FAKT (fact/case) – 1) Süjet və veriliş üçün ilkin material, hadisə, istinad sənədi, əsas, dəlil, sübut; 2) Fəlsəfi anlayış – obyektiv və elmi F. anlayışları bir-birindən fərqləndirilir. Obyektiv F. insan fəaliyyətinin və ya idrakının obyektini təşkil edən müəyyən hadisəni, təzahürü, reallığın parçasını başa düşmək kimi qəbul olunub. Elmi F. obyektiv F.-ın insan şüurundakı inikasıdır, yəni onun müəyyən dilin vasitəsilə təsviridir.
FAKTOQRAFİK MATERİAL (factographic material) – Hər hansı verilişin, jurnalist məhsulunun sənədli əsası. F.m. gerçək həyatda baş verən hadisənin dəqiq qeydə alınmasıdır. Bu, jurnalistin həqiqətə söykənmək prinsipinin əsasını təşkil edir. Jurnalist əsərinə çevrilən F.m. həmişə şərh edilir və çox hallarda aktuallıq kəsb edir.