Şələmçə mövqeyi
Həbib batalyonu Dezfulda deyildi. Soruşub öyrəndim ki, Şələmçə mövqeyini təhvil alıb. Fikirləşdim ki, yaxşısı budur Müharibə komitəsinin təchizat qarnizonuna gedim. Qarnizon Xürrəmşəhr-Əhvaz yolunda, Əhvazın altı kilometrliyində yerləşirdi. Çoxlu raket hücumlarından dağılmış torpaq yol oraya gedirdi. Orada bildim ki, maşınların biri Həbib batalyonuna yemək aparır. Fürsəti fövtə verməyib onunla Şələmçə mövqeyinə yola düşdüm.
Bizim təxminən ikinci mövqeyimiz olan bir yerə çatdıq. Həbib batalyonunun iki bölüyü orada yerləşmişdi. Tanıdığım uşaqların çoxu Əli Paşayinin bölüyündə idi, onlar isə ən öndə, birinci mövqedə idilər. Oraya getmək istəyirdim, amma fikirləşdim ki, onlar hücumdan müdafiə mövqeyindədirlər, mən də elə mövqedə qala bilmirəm. Əvvəldən müdafiəni sevmirdim. Bir tərəfdən, orada yaralanma ehtimalı çox idi, digər tərəfdən, darıxdırıcı olurdu. Ən önəmlisi də bu idi ki, müdafiə mövqeyində yalnız ibtidai imkanlar olurdu və mən daha əvvəlki kimi deyildim ki, daş üstə yata bilim. Gecələr bir neçə dəfə oyan-buyana çevrilirdim. Hansı tərəf üstə yatırdımsa, bir saatdan sonra köhnə bir yaranın ağrısından oyanırdım.
Həmin gecə Həbib batalyonunun rabitəçilərinin yanında qaldım. Batalyona yeni uşaqlar gəlmişdilər, sayları çoxalmışdı. Mən yalnız iki-üç nəfəri tanıyırdım. Təsadüfən, həmin günlər iyun ayı və imtahan vaxtı idi. Məsul şəxslər nə edirdilərsə, müəllimlər imtahan almaq üçün irəli getmirdilər. Deyəsən, təzəlikcə iki nəfər şəhid olmuşdu, o yazıqlar da qorxmuşdular. Oraya qədər gəlmişdilər, amma təmas xəttinə getmək istəmirdilər. Sabah irəli gedəcəyimi söyləyəndə imtahan vərəqlərini mənə verdilər. Təmas xəttindəki uşaqlar yazandan sonra geri qayıdan bir adamdan göndərməli idik. Oradan təmas xəttinə qədər təxminən 13 kilometr yol vardı. Səhərlər bir toyota uşaqlara su, buz və digər zəruri şeylər aparırdı. Mən də maşına minib yola düşdüm.
Hamıdan əvvəl qədim dostum ağa Fərəci gördüm. O, Əli Paşayinin müavini idi. Dostum Həmid Qəmsüvar1, bir rabitəçi və başqa bir neçə nəfər də orada idi. Görüşüb hal-əhval tutandan sonra soruşdular: "Seyid, burada qalacaqsan?"
– Hələ bilmirəm. Hələlik beş-altı günlüyə gəlmişəm. Müdafiəni sevmirəm, bəlkə tez qayıtdım.
Uşaqlar dedilər ki, yeddi-səkkiz gündən sonra onlar da qayıdacaqlar. Təxminən on iki gün idi orada idilər, mövqeyi başqa bir batalyona təhvil verəcəkdilər.
İmtahan vərəqlərini Fərəc Quluzadəyə verdim. Uşaqları bir yerə toplamaq olmurdu. Hərə öz səngərində imtahan verməli idi. Müəllimlər tapşırmışdılar ki, elə yazın on səkkizdən yuxarı qiymət almayın. Uşaqlar isə baxıb deyirdilər ki, bu imtahandan on səkkiz almaq mümkün deyil.
***
Mövqedə gəzib səngərlərə baş çəkirdim. Orada bir üçyol vardı, iraqlıların oraya atəşi səngimirdi. Əlirza Sarxaninin taqımı üçyolun o tərəfində idi. Üçyoldan azca aralıda pusquya doğru bir kanal çəkilmişdi. Pusqu səngəri bizim mövqedən təxminən qırx metr irəlidə idi. Orada yanmış tanklar görünürdü. Tankların o tərəfində iraqlılar yerləşmişdilər, bu tərəfində bizimkilər. Yəni pusqudakı uşaqların düşmənlə məsafəsi iyirmi-otuz metr idi. İraqlılar o kanaldan çox istifadə edir, uşaqlar da görüb vururdular. Oranın və kanalın mövqeyi elə idi ki, bizimkilər yanmış tanklara yaxınlaşanda da iraqlılar görüb vururdular. Orada yalnız əyilə-əyilə gəzmək olurdu.
Əlirza Sarxaninin taqımının yerləşdiyi zona ən pis yer idi. Uşaqların maşın və təchizatları orada idi, iraqlılar yolun o hissəsini yaxşı görür və çətinliklə olsa da vururdular. Həmin üçyolda o qədər itki vermişdik ki, uşaqlar oranı Şəhadət üçyolu adlandırırdılar.
Şələmçə müdafiə mövqeyi həqiqətən də təhlükəli yer idi. Mən üçyoldan keçmədim, Sarxaninin taqımının uşaqlarını uzaqdan gördüm. Amma üçyolun bu tərəfindəki səngərə yaxınlaşanda birdən gözüm Hacı Milaniyə sataşdı. Məlum idi ki, sübh namazından sonra yatıb, indi səhər saat 9-da oyanıb. Səhər yeməklərini almağa gedirdilər. Hacı Milani məni görən kimi qışqırdı: "Lori..." 1 Lorel və Hardi macərasından və Şəhid Əbdülhüseyn Əsədi ilə gördüyümüz işlərdən sonra məni öz adımla çağırmırdı. Yaxşı qarşılama idi. Görüşüb-öpüşəndən sonra səngərlərinə girdim. Həbib Rəhimi də orada idi. Bir-birimizi görüb sevindik. Həbib köhnə tanışlardan idi. Onunla keçmiş xatirələri yada saldıq. Uşaqlar tez-tez soruşurdular: "Seyid, qalacaqsan, yoxsa yox?" Mənim cavabım eyni idi: "Müdafiədə taqətim çatmır. İndi uşaqlara görə bir neçə gün qalacağam".
Söhbət qızışdı və saat iki oldu. Əli ağa Paşayi uşaqların birinə tapşırmışdı ki, get Seyid Nurəddini tap, gətir, nahar yeyək. Dedim ki, axşam onların səngərinə gedərəm. Dedilər: "Axşam burada iraqlılarla atışma oyunumuz var". Nəhayət, yığışıb Əli ağanın yanına getdim. Məni görən kimi deyinməyə başladı: "Baba can, əvvəl bir az bir yerdə otur, naharını ye, sonra gəzməyə get". Dostlara elə öyrəşmişdim ki, tez bir zamanda hamısına baş çəkmək istəyirdim. Mən dünyanın harasında elə səmimi və sədaqətli dostlar tapa bilərdim?!
Təxminən saat üçün yarısında səngərdə nahar yeməyimizi yedik. Səngərin havası bir qədər boğucu idi. Bacadan içəri zəif işıq düşürdü. Mən çox otura bilmədim, yeməyimi götürüb bayıra çıxdım. Uşaqlar məni görüb qışqırmağa başladılar: "Təhlükəlidir... Burada sənə bir şey olar!" O saatlarda üçyola həqiqətən də güclü atəş yağırdı. Səngərlə üçyol arasındakı məsafə otuz metr olmazdı. Deyirdilər ki, adətən nahar yeməyindən sonra, uşaqlar dəstəmaz almaq üçün üçyoldakı su baklarına yaxınlaşanda düşmən güclü atəş yağdırır. Uşaqlar da namazlarını bir az gecikdirirdilər ki, atəş zamanı orada heç kim olmasın. Əli ağa kimi bəzi uşaqlar namaz üçün Əlirza Sarxaninin taqımının səngərinin yanındakı kiçik namazxanaya gedirdilər.
Elə ilk gündə bildim ki, o mövqedəki uşaqların ən böyük problemi tualet azlığıdır. Bütün mövqedə yalnız Həbib Rəhiminin taqımının səngərlərinin yaxınlığında bir tualet vardı, bir də üçyolun yanında. Əlirza Sarxaninin şəxsi heyətinin ümumiyyətlə tualeti yox idi. Kimin ehtiyacı olurdusa, bir qədər kənara çəkilib işini görürdü.
– Axı tualet düzəltmək çox çətin iş deyil. Sadə alətlərlə də burada bir tualet düzəldə bilərik.
Hər gün deyirdim, amma həyata keçmirdi. O şəkildə tualetə getmək həqiqətən çox müşkül idi.
***
Bir gün Hacı Milaninin yanına getmək istədim. Təsadüfən atışma da şiddətlənmişdi. Uşaqların səngərinə yaxınlaşanda birdən bir qumbaraatanın gurultusu qopdu və mən toz-torpağın içində itdim. Bir neçə dəqiqədən sonra bildim ki, qumbaranı atan torpaq istehkamının üstünə çıxıb, amma arxaya baxmayıb. RPG qumbaraatanının arxasından çıxan alov isə on metrə qədər yandırır. Bəxtim gətirdi, mənə heç nə olmadı. Ona yaxınlaşıb əlimi çiyninə qoydum. O vaxta qədər hələ məni görməmişdi. Diksindi. Ona dedim: "Qardaş, RPG qumbarasını necə atırlar?"
– Düşmənə tərəf atırlar da.
– Arxaya baxmırlar ki, adam və ya silah-sursat olub-olmadığını görsünlər?! Qumbaranı atan onun arxasından çıxan alovu düşünməz?! Az qalmışdı məni yandırasan.
Üzr istəməyə başladı. Təsadüfən, o da seyid idi və sonra şəhadətə qovuşdu. Silah alovundan ağır yaralanıb yanmağım yadıma düşdü. Ondan ayrılıb Hacı Milaninin səngərinə yollandım.
Düşmən 60 mm kalibrli minaatanlarla sanki, zonanı şumlamağa başlamışdı. 1 Yolumu təchizat səngərinə tərəf çevirib atəşin səngiməsini gözlədim. O bir neçə gündə gördüklərimə əsasən, bir dəfə günorta saat bir və iki arasında atəş başlayırdı, bir dəfə də günbatan çağı. Axşam da top və minaatanlar dayanmadan atəş açırdılar. Digər vaxtlarda isə avtomobil hərəkət edəndə raketlə vururdular. Bir qədər təchizat səngərində qalandan sonra Hacı Milaninin səngərinə doğru getdim. Onlar da düşmənə güclü atəş yağdırırdılar. Taqım komandiri Həbib Rəhimi iki səngərə pulemyotçu qoymuşdu, ortadakı səngərə də bir RPG qumbaraatanı. Pulemyotlar növbə ilə atəş açırdılar, qumbaraatan döyüşçü də hərdən düşmən pulemyotunun yerini təyin edib ayağa qalxır və atırdı. Həbib cəbhənin səfalı uşaqlarından, yaxşı döyüşçü, mehriban və mənəviyyatlı insan idi. Mən haradan biləydim ki, onun həyatının son günləridir... Təxminən bir saat güclü atışma oldu, sonra zəiflədi və uşaqlar səngərə girdilər. Belə vaxtlarda keşikçilərin işi çox çətin olurdu.
***
Bir dəfə Hacı Milani və Seyid İsmayıl Kəhnəmuyi ilə birgə hamama getmək qərarına gəldik. Piyada yola düşdük. Balıq kanalına yaxınlaşanda iraqlılar bizi gördülər. Bizə doğru mərmi və mina yağmağa başladı. 20 və 30 mm kalibrli top mərmiləri yağdırırdılar. Yolun kənarındakı istehkamların arxasında gizləndik. Yolu elə vururdular ki, Hacı Milaniyə dedim: "Xəbərin olsun, indi bu qəlpələrin biri bizə qismət olacaq".
– Yox əşi, bir şey olmaz...
Ayağa qalxmaq istəyəndə ətrafımıza bir neçə mərmi düşdü. Bəlli idi ki, yolu və bütün balıq kanalını görürlər. Üçümüz də qərara gəldik ki, yolun o biri tərəfinə keçək. Qaça-qaça o tərəfə keçəndə əvvəl dayandığımız yerə bir mərmi düşdü. Hacı Milani dedi: "Əgər orada qalsaydıq, indi bizdən əsər-əlamət yox idi". O atəş altında öz-özümə deyinirdim: "Sən ki iki-üç günə qayıdırsan, heç hamamın yeridir?!"
İki-üç saat düşmən atəşi altında qalandan sonra hamamın xeyrindən keçib öz mövqeyimizə qayıtdıq. Nahar yeməyindən sonra yenidən tualetdən söhbət düşdü. Düşmən də yenə atəş yağdırmağa başlamışdı, bayırda çox gurultu vardı. Çox keçmədən uşaqların ikisinin yaralandığını eşitdik: "Hacı Milani və Seyid İsmayıl Kəhnəmuyi yaralandılar”. Seyid hər iki ayağından yaralanmışdı, Hacı Milani də qarın nahiyəsindən böyük yara almışdı. Narahat oldum. Yaralarını müvəqqəti sarıyandan sonra onları geriyə yolladılar. Düşmən isə hələ öz işində idi. Sonralar eşitdik ki, üçüncü mövqedəki təcili yardım səngərində diqqətsizlik edib Seyid İsmayılın yarasını elə bağlayıblar ki, qan işləməyib. Əhvaza çatanda ayağı qaralıb və onu kəsmək qərarına gəliblər. Bir ayağını kəsəndən sonra digər ayağını da kəsmək istədiklərini bilib qoymayıb. Biz də eşidəndə narahat olduq. Bəzilərinin səhlənkarlığı ayağının kəsilməsinə səbəb olmuşdu. Hacı Milani də zarafatcıl adam idi, uşaqları güldürüb ruhlandırırdı. Onun da yeri çox görünürdü. Hacı Milani onda Həbib Rəhiminin taqımında komandir müavini idi.
***
Orada qaldığım bir neçə gündə uşaqlarla birgə iki-üç dəfə pusquya tərəf getdim. Təhlükəli yer idi. Uşaqlar deyirdilər ki, pusqudan öndə şəhidlərimizin birinin cəsədi qalıb. Onu gətirmək istəyirdilər. Deyəsən, Kərbəla-5 əməliyyatından qalmışdı, amma o günə qədər cəsədini gətirə bilməmişdilər.
Beş-altı gün idi orada idim. Öz-özümə dedim ki, sabah qayıdaram. Fikirləşdim ki, uşaqlara baş çəkim, kimin məktubu varsa, alıb aparım. İmtahan vərəqlərini da aparmaq istəyirdim. Səngərə doğru gedəndə uşaqların biri yenidən RPG silahından qumbara atdı və mən yenə toz-torpağa qərq oldum. Baxanda gördüm ki, həmin döyüşçüdür. Dedim: "Dadaş, biz səhv edib bu mövqeyə gəlmişik, qoy salamat qayıdaq. Sən ikinci dəfədir belə edirsən!"
Əlirza Sarxaninin səngərinə getdim. Dedi: "Məktub yazıram, sabah səhər Əli ağanın səngərinə gətirərəm".
Axşam düşdü. Pusquda üç nəfər vardı. Onların yanına gedib demək istəyirdim ki, məktubları və ya əmanətləri varsa, versinlər. Pusqunun yolu da pis idi. İraqlıların gözləri önündə olan dayaz bir kanal idi. Əyilə-əyilə pusqu səngərinə doğru qaçanda “lütf” edib iki raket atdılar. Pusquya salamat çatıb hal-əhval tutdum. Gördüm ki, uşaqlar diqqətlə önə baxırlar. Dedim ki, nə olub?
– İraqlılar hərəkət edirlər.
Diqqətlə baxdım. İraqlılar həqiqətən görünürdülər. Deyəsən, mənim pusqu səngərinə getdiyimi görmüşdülər. Dedim ki, əgər məktubunuz varsa, verin, sabah şəhərə gedirəm. Uşaqların diqqəti isə düşmənin hərəkətində idi. Dedilər: "Ağa seyid, odur, tankın arxasındadır".
– Baba can, pusqu bunun üçündür də. Əgər gəlsələr, vurarıq. Burada qorxmalı nə var ki?!
O şərait həqiqətən qorxulu olsa da, uşaqların ruhdan düşmələrini istəmirdim. Onlara Şələmçə və Zeyd zastavası pusqularından danışdım: "Siz o pusquları görməmisiniz. Orada iraqlılar o qədər yaxınlaşırdılar ki, onları əsir də tuturduq". İstəyirdim ki, şəraitə bir qədər normal baxsınlar.
Pusqu səngəri nisbətən böyük yer idi. İki metr yarım yeri qazıb dörd tərəfinə kisə düzmüş və yuxarı qaldırmışdılar. Səngərin üstü açıq idi, dörd tərəfinə qumbaraatan qoymuşdular. Qumbaraatanların mərmisi də üstündə idi. Bundan əlavə, pusquda bir qutu pulemyot patronu və əl qumbarası da görünürdü.
Uşaqlarla danışdığım yerdə birdən səngərə bir şey düşdü. Üçü də bir göz qırpımında bayıra hoppandılar, mənsə yerimdə quruyub qaldım. O qədər gözlənilməz idi ki, nə edəcəyimi bilmirdim. Səngərə düşən işıqlandırıcı mina idi. Üstü yanırdı, mənsə hələ nə edəcəyimi bilmirdim. Səngərin içindəki silah-sursatın partlamasından qorxub özümü itirdim və səngərin divarına yapışdım. Birdən uşaqların biri bayırdan dəmir papağını onun üstünə atıb özü də üstünə tullandı və qışqırdı: "Qaç bayıra! Qaç..."
Bayıra qaçıb oradan onun ayaqlarını çəkdim. O da bayıra çıxdı. Əlirza Sarxani və başqa bir neçə nəfər pusquya gəlirdilər. Səngərdəki uşaqların biri bayıra çıxan kimi tez geri qaçıb uşaqlara xəbər vermişdi. Uşaqlar köməkləşib alovu söndürdülər. Nə hikmət idisə, silah-sursatın heç biri partlamadı, amma o fədakar döyüşçünün qarnı yandı. 1 Səngərdən çıxandan sonra dedim: "Sizdə təqsir yoxdi. Bu gün əcəl məni tutubdu".
Narahat idim, o qardaşın qarnının yandığını görəndə isə daha çox narahat oldum. Geri qayıtmadım, səngərdən bir qədər aralıda dayandım. Bir tərəfdən iraqlıların nə fikirləşdiklərini görmək istəyirdim, digər tərəfdən də hirsli idim və bunun əvəzini çıxmağı düşünürdüm. Sonra fikirləşdim ki, bir şey etsək, biz qayıdandan sonra pusqu səngərindəki uşaqlar bir neçə gün əziyyət çəkəcəklər.
Qayıtmaq qərarına gəldim. Qayıdarkən kanaldan keçməli idim. Kanal istehkamın altından qazılmış bir tunelə çatırdı. Düz həmin yerə 60 kalibrli iki-üç mina düşdü. O qədər dəqiq vururdu ki, kanalın həmin hissəsini yaxşı gördüyü şübhəsiz idi. Mənə qəlpə dəymədi. Tez səngərə tərəf yola düşdüm. Səngərə girmək istəyəndə daha bir raket səngərin ağzına düşdü və səngər toz-torpaqla doldu. Əli Paşayi dedi: "Seyid, xəbərin olsun, sənin bu macəran bizi də işə salacaq. Baba can, getmək istəyirsənsə tez get, şərini də bizdən uzaq elə..."
Dedim: "Qorxma, sabah getməsəm də, birisi gün yüz faiz gedəcəyəm".
Həmin gecə o qədər minadan sonra yatdım, özü də necə! İraqlılar dayanmadan bizim mövqeyi vururdular, uşaqlarımız da bekar qalmayıb cavab atəşi açırdılar. O səs-küydə elə dərin yuxuya getdim ki, səhərə qədər bölüyün səngərinin üstünə iki raket düşdüyünü də duymadım. Bölük səngəri bizim səngərimizin yanında idi, toz-torpaq səngərimizə də dolmuşdu. Uşaqlar deyirdilər ki, partlayışın şiddətindən kisələr yerindən tərpənmişdi.
Sübh namazını qılandan sonra yenidən yatmaq istədim. Adət üzrə Əli ağa sübh namazından sonra uşaqları yatmağa qoymurdu, deyirdi ki, namazdan sonra oturub səhər yeməyini yeyin, söhbət edin, uşaqlara baş çəkin. Mənsə inadkarlıq edirdim: "Yox, mən yatıram. Axı təmas xəttində nə etmək olar, hara getmək olar?!" Ora həqiqətən də ən pis müdafiə mövqelərindən biri idi və səngərdən bayırda rahat gəzmək olmurdu.
O gün qərara gəldim ki, mövqeyi tərk etməzdən öncə Dimdiyə də baş çəkim. Dimdik başqa bir diviziyanın nəzarətində olsa da, amma Şələmçədə məşhur idi və mən oranı görmək istəyirdim. Həbib Rəhimi və Əlirza Sarxani ilə birgə yola düşdük. Ən şiddətli döyüş və atışma yeri də ora idi. Həmin mövqe bir dimdik kimi iraqlıların mövqeyinə batmışdı. Ora çatanda nə üçün elə məşhur olduğunu anladıq.
Düzənlik yeri partlayışların çoxluğundan qara torpağa çevrilmişdi, yanıb dağılmış silah-sursatla və tanklarla dolu idi. Yerə səpələnmiş silahlara da dəfələrlə qəlpə dəymişdi. Parça-parça olmuş cəsədlər də görürdük. Ətrafa İraq pullarının səpələndiyindən bəlli idi ki, orada iraqlıların cəsədləri də var. Sanki dəhşətli bir zəlzələ hər şeyi alt-üst etmişdi; parça-parça olmuş bədənlər, sınmış, güllə və qəlpə dəymiş silahlar, mərmilər, boş patronlar... Həm uşaqların oranı qəhrəmancasına saxladıqlarına görə sevinir, həm də gördüklərimizə görə narahat olurduq. Öz-özümə fikirləşirdim ki, əgər bir gün Şələmçə danışa bilsə, uşaqların igidliyindən və məzlum şəhadətindən nələr söyləyər...
Günortaya yaxın qayıtdıq. Uşaqlar deyirdilər ki, günortadan sonra təchizat maşını gələcək. Mən də onunla qayıtmaq qərarına gəlmişdim. Nahar yeməyimizi təzə yemişdik. Əli Paşayi dedi: "Ağa seyid, sən ki bu gün qayıdırsan, gəl lütf elə, birlikdə bir tualet düzəldək". İşə başladıq. Zarafata dedim: "Əli ağa, siz məni burada yaralamayınca geri qayıtmağa qoymayacaqsınız".
O da təbəssümlə dedi: "Baba, axı sənin daha haran yaralanacaq?!" Başdan-ayağa yaralı olduğuma işarə vururdu. Gedib beş-altı kisə gətirdi və dedi: "Sən bunları doldurunca mən Əlirzagilin yanındakı kisələri də gətirim". Bir rabitəçi də yanımda idi. Bir bel götürüb işə başladıq. Tualet düzəltmək üçün əvvəlcə çala qazmalı idik. Orada dəmir parçaları da vardı və tualetə oxşar bir şey düzəldə bilərdik. Başımız işə qarışmışdı, üçyoldan keçmək istəyəndə iraqlıların Əlini gördüklərini hiss etmədik. Elə bir kisəni götürən kimi 60 mm kalibrli iki mina atıldı. Biri rabitəçinin yanına, biri də düz mənim arxama düşdü və iki qəlpəsi mənə qismət oldu. Biri qoluma batdı, biri də qulağımın arxasına. Xoşbəxtlikdən, rabitəçi də şəhid olmadı. Başım qanayırdı. Hələ qolumun yarasını görməmişdim. O tərəfdən Əli ağa özünü çatdırıb başıma gələni gördü.
– Hə, seyid, təkcə qulağının arxası salamat qalmışdı, o da yaralandı.
– Bəli... Artıq yaralandım, indi qayıtmağa qoyursunuz?!
Uşaqlar yaramın dərin olmadığını görüb zarafat edirdilər. Məni tibb işçilərinin yanına aparıb yaramı bağlamağa başladılar. Köynəyimi çıxarıb qolumu sarıdılar. Başımı da elə bağladılar ki, sanki əmmamə qoymuşdum. Tibb işçisi dedi: "Qalx, gedək arxaya". Bir gecə də qalmaq istəyirdim, amma axşamüstü başımın qanaxması çoxaldı. Qolumda elə də problem yox idi, tərpətməsəydim, ağrıtmırdı, amma qəlpə batıb qalmışdı və heç vaxt da çıxarmadılar. Başımın ağrısı isə get-gedə güclənir, qanaxması çoxalırdı. Uşaqların məni geri aparmalarına razılıq verdim.
İkinci mövqedə tibb məntəqəsinə çatdıq. Ondan da geriyə qayıtmaq istəmirdim. Fikrim imtahan vərəqlərində və uşaqların məktublarında qalmışdı. Onları gətirəcəyimə söz vermişdim. Düşünürdüm ki, qanaxma dayananda qayıdaram. Hətta uşaqlarla sağollaşmamışdım da. Amma tibb məntəqəsində dedilər ki, elə indicə geri getməlisən. Beləliklə, o qədər macəradan sonra sözümə əməl edə bilmədim və 1987-ci ilin 10 iyununda təcili yardım maşınında bölgəni tərk etməyə məcbur oldum.
Əhvazda bir xəstəxanada yatdım. Kərbəla-4 əməliyyatında da oraya getmişdim. Məni yenə əməliyyat otağına aparıb qulağımın arxasından qəlpəni çıxardılar və yaranı tikdilər. Qolumdakı qəlpəyə isə əl vurmadılar. Oranı yalnız tikib bağladılar. Barmaqlarımın Kərbəla-4 əməliyyatında aldığı dərin yara hələ tam sağalmamışdı və əlimin hərəkəti təbii deyildi. Bununla yanaşı, bir-iki gündən sonra məni Tehrana göndərdilər. Hava limanının yaralıları köçürmə məntəqəsində gözləyəndən sonra təyyarə ilə Təbrizə qayıtdım.
***
Həmişə olduğu kimi yenə də Təbrizdə xəstəxanada yatmağa razı olmadım. Bir qədər başgicəllənməm və zəifliyim vardı, amma xəstəxanadan bezmişdim, evdəkilər də nə etməli olduqlarını öyrənmişdilər. Başımın sarığını örtmək üçün bir papaq qoyub evə yollandım. Günorta evə çatdım. Salamlaşıb hal-əhval tutandan sonra yoldaşım şübhələnib soruşdu: "Nə üçün papağını çıxarmırsan?!"
– Elə-belə.
Hava o qədər də soyuq deyildi. Xanım çox maraqlanandan sonra dedim ki, yaralanmışam.
– Yaralanmısan?! Sənin gedib-gəlməyin heç on beş gün çəkmədi ki.
Yazıq təəccüblənmişdi. Haqlı idi, amma müharibədə belə hadisələr olurdu. Həmin gün ev axşama qədər dolub-boşaldı. Qohumlar məni ziyarətə gəlirdilər. Onların çoxu qabaqkı yaralanmağıma görə gəlir və yenidən yaralandığımı öyrənəndə mimikaları dəyişirdi. Bəzilərinin ürəkləri yuxa idi, gəldiklərinə peşman olurdular. Təxminən hamısı maraqlanırdılar ki, bu bir neçə gündə harada olduğumu və nə baş verdiyini bilsinlər.
Axşam çox darıxdım. Məscidə zəng vurdum ki, uşaqlar gəlib məni Bəsic mərkəzinə aparsınlar. Dostlar toplaşıb yenidən yaralı qayıtdığımı gördülər. Təmas xəttinin vəziyyəti haqda soruşdular, birlikdə zarafatlaşdıq. Onlar mənim vəziyyətimə gülürdülər, mən də onlara. Hacı Milanini soruşmaqlarından bildim ki, yaralanmasından xəbərləri yoxdur. Onlara dedim: "Baba can, Hacı Milani ilə Seyid İsmayıl məndən üç gün öncə yaralandılar". Ertəsi gündən uşaqlar onu axtarmağa başladılar və nəhayət, Tehranda xəstəxanada tapdılar.
Şəhərdə olduğum bir neçə gündə vaxtımızın çoxu məsciddə keçirdi. Yoldaşım ya adətdən, ya da məcburiyyətdən bu vəziyyəti qəbul etmişdi.
O günlərdə Bəsic mərkəzində xəritədə Şələmçənin və İraq tərəfin mövqeyini çəkib bölgədəki əməliyyatları izah edirdim. Oranı görməyən uşaqlar eşitdiklərinə təəccüblənirdilər. Bizdə peyk informasiyaları olmadığına görə bölgənin ümumi vəziyyətini göstərə bilmirdik. Televiziya proqramları da zəif idi, heç vaxt ətraflı bir çəkiliş olmurdu ki, uşaqların işini yaxşıca göstərsin. Xülasə, şəhərdəki uşaqlar cəbhənin vəziyyətindən xəbərdar deyildilər və o söhbətlərdən sonra şəraiti nisbətən başa düşdülər.
Bir neçə gündən sonra Həbib batalyonu da Şələmçə mövqeyindən geri çəkildi. Amma ondan öncə qədim dostlarımızdan ikisinin şəhadəti məni çox narahat etdi. 17 iyunda Əli Paşayi Şələmçədə dəstəmaz alanda qəlpədən şəhadətə qovuşmuşdu. O günlərdə həccə getmək üçün şəhərə qayıtmalı idi. Adları həcc səfərində olan digər uşaqlar qayıtmışdılar, o isə bugün-sabah edirdi. Nəhayət, həmin mövqedə Kəbənin Allahına qovuşdu. Ondan üç gün sonra isə Həbib Rəhimi orada şəhadət səadətinə nail olub qardaşı Məcidin yanına getdi.
Sınıq qəlblə Allahdan istəyirdim ki, əzizlərimin ayrılığına dözmək üçün mənə ümman kimi bir qəlb versin və məni də dostlarıma qovuşdursun.
Dostları ilə paylaş: |