Bismillahir rəhmanir rəhim



Yüklə 3,41 Mb.
səhifə18/20
tarix10.01.2022
ölçüsü3,41 Mb.
#109657
1   ...   12   13   14   15   16   17   18   19   20

On yeddinci fəsil

Göz yaşlarım tükənəndə


Həmin günlər çox çətin keçirdi. Bir yandan bədənim daha mənə dəstək ola bilmirdi, digər yandan da görürdüm ki, briqadada necə də döyüşçü azlığı var.1 Ayağa qalxdığım ilk gün mənim üçün şəhərin ən yaxşı yeri olan rəhmət vadisinə getdim. Şəhidləri və əziz dostlarımı yada salmaq, çətinliklərə dözüb müqavimət göstərməyi asanlaşdırırdı.

1988-ci ilin mart ayında briqada Şəhid Qazi bazasında yerləşdikdən sonra mən də ora getdim. Yol yaxın olduğuna görə, evə tez-tez gedirdim. O günlərdə Fərəc Quluzadə bizim bölüyün komandiri olmuşdu. O, müharibənin dəyərli və qədim qüvvələrindən idi. Azyaşlı olmasına baxmayaraq, bir neçə böyük əməliyyatda iştirak etmişdi. Çox vaxt məndən döyüşçülər üçün söhbət etməyimi istəyirdi. Həmin bölüyə bir neçə yeni qüvvə vermişdilər. Mən də onlar üçün əməliyyat xatirələrindən danışırdım. İki-üç kəlmə danışan kimi gülürdülər! Mənim danışmağımın da özünəməxsus macərası var idi! Onlara daha çox döyüşçülərin əməliyyatdakı hərəkətindən danışırdım. O vaxta kimi mənə təcrübə ilə sübut olmuşdu ki, əməliyyatda qüvvələrin rolu komandanlıqdan az deyil. İlk anlardan komandirin şəhid edilməsi və ya yaralanması gözlənilən bir işdir. Buna görə də, döyüşçü ümidini komandirə bağlamamalı, özü də əməliyyat planını öyrənməkdə diqqətli olmalıdır. Döyüşçülərə təkid edirdim ki, hücum gecəsi hamı diqqətni toplmalı, komandirin əmrini eşitməyə hazır olmalıdırlar; komandirə bir şey olduqda, özü qərara gəlib irəli getməyi bacarmalıdır. Dəfələrlə olmuşdu ki, biz əməliyyatın həssas yerlərində, beş-altı döyüşçü ilə birgə, işin düyününü açmışdıq. Yadımdadır ki, hərbi təlim komandirimiz Hadi Nəqdi deyirdi ki, düşmənə tərəf gedərkən, su qabın yarıya qədər dolu olsa, qaçış vaxtı bu su qabı elə səs salacaq ki, sanki iraqlılara deyir: "İraqlılar, hazır olun, biz gəlirik!" Əvvəllər biz onun sözünə gülürdük, sonra anladıq ki, həqiqətdir. Adətən əməliyyatlarda biz üç dəfə vidalaşırdıq. İlk dəfə arxa cəbhədən çıxıb əsas bölgəyə getmək istədikdə, ikinci dəfə düşmənə doğru yola düşdükdə və üçüncü dəfə taqımın qüvvələri bölükdən ayrılıb ön cəbhəyə getmək istədikdə vidalaşırdıq. Üçüncü mərhələdə döyüşçülərə xatırladırdılar ki, su qablarınız yarımçıqdırsa, onu boşaldın. Çünki döyüşçülər bütün təchizatlarını bağlayıb, çantalarını möhkəmlətmişdilər. Amma yarımçıq suyu, qabda möhkəmlətmək olmur. Qaçan vaxt həmin qabın içindəki su, düşmənin ön cəbhələrində pusquda dayanan qüvvələrin diqqətini çəkirdi. Beləliklə, bu kiçik məsələ, bir batalyonun sona çatdıra biləcəyi bir işi, beş batalyonla da nəticəsiz saxlayırdı. Faydalı və təsirli olan bu zərif məqamları döyüşçülərə deyirdik. Bəzən Hadinin özü mənə deyirdi: "Seyid, mən indiyə kimi bu qədər təlim keçmişəm. Amma iştirak etdiyim yeddi-səkkiz əməliyyatda özüm dediklərimin heç birinə əməl edə bilməmişəm.” Çünki əməliyyatın şəraiti təxmin edildiyindən fərqli olurdu və döyüşçülər o qədər məharətli və təcrübəli olmalı idilər ki, hal-hazırdakı vəziyyət üçün plan cıza bilsinlər.

Həssas olan və daim xəbərdarlıq edilən ikinci məsələ isə, rabitə problemi idi. Adətən təcrübəli qüvvələr rabitəni qərargahlarda işə salırdılar və bəzən də rabitəni işlədən şəxs naşı olduğu üçün müxtəlif zərbələr almışdıq. “Müslim ibn Əqil” əməliyyatında Salman Koşte yüksəkliklərində, biz öz topxanamızın atəşi altında idik. Rabitə cihazını işlədən şəxsə dedim ki, əlaqə saxla və de ki, vurmasınlar. Amma, o deyirdi: Necə rabitə yaradacağımı bilmirəm! Bilmirəm özünü itirmişdi, yoxsa başqa bir səbəb vardı. Hər nə idisə, bizim rabitəmiz istifadəsiz idi. Yaxud da, bəzən rabitə qüvvələri düşmənin yaxınlığında əlaqəni kəsirdilər. Çünki bir neçə dəfə rabitələr ifşa olmuşdu. Bunun oxşarı Kürdüstanda da baş vermişdi.

Bu xatirələri danışaraq, döyüşçülərin işlərin önəmini və ciddiyyətini qavramalarını istəyirdik. Onlar da yaxşı qulaq asırdılar. On beş dəqiqədən çox çəkməyən bu söhbətlərdən sonra, hər gün dostlarla dəcəllik edirdik. Xüsusilə də öncədən birgə olduğumuz dostlarla. Döyüşçülərlə bir az səmimiləşdikdən sonra, onlarla daha rahat danışa bilirdik. Bədr əməliyyatından danışırdım və deyirdim ki, bizim az sayda döyüşçü ilə qərargahı ələ keçirə bilməyimizin səbəbi budur ki, düşmənə doğru hücuma keçərkən heç kim passiv deyildi. Passiv olmağın iki mənası var: Biri budur ki, mən qorxmuşam və canımı qorumaq istəyirəm. İkincisi budur ki, mən öncədən atəş, güllə və qəlpəni dadmışam. İndi isə on dəqiqə gözləyəcəyəm ki, digərləri irəliyə getsinlər. Atəş azalsa, mən də irəliyə gedəcəyəm. Bunların hər ikisi digər qüvvələrə xəyanət sayılırdı və itkini bir neçə qat artırırdı. Döyüşçülərə başa salmağa çalışırdım ki, həmişə hücum edən və zərbə vuran şəxs düşmənin ürəyinə qorxu və vəhşət salır.

1987-ci ilin yaz fəslində, Allah bizə ilk övladımızı bəxş etdi. Qızımın dünyaya gəlişi, bizim o günlərdəki çətin həyatımıza gözəllik və nuranilik gətirdi. Həm də qəlbimdə uşaqlarına məhəbbət göstərən və arzularını bildiyim şəhid dostlarımın dərdi təzələndi. O günlərdə, bizim güzəranımız gah bazada, gah da şəhərdə keçirdi. Regionun vəziyyəti qarışıq idi. Amerika gəmiləri Fars körfəzinə daxil olmuşdu. Bizi açıq-aşkar təhdid edirdi. İş bir həddə gəlib çatmışdı ki, bizim "Airbus" markalı sərnişin təyyarəmizi vurmuşdu. 1 İraq bütün cəbhələrdə geniş əməliyyatlara başlamışdı və bombardmanlarda kimyəvi silahlardan istifadə edirdi. Bunların hamısı ilə yanaşı, könüllü qüvvələrin az olması nəticəsində, batalyonlar şəxsi heyətini Hərbi Xidmətə Çağırış orqanı ilə doldurmalı olurdu. Yenidən qətnamə müzakirəsi gündəmə gəlmişdi və 15-16 gün fürsət verilmişdi.

İyul2 ayının isti günlərindən birində qardaşımın yoldaşı dəhşət içində gəlib dedi: "İran qətnaməni qəbul etdi!"

–Nə deyirsən?!

Yaman əsəbləşmişdim. And içdi ki, öz qulaqlarımla eşitdim. İnanmırdım. Narahatlığın şiddətindən nə edəcəyimi bilmirdim. Elə bil dünya dağılmışdı və mən altında qalmşdım. Bütün xatirələr toplusu üzərimə hücum etmişdi və mən ümidsiz halda hiss edirdim ki, bir neçə illik ixlaslı zəhmətlər səmərəsiz qalır. Evə gəldim və gördüm ki, radio-televiziya həmin xəbəri yayımlayır. Oturdum və İmam Xomeyninin sözlərini göz yaşı içində və bağrı qan olaraq dinlədim. İmam “qətnaməni qəbul etmək mənim üçün zəhər içməkdən daha çətin idi” dedikdə, elə pis narahat olub ağladım ki, onun acı dadını ölüm anına kimi unutmayacağam. Pis vəziyyətdə idim. Öz-özümə düşünürdüm ki, cəbhədən üz çevirən qüvvələr və ya cəbhənin arxasında olan insanlar etinasızlıqları ilə və hamısından önəmli canını çox istəyən bəzi məmurlar işi bu yerə gətirib çatdırdılar. Həmin günlərdə kim mənimlə danışırdısa, nə qədər əsəbi olduğumu görürdü. Qərargahımızın bəzi qüvvələrini gördükdə, canım alovlanıb yanırdı. Onlar qərargahın məsul şəxsləri və qüvvələri idilər. Müharibə başlayandan cəbhəyə getmək üçün bu gün-sabah edirdilər. İndi isə müharibə qurtarırdı və bunlar hələ də cəbhəyə getməmişdilər!

–Siz necə qüvvələrsiniz? Niyə oturmusunuz? Niyə oturub yalnız əllərinizi bir-birinə sürtürsünüz! Oturmaqla nə vaxt iş yola düşüb ki, indi də olsun... Qalxın, gedək...

Cavabları hazır idi və onlar deyirdilər: "Biz də digərləri kimi qüvvələrik!” Yadımdadır ki, bəzi sözlərim o qədər yanıqlı idi ki, onlardan bir neçəsi həmin günün sabahı cəbhəyə getdilər. Heyif ki, bu gedişlər vaxtsız idi və heç bir dərdə çarə olmurdu.

Cümə axşamı rəhmət vadisinə getdim. Artıq partlayırdım. Dəli olmuşdum. Bir zamanlar cəbhəyə gedib, sonra, sanki müharibə qurtarıb və iş bitibmiş kimi ev-eşiyinə qayıdan insanları gördükdə, onları danlayırdım. Şəhidlərin məzlum şəkillərinə baxıb deyirdim: "İnşallah bu şəhidlərin qanı yaxanızdan yapışsın. Necə də tez yoruldunuz cəbhələrdən!"

1988-ci ilin yay fəsli mənim kimilər üçün çətin günlər idi. Bölgədən pis xəbərlər gəlib çatırdı. Həbib batalyonu Rəhmanlı bölgəsinə getmişdi ki, İraqın Kürdüstanda hücumlara başlaması və bizim qüvvələrin Hələbçədən geri çəkilməsi xəbəri gəlib çatdı. Mən Rəhmanlıda suyun kənarında idim ki, radio xəbərləri İraqın cənub bölgəsindən geniş hücumundan xəbər verdi. Xəbərlər tamamilə deyilmirdi. Amma döyüşçülərdən eşidirdim ki, İraq irəliləyib və hətta öncəki bölgələri yenidən ələ keçirib. Vəziyyəti eşidib qüssədən səbirsiz və qəmgin olurdum. Daşürəkli və azağlayan Seyid Nurəddinin, artıq ağlamaqdan göz yaşları tükənmişdi.

Əhvaz camaatının səfərbər olub, bələdiyyə sədri və cümə namazı imamı ilə birgə əllərinə silah alıb ön cəbhəyə getməsi xəbərini eşitdikdə, bir az aram oldum. Həmin günlərdə tankın içində həlak olmuş İraqın böyük komandirlərindən birinin ölüm xəbəri də yayıldı. Bir qədər sonra onların rəhbərlərindən biri təyyarə süqutu hadisəsində öldü və İraq üç gün kütləvi matəm elan etdi. Bunlarla yanaşı yenə də pis xəbərlərin sayı yaxşılardan çox idi. Bu arada qəfildən münafiqlərin ara-sıra əməliyyatlara başlaması xəbəri gəlib çatdı və biz hazır vəziyyətdə olduğumuz üçün, dərhal qərb bölgəsinə yola düşmək əmrini aldıq. Bizim pərakəndə kollektivimizdə qəribə şövq və sevinc var idi. Mesajlar ziddiyyətli idi. Öncə dedilər ki, cənuba gedirsiniz. Sonra Banə söhbəti açıldı və bir saat keçmədən aramızda Kirmanşah pıçıltısı yayıldı. Mən necə olursa-olsun, əməliyyata başlayan batalyonda olmaq istədiyimə görə, günortaya kimi üç dəfə yer dəyişdirdim. Həbib batalyonundan İmam Hüseyn (ə) batalyonuna getdim. Dedilər ki, komandiri Əyyub Rzayi olan üçüncü bölüyün komandir müavini olum. Onunla Bədr əməliyyatında cəbhə yoldaşı idim. Silahımı götürüb əşyalarımı hazırladıqdan sonra, xəbər çatdı ki, İmam Hüseyn (ə) batalyonu bölgəyə getmir. Silahımı və əşyalarımı çadırın içinə qoyub bayıra çıxdım. Eşitdim ki, Həbib batalyonu ön cəbhəyə gedir. Adları qeydə alan şöbəyə gedib onlardan istədim ki, mənim adımı İmam Hüseyn (ə) batalyonundan silib, Həbib batalyonuna yazsınlar. Qarşı tərəf mənim yer dəyişdirdiyimi gördükdə, qışqırmağa başladı: "Ay bala! Axı sən hara gedirsən?"

Həbib batalyonunda qaldım. Təbrizdən Kirmanşaha getmək üçün aeroporta gəldik. Öncə İmam Hüseyn (ə) batalyonu getdi və növbə bizə çatdıqda uçuş təxirə salındı. İmam Hüseyn (ə) batalyonu həmin günün axşam çağı işə başlamışdı, amma biz geri qaldıq. Ürəyim istəyirdi ki, münafiqlərlə olan müharibədə iştirak edim. Onlar vəziyyətdən sui-istifadə edib, hətta öz ölkələrinin əhalisinə də rəhm etməyən xain şəxslər idilər. Münafiqlərin hücum xəbəri yayıldıqda, döyüşçülərin içində belə dedim: "İraq münafiqlərin şərindən xilas olmaq istəyir." Döyüşçülər soruşdular: "Sən haradan bilirsən?"

–İndi görəcəksiniz! İraq öz sərhədlərini bağlayacaq və münafiqlər qərbdə qətliam olacaqlar.

Belə də oldu. Bu dəfə bölgədən xoş xəbərlər gəlib çatırdı. Cəbhəyə çoxlu sayda könüllü qüvvə göndərilmişdi. Allah da sanki münafiqlərin ağlını işdən salmışdı. Onlar düşünürdülər ki, əsas magistral yolla, bir neçə günün içində, Tehrana çata biləcəklər. Amma “Çaharzebər” boğazında İslam qüvvələrinin pusqusuna düşüb “Mirsad” 1 əməliyyatında məhv edildilər.

O şəraitdə bütün diqqətimi xəbərlərə və eşitdiklərimə yönəltmişdim. Dostlar deyirdilər ki, İraq Fav bölgəsini kimyəvi silahlarla bombalayıb. Ağlıma gələn hər şəxsdən nə baş verdiyini soruşurdum. Deyirdilər ki, bütün döyüşçülər bir anda quruyublar. Sürücü sükanın arxasında, topçu topunun yanında və s. O günlərdə İranın hər tərəfindən camaat könüllü olaraq dəstə-dəstə cəbhələrə gedirdilər. İdarə və fabriklərin çoxu, hətta parlament tətil olmuşdu. O vaxt prezident Ayətullah Xamenei ağanın cəbhələrdə olduğunu eşitdikdə, ruhiyyəmiz güclənirdi. Şəhid Qazi bazasında da döyüşçü çoxluğundan daha yer yox idi. Hətta briqadanın qərargahı, Bonab və Məlikanın ətrafı da döyüşçü ilə dolu idi. Elə bir vəziyyət yaranmışdı ki, artıq onlar üçün çadır belə yox idi və çoxu o istidə günəşin altında yatırdılar. Bəziləri suda üzür, digərləri topla oynayırdılar. Mən də bir radio götürmüşdüm və onu özümdən ayırmırdım. Ardıcıl Mirsad əməliyyatının uğurlu xəbərlərini bildirirdilər. Xəbər çatırdı ki, helikopterlər bölgəyə 500 uçuş ilə döyüşçü aparıblar. Bunları eşitdikdə həyəcanlanırdım. Televiziyadan münafiqlərin maşınlarından və cəsədlərindən bəzi görüntülər yayımlanırdı. Münafiqlərin artıq fatihəsinin oxunduğunu bilirdim.

Bir neçə gün sonra, əməliyyatda Aşura briqadasından iştirak edən yeganə batalyon, yəni İmam Hüseyn (ə) batalyonu Rəhmanlıya qayıtdı. Müharibə boyu heç vaxt olmamışdı ki, briqada batalyonu qarşılamağa getsin. Orada ilk və son dəfə olaraq hamı İmam Hüseyn (ə) batalyonunun döyüşçülərini qarşılamağa getdi. Hətta batalyonun qayıtdığını eşitdikdə, şəhərdən də camaat Rəhmanlıya gəlmişdilər. Batalyon çox itki verməmişdi. Şəhadətlərini müharibənin son günlərində əldə etmiş cəmi beş-altı şəhid və üç-dörd nəfər yaralı. Döyüşçüləri gördüyümə sevinmişdim, xüsusilə də buna görə ki, müvəffəqiyyət və baş ucalığı ilə qayıtmışdılar. “Mirsad” əməliyyatında olmamağımın narahatlığını, döyüşçülərin xatirələrini eşitməklə aradan qaldırdım. Münafiqlərə qarşı olan bu döyüşün xatirələrini eşitməyi hamımızın ürəyi istəyirdi. 1 Bu məsələləri eşitdikdə qəribə bir qəm-kədər də qəlbimi sıxırdı. Öz-özümə düşünürdüm ki, bu qədər qüvvə və döyüşçü axını müharibənin son günlərində cəbhəyə yola düşdülər. Bunlar əvvəldən işə girişsəydilər, bu iş bir neçə il qabaq sona çatardı. Bəsrənin ətrafında olan böyük əməliyyatlarımızda, oranın ələ keçirilməsilə düşmənin xirtdəyi bizim əlimizdə olacaqdı. Təəssüflər olsun ki, camaatın bir hissəsi sülh qətnaməsindən sonra, meydana daxil olmuşdular. Biz o iki həftə boyu hazır vəziyyətdə idik. Hətta çəkmələrimizi də ayağımızdan çıxarmırdıq. Yeni əmrləri gözləyirdik. Atəşkəs başlamadan, iraqlılar tərəfindən pozulmuşdu. Amma nəhayət, müharibə maşını dayandı. Döyüşçüləri ön cəbhəyə aparıb, müqavimət xəttində yerləşdirməli idilər. Mən məzuniyyət aldım.

Daha hər şey qurtarmışdı. Artıq, ailə problemləri və öz müalicəmlə məşğul olmağın vaxtı gəlib çatmışdı. İş axtarmalı və ailəmin yükündən bir az azaltmalı idim. Cəbhə ilə hesablaşmağın dalınca düşdüm. Öncədən xidmətimi bitirmək karteksi ilə maraqlanmışdım və onu bəzi macəralarla almışdım. Əməliyyatlar arasında bəzən hövsələm olduqda, hərbi xidmətimin sona çatdığı karteksin dalınca düşürdüm. Yaralarıma görə, hərbi xidmətdən azad idim. Buna baxmayaraq, illər idi ki, cəbhədə idim və onu hərbi xidmət yerinə hesablaya bilərdilər. Amma heç kim bunları dinləmirdi. Bir neçə dəfə ordunun tibb komissiyasına getdim və hər dəfə əliboş qayıtdım. Nəhayət, bir gün özümü həkimin otağına atıb dedim: “Mənə hərbi xidmətə çağırış vərəqəsi yazıblar.” Təəccüblə mənə baxıb dedi: "Kim yazıb?" Sənədlərimə baxıb anladı ki, özü yazıb! Polis idarəsinə təqdim edildim. Kürdüstanda birgə olduğum Yunis adlı döyüşçü orada çavuş idi. Məni tanıyıb çox hörmət etdi. Onlar dedilər: "Üç ay qayıb olmusan, sizi məhkəməyə təqdim etməliyik! Orada məhkəmə təşkil edib yazacaqlar ki, bu qardaş cəbhədə idi. Məktubu gətirəcəksən və biz sənə karteksi təhvil verəcəyik.” Məhkəmə polisinin məmuru ruhani idi. Məktuba baxdı. Sonra isə mənə baxıb soruşdu: "Bu müddətdə harada idin? Niyə qayıb idin?"

–O vaxtlar mən Bədr əməliyyatında idim, həm də yaralanmışdım.

–Kim sənə demişdi cəbhəyə gedəsən?

Narahat oldum. Ona dedim: "Mən İmam Xomeyninin əmri ilə cəbhəyə getdim!" Sırtıqlıqla dedi: "Yaxşı! İmama de, gəlib cavab versin!"

Yanıb töküldüm! Hələ İmam sağ idi və bunlar belə davranırdılar. Ona dedim: "Mənim günahım hər nədirsə, yazın. Ya həbsə gedərəm, ya da cərimə ödəyərəm!"

–Altı ay həbs çəkməlisən! Hər ay qarşısında, iki ay həbs!

Əsəbi halda dedim: "Eybi yoxdur!” Ardınca dedi: "Yaxşı oğlan olduğuna görə, həbsdən keçirik. Sənə iki min tümən cərimə yazırıq." Yazdı və qayıtdım. Pulum da yox idi. Axşam macəranı atama danışdım. Yazıq yanıb töküldü. O deyirdi: "Bax, gedib canını qoyub, dağda-dərədə qalmısan. İndi gəlib xidmət etdiyinə görə cərimə də ödəməlisən!" Nəhayət, səhər pul tapıb banka, oradan da birbaşa məhkəmə polisinə getdim. İlk şəxs idim və məndən sonra yeddi-səkkiz nəfər gəldi. Daha sonra həmin ruhani gəldi və mənə çatdıqda salam verdi. Mən isə cavabını vermədim. İçəri girdim. O dedi: "Bayıra çıx!" Bayıra çıxıb gözlədim, məndən sonra gələnlər işlərini görüb getdilər. Saat 12-in yarısı olmuşdu ki, nəhayət, katib içəri girməyimə icazə verdi. O dedi: "Oğlum, eşitmisənmi salamın cavabını vermək vacibdir?!"

–Bəli!


–Səhər sənə salam verdim, sən isə cavab vermədin!

–Mən də eşitmişəm ki, iki tayfanın salamının cavabını verməyin. Onlardan biri münafiqlər, digəri isə kafirlərdir. Zənnimcə siz münafiqsiniz!

Gözünü üzümə zilləmişdi. Mənim də ürəyim partlayırdı. Ona dedim: "Siz İmamın və döyüşçülərin bərəkəti ilə buralara gəlib çıxmısınız; özünüz üçün burada hökmranlıq edirsiniz! Məgər sizi sabiq rejim zamanı bu ətrafa buraxırdılarmı? Zülm zamanı burada işləyirdinizsə, onların adamlarından olmalı idiniz, indi isə İmam var ikən bizimlə belə davranırsınız? Məktubumu yaz gedim!”

Mənə ürək-dirək verib özünə haqq qazandırmaq istəyirdi. Qanuna əməl etmək istədiyini iddia edirdi.

Ertəsi gün məktubu Hərbi Komissarlığa apardım. Orada hörmətlə davrandılar. Həmişə hərbiçi şəxs başqa hərbçilərə dəyər verir və hörmətlə yanaşır. Görünürdü ki, Yunis iş yoldaşlarına Kürdüstan dövründən bəzi şeylər danışmışdı. Onlar macəranı bildikdə çox narahat oldular. Məni məhkəmə polisinə göndərən şəxs and içirdi ki, belə olacağını bilsəydi, qətiyyən məni ora göndərməzdi. Deyirdi ki, əvvəlcədən bilsəydim, bir yol tapıb işini burada həll edərdim. 1 Biganə qala bilmədim, şəhərin imam-cüməsinin ofisinə getdim. Öncə ağa Mələkutinin oğlu gəlib nə işim olduğunu soruşdu. Ona dedim ki, hacı ağa ilə işim var. Məni bir otağa yönəltdi və ağa Mələkutini gözlədim. Gəldikdə ona macəranı danışdım. Dedim ki, mənim cərimə ödəməklə problemim yoxdur, amma həmin şəxs asanlıqla deyir: "İmam gəlib özü cavabdeh olsun!" Ağa Mələkuti dedi: "Oğlum, bu qanmaz insanlardan şəhərdə çoxdur, başını burax! Gördün ki, nəticəsizdir.” Bir neçə gün sonra bəsicin məsulu ağa Hüseynini gördüm. Macəranı bilən dostlardan bir-iki nəfər deyirdilər ki, əhvalatı ağa Hüseyniyə də danış. Getdim və söhbət açıldı. Həmin ruhaninin əlamətlərini verdikdə, tez tanıyıb dedi: "Ay bala, bu sənə hələ heç nə deməyib! Mən ondan bəzi şeylər görmüşəm ki, bu dedikləri onların yanında heç nədir!" Çox təəccübləndim. Deyirdi ki, bir gün bir neçə ruhani təbliğ üçün Dezfulun Şəhid Bakiri bazasına gəldilər. Adətən ruhaniləri camaat namazını təşkil etmək, söhbət etmək və ya təbliğ üçün batalyonlara göndərirdik. Səhər Ərvəndin qarşı tərəfində olan döyüşçülərə tərəf yola düşdük. Əndimeşk-Əhvaz üçyolunda bu zahirən ruhani olan şəxs məndən soruşdu: "Ağa Hüseyni, hara gedirik?" Mən dedim: "Fav tərəfə." Favın adını eşidən kimi dedi: "Ağa Hüseyni, mən Fav adı ilə yox, Dezful üçün gəlmişəm. Məni briqadaya qaytarın." Mən də əlavə edərək dedim: "Hacı, bizim yolumuz bu tərəfədir! Sən zəhmət olmasa düş, yolun qarşı tərəfinə keç. O üçyoldan hansı maşına əlli tümən versən, səni Dezfula aparacaq." O düşdü və biz getdik. İki-üç gün döyüşçülərin arasında idik. Digər ruhanilərlə ön cəbhəyə baş çəkib qayıtdıq. Gördüm ki, bəli... bu ağa da baş qərargahın çadırındadır! Biz ruhaniləri proqram əsasında olduğu kimi batalyonlara göndərdik. Seyyidüş-şühəda batalyonu, Qasim, Əbəlfəzl, Təchizat və s. Hamı getdi və yalnız bu ağa qaldı. Özü də deyirdi: "Ağa Hüseyni! Məni İmam Hüseyn (ə) batalyonuna verin. Orada əxlaq dərsi keçim!" 1 Ona dedim: "Hacı! Siz İmam Hüseyn (ə) batalyonuna əxlaq dərsi keçmək istəyirsiniz, amma o batalyonun bütün qüvvələri bu dərsi bitiriblər!” Bunu eşidən kimi dedi: "Onda mən Təbrizə qayıdıram!" Və qayıtdı. Onun Dezfulda qaldığı müddət altı-yeddi gün çəkdi, özü də həmin şəraitdə. Amma, o az müddətdə bizdən məktub aldı və o il cəbhəyə getdiyinə görə, Məkkəyə, Həcc ziyarətinə göndərildi! Ağa Seyid! Sənin tərəf müqabilin belə bir adamdır! Özün düşün gör, bu macəra ilə maraqlanmaq istəyirsən, ya yox!”

Aydın idi ki, işin xeyrindən keçdim.

Briqadanın qərargahı Məlikanda idi. Kadrlar bölməsindən sənədlərimi almağım iki-üç gün çəkdi. Nəhayət, 1988-ci ilin oktyabr ayının 7-də hesablaşmam yazıldı. O tarixə kimi istifadə etmədiyim üç ay məzuniyyətim var idi. Beləliklə, mənim müharibənin acılı-şirinli səhnələrində 77 aylıq iştirakım sona çatdı.

Şəhərə qayıtdım. İçində qərib olduğum şəhərə. Nə edəcəyimi bilmirdim? Hara gedim? Mənim üçün heç bir yer yox idi! Evdə oturub düşünürdüm, Əmir şəhid olmuşdu, Sadiq şəhid olmuşdu. Həmid Qəmsüvar da “Beytül-müqəddəs-3” əməliyyatında şəhid olmuşdu. Əsgər Əlipur, Əli Əkbər Murtəzəvi, Hacı Rza Daruian, Hacı Əli Paşayi və s. Əzizlərimin hamısı şəhid edilmişdilər. Fikir və düşüncədən boğulmağa az qalırdım. Müharibə albomunu götürüb, dostlarıma baxırdım və ürəyimin yanğısı təzələnirdi. Kürdüstanı düşünürdüm ki, necə iztirablı gecələri var idi. Orada mənim bədənim başdan-ayağa yandı. Cənubu, gözlərimin önündə şəhid olan qardaşım Seyid Sadiqi. Yanğısı qəlbimdə heç vaxt azalmayan Əmiri. Əməliyyatlar, yorğunluqlar. Döyüşçülərin adı bilinməzlik və qəriblikdə çəkdikləri zəhmətlər. İran torpaqlarının üstünə məzlumcasına tökülən qanlar. İmanın kamil nümunəsi olan dalğıclar. Çəkdiyim ağrılar və aldığım yaralar və s.

İndi elə bir gün gəlib çatmışdı ki, onu heç düşünməmişdim; müharibə qurtaracaqmış və mən sağ qalacağmışam.


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin