AYƏ 84-86:
﴿ وَمَا لَنَا لاَ نُؤْمِنُ بِاللّهِ وَمَا جَاءنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبَّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ. فَأَثَابَهُمُ اللّهُ بِمَا قَالُواْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء الْمُحْسِنِين. وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ َ ﴾
TƏRCÜMƏ:
84. «Rəbbimizin bizi salehlərin dəstəsinə daxil və onlarla birgə etməsinə göz tikdiyimiz halda bizə nə olub ki, Allaha və haqdan bizə gələnə iman gətirməyək?»
85. «Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan Cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı.»
86. «Kafir olub ayələrimizi və nişanələrimizi inkar və təkzib edən kəslər isə Cəhənnəmin yoldaşlarıdır.»
TƏFSİR:
Haqqı dərk etdikdən sonra onu tam aşkar şəkildə, sədaqət və şücaətlə iqrar edənlər, özlərinin sabiq din yoldaşlarının yaratdığı irticaçı fəzadan qorxmayanlar ən yaxşı əməl sahiblərindəndir. Çünki həm özləri yaxşılıq edərək cəhənnəm əzabından xilas olur, həm də öz etirafları ilə başqaları üçün yolu açırlar. Buna əsasən imanın mükafatı behişt, küfr və təkzibin cəzası isə cəhənnəmdir.
Yuxarıdakı şərif ayədə «haqq» dedikdə məqsəd Quran, İslam və Peyğəmbərin (s) müqəddəs vücududur.
AYƏ 87:
﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ ﴾
TƏRCÜMƏ:
«Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir.»
TƏFSİR:
Bir gün Rəsuli-Əkrəm (s) Qiyamətdən və məhşər səhnələrindən danışırdı. Camaat həddindən artıq təəssüflənib ağlayırdı. Bundan sonra bəziləri qərara aldı ki, bir daha yaxşı yemək yeməsin, rahatlığı özünə haram etsin, daim oruc tutsun, həyat yoldaşlarını tərk etsinlər və gecələr az yatsınlar. Daha sonra buna əməl edəcəklərinə dair and içdilər.
Peyğəmbər (s) bundan xəbər tutan kimi camaatı məscidə toplayıb buyurdu: «Mən yemək yeyirəm, gecələr yatıram, həyat yoldaşlarımı tərk etmirəm. Bizim dinimiz röhbaniyyət (guşənişinlik, rahiblik) dini deyildir. Hər kəs mənim sünnəmdən üz döndərsə, müsəlman deyildir.»
Bəziləri dedilər: “Bəs and içdiyimiz şeylərlə nə edək?”
Sonrakı ayə nazil oldu və belə buyurdu: «Allah sizi, (qəlbinizlə deyil, dilinizdə olan) əbəs andlar müqabilində cəzalandırmayacaq.»
İNCƏ MƏTLƏBLƏR
1. İslam fitrət dinidir. Bu dində guşənişinlik, rahiblik, ifrat və təfrit qadağandır.
2. Müsəlman şəxs ilahi fərmanlara qeydsiz-şərtsiz təslimdir; o nə halalı haram edir, nə də haramı halal.
Peyğəmbəri-Əkrəm (s) buyurur: «Camaat! Mənim halal etdiklərim Qiyamətə qədər halal, haram etdiklərim də Qiyamətə qədər haramdır.»1
3. Bütün halal ləzzətlər, yeməlilər və içməlilər insan üçün yaradılmışdır.
4. Halal nemətlərdən bəhrələnən zaman israf etmək və həddi aşmaq olmaz.
5. Quranın aşkar nəhyi (qadağası) müqabilində olan nəzir, əhd və andların heç bir dəyər və etibarı yoxdur.
Dostları ilə paylaş: |