BiRİNCİ HİSSƏ



Yüklə 454,05 Kb.
səhifə36/51
tarix02.02.2022
ölçüsü454,05 Kb.
#114150
1   ...   32   33   34   35   36   37   38   39   ...   51
11.3. Müşahidənin növləri

İnformasiya toplamaq üsulu kimi müşahidə adətən proseduranın formallaşdırılması dərəcəsinə, müşahidəçinin mövqeyinə, müşahidənin aparılmasının təşkil olunma şərtləri və tezliyinə görə təsnif edilir.

Formallaşdırılma dərəcəsinə görə müşahidə strukturlaşdırılmamış və strukturlaşdırılmış müşahidəyə ayrılır. Strukturlaşdırılmamış (nəzarət edilməyən, yoxlanılmayan) müşahidədə tədqiqatçının öyrənilən prosesin (vəziyyətin, halın) məhz hansı elementlərini müşahidə edəcəyini qabaqcadan müəyyənləşdirmir. Müşahidənin ciddi planı olmur, əvvəlcədən yalnız bilavasitə müşahidə obyektinin özü müəyyənləşdirilir.

Müşahidənin bu növünün köməyilə tədqiqatçı hadisə və ya əhvalatın baş verdiyi sosial şəraiti, obyektin hüdudlarını və əsas elementlərini aydınlaşdırır, bu elementlərdən hansılarının tədqiqat üçün daha çox əhəmiyyət kəsb etdiyini müəyyənləşdirir və həmin elementlərin qarşılıqlı təsiri haqqında ilkin məlumatları əldə edir.

Nəzarətsiz, yoxlanılmayan müşahidə çox vaxt monoqrafik sosioloji tədqiqatlarda rast gəlinir, o, həmçinin axtarış planlı tədqiqatlarda və ya daha geniş sosioloji tədqiqatın ilkin (axtarış) mərhələsində tətbiq edilir.

Strukturlaşdırılmış (nəzarət olunan, yoxlanılan) müşahidə elə müşahidə növünə deyilir ki, o, keçirilən zaman sosioloq öyrənilən proses və ya şəraitin hansı elementlərinin onun tədqiqatı üçün ən çox əhəmiyyət kəsb etdiyini əvvəlcədən müəyyənləşdirir və informasiyanın toplanmasına başlamamışdan əvvəl müşahidələrin xüsusi qeyd edilmə planını tərtib edərək, bütün diqqətini həmin elementlər üzərində cəmləşdirir.

Bir çox hallarda strukturlaşdırılmyış müşahidənin tədqiqatdakı vəzifəsi başqa metodlarla alınmış nəticələrin yoxlanılması və dəqiqləşdirilməsindən ibarət olur. Belə müşahidə kiçik miqyaslı tədqiqatlarda hipotezaların dəqiq təsvir edilməsi və yoxlanılması üçün əsas informasiya toplamaq metodu kimi də istifadə oluna bilər. Onun tətbiqi tədqiqat predmetini qabaqcadan yaxşı bilməyi tələb edir, çünki strukturlaşdırılmış müşahidə prosedurasının hazırlanması prosesində sosioloq müşahidə olunan vəziyyəti təşkil edən hadisələrin təsnifatı sistemini qurmalı və müşahidə kateqoriyalarını standartlaşdırmalıdır. Təsnifat sistemi aparılacaq sonrakı təhlildə istifadəsi nəzərdə tutulmuş istilahlarda ifadə edilməlidir.

Nəticələrə nəzarət hər şeydən əvvəl müşahidə prosedurasının standartlaşdırılması, proqramın hazırlanması prosesində ayrılmış müşahidə olunacaq amillərin cədvəl, kartoçka, müşahidə protokolları şəklində tərtib edilməsi və yardımçı texniki vəsaitin (kino, foto, səs yazılışı aparatları) istifadəsi ilə yerinə yetirilir. Bundan başqa nəzarət müşahidəçilərin sayının artırılması, onların müşahidələrinin nəticələrinin müqayisəsi, müşahidələrin intensivləşdirilməsi, yəni eyni bir obyekt üzərində bir sıra müşahidələrin aparılması yolu ilə keçirilir. Yalnız bu şərtlərin yerinə yetirilməsi müşahidəni həqiqətən nəzarət olunan edir.

Nəzarət olunan müşahidə eksperimental planda aparılan tədqiqatlarda olduqca geniş tətbiq edilir. Çox hallarda o, təsviri səciyyəyə malik tədqiqatlarda istifadə olunur. Axtarış xarakterli tədqiqatlarda isə o, çox nadir hallarda tətbiq olunur, çünki predmet haqqında müəyyən informasiyanın olmamağı qənaətbəxş strukturlaşdırma aparmağa imkan vermir.

Müşahidəçinin tədqiq olunan sosial şəraitində iştirak dərəcəsindən asılı olaraq qoşulmuş (iştirak edən) və qoşulmamış (iştirak etməyən) müşahidələri fərqləndirirlər.

Qoşulmamış (zahiri) müşahidə zamanı tədqiqatçı və ya onun köməkçiləri öyrənilən obyektin xaricində yerləşirlər. Onlar baş verən prosesləri kənardan müşahidə edir, bu proseslərin gedişinə qarışmayaraq və heç bir sual verməyərək, sadəcə olaraq baş verən hadisələrin gedişini qeydə alırlar.

Qoşulmamış müşahidə kütləvi proseslərin müşahidəsində, müşahidəçinin prosesin bütün gedişini görməsi üçün müşahidə obyektindən kifayət qədər uzaq yerləşməli olduğu zaman istifadə olunur. Belə müşahidə sosioloqu maraqlandıran hadisənin baş verdiyi sosial mühiti təsvir etmək üçün işlədilir.

Zahiri, kənar müşahidəçi, "açıq davranış" deyilən davranış aktlarını görə və qeyd edə bilər. Lakin kənar adam kimi, o, həmin aktların arxasında nəyin gizləndiyini dəqiq bilməz, buna görə də onun izahı dəqiq olmaya da bilər.

Sosial mühitin xarakteristikalarının təsvirinə yönəlmiş qoşulmamış müşahidə monoqrafik tədqiqatlarda ("axtarış" mərhələsində) və təsviri planda aparılan tədqiqatlarda tətbiq olunur. Bundan başqa qoşulmamış müşahidə eksperimental tədqiqatlarda və ya hipotezanın laboratoriya şəraitində yoxlanılması mərhələsində istifadə edilir. Adətən bu cür müşahidə sosiometrik tədqiqatlarda işlədilir.

Qoşulmuş (iştirak edən) müşahidə elə müşahidə növünə deyilir ki, onun aparılması zamanı müşahidəçi öyrənilən prosesə bu və ya digər dərəcədə bilavasitə daxil olur, qoşulur, müşahidə olunan adamlarla təmasda olur və onların fəaliyyətində iştirak edir. Müşahidəçinin tədqiq edilən şəraitə qoşulmaq, daxil olmaq dərəcəsi xeyli geniş ola bilər: qoşulmamış müşahidəyə yaxın və yalnız müşahidəçi uçun şəffaf olan şüşə arxasından aparılan müşahidə ilə oxşar "passiv" müşahidədən "fəal" müşahidəyə (bu zaman müşahidəçi tədqiq edilən kollektivlə o dərəcədə "qaynayıb qarışır ki", müşahidə olunanlar onu həmin kollektivin üzvü saymağa və ona müvafiq surətdə yanaşmağa başlayırlar) qədər.

Müşahidəçinin, sosioloqların onun "rolları" adlandırdıqları bir neçə iştirak etmə (daxil olma) tipləri vardır.

Tam daxil olma zamanı (bu halda müşahidə gizli, daxildən aparılır) müşahidəçinin bir tədqiqatçı kimi əsl siması və məqsədləri müşahidə olunanlara məlum olmur. O, tədqiq edilən kollektivə daxil olur və başqaları ilə bərabər onun fəaliyyətində iştirak edir. Bu cür "daxildən" intensiv müşahidə zahiri müşahidə vasitəsi ilə alınması mümkün olmayan məlumatları əldə etməyə imkan verə bilər. Müşahidənin bu növü adətən "qapalı", kənardan müşahidə olunmayan kollektivlərin, həmçinin kiçik qruplar daxilində sosial qarşılıqlı təsirin tədqiqi zamanı tətbiq olunur.

Qoşulmuş müşahidə aparılarkən tədqiqatçı kollektiv fəaliyyətdə fəal iştirak etmədən özü üçün neytral mövqe seçə bilər. Məsələn, istehsalat şəraitində o, öz üzərinə praktikant və ya stajor rolunu götürə bilər. Mühazirələrin dinlənilməsi və ya hər hansı bir iclasın, diskussiyanın gedişini müşahidə edərkən tədqiqatçı adi iştirakçı rolunda çıxış edə bilər. Hər iki halda bu tamamilə kifayət edir, çünki bu zaman müşahidəçinin heç kimdə şübhə oyatmayaraq müvafiq qeydlər aparmaq imkanı olur.

Tədqiq olunan kollektivin (xüsusi ilə əgər bu kollektiv kifayət qədər sabit və azsaylıdırsa) üzvü rolunu ifa etməyə başlayan müşahidəçinin mövqeyi daha mürəkkəbdir. Bu halda hər bir yeni şəxs öz iştirakı ilə kollektivin fəaliyyətinə müəyyən qədər pozucu təsir göstərir, bu isə onun gündəlik həyatının mənzərəsini təhrif edə bilər və məhz buna görə də tədqiqatçı olduqca diqqətli və ehtiyatlı olmalıdır.

Pozucu təsirin mümkün qədər az olması üçün aşağıdakı qaydalara riayət etmək lazımdır:



  • özünü irəli verməmək və baş verən hadisələrə dən çox maraq göstərməmək;

  • daha çox qulaq asmaq, müşahidə etmək, və az sual vermək;

  • neytral olan və qiymətləndirici səciyyə daşımayan mülahizələr söyləməklə kifayətlənmək.

Tam iştirakdan başqa tədqiqatçılarda həmçinin "iştirakçı-müşahidəçi" və "müşahidəçi-iştirakçı" kimi qoşulmuş müşahidə növləri tətbiq olunur. Bunlardan birincisi elə müşahidə formasıdır ki, onu həyata keçirərkən tədqiqatçı öz rolunu gizlətmir və kollektivin razılığı ilə müəyyən vaxt ərzində onun həyatını müşahidə edir, onun üzvləri ilə söhbət aparmaq və kollektivin problemlərinin müzakirəsində iştirak etmək imkanına malik olur.

"Müşahidəçi-iştirakçı" rolu bununla səciyyələnir ki, müşahidə burada daha çox formal xarakter daşıyır. Müşahidəçinin müşahidə olunan kollektiv üzvləri ilə əlaqəsi minimal olur, tədqiqatçı öz elmi məqsədlərini gizlətmir. Buna misal olaraq müsahibə alanın bir dəfəlik müsahibə prosesində rəyi soruşulan üzərində apardığı müşahidəmi göstərmək olar.

Qoşulmuş müşahidəçinin tədqiq olunan şəraitdə iştirak etmə dərəcəsi əsasən tədqiqatın özünün xarakteri və onun vəzifələri ilə müəyyən edilir. Axtarış planlı tədqiqatlarda tədqiq olunan hadisəni daha yaxşı dərk etmək məqsədi ilə tam qoşulmaya üstünlük verilməlidir. Eksperimental planlı tədqiqatlarda hipotezanın yoxlanılmasının ilkin mərhələsində daha az iştiraketmə dərəcəsinə malik müşahidənin tətbiq olunması daha faydalıdır.

Aparıldığı yerə və təşkil olunduğu şəraitə görə müşahidələr səhra və laboratoriya müşahidələrinə bölünür.

Səhra müşahidəsi təbii şəraitdə, real həyat mühitində, öyrənilən obyektlə bilavasitə əlaqədə aparılır. Sosioloji tədqiqatların əksəriyyəti məhz səhra müşahidələri formasında aparılır. Bu müşahidə müxtəlif dərəcədə strukturlaşdurılmış ola bilər və hər hansı bir planlı (axtarış səciyyəlidən eksperimental səciyyəli olana qədər) tədqiqatın ən müxtəlif mərhələlərində tətbiq edilə bilər. Bu zaman o ilkin informasiya toplamağın həm əsas, həm də əlavə metodu ola bilər (obyektlə ilkin tanışlıq, nəticələrin yoxlanılması, obyekt haqqında təsəvvürlərin dərinləşdirilməsi, əlavə informasiyanın toplanılması).

Laboratoriya müşahidəsi elə növ müşahidədir ki, burada ətraf mühitin şərtləri və müşahidə olunan vəziyyət tədqiqatçı tərəfindən müəyyənləşdirilir. Bu müşahidənin əsas üstünlüyü ondan ibarətdir ki, o, başqa növlərlə müqayisədə bütün amilləri, halları aşkar etmək və onların arasında qarşılıqlı əlaqə yaratmaq imkanına malikdir. Onun əsas qüsuru isə tədqiqatçının bütün incə fəndlərinə baxmayaraq iştirakçıların davranışını kəskin surətdə dəyişdirə bilən vəziyyətin süniliyindən ibarətdir.

Laboratoriya müşahidəsi daha çox eksperimental planlı tədqiqatlarda və ya hipotezaların eksperimental yoxlanılması mərhələsində tətbiq edilir və adətən eksperimental amillərin təsiri prosesində baş verən dəyişikliklərin qeydə alınmasından ibarət olur. Laboratoriya müşahidəsində hər cür texniki yardımçı vəsait (kino-fotoaparatlar, video, maqnitofon və s.) xüsusilə geniş surətdə işlədilir.

Aparılma müntəzəmliyinə görə sistematik və təsadüfi müşahidələri fərqləndirmək olar.

Sistematik müşahidə hər şeydən əvvəl müəyyən vaxt ərzində hərəkət, vəziyyət və proseslərin qeydə alınmasının müntəzəmliyi ilə səciyyələnir. O, proseslərin dinamikasını aşkar etməyə, onların inkişafı ekstrapolyasiyasının etibarlılığını, dəqiqliyini xeyli artırmağa imkan verir. Müşahidəni hər gün, həftədə bir dəfə, ayda bir dəfə və s. aparmaq olar. Müşahidəni:

1) müəyyən qrup üzərində (məsələn, fəhlə briqadası və ya elmi kollektiv (laboratoriya) üzərində ay, il ərzində);

2) müxtəlif qruplarda müəyyən proses üzərində (məsələn, ayrı-ayrı sosial qrupların özünüdərkinin artması üzərində);

3) müəyyən qrupda müəyyən proses üzərində (məsələn, müəyyən briqadada fəhlələrin əməyə münasibətinin dəyişməsi, xalqın milli özünüdərkinin, milli şüurun artması üzərində və s.) aparmaq olar.

Müşahidənin aparıldığı yerdən və obyektin öyrənilmə dərəcəsindən asılı olaraq sistematik müşahidə səhra (təbii) və ya laboratoriya müşahidələrinə bölünə və onların bütün üstünlük və qüsurlarını saxlayaraq müxtəlif nəzarət olunma və qoşulma dərəcəsinə malik ola bilər.

Mükəmməl təsnifat sistemi, müfəssəl kateqoriyalar sisteminə qoşulma ilə bağlı səhvləri azaldaraq müşahidəçiləri dəyişməyə imkan verir.

Sistematik müşahidənin tətbiq olunma sahəsi axtarış xarakterli tədqiqatdan eksperimental tədqiqata qədər kifayət qədər genişdir .

Təsadüfi müşahidəyə qabaqcadan planlaşdırılmamış hadisə, fəaliyyət və sosial şəraitin müşahidəsi aiddir

Konkret sosioloji tədqiqatda qeyd olunmuş müşahidə növlərinə bu və ya digər şəkildə rast gəlinir. Göstərilən tipologiya olduqca şərtidir. O, müşahidənin ilkin informasiya toplanması şəraiti üçün yalnız ən əhəmiyyətli və bir-birindən asılı olan və həmişə yalnız sindrom halında çıxış edən xarakteristikalarını əks etdirir. Sosioloq bu xarakteristikalar əsasında konkret sosioloji tədqiqatda nəyin daha çox əhəmiyyətli olacağını tədqiqatın spesifikasından (onun planından, informasiyanın toplanması şəraitindən, tədqiqat predmetindən və onunla tanışlıq dərəcəsindən, ifaçıların tərkibindən, mövcud maliyyə vəsaitindən, vaxtdan və s.) çıxış edərək müəyyənləşdirir.

Axtarış planlı tədqiqatlarda işin ilkin mərhələlərində, adətən nəzarət olunmayan (strukturlaşdırılmamış) səhra müşahidəsi aparılır və o, müxtəlif qoşulma və müntəzəmlik dərəcəsinə (təsadüfidən sistematik müşahidəyə qədər) malik ola bilər.

Təsviri səciyyə daşıyan tədqiqatın konkret empirik materialın toplanması mərhələsində strukturlaşdırılmış (nəzarət olunan) sistematik, qoşulma dərəcəsi müxtəlif ola bilən müşahidə tətbiq edilir.

Eksperimental tədqiqatlarda qoşulma dərəcəsi müşahidənin predmetinin spesifikasından və aparılma şəraitindən asılı olan strukturlaşdırılmış (nəzarət olunan) sistematik müşahidədən istifadə olunur. Burada başqa hallara nisbətən laboratoriya müşahidələri daha çox aparıla bilər.

Əgər müşahidə başqa metodlarla alınmış məlumatların yoxlanılması üçün istifadə edilirsə, o, mütləq maksimal dərəcədə dəqiq strukturlaşdırılmalı, sistematik surətdə və yoxlanılan informasiyanın toplanıldığı şəraitdə aparılmalıdır.

Sosioloji tədqiqatda müşahidənin ümumi tətbiq olunma prinsipi bu cür ifadə edilə bilər: müşahidə obyekti nə qədər mürəkkəb, çox ölçülü, tədqiqatın vəzifələri isə nə qədər çox spesifikdirsə, müşahidə bir o qədər intensiv olmalı, proseduranın aparılması qaydalarına bir o qədər ciddi riayət edilməli, alınmış nəticələr bir o qədər əsaslı surətdə yoxlanılmalıdır.



Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin