Bəxtiyar Tuncay
GÖYÜK XANIN ROMA PAPASI IV İNNOKENTİYƏ GÖNDƏRDİYİ YARLIQ
1246-1248-ci illərdə Turanın xaqanı olan Göyük Xan böyük Çingiz Xanın üçüncü oğlu Oktay (Uqedey) Xanın oğlu idi. O 1235-ci ildə Qərbə göndərilən Oktay Ulusunun tərkibində döyüşlərdə iştirak etmiş və xüsusi bacarıq və şücaiti ilə Türk-Tatar qoşunlarına başçılıq edən Batı Xanın diqqətini çəkmiş və rəğbətini qazanmışdı. Lakin çox çəkmədiki Göyük və Cağatayın nəvəsi Börü Batı Xanla yola getməməyə başladılar. Bu da hər ikisinin Batı Xandan şiddətli töhmət alması ilə nəticələndi.
Uzun çəkişmələrdən sonra, 1246-cı ildə keçirilən qurultayda Göyük Xan böyük Türk Ulusunun (Turanın) xaqanı seçildi. Bu qurultay və onun taxta çıxması hadisəsini xristian missioneri Plano Karpini öz qeydlərində ən incə detallarına qədər təsvir etmişdir. Bu şəxs Roma Papası IV İnnokentinin türk xaqanlarının xristianlığı qəbul etməsi təklifi barədə məktubunu gətirmişdi. O, Göyük Xan haqqında yazırdı: “Bu imperator 40-45 və ya daha çox yaşa sahibdir. Bəstə boyludur, çox zəki və həddən artıq hiyləgərdir. Ciddi və qürurlu xarakterə sahibdir. Onun yanında bulunan xristianların dediklərinin tam əksinə olaraq, kimsə onun boş və mənasız yerə güldüyünü və hər hansı bir yüngül hərəkət etdiyini görməyib. Həmin xristianlar bizə bunu da bildirmişdilər ki, o, çox dindar adamdır və mütləq xristianlığı qəbul edəcəkdir” (Путешествия в восточные страны.., 1957).
Göyük xan. Şərq miniatürü
Göyük Xan hakimiyyətə gələr-gəlməz regentlik (himayəçilik, atabəylik, lələlik) dövründə verilmiş bütün qərar və fərmanları ləğv etmiş, fəqət taxta çıxdıqdan sonra qəflətən ölmüşdü.
Tarixi mənbələrdən Göyük Xanın Roma Papası IV İnnokentiyə cavab məktubu (yarlıq) göndərdiyi, həmin yarlığı fars dilinə çevirtdirərək orijinalı ilə birlikdə yola saldığı məlumdur. Fəqət məktubun uyğur əlifbası ilə xaqaniyyə türkcəsi ilə yazılmış orijinalı bugünə qədər tapılmamışdır. Əldə yalnız mətnin fars dilinə tərcüməsi var. Bu məktubu bizim üçün maraqlı edən təkcə onun məzmunu deyil, eyni zamanda həmin yarlığa Göyük xana məxsus, üzərində türkcə yazı olan qırmızı möhürün vurulmuş olmasıdır.
Göyük Xanın möhürü
Möhürdəki yazı uyğur əlifbası ilə xaqaniyyə türkcəsində qələmə alınmışdır ki, bu da Çingizoğulları sarayında dövlət dilinin Türk dili olduğunu sübut etmək baxımından çox böyük önəm daşıyır. Məsələ burasındadır ki, sözügedən yarlığın tərcüməsi Çingizoğulları dövrünə aid olan ən qədim sənəddir.
Möhürdə bu sözlər yazılıb:
Mengü Tenqri gücündə Kuralığ ulusununq taluynunq Xan yarlığımız.
Maraqlıdır ki, farsca yazılmış məktubun əvvəlində də türkcə eyni sözlər yazılmışdır.
Göyük Xanın Papa IV İnnokentiyə məktubunun ilk sətirləri
Buradakı kəlmələrin çağdaş Azərbaycan türkcəsindəki anlamı budur:
-
Mengü - əbədi
-
Tenqri – Tanrı
-
Gücündə - gücündə, qüdrətində
-
Kuralıq – quraqlıq, quru sahələrin (yəni Yer üzündəki bütün quru sahələri əharə edən)
-
Ulusununq – ölkənin
-
Taluynunq – okeanın, bütün dəmizlərin
-
Xan – xan
-
Yarlığımız – sərəncamımız, fərmanımız.
Ümumilikdə isə möhürdə, eləcə də məktubun əvvəlində yazılmış türkcə bu sözləri aşağıdakı kimi anlamaq lazımdır: “Əbdi olan Tanrının gücündən güc alan, Yer üzünün bütün torpaqlarına sahib olan ölkənin və okeanın (bütün dənizlərin) xanının sərəncamı (əmri)”.
Göyük Xan. “Tarixe-Cahagüşa” kitabına çəkilmiş miniatür
Məktubun sonrakı hissəsinin farscadan tərcüməsi isə belədir:
“Bu yarlıq (əmr, sərəncam) böyük papaya bilməsi və anlaması üçün göndərilmişdir. Biz böyük qurultayımızda məşvərətlərimizi (xan seçkilərini) bitirdikdən sonra sən bizə tabe olmaq (himayəmizə keçmək) barədə xahişlə müraciət etdin ki, bunu elçilərinin dilindən dinlədik. Əgər söylədiyin kimi etmək (himayəmizə keçmək) istəyirsənsə, özün hüzurumuza gəl ki, biz sənə Yasaların (Çingiz Xanın qanunlarının, Türk Törəsinin) əmrlərini eşitməyə məcbur edək. Bunun üçün indi ən yaxşı zamandır.
Bir də. Deyirsən ki, əgər biz xristianlığı qəbul etsək, çox yaxşı olar. Sən çox ağıllı iş gördün ki, bizə tabe olmaq barədə xahiş göndərdin. Amma biz sənin bu xahişini anlamadıq.
Bir də. Mənə bir də belə bir söz göndərmisən: “Siz mənə savaşla Macarı və xristian torpaqlarını ələ keçirmisiniz”. Təəccüb etdim. Söylə, görüm, nə kimi səhvə yol vermişik? Sənin bu sözlərini də başa düşnədik. Çingiz Xan və Xaqan onların hər ikisinə Tenqrinin əmrini göndərdi. Amma bu adamlar Tenqrinin əmrinə qulaq asmadılar. Adını çəkdiklərin özlərini çox yuxarıdan apardılar, sözü bir yerə qoyaraq göndərdiyimiz elçilərimizi öldürdülər. Bu torpağaların əhalisi Mengü (əbədi) Tenqrinin gücü ilə öldürülərək məhv edildi. Bəziləri Tək Tenqrinin istəyi və gücü ilə xilas oldular. Axı, insan necə özbaşına kimisə öldürə və zindana sala bilər?
Məgər sən demirsənmi ki, mən xristianam, Tenqrini sevirəm, .... nifrət edirəm və.... Sən haradan bilirsən ki, Tenqri mərhəmət göstərərək, kiminsə günahını bağışladı və ya yox? Axı, sən bunu necə bilə bilərsən ki, bu cür (küfr) sözlər danışırsan?
Tenqrinin gücü ilə gündoğandan başlayaraq, gün batan qədər uzanan bütün torpaqlar bizə hədiyyə edilmişdir. Tenqinin istəyi olmasa, kimsə heç nə edə bilməz. Odur ki, indi sən tam səmimiyyətlə bildirməlisən ki, biz sizin təəbələriniz olacağıq və bütün mülklərimizi sizə verəcəyik. Sən və sənə tabe olan istisnasız bütün krallar bunu etməlisiniz. Hüzurumuza gəlib tabe olduğunuzu və xidmət göstərməyə hazır olduğunuzu deməlisiniz. Bu andan etibarən biz sizi öz təəbəmiz hesab edəcəyik. Əgər siz Tenqrinin əmrinə tabe olmasanız və əmrimizə qarşı çıxsanız, o zaman bizim düşmənlərimizə çevriləcəksiniz.
Bilməli olduğunuz şeylər, bax, budur. Başqa cür hərəkət etsəniz, biz və Tək olan Tenqri nə baş verəcəyini bilirik.
(Hicri tarixi ilə) cəmad ül axır ayının son günləri (3-11 noyabr 1246cı il)” (Маленина А. И., 2002; Путешествия в восточные страны.., 1957, s. 220-221 ).
Ədəbiyyat
Маленина А. И. Гуюк. Письмо к Папе Римскому // Восточная Литература. OCR Thietmar, 2002 (http://www.vostlit.info/Texts/Dokumenty /Mongol/ Gujuk/ Gujuk.phtml).
Путешествия в восточные страны Плано Карпини и Рубрука (Перевод А. И. Малеина). М., Географгиз, 1957.
Dostları ilə paylaş: |