Xarici borclar problemi ötən əsrin 60-cı illərindən başlayaraq dünyanın müxtəlif dövlətlərini, xüsusilə inkişaf etmədə olan ölkələr qrupunu düşündürən və yaranmış vəziyyətdən çıxış yolu tapmaq axtarışları ilə bağlıdır. Milli azadlıq və müstəqil inkişaf yoluna çıxmış inkişaf etməkdə olan ölkələrin daxili maliyyə resurslarının məhdudluğu, ticarət və büdcə kəsirləri onları öz iqtisadi-sosial problemlərini həll etmək üçün xarici dövlətlərdən, beynəlxalq maliyyə dairələrindən borc almağa məcbur etmişdi.
Bu işdə yüksək inkişaf etmiş ölkələr və beynəlxalq maliyyə təşkilatları, həmin ölkələrə yardım, habelə konkret layihələrin həyata keçirilməsi üçün güzəştli, aşağı faizlərlə xeyli məbləğdə kredit vermişdilər. XX əsrin 70-ci illərində dünya bazarında neftin qiymətinin kəskin surətdə bahalaşması, inkişaf etməkdə olan ölkələrin xarici borclar məsələsində müəyyən dəyişikliklər yaratdı. Bir qrup neft ixrac edən ölkələrin xarici banklarda saxlanılan neftdollar ehtiyatları xeyli artdığı halda, inkişaf etməkdə olan ölkələrin əksəriyyətinin enerji daşıyıcıları və digər idxal məhsullarına sərf etdikləri xərclər xeyli çoxalmışdı.
Yaranmış belə bir vəziyyətdən bacarıqla istifadə edən beynəlxalq maliyyə qurumları və banklar, inkişaf etməkdə olan ölkələrlə aktiv kredit siyasəti həyata keçirərək, bank faiz dərəcələrini əhəmiyyətli dərəcədə artırdılar. Nəticədə, 1973-1982-ci illəri əhatə edən dövr ərzində inkişaf etməkdə olan ölkələr qrupunun xarici borclarının ümumi məbləği bir neçə dəfə artaraq, 130 milyard dollardan 700 milyard dollara çatmışdı.
İnkişaf etməkdə olan ölkələrin üzləşdikləri daxili iqtisadi-sosial problemlər düyünü, xarici iqtisadi-ticarət dövriyyəsindəki vaxtaşırı kəsir yaranması, xarici borcların qaytarılmasında böyük çətinliklər yaratmışdı. Xüsusilə bu ölkələrin beynəlxalq banklardan götürdükləri kreditin illik faizlərinin, vaxtında ödənilməməsi ilə bağlı yaranan problemlər, həmin ölkələrin onsuz da çətin olan maliyyə-valyuta vəziyyətini daha da mürəkkəbləşdirmişdi. Kreditlər və digər xidmətlər üzrə ödənilən faizlərin məbləği 1975-ci ildə inkişaf etməkdə olan ölkələrin ümumi daxili məhsulunun 8%-ni təşkil etdiyi halda, 1980-ci ildə 28-30%-ə, 1995-ci ildə 36%-ə çatmışdı. Ayrı-ayrı ölkələrdə, məsələn Meksikada bu rəqəm 63%, Filippində 66%, bəzi Afrika qitəsi dövlətlərində isə 70% olmuşdu. XX əsrin sonu və XXI əsrin ilk onilliyində dünya ölkələrinin xarici borcları bir neçə trilyon dolları ötür.
Xarici borcların artmasının inkişaf etməkdə olan ölkələrinin tədiyyə qabiliyyətli tələbinin azalmasına, dünya iqtisadi-ticarət əlaqələrini məhdudlaşdırılmasına, böyük həcmdə maliyyə resurslarından tam istifadə olunmamasına təsirini nəzərə alan müxtəlif beynəlxalq təşkilatlar və maliyyə qurumları, bir sıra təkliflər irəli sürmüş, habelə addımlar atmışlar.
İnkişaf etməkdə olan ölkələrin borclarının müəyyən hissəsinin ləğv olunması, əvvəlki kreditlər üçün faiz dərəcələrinin azaldılması, yeni kreditlərin daha əlverişli şərtlərlə verilməsi istiqamətində işlərə başlansa da, qlobal iqtisadi-sosial xarakter daşıyan xarici borclar probleminin səmərəli və ədalətli sonu öz həllini gözləyir.