İMAM PİRİ
İmam Piri – Horadiz kəndindən 2 km cənubda qeydə alınan ziyarət obyektidir. Kolxoz bağının aşağı qurtaracağında, Qozlu çayın sağ tərəfində, hündür təpənin üstündə yerləşən ziyarətgahdır. Kənd adamlarının inanc və ümid yeri, xətalardan, xəstəliklərdən, bəd nəzərdən uzaq olmaq üçün pirdir.
İmam Piri
Ulularımızın, ata-babalarımızın məlumatına görə, çox-çox əvvəllər Horadiz kəndinin ilk sakinləri İmam Piri ətrafında məskən salmışlar. Həmin yerdə indi də qədim ev yerlərinin xarabalıqları qalmaqdadır. Onların dediyinə görə məlum olur ki, burada ilk məskən salanlar: Yadigarlılar, Namazalılar, Toppuzlular və Təhmirazlılar olmuşlar. Burada ilk yaşayanlar görmüşlər ki, dağın başındakı qəbirdən gecələr işıq gəlir və gedib baxmaq istəyəndə, işıq yox olurmuş. Bax elə buna görə də kənd adamları bu məzarı möcüzəli yer kimi qəbul ediblər və piranə yer adlandırılıb, ziyarətgah kimi qəbul olunub.
Bir neçə yüz illər bu məzarın ətrafına çəpər çəkilir, sonralar hasar çəkiblər ki, mal-heyvanlar ora girə bilməsinlər.
Yaşlı ağsaqqalların dediklərinə görə bu məzarda İmam Rzanın qız nəvəsi uyuyur. Elə ona görə də bura “İman Piri” adlanıb.
Kənd ağsaqqalı 80 yaşlı Yadigarlılar tayfasından olan Fərman kişi deyirdi ki; “Bizim tirədən olan bir qadın axşam vaxtı ay işığında həyətdə cəhrə ilə ip əyirərmiş. Elə bu zaman həyətə ağ atın üstündə nurani bir atlı gəlir. Kişi salam verdikdən sonra deyir ki, “Adamlarınıza xəbər ver buradan köçüb başqa yerə getsinlər, ona görə ki, İmam Pirinin ətrafını sizin heyvanlarınız, it və pişikləriniz murdarlayırlar. İki gün ötəndən sora yenə gələcəyəm. Əgər burdan tezliklə köçməsəniz sizi böyük bəlalar gözləyir”.
Qadın bu xəbəri tezliklə ərinə söyləyir, o da öz növbəsində qohum-qonşulara çatdırır. Amma heç kim bu xəbərə inanmır və onun sözünə əhəmiyyət vermir. Vədə vaxtı həmin nurani ağ atlı kişi gəlir, adamlar yenə oradan köçüb getməyə razılıq vermir. Ancaq Yadigarlılar, Namazalılar, Toppuzlular və Təhmirazlılar tayfaları, indiki Horadiz kəndinin mərkəzində olan “Qarağan təpə”-yə köçüb gəlirlər. İnanmayanlar öz evlərində qalırlar.
Heç üç gün keçməmiş elə tufan-boran qopur ki, evləri darma-dağın edir, xırmandakı taxılları külək sovurub aparır. Bunu görən adamlar, tələm-tələsik yığışıb müxtəlif yerlərə köçürlər. Deyilənə görə bir hissəsi Beyləqan tərəfə, qalanları isə Dəvəçiyə köçürlər.
Qeyd: 1985-ci ildə avtobusla Qubaya istirahətə gedirdim və yanımda avtobusda bir yaşlı kişi də oturmuşdu. O, kişi ilə söhbət əsnasında mənim Horadiz kəndindən olduğumu bildikdə, çox sevindi və dedi ki, bizim də ulu nəslimiz vaxtı ilə Horadiz kəndindən gəlib. Harda yaşadığını soruşdum? Dedi ki, bizim nəsil hal-hazırda Dəvəçi rayonunun Baş Əmirxanlı kəndində yaşayır. Yəhya kişinin dediyinə görə, onun ulu babaları Dəvəçidən dəvə ilə qara nefti tuluqlara doldurub apararmışlar bizim kəndə və taxılla, digər ərzaqla dəyişərmişlər. Beləliklə, kənd camaatı ilə dostluq və qohumluq əlaqələri olduğundan, İmam Pirinin yanında faciə vaxtı köçüb Dəvəçi (Şabran) rayonuna Baş Əmirxanlı kəndinə gediblər.
Mən o vaxtı Yəhya kişinin sözlərinə bir o qədər də əhəmiyyət vermirdim. Lakin mən Horadiz kəndi haqqında məlumat toplayanda bu görüş yadıma düşdü və vacib bilib Baş Əmirxanlı kəndinə yola düşdüm. Yəhya kişini görmək üçün həmin kəndə iyirmi il sonra, 2007-ci il sentyabrın 21-də gəldim, lakin görə bilmədim, çünki dünyasını dəyişmişdi. Onun oğlundan bu barədə soruşdum, əfsuslar olsun ki, onun məlumatı az idi. Bircə bunu dedi; “Hə, deyəsən elə bir şey olub, ancaq ətraflı heç bir söz deyə bilmərəm”.
Hacı Qasım (İsmayılov Fərhad Şükür oğlunun əmisi) evli olsa da övladı olmamışdı. Həccə ziyarət etdikdən sonra, öz vəsaiti hesabına xeyriyəçilik edərək, İmam Rzanın nəvəsinin məzarını ağ mərmərlə hördürüb və qəbrin ətrafını daşla tikdirərək üstünü örtdürür. O biri günü gəlib görürlər ki, otağın damı yerdədir. Yenə cəhd edib damın üstün örtürlər və sabahı gün gəlib görürlər yenə də yerdədir. Ona görə də İmam Pirinin həmişə üstü açıq olardı. İmamzadə türbəsinin giriş qapısının üstündə yazılıb: “Bina Hacı Qasım bin Kərbalayi İsmayıl və zövcəsi Məşədi Tövhənisə”. Ona görədə kəndimizdə yaşlı kişilər and içəndə deyərdilər; “Hacı Qasımın tikdirdiyi İmam haqqı”. Usta Tapdıq Hüsən oğlu İmanov deyir ki, 1973-cü ildə özüm İmamdakı İmam Rzanın qız nəvəsinin qəbrinin üst daşın söküb yenidən abadlaşdırdım, sinə daşın, ətraf daşların maili düzüb sahmana saldım. O gecə yuxuda gördüm ki, mən Həccə ziyarətə getmişəm və orda İmam Rzanın və Həzrət Abbasın qəbirlərinin yanındayam. İki baş daşın arasından baxanda gördüm ki, minlərlə adamlar, Həccə ziyarətə gələn möminlər dəstə ilə gedirlər, mən qışqıraraq onları çağırdım və mənim səsimə dönüb hamısı mənə baxdılar. Ondan sonra mənə məlum oldu ki, mən Həcc ziyarətində qiyabi olmuşam və bu mənə böyük fəxrdir.
1980-cı illər Teyyub Əyyub oğlu Həsənovun təsis etdiyi “İnam” sonra “İmamzadə” xeyriyyə və abadlaşdırma cəmiyyətin hesabına alınmış tikinti materiallarla İmam Pirinə çıxan pilləkənləri mən tikmişəm. İmam bulağın yanındakı çərhovuzu tikdim və elə etdim ki, bulağın suyu birbaşa hovuza tökülürdü.
Sonralar Teyyub Əyyub oğlunun təşəbbüsü ilə, həm də yerli adamların xeyriyəçilik məqsədilə yığılan maddi yardımın hesabına İmam Pirinin qarşısında 18 kvm-lik giriş otağı, ziyarətə gələnlərin və gecə qalanların istirahəti üçün tikdim və hər iki otağın üstünü şiferlə örtdük. Sabahı gün gələndə gördük ki, məzar olan otağın üstü açılıb.
Mən də binanın başından bir neçə yerdən bəndlər vurdum, qaynaqla yapışdırıb üstünü yenidən möhkəm edib damı bağladıq.
1990-cı ildə yenə, Teyyub Əyyub oğlunun təşəbbüsü ilə, Kənd (Molla Abdulla) Məscidindən İmam Pirinə gedən torpaq yola çınqıl və qum tökərək, hamarlayıb abadlaşdırıldı. İmam Piri yüksək təpə başında olduğu üçün, ora dairəvi yol çəkərək minik maşınlarının çıxmasına şərait yaradıldı. Ondan sonra toy günləri evlənənlər, bəy və gəlin minik avtomobili ilə İmam Pirinin başına üç dövrə vurub ziyarət edirdilər. Bu kənd adamları arasında, xeyir-dua kimi bir adət halına çevrilmişdi.
B
undan başqa bütün qadağalara baxmayaraq, Sovet rejimi dövründə İmam Pirində hər il İmam Hüseynin qətl günü böyük izdihamla “Aşura” mərasimi keçirilirdi. Bu mərasimdə XX əsrin ortalarından işğala qədər aşağıdakı mollalar; Oruc Abdinov, Cəlil Mehdiyev, Hüseynqulu Allacov, Süleyman İbişov, Xanlar İbişov, Cabbar Hacıyev, Həsən Məmmədov, Eldar Bəylərov, Ədil İbişov, Məhəmməd Abdullayev, Fərman Yadigarov, Calal Mehdiyev, mütəşəkkil iştirak edərək, xüsusi canfəşanlıq göstərirdilər.
Burada xüsusi qara parça ilə örtülmüş “Qasım otağı”, “Ələm ağacı” və bir atlı iki nəfər “Müslüm uşaqları”-nı əlindəki şallaqla vura-vura meydana gətirməsi böyük bir tamaşaya çevrilmişdi. “Aşura” günü mollalar növbə ilə İmam Hüseynin, onun 72 nəfər silahdaşı və tərəfdaşlarının başına gətirilən olmazın müsibətlərdən danışardılar, kişilər özlərini zəncirlə döyür, qadinlar isə şax-sey, vax-sey deyərək sinə vurardılar. Bura gələnlər hamı özü ilə ehsan vermək üçün xörək evdə bişirib gətirərdilər və burdaca ocaq yandırıb xörəyi qızdırıb “Aşura” mərasim iştirakçılarına təklif edərdilər, süfrə açıq olardı, arzu edənlər oturub nahar edərdilər və allah ehsanınızı qəbul etsin deyərdilər. Bundan əlavə bura gələnlər, qaydaya görə qan çıxarmalıydı. Ona görə də uşaqların alnından ülgüclə üç dəfə azacıq çərtib, qan çıxarardılar.
İmam Pirində “Aşura” mərasimi zamanı
Mənim anam isə atamdan qorxaraq mənim alnımda yox, ancaq kürəyimdən qan çıxarardı. “Aşura” günü bizim rayondan başqa digər rayonlardan da adamlar axışıb gələrək bu mərasimdə iştirak edərdilər.
Həmin günü Sovet sədri, Kolxoz sədri və Partiya təşkilatı katibi, həm də Məktəb direktoru kənddə tapılmazdı.
İmam Pirinin ziyarət kimi qəbul edib gələnlər, öz nəzirlərini verməklə bərabər, ora sidqi ürəkdən gələn xəstələr şəfa tapardılar. Neçə-neçə insanların bura gəlib şəfa tapdığının şahidi olmuşam. Ağzı, gözü, sifəti əyilənlər, əsəb xəstəsi, ruhi xəstələr, dili tutulanlar, uşaq istəyənlər, işi dara düşənlər, uzun müddət xəstə yatanlar bura ziyarətə gələrək, gecələməklə sabahə şəfa tapmışlar.
Qeyd: Bizim orta məktəbə 1954-57-ci illər rus dilini öyrətmək məqsədilə Marqarita adlı müəllimə gəlmişdi. O, bizim dinimizə və etiqatımıza həmişə lağ edərdi və söyərdi.
– öndə Allahverdi Novruzov və Əli Bağırov
Günlərin bir günündə onun ağzı əyildi və Moskvadan belə müalicə üçün gəzdirdilər amma, əncam olmadı. Ona məsləhət verdilər ki, qayıtsın bizim kəndə, ümumi camaatdan üzr istəsin. Belə də etdi, özünü pak edərək İmam Pirinə ziyarət edib orada gecələdi. Səhər ayılanda ağzı və boynunun düzəldiyini görüb sevindi və allaha şükr etdi. Sonra yenə bizlərə dərslərini davam etdirdi. Belə sübutlar olduqca çoxdur.
1993-cü il 3 sentyabra, işğala kimi “İmam Piri” insanların etiqad və inam yeri olmuşdur. Bu müqəddəs ocağa inam gətirilən-lər, burdan ümidlə qayıdırdılar və arzularına çatırdılar.
İmam Pirinə - “İmamzadə” də deyirlər.
Ən müqəddəs arzumuz o ziyarətgaha bir də qayıdaq və arzu-istəyimizə nail olaq!.. İnşallah !!!.
Dostları ilə paylaş: |