Yəqubun nİgaranlığı
Karvan hazır olanda Yəqubun oğlanları xudahafizləşmək üçün atalarının yanına gəldilər. Ataları onlara dedi:
-Oğlanlarım! Misir torpaqlarına girdikdə hamınız bir qapıdan daxil olmayın, müxtəlif qapılardan girin. Qorxuram ki, sizə paxıllıq edələr. Amma, bu sözün mənası o deyil ki, mən Allah-təalanın istəyi qarşısında hansısa hadisəni sizdən uzaqlaşdıra biləm.
Yəqub qorxurdu ki, oğlanlarına paxıllıq edərlər. O, hiss edirdi ki, onlar üçün bir hadisə baş verəcək və aralarında ayrılıq düşəcəkdir. Ona görə də onları paxıllıq ziyanlarından uzaqlaşdırmaq istədi.
Amma, Allahın iradə etdiyi bu idi. Ona görə də Yəqub dedi:
-Qüdrət Alllaha məxsusdur. Mən ona təvəkkül edirəm və bütün təvəkkül edənlər ona etimad və təvəkkül etməlidirlər.
Beləliklə karvan hərəkətə gəldi. Onlar Misrə doğru uzanan səhraları qət edirdilər.
Günlər ötdü və on iki gündən sonra karvan Misrin yaxınlığına çatdı. Orada qardaşlar iki-iki ayrılaraq Misrə daxil oldular. Onlar on bir nəfər idilər. Bəs onların yalqız qalanı kim idi?
Benyamin həmişə yalqız idi və Misrə tək daxil oldu. Elə ona görə də çox qəmgin və kədərli idi. Buğda almaq üçün Misrin Əzizinin yanına getdikdə də iki-iki getdilər və nəhayət Benyamin Əzizizin yanına çatdı. Həyəcanlı anlar idi. İyirmi ildən sonra Yusifin gözü qardaşı Benyaminə sataşdı. O, qardaşından ayrılan zaman Benyamin kiçik bir uşaq idi. İndi isə cavanlıq yaşına çatmışdır.
Yusif fikirləşirdi ki, görəsən qardaşı nəyə görə kədərlidir? Odur ki, Benyaminə dedi:
-Üzündə görünən bu qəm-qüssə nədəndir? Məgər bir hadisəmi baş vermişdir?
Benyamin dedi:
-Xeyr, ey Əziz! Mən qardaşım Yusifi xatırladım. Əgər o sağ olsaydı mən də onunla gələrdim və tənha qalmazdım.
Yusif soruşdu:
-Yusifin başına nə gəlmişdir?
-O qardaşlarımla birgə səhraya getdi və daha qayıtmadı. Bu hadisə iyirmi il bundan qabaq baş vermişdir. Onlar dedilər ki, Yusifi canavar parçalayıb. O gündən sonra mən onun qana bulaşmış paltarından başqa heç bir şey görməmişəm. Atam onların sözünə inanmadı. O, buna görə hələ də Yusif üçün ağlayır. Eh, ey Yusif! Nə qədər pak və səfalı idin!
Yusif dedi:
-Benyamin, nigaran olma! Mən də sənin qardaşınam. Gəl birgə nahar edək.
Yusif padşahlıq taxtında oturdu. Benyamini də yanında əyləşdirdi və onun qəm-qüssələrini ürəyindən çıxarmaq üçün söhbətə başladı.
Dostları ilə paylaş: |