NOVRUZ BAYRAMI VƏ MİLLİ DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİ
X Ü L A S Ə
Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olmuşdur. Bu bayram mifoloji-əfsanəvi xarakterli qaynaqlarda Azərbaycan torpağı ilə bağlı təqdim olunur. Orta əsrlər tarixi qaynaqların, verdiyi bilgilərə görə, Novruz bayramı özünün dövlətçilik ənənəsi ilə bağlılığını sonrakı əsrlərdə daha da gücləndirmişdir. Bayram XX əsrə qədər Azərbaycanda böyük coşqu ilə qeyd edilmişdir. Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində olduğu XVIII-XIX yüzilliklərdə çar hakimiyyəti bayramı rəsmi dövlət səviyyəsində qeyd etməsə də, onun xalq tərəfindən keçirilməsinə heç bir maneçilik törətməmişdir. XX əsrin əvvəllərində rus imperiyasında baş verən dalbadal inqilablar nəticəsində çar höküməti çökmüş və Şimali Azərbaycanda qurulan Azərbaycan Xalq Cümhuriyyəti də Novruz bayramına böyük əhəmiyyət vermiş, onu milli ideologiyanın qaynaqlarından biri hesab etmişdir. SSRİ dövründə Novruz bayramı qadağan olunmuşdur. XX əsrin sonlarına doğru Şimali Azərbaycanın öz müstəqilliyinə qovuşması ilə Novruz bayramı da milli əsarətdən xilas oldu. Novruz bayramının 2009-cu ilin 30 sentyabrında YUNESKO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi Azərbacan dövlətinin bütün dünyada böyük uğuru oldu. Bu bayramın Azərbaycan dövlətçilik ənənələrinin inkişafında ən böyük rolu Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında martın 21-nin bütün dünyada «Beynəlxalq Novruz günü» elan edilməsidir.
Açar sözlər: Novruz, bayram, folklor, mərasim, millilik, dövlətçilik, ənənə
Dostları ilə paylaş: |