçkilərin keçirilməsini təmin edən qanunverici baza xeyli təkmilləşdirilib. Seçki Məcəlləsinə edilən dəyişikliklər, Prezidentin məlum 11 may və 25 oktyabr tarixli sərəncamları, MSK-nın qəbul etdiyi təlimatlar ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə imkan verir. Lakin bir sıra hallarda, xüsusilə də regionlarda qanunvericilikdə və normativ aktlarda irəli sürülən normaların pozulması hallarına rast gəlinir ki, bunların da qarşısı alınmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatların seçkilərə dair verdiyi tövsiyyələrin demək olar ki, hamısını yerinə yetirib. Exit-poll-un keçirilməsi, barmaqların şəffaf mürəkkəblə nişanlanması və eləcə də 30% xaricdən maliyyələşən yerli qeyri-hökumət təşkilatlarına sesvermənin müşahidəsini aparmağa icazə verilməsi azad və demokratik seçkilərin keçirilməsi istiqamətində irəli atılan bir addımdır.

- Kütləvi informasiya vasitələrində bütün namizədlərə təşviqat üçün təxminən eyni şərait yaradılıb. Telekanallarda təşviqatın bir dəqiqəsinin qiymətinin hamı üçün eyni olması və əvvəlcədən elan edilməsi, eləcə də bu prosesin tam rəsmiləşdirilməsi müsbət faktdır. Bununla belə telekanallarda və dövrü mətbuatda həm seçki prosesinin işıqlandırılması, həm də təşviqatın aparılması ilə bağlı bir sıra problemlər mövcuddur ki, onlar da müvafiq dövlət orqanlarının qanun çərçivəsində nəzarəti gücləndirmələri vasitəsilə həll edilməlidir.     

Beləliklə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası hesab edir ki, ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb.

Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının müşahidəçiləri səsvermə günü ölkənin bütün 125 dairəsində yerləşən məntəqələrdə monitorinq aparacaqlar. Monitorinqi həm yerli, həm də Avropanın bir çox ölkələrindən olan müşahidəçilər həyata keçirəcək. Eyni zamanda Assosiasiyası Mitogsky International və Edison Media Research şirkətlərinə 125 dairədə exit-poll keçirilməsinə yardımçı olacaq.
Yüklə 98,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin