Bizans donanmasına aid dromonlar Konstantinopola hücum edən rus qayıqlarını darmadığın edir (941-ci il). Əski rus miniatürü
İlk dövrlərdə Bizans sahillərinin və o cümlədən Konstantinopolun qorunması Karabisian donanmasının çiyinlərinə düşürdü. Lakin Bizans donanması tədricən bir neçə regional donanmaya bölündü. Bunlardan İmperator donanması Konstantinopolda yerləşdirildi, həm şəhəri qoruyur, həm də yeni dəniz ekspedisiyalarının təşkilində bilavasitə iştirak edirdi (Oxford Dictionary of Byzantium, 1991, s. 1441).
VIII əsrin sonlarında Bizans donanması Aralıq dənizində hakim dəniz gücünün mütəşəkkil və daimi qüvvələrindən birinə çevrilmişdi. Müsəlman donanması ilə qarşıdurmalar VII-X əsrlərdə müxtəlif müvəffəqiyyətlə davam edirdi, X əsrdə artıq Bizanslılar Şərqi Aralıq dənizində üstünlüklərini bərpa edə bildilər.
XI əsrdə Səlcuqluların Anadoluda görünməsindən sonra Bizansın özü kimi donanma da süqut dövrünə qədəm qoydu. Nəticədə Bizans Venesiya və Genuya kimi İtalyan şəhər dövlətlərinin donanmalarına arxalanmaq məcburiyyətində qaldı ki, bu da onun iqtisadiyyatı və suverenliyi üçün böyük fəlakət demək idi.
Comnenlərin hakimiyyəti dövründə qısamüddətli yüksəliş müşahidə edilsə də, 1204-cü ildə IV Səlib (xaçlı) yürüşü nəticəsində imperiyanın süqutu ilə sona çatan başqa bir tənəzzül dövrü başladı. 1261-ci ildə imperiyanın bərpasından sonra, Paleoloqlar sülaləsinin bir neçə imperatoru donanmanı dirçəltməyə çalışdı, lakin səyləri istənilən nəticəni vermədi. Bir vaxtlar yüzlərlə döyüş gəmisinə sahib olan Bizans donanmasının XIV əsrin ortalarında çox az sayda gəmisi qalmışdı (Heath İan, McBride Angus., 1995, s. 17) və beləcə, Ege dənizinə nəzarət İtalyan və Osmanlı donanmalarının əlinə keçdi (Oxford Dictionary of Byzantium, 1991, s. 1441). Bununla belə, Bizans donanması zəifləmiş olmasına rəğmən, 1453-cü ilə, yəni Bizans imperiyasının süqutuna qədər fəaliyyət göstərmişdir.
Bizans imperiyası daim müsəlmanlarla, donanması da müsəlman donanmaları ilə qarşıdurma halında olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, VII əsrdən etibarən əsas mübarizə ərəb, daha sonralar isə türk donanmaları ilə aparılmışdır.
640-cı illərdə müsəlmanların Suriya və Misiri fəth etməsi Bizansın o vaxta qədər üzləşmədiyi yeni bir təhlükə ilə üz-üzə qoydu. Ərəblər Bizanslıları həm böyük gəlir gətirən bölgələrdən, həm bəzi gəmi tərsanələrindən, həm həmin tərsanələrdə çalışan mahir sənətkarlardan, həm də ordunu və donanmanı muzdlu döyüşçülərin əhəmiyyətli bir hissəsindən məhrum etdilər. Üstəlik də özlərinin gələcəkdə Bizans donanması üçün çoxsaylı problemlər yaradacaq dəniz qüvvələrini yaratmağa başladılar. Bu işdə müsəlmanlar əvvəllər Bizans üçün gəmilər inşa edən, Bizans donanmasında xidmət edən Suriya, Livan və Misirli sənətkarların və mahir dənizçilərin xidmətindən səmərələ şəkildə yaralanmağı bacardılar (Campbell İ. C., s. 9-10; Casson Lionel., 1991, s. 154). Səhra xalqı olan ərəblər öz istedadları və elmə-sənətə olan həvəsləri ilə çox qısa bir müddətdə o zaman qədər Aralıq dənizində mövcud olan çox srlik dənizçilik ənənələrini mənimsəyərək tez bir zamanda mahir dənizçilərə çevrildilər (The Age of the Galley, 2004, s. 98; Pryor John H., 1988, s. 62; Nicolle David, 1996, s. 87).
649-cu ildə Kiprin fəthindən, Rodos, Krit və Siciliyaya dəniz yürüşlərindən sonra 655-ci ildə gənc müsəlman donanması Finike döyüşündə Bizanslıları sarsıdıcı bir məğlubiyyətə uğratdı. Bizans donanmasının bu məğlubiyyəti Aralıq dənizini ərəblərin üzünmə açdı və bu möhtəşəm hadisə Aralıq dənizinin əsas su yollarına nəzarət etmək üçün müsəlmanlarla xristianların əsrlər boyu davam edəcək qarşıdurmanın başlanğıcı oldu. (Pryor John H., Jeffreys Elizabeth M., 2006, s. 25; Lewis Archibald Ross, Runyan Timothy J., 1985, s. 24).
Dostları ilə paylaş: |