1.3. Lirik-psixoloji dram dilinin formalaşması və inkişafında İlyas Əfəndiyevin rolu
Dramaturq olmaq üçün yüksək insan xarakterlərini yaratmaq, kəskin ictimai konfliktlər qurmaq və bütün bunları mahir səhnə dili ilə ifadə etmək yazıçının qarşısında duran əsas tələbdir. Bunsuz dram əsəri yarana bilməz. Bir çox müasir dram əsərlərindəki məna yarımçıqlığına, məzmun və şəkil natamamlığına, dil və ifadə yoxsulluğuna, sxematizmə, şablon və ritorika hallarına biz adi nöqsanlar kimi yox, hər şeydən əvvəl, həyat həqiqətinin və həyat poeziyasının təhrif olunması kimi baxmalıyıq. Dil bədii əsərin taleyində həlledici rolunu heç zaman itirmir.
“Dramaturgiya dili canlı və hərəkətli olmaqdan əlavə, mənaca tutumlu, sıxlaşmış olmasına görə seçilir. Dramaturq elə replikalar seçir ki, bunlar təkcə üzdə olan hərəkəti bildirməklə vəzifəsini bitirmir, ona qədər olmuş işləri, hərəkətləri də başa salır. Danışıq elə qurulur ki, tamaşaçı eşitdiklərinin nəyin davamı olduğunu dərk edir, yaxud söylənilənlərdən hansı xətlər ayrıldığını yəqin edə bilir. Dram dilində az danışıq, geniş məzmun prinsipi cəmi bir neçə saat ərzində mürəkkəb, silsiləli hərəkətlərin əlaqəli, bütöv, süjetli təsvirini mümkün edir” [1, s.30].
Dramaturgiya dili monoloq və dialoqlardan qurulmuş dinamik səhnə dilidir. Belə əsərlərdə daxili nitq obrazların dilində verilir və onlar vasitəsilə fərdiləşdirilir. Fərdi nitqin ifadə forması, əsasən, monoloq şəklində olur. Ona görə də daxili nitqin bu forması təhkiyə dilinə yaxınlaşır.
“Dram…qüvvətli hisslər, duyğular tələb edir” (M.Qorki). Odur ki, dramaturgiya daha kəskin, daha gərgin ictimai konfliktlərin inikas etdirilməsinə, xarakterlərin xüsusi şəkildə təzahür olunmasına, olduqca kəskin münaqişəli situasiyaların yaradılmasına olan meyillə səciyyələnə bilir.
Ayrı-ayrı dil hadisələrinin, dil faktlarının şərh olunmasında dram əsərləri mühüm əhəmiyyət kəsb edir. Dil faktları, hər şeydən öncə, bədii əsərin ideya-məzmun xüsusiyyətlərinin də operativ şəkildə müəyyənləşməsinə bilavasitə köməklik göstərir.
İ.Əfəndiyevin hər bir dram əsəri mühüm bir mövzuya həsr edilmişdir. Bu əsərlər bədii-estetik və dil-üslub xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. O, pyeslərinin böyük əksəriyyətində qaldırdığı aktual problemlərin yüksək humanizm mövqeyindən, müasir mənəvi və ictimai tələblər baxımından bədii həllinə nail olmuşdur. Dramaturq yaratdığı obrazların xarakterindəki ziddiyyətləri, işıqlı keyfiyyətlərlə yanaşı, naqis və kölgəli cəhətləri də verməyə çalışmış və buna müvəffəq olmuşdur.
Y.İsmayılov yazır ki, İlyas Əfəndiyevin pyeslərinin müstəqil filoloji təhlilə zəngin material verməsi də ədibin istedadına, əsərlərinin həyatiliyinə dəlalət edir. Sənətkarın üslubunu dəqiq bir istilahla müəyyənləşdirmək, bir qayda olaraq, çətin olmuş və asanlıqla təkzib edilmişdir. Çünki əslində “təmiz” üslub yoxdur. Eyni zamanda bu o demək deyil ki, üslub müxtəlifliyi uydurma və ya qeyri-müəyyən bir anlayışdır. Təsadüfi deyil ki, tanış istedadların əsərlərini ilk dəfə oxuyanda, ya eşidəndə kimin qələmindən çıxdığını da asanlıqla təyin edirik. İlyas Əfəndiyev belə sənətkarlardan biridir” [39, s.16-17].
Ədəbi dilimizin, o cümlədən bədii dilin öyrənilməsində yazıçı rolu, şübhəsiz, inkarolunmazdır. Yazıçının qələm məhsulu ədəbi dilimizin müəyyən dövrlərinin inkişaf mərhələlərini dəqiq təyin edir. Bu mənada görkəmli xalq yazıçısı İ.Əfəndiyevin həm nəsri, həm də dramaturgiyası ədəbiyyatımızda yeni bir janrı – lirik-psixoloji janrı meydana gətirdi. Bu janrın dil xüsusiyyətləri çox zəngindir. Lirik-psixoloji üslub, ümumiyyətlə, dramaturgiyada ədəbi istiqamət kimi mühüm yer tutur və geniş potensial imkanlara, qiymətli ideya-estetik keyfiyyətlərə malikdir. O, lirik-psixoloji xətlərin vəhdət halında dərinləşməsinə, yeni motiv və çalarlarla dolğunlaşmasına kömək edən imkanları ilə seçilir; əxlaqi antipodlara, ictimai eyb və qüsurlara qarşı kəskin mübarizə ruhu ilə səciyyələnir, bütün bunları özündə birləşdirməklə aktual ideya-estetik mahiyyət daşıyır.
Dramaturgiyamızda yeni janrın tədqiqi, şübhəsiz, qənaətbəxş deyil. Ona görə ki, bu janrda yazılmış dramların lirik-psixoloji sirləri, dərinlikləri açılmalıdır. Əsas əlamət kimi lirik-psixoloji cəhət ictimai-analitik cəhətlə birləşəndə “dramaturgiyada sıçrayış” açıq-aşkar görünür. Belə bir üslubi qayə müasir Azərbaycan cəmiyyətinin mənəvi dünyasına, ictimai və əxlaqi münasibətlərinə, davranışlarına daha dərindən nəzər salmaq, nüfuz etmək üçün imkan yaradır.
Lirik-psixoloji dram dilinin tədqiqi müəllif yaradıcılığının müxtəlif aspektlərini, istifadə olunan dil vasitələri və materiallarının fərdi-özünəməxsus xarakterini də aydınlaşdırır [216, s.3].
İlyas Əfəndiyev sənətinin cazibədarlığı, ilk növbədə, onun dil səviyyəsi ilə də bağlıdır. Onun dramaturgiyası yeni mövzular, orijinal tipik xarakterlər və özünəməxsus üslubla zənginləşmişdir. Əlbəttə, üslub bir çox cəhətdən – ədəbi dil normalarına münasibətdən, ictimai kommunikasiyada mətnin funksiyasından, dilin emosional-ekspressiv vasitələrindən necə istifadə etməkdən və s. asılı olaraq orijinal olmalıdır. Üslub özlüyündə çoxmənalı anlayışdır, kommunikativ və estetik imkanlarına görə mürəkkəb bir struktura malikdir. Üslub mədəniyyətin bütöv, səciyyəvi təsvirini yaradır. Fikrimizcə, İ.Əfəndiyevin dramlarının bədii tamlığının əsasını məhz onun üslubu təşkil edir. Ədəbi tənqiddə, ədəbiyyatşünaslıqda, yaradıcılıq məsələlərinə dair bir sıra son tədqiqatlarda İ.Əfəndiyev, ən əvvəl, lirik-psixoloji üslublu sənətkar kimi qiymətləndirilir. Bu, o deməkdir ki, lirika ilə yanaşı, gerçəkliyi əks etdirmə vasitələrindən biri kimi psixologizm də müəllifin nəsrində və dramaturgiyasında mühüm yer tutur.
İ.Əfəndiyev bənzərsiz üslub sahibi olduğu üçün yazıçı dili, onun lüğət fondu, üslub gözəlliyi, ifadə orijinallığı kimi məsələlərdə çox mötəbər qiymət verən qaynaqlardan “Azərbaycan ədəbiyyatı tarixi” üçcildliyi və “Azərbaycan dilinin izahlı lüğəti” də ona dəfələrlə müraciət etmişlər. İzahlı lüğətdə onun əsərlərindəki mətnlərdən nümunələrin gətirilməsi çox təbii, əsaslı idi. Məsələn, “dam” sözündə - “Kənddəki evlərin hamısı torpağın altında tikilmiş qara damlardan ibarət idi”; “dan” sözündə - “qızla oğlan fərəh və həyəcan içində qalxıb dan yerində lalə tək qızarmış buludlara baxaraq…düşündülər”; “satıl” sözündə: “Almurad baba dəri qından bir qəmə çıxarıb satıla çəkdi və s. kimi təbiətlə, məişətlə bağlı təfərrüatlar həyatilik, milli kolorit nişanələridir.
İ.Əfəndiyevin dram dili müəyyən ölçülərə sığan bir dildir. Ölçü estetikada dialektik kateqoriyadır, bədii yaradıcılığın normativ prinsiplərindən biridir. Dramaturqun ölçü hissini itirməsi bədiiliyi itirməsi deməkdir. Dramaturgiya dili onun motivlərinə, surətlərin xarakterik əlamətlərinə görə müəyyən olunur. Konkret olaraq İ.Əfəndiyevin dramaturgiya dili üçün ən səciyyəvi cəhət, şübhəsiz, ekspressivlik, emosionallıq, bir də psixoloji dərinlikdir.
Yazıçı dilinin dəyəri, əhəmiyyəti milli ədəbi dillərin inkişafı ilə bilavasitə təyin olunur, çünki ədəbi dil – xalq dilidir, bu dil sözün bədiiləşdirilmiş, təkmilləşdirilmiş bir formasıdır. Bütün ədəbi dillərin tarixi xalq dilinin zəngin xəzinəsindən qida almış, xalq yaradıcılığını mənimsəmişdir. Ona görə də yazıçının dil və üslubunun tədqiqi çox vacibdir, burada müəllif yaradıcılığının müxtəlif aspektləri, istifadə olunan dil vasitələri və materiallarının fərdi-özünəməxsus xarakteri aydınlaşdırılır [187, s.8].
Azərbaycan ədəbiyyatında XX əsrin 60-80-ci illərində müasir mövzulara həsr edilmiş dram əsərlərinin əsas əlaməti lirik-psixoloji və ictimai-analitik cəhətlərin vəhdət və üstünlük təşkil etməsi ilə şərtlənir. Belə bir üslubi cəhət müasirlərimizin mənəvi aləminə, ictimai və əxlaqi münasibətlərinə nəzər salmaq üçün imkan verir.
Müasir dramaturgiyamızda artıq orijinal bir hadisəyə, ayrıca üslubi istiqamətə çevrilən İlyas Əfəndiyev yaradıcılığı hər bir pyesin yarandığı dövrün mühüm sosial-əxlaqi məsələlərini yüksək bədiiliklə əks etdirilməsi ilə səciyyəvidir. Onun dramaturgiyasında obraz dilinin şeiriyyəti təkcə geniş həyat səhnələrinin verilməsində və mükalimələrin bolluğunda deyil, obrazların fərdi psixoloji və ictimai dramatizminin ifadəsində, onların bir-birinə münasibətində və dəruni sarsıntıların daxili nitq kimi səsləndirilməsində özünü göstərir.
T.İ.Hacıyev yazır ki, İ.Əfəndiyevin sənətkar təbiəti üçün ən əlamətləndirici xasiyyət lirizmdir. Lirizm, bir tərəfdən, onun dilindəki şeiriyyəti qidalandırır, o biri tərəfdən hadisə və obrazlarındakı psixologizmi şərtləndirir. Bu lirizm oradan başlanır ki, yazıçı təbiətdə də, cəmiyyətdə də, insanda da gözəlliyin vurğunudur; bu gözəlliyi tapa və görə bilir. Gözəlliyin də lirika ilə dil açması təbiidir. Buna görə də İ.Əfəndiyevin dilində güclü şeiriyyət var. Bu şeiriyyət təkcə sevgi səhnələrinin təsvirində, lirik qəhrəmanların emosional söhbətlərində deyil, bütövlükdə İ.Əfəndiyevin bədii sənətindədir, nəsrində və dramaturgiyasındadır [142, s.65].
Qeyd etdiyimiz kimi, o, əsərlərində lirik-psixoloji təmayülün təməlini qoymuşdur. İlyas Əfəndiyevin dramaturgiya dilində lirizm çox güclüdür. Dramlarında, roman və povestlərində isə psixologizmin ardıcıllığı, lirik-epik səhnələrin növbələşməsi zamanı emosiyanın fasiləsizliyi və epikliyin ondan asılılığı, məhz ona xidmət göstərməsi poetik bir əhval şəklində oxucunun hisslərinə təsir göstərir, İ.Əfəndiyevin qələmində Azərbaycan dili təntənəsi, dəbdəbəsi ilə səslənir. Artıq bu, gözəlliyin dili deyil, dilin öz gözəlliyidir. Bu, yazıçının fərdi yaradıcılıq sirridir ki, o, normativ ədəbi nitqə psixoloji impulsu necə daxil edir.
Fərdiləşdirmə və təzad dramlardakı obrazların mürəkkəb və ziddiyyətli xarakterləri vasitəsilə açılır. İ.Əfəndiyevin də yaradıcılığında fərdi bədii üslubun formalaşmasına, inkişafına, özünəməxsus keyfiyyətlərlə dolğunlaşmasına kömək edən mənbə və amillər cərgəsində folklor poetikasının, folklor ənənə və motivlərinin mühüm rolu parlaq şəkildə görünür.
İlyas Əfəndiyev “Unuda bilmirəm” pyesində Kamrana qarşı xarakter, mövqe və baxışa əks qütbü Cəmilin obrazında ümumiləşdirmişdir. Məhəbbətə, elmə, vətəndaşlıq, insanlıq borcuna münasibət gəncləri səciyyələndirməkdə əsas meyar kimi alınmış və obrazlara bədii fərdiləşdirmə keyfiyyəti vermişdir. Cəmilin simasında əsaslandırılan mühüm bir cəhət budur ki, əgər istedad vicdan saflığına malik deyilsə, sağlam əxlaq normalarına qarşışdırsa, vətəndaşlıq və insani borcunu unudursa, elmə ancaq gəlir və qazanc mənbəyi kimi baxırsa, o, sözün əsl mənasında, xalqa fayda yox, ziyan gətirir [147].
Təzadlardan istifadə edən dramaturq həyatın mürəkkəbliyini və ziddiyyətini canlandırmaqdan qaçmamış, süjeti, ideya və təcəssümü bəsitləşdirməmişdir. “Bağlardan gələn səs” (1975) dramı təzadlarla dolu bir əsərdir. Belə ki, əsərin obrazı Gülcan mürəkkəb və ziddiyyətli xarakterdir. Əsərin başlanğıcında o, ərinə sadiq qadın kimi görünür. Hadisə və vəziyyətin sonrakı inkişafı zamanı ciddi dəyişir, axırda sanki başqa bir insana çevrilir. Kəskin dönüş üçün, görünür, əvvəllər lazımi şərait yox imiş. Kamandarın gəlişi isə bunu sürətləndirir. Gülcanın xarakterini açmaq üçün psixoloji cəhətdən əsaslandırılmış dilin bədii vasitə və imkanları köməyə gəlir.
“Büllur sarayda” əsərində insanın həyatda xoşbəxtliyi, ailədə və cəmiyyətdə mövqeyi kimi əhəmiyyətli məsələlər qaldırılır, onların uğrunda axtarışlar, mübarizə və görüşlər əks olunur. “Büllur saray” yaşayış obyekti kimi gözəldir, günəş şüaları altında bərq vurur. Saray halal zəhmətin yox, əyri yollarla mənimsənilən sərvətin və rüşvətin hesabına ucaldılmışdır. Biz tədriclə “saray” sakinlərinin mənəvi aləmi, həyata və cəmiyyətə baxışı ilə dərindən tanış oluruq. Burada daxili təzadlar və dramatik lövhələr aşkarlanır. “Saray” leksik vahidinin müxtəlif məna çalarları göz önündə canlanır.
İ.Əfəndiyevin komediyaya müraciəti də təsadüfi deyil. Hələ ilk hekayə, roman və pyeslərindən başlayaraq əsərlərində komik elementlərə, sağlam gülüşə, yumorlu vəziyyət və obrazlara rast gəlmişik. Bu yumor hissi sadəcə zarafat, əyləncə və şuxluq xarakteri daşımamış; aydın tendensiyadan, konkret niyyət və ideyadan doğmuş, mənalı və gərəkli estetik keyfiyyətə, üslubi əlamətə çevrilmişdir. Əgər müəllifin ümumi üslubunu səciyyələndirən mənbələrdən biri kimi yumor keyfiyyəti indi müstəqil, konkret forma daxilində qabarıq təzahür etmişsə, bu qanunauyğun haldır.
Təcəssüm yaratmaq dramda orijinal lövhə yaratmaqdır. “Mahnı dağlarda qaldı” pyesində dramaturq bəzən konkret təcəssümlər, bəzən də mənalı söhbətlər vasitəsilə mahala yayılan inqilab havasını, adamların psixologiyasını və yaranan başqa yenilikləri əks etdirir, konflikti zənginləşdirəcək məqamlara, motivlərə diqqətini artırır.
Bədii təfəkkürün, düşüncənin məhsulu olan əsərlər (şeir, nəsr və dramlar) daima dilin zənginliyini, qanunauyğunluqlarını inkişaf etdirən ən mühüm fakt və dəlillərin mötəbər qaynaqlarındandır. Dilin ümumi cəhətləri, fərdi keyfiyyətləri bədii əsərlərdə daha aydın əksini tapır. Ümumi və fərdi cəhətlər bədii dildə öz “don”unu dəyişir, sözlər, ifadələr, bütöv konstruksiyalar yeni məna incəlikləri qazanır və üslubi boyalarla rənglənir. Adi dildəki standartlarını bədii dildə başqa cür əks etdirən dil vahidləri və vasitələri yaradıcı fərd tərəfindən dəyişdirilir. Bu dəyişmədə sənətkarın fərdi ustalığı, qüdrəti görünür.
“Dil bədii ədəbiyyatda son dərəcə böyük məsələdir, yazıçı müşahidəsindəki dərinliyi və incəliyi, sənətindəki vüsəti və qüdrəti göstərən çox mühüm amildir. Surətlərin xarakterləri, ruhi aləmləri, hərəkət və düşüncələri, danışıq və münasibətləri məhz dil vasitəsilə dolğun ifadəsini tapır. Ona görə də yazıçı olan şəxsdə belə bir bacarığın olması mütləqdir” [87, s.231].
İ.Əfəndiyev dramaturgiya və nəsrə dair mülahizələrində müasirlik tələblərini, həyat və qəhrəman, konflikt və xarakterlər məsələlərini xüsusi diqqət mərkəzinə çəkmiş, fikirlərini daha çox bu istiqamət üzrə dərinləşdirməyə və ümumiləşdirməyə çalışmışdır.
“İlyas Əfəndiyev XX əsr dramaturgiyasında C.Cabbarlı yolunu böyük uğurla davam etdirərək teatr tarixinə təzə bir səhifə açmış, lirik-psixoloji məktəbin banisi kimi səhnəyə bahar təravəti, romantik vüsət, lirik-psixoloji ab-hava gətirmişdir. “Sən həmişə mənimləsən” pyesi ilə formalaşan bu məktəbin indi bir sıra görkəmli davamçıları vardır” [42, s.18-19].
İ.Əfəndiyevin dramaturgiya və onun dil-sənətkarlıq xüsusiyyətləri haqqında dərin məzmunlu fikirlərinə “Yüksək səhnə əsərləri uğrunda” (1952), “Dramaturgiyamızın bəzi məsələləri haqqında” (1953), “Azərbaycan sovet dramaturgiyası” (1954), “Cavan dramaturqlar” (1955), “Dövrün böyük ideyalarını əks etdirən əsərlər uğrunda” (1957), “Dramaturgiyamızı inkişaf etdirək” (1958), “Son illərdəki dramaturgiyamız haqqında” (1959), “Dövrümüzün tələbi” (1960) kimi məqalə, məruzə və çıxışlarında rast gəlmək olar. Bu tipli materiallar eyni dərinliklə qələmə alınmasa da, hamısı dramaturgiyamızın dil baxımdan inkişafına həssas münasibətdən yaranmışdır. Onun 50-ci illərdə dramaturgiyamızın ümumi inkişaf mənzərəsinə, konkret yaradıcılıq axtarışları, dil-üslub problemlərinə baxışı artıq ardıcıl xarakter daşıyır, sistem halında formalaşır, həyatın, zamanın, sənətin tələbləri təhlil və qiymətlərində başlıca meyara çevrilirdi. “İ.Əfəndiyev sənətkar fərdiyyətinə və istedadına uyğunluqla fəaliyyət göstərir, müasir lirik-psixoloji istiqamətin ədəbiyyatımızda yaranması, inkişafı və möhkəmlənməsi üçün əlindən gələni əsirgəmirdi. Dramaturgiyada bu yenilik idi” [87, s.138].
İ.Əfəndiyevin dramlarının üslubu aydınlığı, lakonikliyi dialoqların təbiiliyi və səmimiliyi, emosional və ifadəliliyi ilə əlaqədardır. A.Axundov yazıçının üslubunda lirik ifadə tərzi ilə satiranın müəyyən hallarda qoşalaşdığını göstərir. “İ.Əfəndiyevin əsərləri satirik dilin tələblərinə nə dərəcədə cavab verməsinə görə deyil, satira dilimizdə yeni stilin başlanğıcı olmasına görə nəzəri cəlb edir. Bu yenilik nədədir? Bu, hekayədə, hər şeydən əvvəl, nəzərə çarpan xasiyyət müəllifin hadisə və obrazları müxtəlif maneralarla, müxtəlif ifadə və cümlələrlə təsvir etməsindədir. Beləliklə, satirik stillə poetik stil birləşib bir tam yaradır…” [15, s.23]. Dramaturqun dilində satirik və poetik üslub vəhdət təşkil etsə də, lirizm onun yazı dəstxəttini səciyyələndirən ümumi və aparıcı cəhətdir.
İ.Əfəndiyev dram əsərlərinin dilinə xüsusi həssaslıqla, məsuliyyətlə yanaşmış, personajların fərdi nitq xüsusiyyətlərini bir-birindən fərqləndirməyə çalışmışdır.
Müəllifin bədii dilin gözəlliyi haqqında orijinal fikirləri vardır: “Biz heç vaxt unutmamalıyıq ki, dil yazıçının həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. Bu sözləri deyəndə mən heç də dilin sığallı-tumarlı olmasını nəzərdə tutmuram. İstedadlı yazıçının dilindəki kələ-kötürlükdə belə həqiqi sənətin poeziyası öz ifadəsini tapır. İstedadlı yazıçının dili quru, süni ola bilməz. Dilimizin təmizliyini daim diqqət mərkəzində saxlamaq hər bir yazıçının vicdan vəzifəsidir. Dilin gözəlliyi həyatın poeziyası deməkdir, duyğuların gözəlliyi deməkdir. Dilin sərrastlığı yazıçının həyatı düzgün dərk etməsi deməkdir. Onu da unutmamalıyıq ki, Azərbaycan dili ən dərin fəlsəfi fikirləri belə dürüst ifadə üçün hədsiz imkanlara malikdir”. Bu fikirlərdən belə nəticə çıxır ki, İ.Əfəndiyev ana dilinin təmizliyi məsələsinə ciddi yanaşmış, bədii dilə həssas və qayğıkeş münasibət bəsləmişdir.
İ.Əfəndiyev yazıçı və şairlərimizin də dil və üslubu üzərində bir çox müşahidələr aparmış və öz fikirlərini söyləmişdir. Məsələn, S.Vurğun haqqında yazırdı: “Səmədin dili sanki Vətənimizin hər gülündən bir rəng, hər çiçəyindən bir ətir almışdır, sanki suların almaz parıltısından, dağların əzəmətindən, Azərbaycan günəşinin həyatverici istisindən gözəllik və qüvvət almışdır…Bu ahəng, bu musiqi, bu sadəlik sanki qəlbimizdə çırpınan duyğuların özüdür” [53].
Onun dramlarında Azərbaycan dili problemləri prinsipial bir məsələ kimi qoyulur. “Xurşidbanu Natəvan” dramı bu baxımdan fərqlənir. Burada obrazların dialoq şəraitində ayrı-ayrı fərqli dillərə münasibəti açılır, göstərilir. Məsələn:
Zahir bəy (coşur) – Ağalar, ərəb, fars dilləri milləti-islamın iftixarı olduğu üçün onların təsiri bizim kəlamımızı müzəyyən edir. Milləti-islamın fituhatı bizi ərəb-fars münəvvərlərinə yaxınlaşdırmışdır.
Dostları ilə paylaş: |