İbadət
Namaz və dua. İbadətsiz insanın ruhani inkişafı mümkün deyildir. Qida bədənin inkişafı üçün nə qədər vacibdirsə, ibadət də ruhun inkişafı üçün bir o qədər zəruridir. Həzrət Bəhaullah bütün hallar üçün dualar nazil etmişdir. Namazlar bu dualar arasında xüsusi yer tutur. Həzrət Bəhaullah namazı bəhailər üçün vacib etmişdir. Həzrət Əbdül-Bəha buyurur:
“Sən ey ruhani dost! Sən namazın hikməti barədə soruşmuşdun. Bil ki, namaz zəruri və vacibdir. Əgər insana hər hansı böyük maneə üz verməyib, yaxud imkansız deyilsə, onda heç bir bəhanə, onun namaza əməl etməməsinə haqq qazandıra bilməz. Namazın hikməti budur: o, bəndə ilə Haqq arasında əlaqə yaradır, çünki bu vaxt insan bütün ürəyi və qəlbi ilə üzünü Qadir Allaha tutur, Onunla ünsiyyət axtarır, Onun məhəbbətini və həmdəmliyini arzulayır. Aşiq üçün öz sevgilisi ilə söhbətdən böyük ləzzət yoxdur və axtaran üçün onun axtardığı ilə yaxın olmaqdan böyük hədiyyə yoxdur. Allahın səltənətinə cəzb olunmuş hər kəsin ən böyük istəyi odur ki, tam sədaqətlə öz Məhbubuna üz tutmağa fürsət tapsın və beləliklə də Onun səxavət və xeyir-duasını axtarsın və dua və iman dəryasına qərq olsun. Bundan əlavə, namaz insanda ayıqlıq və huşyarlıq yaradır, onun imtahanlardan qorunmasına və hifz olmasına kömək edir”78.
Şövqi Əfəndi yazır:
“Gündəlik namazın sayı üçdür. Ən qısası bir ayədən ibarətdir və iyirmi dörd saatda bir dəfə, günorta vaxtı qılınmalıdır. Orta namaz gündə üç dəfə, səhər, günorta və axşam qılınmalıdır. Böyük namaz üç namazdan ən müfəssəlidir və iyirmi dörd saatda bir dəfə qılınmalıdır. Hər kəs meyli çəkdiyi vaxt onu qıla bilər.
Mömin bu üç namazdan istənilən birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur və onları müşayiət edən hər hansı səciyyəvi hərəkətlərə uyğun qılmalıdır.
Həzrət Bəhaullah bu namazlara, Şəfa duası, Əhməd Lövhü kimi bir neçə başqa dualara xüsusi güc və əhəmiyyət inayət etmişdir. Ona görə də onları belə qəbul etmək lazımdır. Möminlər onları şübhəsiz inamla oxumalıdırlar ki, onların vasitəsi ilə Allahla daha yaxın ünsiyyətə girə bilsinlər və özlərini Onun qanun və hökmlərinə daha tam uyğunlaşdırsınlar”79.
Bu namazlar təklikdə Allahla ünsiyyətdə qılınır. Başqa dualar həm təklikdə, həm də başqa insanlarla bir yerdə olanda oxuna bilər. On beş yaşına çatmış hər bir bəhai üç vacib namazdan (böyük, orta, kiçik) birini seçməkdə sərbəstdir. Camaat namazı, yəni birinin bir ayə oxuması və digərlərinin cavab verməsi Bəhai dinində yoxdur.
Dostları ilə paylaş: |