MUSİQİLİ FİLM (musical film) – Musiqinin mühüm məna və kompozisiya funksiyalarını yerinə yetirdiyi, habelə janr və üslubi xarakteristikasını müəyyənləşdirdiyi TV, yaxud kino əsəri.
MÜƏLLİF HÜQUQU (copyright) – Ədəbiyyat, elm və incəsənət əsərlərinin yaradılması, istifadəsi və nümayişi ilə əlaqədar münasibətləri nizamlayan mülki hüquq anlayışı. Elektron mediadan istifadənin genişlənməsi və müəlliflik anlayışına bir qədər mücərrədlik gətirən postmodernist konsepsiyaların peyda olması şəraitində M.h.-nun gerçəkləşdirilməsi bir qədər çətinləşib. M.h. haqqında mövcud qanuna görə, müəllifin: a) əsəri qanunun yol verdiyi bütün üsullarla – öz adı ilə, şərti adla (ləqəblə) və ya ad göstərmədən (adsız) dərc etdirmək, təkrar dərc etdirmək və ya yaymaq hüququ; v) əsərinə toxunulmazlıq hüququ; c) əsərdən digər şəxslərin istifadəsi üçün haqq almaq hüququ var. Bəzi hallarda çap olunmuş əsərin qəzet, kino, radio, TV-də təkrar olunmasına, elmi və tənqidi işlərdə, tədris və siyasi-maarif nəşrlərində dərc edilməsinə müəllifin razılığı olmadan və haqq ödənilmədən də yol verilir. Dərc olunmuş əsərin ifa edilməsinə, qrammofon vallarında buraxılmasına və s. müəllifin razılığı tələb olunmur, lakin bunun üçün müəyyən haqq (pul) verilir.