Şəkil 2.1. Tropopauzanın xəritəsi.
Tropopauza xəritələrində izobarlar 250hPa izobarik səthə qədər hər 50 hPa- dan, ondan yuxarıda isə hər 25 hPa-dan bir keçirilir. Belə interval az qradientli hallar üçün də tətbiq edilir. Bu isə hündürlüyün təxminən 1km dəyişməsinə bərabərdir.
Tropopauzanın ən hündür yerinin mərkəzləri qırmızı rənglə, ən alçaq yerlər isə göy rənglə boyanır. Tropopauzanın ən hündür yerinin mərkəzində BTP (Tropopause High – hündür tropopauza), ən alçaq tropopauzanın mərkəzində isə – HTP (Tropopause Low – alçaq tropopauza) yazılır. BTP və HTP hərflərinin sağ tərəfində uyğun olaraq qırmızı və göy rənglə tropopauzanın hündürlüyü kilometr və dekametrlə göstərilir.
Yuxarı eşalonlarda uçuşlar zamanı tropopauza xəritələri vasitəsi ilə HG- nin tropopauzanı kəsməsini və onun mailliyini müəyyən etmək olur (şəkil 2.2).
Tropopauza xəritəsində bir izobarın hündürlüyü o birindən bir kilometr fərqlidir. Ona görə də, marşrutun keçdiyi və ya kəsdiyi tropopauzanın mailliyi iki izobar arasındakı ən qısa məsafə ilə hesablanır. Əgər həmin məsafə 200 km- ə bərabərdirsə, onda meyllik 1/200 nisbətində olacaq. Beləliklə, izobarlar nə qədər sıx olarsa, maillik də bir o qədər böyük olur. Meyllik 1/300- ə bərabər və ya ondan çox olarsa, həmin yerlərdə güclü turbulentlik müşahidə olunacaq. Belə yerlərdən tropopauzanı keçmək məsləhət görülmür.