İnsanın ruhu, həyat və ölüm
Ruh fiziki deyil, ruhani mahiyyət olub, onun mənbəyi Allahın ruhani aləmlərindədir. İnsan bədənin ölməs ilə ruh məhv olmur. İnsanın Yerdəki həyatı dövründə ruhun bədənə bağlılığı güzgüdə əks olunan işığın güzgüyə bağlılığını xatırladır. Güzgü parçalansa da, işıq parlamaqda davam edir.
Ruhun bədənlə birləşməsi ana bətnində, mayalanma anında baş verir. Yerdəki fiziki mövcudluq – hər bir ruh üçün vacib təcrübədir. Bu mərhələdə insan özünün düzlük, mərhəmət, məhəbbət, səxavətlilik kimi ruhani qabiliyyətlərinin inkişafı üçün imkan əldə edir. Bu keyfiyyətlər insana fiziki mövcudluğu sona yetdikdən sonra da lazımdır. Ana bətnində uşağın gözü, burnu, əli və ayağı inkişaf etdiyi kimi, bu ruhani keyfiyyətlər də insanın Yerdəki həyatı zamanı inkişaf edir. Ana bətnində uşağa bu orqanlar lazım deyildir. Lakin həyatda insan onlarsız çox ağır vəziyyətə düşə bilər.
İnsanın ana bətnindəki həyatı doğumdan sonrakı həyatından fərqləndiyi kimi, ruhun ölümdən sonrakı həyatı da bu dünyadakı həyatından kəskin şəkildə fərqlənir. Bədəndən azad olmuş ruh qəfəsdən azad olmuş quş kimi öz inkişafını və Allaha doğru hərəkətini davam etdirir. Bizim o biri dünyadakı inkişafımız bizim indi ruhani yüksəliş üçün sərf etdiyimiz cəhdlərdən asılı olacaqdır.
“Cənnət” və “cəhənnəm” yer, məkan deyil, haldır. “Cənnət” Allaha yaxınlıq, “cəhənnəm” isə Ondan uzaqlıqdır. Bu hal indiki və ondan sonra gələn o biri həyatda da mövcuddur. Eynilə haqqında Müqəddəs Yazılarda danışılan “həyat” və “ölüm” anlayışları da insanın ruhani həyatının olub olmaması mənasında səslənir.
Ölüm insanı qorxutmamalıdır, əksinə ona yeni, daha dolğun həyatın başlanğıcı kimi baxılmalıdır. Həzrət Bəhaullah buyurur:
“Ey uca məqam oğlu! Ölümü sənin üçün bir şadlıq müjdəçisi qərar verdim, nə üçün hüznlənirsən? Nuru öz şəfəqlərini sənin üzərinə səpmək üçün yaratdım, nə üçün ondan pərdələnirsən?”76.
“Bil ki, bədəndən ayrıldıqdan sonra ruh elə bir görkəmdə Allahın hüzuruna yüksələr ki, qərinələr, əsrlər, dünyanın fəlakətləri və hadisələri onu dəyişdirə bilməz. Və Allahın səltənəti, hökmranlığı, qüdrəti və hakimiyyəti durduqca, o da qalar. Və onda Allahın əlamətləri və sifətləri, Allahın inayəti və lütfləri təzahür edər. Qələmin, bu məqamı, onun ülviyyət və ucalığını təsvir etməyə qüdrəti çatmır. Fəzlin əli onu elə bir məqama daxil edər ki, bunu heç bir sözlə anlatmaq və dünyada olan şeylərlə təsvir etmək mümkün deyil. Xoş o ruhun halına ki, insanların şübhələrindən pak bir halda bədəndən ayrılar. Belə bir ruh öz Rəbbinin İradəsi ilə hərəkət edib uca cənnətə daxil olar, yüksək behiştin huriləri onun ətrafına toplaşar, o, Allahın peyğəmbərləri və övliyaları ilə ünsiyyətdə olub onlarla söhbət edər və aləmlərin Rəbbi olan Allahın yolunda başına gələnləri onlara danışar...”77.
Dostları ilə paylaş: |