LÜĞƏT (dictionary) – Müəyyən üsulla düzülüb, mənası, başqa dilə tərcüməsi, düzgün yazılışı, dəqiq tələffüzü və s. verilən sözlər toplusu. Lüğət, əsasən əlifba sırası ilə tərtib olunur və iki növü vardır: ensiklopedik və filoloji. Konkret sahəyə aid olan oxuduğunuz bu izahlı L. filoloji lüğətdir.
LÜMİNESSENSİYA KİNOÇƏKİLİŞİ (luminescence shot)– Görünməz ultrabənövşəyi şüaların (lüminessensiya) təsiri ilə müxtəlif uzunluqlu görünən şüalar buraxan obyektivlərin kinoçəkilişi. İşıqsaçmanın rəngi müxtəlif olur: mavi, bənövşəyi, yaşıl, qırmızı və s. L.k. qara-ağ və rəngli lentlərdə aparılır. Bu cür çəkiliş, məsələn, dağ süxurlarında qazıntı halında tapılan heyvanların qalıqlarını görməyə və üzə çıxarmağa imkan verir. L.k. başlıca olaraq, mikro və makro kinoçəkilişlərində tətbiq olunur.