Sübh namazından sonra İsfahandan olanları hava limanına gətirdilər. Qarnizonun özündə bir hərbi liman vardı. Bizi hərbi nəqliyyat təyyarəsi olan C-130-la göndərmək istəyirdilər. Bu təyyarədən görmüşdüm, amma minməmişdim. Təyyarənin arxa tərəfindən mindik. İçərisi maraqlı idi, oturacaq yox idi. Biz oturacaq əvəzinə qoyulmuş taxtanın üzərində oturduq.
Bir saat uçandan sonra İsfahanın böyük Qədir qarnizonuna endik. Mən cəbhəyə oradan yollanmışdım. Komandirlərin məni cəbhəyə aparmaları üçün nə qədər əzab çəkmişdim! Doqquz ildən sonra yenidən həmin qarnizona ayaq basdım. Qəribə anlar idi.
Təyyarədən enən kimi bizi qaranlıq bir otağa aparıb şəklimizi çəkdilər. Əsir düşdüyümüz və azad olunduğumuz tarixi soruşub tez şəkilli kart çıxardılar. Bizi bir yerə toplayıb dedilər ki, fiziki sağlamlıq və yoluxucu xəstəliklər baxımından iki-üç gün burada karantin keçməlisiniz. Bizi ondan sonra ailələrimizin yanına buraxacaqdılar. Bu bir neçə gündə hər birimizdən müxtəlif analizlər götürdülər, daxili orqanlarımızın şəklini çəkdilər. Qarnizonda tibbi avadanlıqlarla təmin olunmuş bir həkim qrupu fəaliyyət göstərirdi. Biz də səbir-hövsələ ilə bu mərhələləri keçməyə çalışırdıq. Doktorlar bizim yemək rejimimizə nəzarət edirdilər. Lakin hamımızda bir problem vardı: hər dəfə yemək yeyəndən sonra başımız gicəllənir, ürəyimiz bulanırdı və ağırlaşırdıq. Həkimlər bizim tibbi vəziyyətimizi məsul şəxslərə izah edirdilər. Kabab, yumurta, bal, kərə yağı və xama kimi ağır yeməklər qadağan idi. Doktor deyirdi: "Bu illər ərzində sizə keyfiyyətsiz qidalar veriblər. Bu hallar bədənin təbii reaksiyasıdır. Bədəniniz yeni şəraitə alışana qədər bir müddət yüngül yeməklər yeməlisiniz”.
Yemək yeyəndən sonra ağır cərrahiyyə əməliyyatından çıxmış xəstə kimi olurduq. Tərləyirdik, bədənimiz qaşınır, başımız gicəllənirdi. Halımız o qədər pisləşirdi ki, yemək yeməməyi üstün tuturduq.
Həmin günlərdə çoxlu suallar yazılmış formalar verdilər. Onları doldurmalı idik. Bəzi suallar casus, xəyanətkar və yaramaz əsirlər barədə idi. Onların əsirlik boyunca etdiklərini yazmalı idik. Bu formaya əhəmiyyət vermədim. Özüm əsirlik çəkmişdim, şəraitə bələd idim, bizdən ayrılanların hamısının xislətcə xain olmadıqlarını, yalnız o əzablardan qurtulmaq üçün Allahın yerinə düşmənə sığınmış adamlar olduqlarını bilirdim. Fikrimcə, Qədir qarnizonu nə bu işin yeri idi, nə də məndə oturub digərlərinin cinayətlərini saymağa hal vardı.
Həmin bir neçə gündə öz aləmimdə idim. Əsirlikdən öncəki xatirələrimi və o qarnizona ilk gəlişimi yada salırdım, gecə vaxtı əngin səmaya qərq olurdum.
***
Əhvazın küçələri boş idi, şəhərin boşaldıldığı hiss olunurdu. Şəhid Behişti qarnizonu uzun Nadiri prospektində yerləşirdi. Qarnizon böyük idi. Martın 23-ü və qarnizonun yeri yaşıllıq idi. Birinci gün səhər baxışından sonra hamıya hərbi geyim verirdilər. Mənim əynimə isə geyim yox idi. Məcbur olub qarnizonun həyətini gəzdim və anbarı tapdım. Anbarın rəisi səmimi bir qoca idi. Dedi ki, get istədiyin paltarı götür. Paltarları eşələyəndən sonra nəhayət, sevdiyim pələng şəkilli forma və qurbağa dərisi rəngdə bir köynək götürdüm. Şalvar-köynəyi gətirib dərziyə verdim. Dərzi dedi: "Necə də zövqlü!" Tez ölçümü götürdü və bir-iki saat ərzində paltarları qısaltdı. Paltarları geyinib kəmərimi bağladım. Nə qədər axtardımsa, ayağıma çəkmə tapmadım. Məcbur qalıb cəbhəyə gəlməzdən öncə aldığım ketləri geyindim. Uşaqlar məni pələng şəkilli paltarlarda görüb həyəcanlandılar və məni çox həvəsləndirdilər. Bu formada özünəinamım artdı. Əynimə paltarın tapılmaması böyük bir problemə dönmüş və məsul şəxslərə bəhanə vermişdi. Deyirdilər ki, mən çox balacayam və qayıtmalıyam. İndi hiss edirdim ki, gedişim qətidir və məni heç kim qaytara bilməz.
Hər gün axşamüstü Vyetnam və İkinci Dünya müharibələrindən zorakı səhnələrlə dolu filmlər nümayiş etdirirdilər. Filmdən sonra namaz qılır və şam yeyirdik. Müharibənin əvvəllərində, hələ Ahəngəranın səsi dəbə minməmiş başqa inqilabi nəğmələr oxudurdular; məsələn: "Behişti, ey haqq şəhidi, qəmin məni öldürüb". Yaxud müğənni həzin bir səslə bir şəhidin vəsiyyətnaməsini oxuyurdu. Bu beyt mənə çox təsir edirdi:
“Səngərin yanındayam, son anlarımdır mənim,
Salam olsun sənə, ey mehriban anam mənim!”
O şəhidin bu şeirlə bütün düşüncələrini mənə ötürdüyünü hiss edirdim. Nəğmələrlə bərabər uzaqdan düşmən raketlərinin səsi eşidilirdi.
Hər gecə düşərgədə təlimlər keçirilirdi. Gecənin yarısı pasdarlar J-3 silahı və təlim güllələri ilə yataq otaqlarının qarşısında dayanıb hər yeri atəşə tuturdular. Gözyaşardıcı qazın iyi, tüstü və barıt güclü öskürəklərə səbəb olub adamı boğurdu. Hamı gözləyirdi ki, bunları görəndə gəlməyimə peşman olacaq və qayıtmaq istəyəcəyəm. Əslində isə hər an daha əmin olurdum ki, mənim yerim elə buradır.
***
Doqquz il əsirlikdən sonra yenə də İsfahanın Qədir qarnizonunda idim. Gün batana yaxın səsucaldanlardan Quran və münacat səsi gəlirdi. Allah bilir ki, hansı hissləri keçirdim. Qədir qarnizonu böyükdür, çoxlu binaları var. Münacatdan o qədər təsirləndim ki, daha adamların içində qala bilmədim. Münacatı oxuyanın səsini əsirlikdən öncə də dinləmişdim. Adamlardan uzaqlaşıb qərbdəki binalara getdim. Oradakı dörd-beş mərtəbəli binalarda dəmir pilləkən vardı. Pillələrdən sürətlə qalxıb dama çıxdım.
Doqquz ildən sonra ilk dəfə təkliyi təcrübə edirdim. Doqquz il əsirlikdə gecə-gündüz ətarafımda ən azı, 100-200 adam olurdu. Ürəyini boşaltmağa və Allahla xəlvət etməyə sakit bir yer yox idi.
İndi isə münacatın yanğısı və boğazımda qalmış bütün qəhərlərlə yalqız qalmışdım; Allahın ulduz dolu səmasının altında, tək-tənha... Allahummə inni əsəlukə...1
Ənbər düşərgəsi, 1982-ci il. Yaşı 18-dən aşağı olan əsirlər İraqın əsgər kazarmasında. Sağda Məhəmmədrza Yəqubi fotoaparata baxıb gülür. Xürrəmşəhrdə Mehdi Təhanianla birgə katyuşa atəşləri altında qalanların biri də o idi.
Bu şəkli İrandoxt 1982-ci ildə Mehdi Təhaniandan aldığı müsahibə zamanı çəkmişdi.
Rəmadi düşərgəsi, Mehdi Təhanianın Fransadan gəlmiş jurnalist heyətinə müsahibəsi. O, azad olub evə gələndə bu şəkli divarda görüb təəccüblənmişdi.
Cenevrə qanunlarına görə, hər altı ayda bir dəfə 5-6 nəfərlik qruplarda bütün əsirlərin şəkillərini çəkirdilər. Beynəlqəfəseyn düşərgəsi, 1984. Sağdan: Məcid Hərəndi, Mehdi Təhanian, Rza türk. Oturanlar: Seyid Rza Çavuşi və naməlum əsir.
Rəmadi düşərgəsi. Sağdan: Məhəmməd Yəzdi, Məhəmməd Salehi, Mehdi Təhanian, naməlum əsir.
Əsirlərin ət sellofanlarından düzəltdikləri fotoalbomun bir səhifəsi. Onlar səhifələrin kənarlarını dəsmallarından çıxardıqları iplərlə ziqzaq formasında bəzəyirdilər. Rəmadi düşərgəsi, 1983-cü il.
Rəmadi düşərgəsi, əsirlikdən yadigar. Sağdan: Nəzai, Qulamrza Cəlali.
İraqlılar hər korpusdan bəzi əsirləri seçib Kərbəla və Nəcəfə aparırdılar. Sağdan ikinci adam Beynəlqəfəseyndə Mehdinin qaldığı birinci korpusun nümayəndəsi Cavad Xacuyidir.
Mehdi Təhanian əsir düşəndən sonra onun məhəllə uşaqları birgə oynadıqları yerə toplaşıb şəkil çəkdirmiş və Mehdiyə göndərmişdilər. Sol tərəfdə oturan Mehdinin qardaşı Şəhid Mürtəza Təhaniandır.
Məhabad şəhərində uşaq və yeniyetmə festivalı. Ortadakı Şəhid Mürtəza Təhaniandır. O, Fav əməliyyatında şəhadətə qovuşdu.
Bu şəkil 1985-ci ildə Mehdi Təhaniana çatdı. Soldan birinci adam Mehdinin əmisi oğlu Höccət, axırıncı adam isə Mehdinin kiçik qardaşı Məhəmmədhüseyndir. O, dünyaya gələn kimi Mehdi cəbhəyə getmiş və qardaşının üzünü görməmişdi.
Əlirza Rəhimi azad olandan sonra Ərdistana Mehdinin ailəsini ziyarətə gedərkən. Sağdakı Şəhid Mürtəza Təhaniandır.
Mehdinin kiçik qardaşı Məhəmmədhüseyn
Mehdinin qardaşı Şəhid Mürtəza Təhanian
Soldakı: Şəhid Mürtəza Təhanian
Mehdi Təhanianın anası kiçik oğlu Məhəmmədhüseyn və qızı Mehdiyyə ilə. Bu şəkil əsirlikdə Mehdiyə çatanda fikirləşir ki, bu balaca qız kimdir. Çünki məktublar ardıcıl şəkildə çatmırdı.
Sağdan: Mehdinin əmisi Maşallah, atası Yədullah Təhanian.
Mehdi Təhanianın anası Şahnaz xanım və Mehdi əsir olarkən dünyaya gəlmiş bacısı Mehdiyyə.
Ərdistana kilometrlərlə qalmış əhali Mehdini qarşılmağa gəlib.
Ərdistan şəhəri, Mehdi Təhanianı qarşılama mərasimi.
Ərdistan şəhəri, Mehdi Təhanianı qarşılama mərasimi.
Ərdistan şəhəri, Mehdi Təhanianı qarşılama mərasimi. Mehdi maşının üstündə hərbi geyimdə dayanıb və camaata əl yelləyir.
Azad olandan sonra Mehdi Təhanianın Ərdistanda çəkdirdiyi ilk şəkil.
Keçmiş ərdistanlı əsirlərin azadlıqdan yeddi həftə sonra müqəddəs Məşhədə ilk səfəri, 1990.
Azadlıqdan beş ay sonra. Mehdi Təhanian və 23 əsirdən biri olan Əhməd Yusifzadə. İsfahan şəhəri, 33 körpü.
Tehran universitetinin Hüquq və politologiya institutu. Soldan üçüncü adam Mehdi Təhaniandır.
Mehdi Təhanian Tehranda Dəmavənd dağında, 1995-ci il.
Xəttat Mahmud Kamaninin əl işi. O, çox kiçik bir kağız üzərində "Mehdi Təhanian" yazıb ad günündə ona hədiyyə verdi.
Azadlıqdan sonra karantində verilmiş ilk kart. İsfahan, Qədir qarnizonu, 1990.
Mehdinin əsirlikdə ailəsinə yazdığı ilk məktub. Kəsik portoğal şəklini portoğal qutusunun üzərindən qoparıb məktuba tikmişdi.
Dostları ilə paylaş: |