MÜZİK-HOLL (music-holl) – Estrada teatrı növü. M.-h. müxtəlif janrlı (estrada, sirk, balet, musiqi) kiçik nömrələrdən ibarət olub musiqili estrada konserti, yaxud vahid süjetli estrada tamaşası xarakteri daşıyır. M.-h. 18-ci əsrin əvvəllərində İngiltərədə formalaşmış, sonralar başqa ölkələrdə də geniş yayılmışdır.
MÜZİKL (musical) – TV-dəsintetik tamaşa növü. M.-də dialoqlar, musiqi, ifa və xoreoqrafiyadan ibarət dramatik süjet TV sənətinin spesifik vasitələri ilə ifadə olunur; əsasən komediya xarakterində olan musiqili səhnə əsəri; musiqili komediya. M.-də estrada və məişət musiqisinin, xoreoqrafiya, dram və opera sənətinin müxtəlif ifadə vasitələrindən istifadə olunur. M. janrının formalaşması 19-cu əsrin sonunda ABŞ-da səhnə sənətinin inkişafı ilə bağlıdır. M. inkişaf mərhələlərində müzik-holl və revü, folklor elementləri ilə zənginləşmiş, cazın təsirinə (xüsusilə "suinq" üslubu) məruz qalmış, mövzu dairəsi genişlənmişdir.