TONAL PERSPEKTİV (tonal perspective) – Çəkiliş nöqtəsindən uzaqlaşdıqca əşyaların təsvirlərinin tonal dəyişməsinin köməyi ilə kadrdakı məkan dərinliyinin verilməsi. T.p. ona əsaslanır ki, həyatda müşahidə olunan əşyalar müşahidəçidən uzaqlaşdıqca cizgilərini itirir və rəngini dəyişərək əşyaları tamaşaçıdan ayıran havanın qalınlığı çoxaldıqca daha dumanlı şəkil alır.
TON-ATELYE (sound studio) – Studiyalarda xüsusi olaraq səsin yazılması üçün texnoloji əməliyyatların yerinə yetirilməsinə imkan verən məkan. Kinostudiyalarda dublyaj, musiqi yazılışı, nitqin və səs effektlərinin səsləndirilməsi, yazının köçürülməsi üçün belə atelyelər mövcuddur. T.-a. bir-birindən ölçülərinə, akustik parametrlərinə və avadanlığın tərkibinə görə fərqlənir.