əvvələn,müxtəlif ölkələrdə iqtisadi inkişaf və onun artım sürətinə, ümumi milli məhsulun natural həcminə və dəyərinə, milli gəlirə, investisiya qoyuluşlarına, əhalinin və şirkətlərin gəlirlərinə, habelə onların yığımına dair statistik məlumatlarının, müqayisəli ümumiləşdirici göstəricilərin toplanıb təhlil olunması, eyni zamanda bu əsasda Milli Hesablar Sisteminin yaradılması zəruriliyinin rəsmi dairələr (hökumətlər) tərəfindən dərk olunması;
sonra,1929-1933-cü illərdə ABŞ-da dünya iqtisadi böhranı («böyük depressiya») göstərdi ki, baş verən prosesləri və onun inflyasiya, işsizlik, istehsalın kəskin surətdə aşağı düşməsi, investisiyaların azalması, xarici ticarət əlaqələrinin məhdudlaşdırılması, əhalinin həyat səviyyəsinin pisləşməsi, cəmiyyət miqyasında sosial ziddiyyətlərin kəskinləşməsi kimi ağır nəticələrini, klassik – neoklassik nəzəriyyələrin kapitalizmin «özü-özünü tənzimləməsinə» dair müddəaları ilə izah etmək mümkün deyildir. Eyni zamanda yaranmış vəziyyətdən necə çıxmaq və gələcəkdə baş verə biləcək bu tipli proseslərin qarşısını almaq üçün hansı tədbirlərin hazırlanması zəruriliyinə cavab tapmaqda, mikroqtisadi təhlil mövqeyində duran klassik - neoklassik məktəb nümayəndələrinin elmi-nəzəri baxışlarının acizliyi;
- nəhayət,toplanmış məlumatların elmi təhlili və ümumiləşdirilməsi nəticəsində, iqtisadi inkişafın enib-qalxan dövrü (tsikl) xarakter daşıyan qanunauyğunluqları ölkənin, habelə dünyanın təsərrüfat həyatının işgüzar fəallığının kəskin surətdə dəyişməsinin qarşısını almaq üçün dövlətin, onun müvafiq orqanlarının cəmiyyətin iqtisadi problemlərinə qarışmasının (müdaxiləsinin) nəzəri cəhətdən əsaslandırılması zəruriliyinin irəli sürülməsi. Müasir makroiqtisadi nəzəriyyənin banisi və yaradıcısı görkəmli ingilis iqtisadiyyatçısı Con Meynard Keyns (1883-1946) olmuşdur. Bütün dövrlərin və xalqların ən böyük iqtisadçılarından biri sayılan Keyns, iqtisadiyyatda baş verən qeyri-sabitliyin, dəyişkən meyllərin, zəruri enib-qalxmaların səbəblərini aydınlaşdırmaqla yanaşı, bunların aradan qaldırılması yollarını nəzərdə tutan müəyyən dövlət proqramlarının ardıcıllıqla həyata keçirilməsinin vacibliyini əsaslandırmışdır. Müxtəlif mövqelərdən tənqid edilməsinə baxmayaraq, «XX əsrin iqtisadi fikrinin ən mühüm nailiyyətlərindən biri sayılan» (Pol Samuelson) makroiqtisadi nəzəriyyə həqiqətən aydınlaşdırdı ki, iqtisadi sarsıntıların qarşısını almaq, yaxud onların pozucu təsir gedişini «yumşaltmaq» üçün dövlət tənzimlənməsi siyasəti səviyyəsində hansı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Yalnız həmin tədbirlər sisteminin düşünülmüş və ardıcıllıqla reallaşdırılması, ölkənin çoxsahəli təsərrüfat həyatının uzunmüddətli tarazlı inkişafını təmin edə bilərdi. C.M.Keynsin makroiqtisadiyyata dair nəzəri ideyaları, onun «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» (1936) kitabında irəli sürülüb, hərtərəfli əsaslandirilmışdır. Bu nəzəriyyənin təməlini aşağıdakı yeni fikirlər və ideyalar təşkil edirdi: - bazar münasibətləri iqtisadi sistemin özünü tənzimləyə bilməsi haqqında klassik və neoklassik nəzəri baxışlardan imtina olunurdu; - iqtisadi inkişaf, onun templərinin formalaşmasında tələbin həlledici rol oynadığı faktı vurğulanaraq, fransız iqtisadiyyatçısı J.B.Seyin bazarda «təklif tələb yaradır» məşhur qanunu tənqid edilirdi; - milli iqtisadiyyatın vahid bir sistem kimi fəaliyyət göstərməsi şəraitində, onun ayrı-ayrı sahələrinin problemlərinin özünəməxsus cəhətlərinin həmin sistemin ümumi fəaliyyəti üçün həlledici əhəmiyyət daşımadığını, (məsələn, şəxsi və ümumi maraqların üst-üstə düşməməsi mənasında, «yığım paradoksu (möcüzəsi, fenomeni)» psixoloji qanunu timsalında) fərdi yığımdan fərqli olaraq, milli yığımın konkret investisiyalara çevrilmədikcə, ölkənin milli sərvətini artırmadığını əsaslandırmışdı. Makroiqtisadi nəzəriyyədə istehsalçılarla (satıcılarla, təkliflə) istehlakçıların (alıcıların, tələbin) qarşılıqlı vəhdəti nəzərdə tutulur. Lakin bu qarşılıqlı asılılıq prosesində ağırlıq mərkəzi iqtisadi resurslara təklifdən tələbə və onun sabitliyinə yönəldilmişdir. Deməli, bu nəzəriyyənin mərkəzində səmərəli tələb və ölkənin milli gəlirinin artırılması qanunauyğunluqlarının təhlili durur. Bu nəzəriyyə iqtisadiyyatın ümumiləşdirilmiş göstəriciləri üzərində qurulduğundan, ayrı-ayrı əmtəələr, xidmətlər, istehsal amilləri bazarı deyil, vahid milli bazar və vahid alıcı mənasında - məcmu tələb, habelə məcmu təklif anlayışları həlledici əhəmiyyətə malikdir. Məcmu (ümumi) tələb dedikdə, müxtəlif qiymətlər səviyyəsində əmtəə və xidmətlərə olan tələbin ümumi həcmi başa düşülür. Məcmu təklif dedikdə isə, müxtəlif qiymətlər səviyyəsində bazara çıxarılacaq, alıcılara təklif olunan əmtəə və xidmətlərin ümumi həcmi (kəmiyyəti, miqdarı) nəzərdə tutulur. Keynsin makroiqtisadi təlimində ölkənin təsərrüfat həyatının müxtəlif bölmə və sahələrinin tarazlığı probleminə də əhəmiyyətli yer verilmişdir. Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın ümumiləşdirici göstəricilərinin bir-birindən asılılıq vəziyyətini və optimal nisbətlərini əks etdirir. Bu halda istehsal olunmuş məhsul və xidmətlər tam reallaşdırılır, tələblər isə ödənilir. Deməli, iqtisadi tarazlıq ideyası ölkənin əmtəə-xidmətlər axını ilə pul (gəlirlər) axını hərəkətinin qarşılıqlı surətdə bir-birinə uyğunluğunu nəzərdə tutur. Bu problemin öyrənilməsilə vaxtilə A.Smit, L.Valras, J.B.Sey, A.Marşall və başqaları məşğul olsalar da, şübhəsiz, L.Valrasın rolu xüsusi qeyd olunmalıdır. Onun fikrincə, bazar iqtisadiyyatı həmişə tarazlı inkişafa meyl edir və onun müxtəlif sahələri arasında qarşılıqlı əlaqələr mübadilə (alqı-satqı) yolu ilə həyata keçirilir. A.Marşall isə bu qarşılıqlı tarazlığı məcmu tələb və məcmu təklif (MT-MT, yaxud AD-AS) şəklində göstərmişdir. Keyns bu mövqelərin məhdudluğuna diqqəti cəlb edərək, makroiqtisadi tarazlığın təmin olunması üçün təkcə bazarın daxili, özü-özünü tənzimləmək mexanizminin imkanlarından deyil, eyni zamanda dövlətin iqtisadiyyatı tənzimləməsi vasitələrindən də istifadə edilməsinin zəruriliyini əsaslandırmışdır. Keynsin davamçıları AD - AS modelini daha da təkmilləşdirərək, onu IS - LM, yəni investisiyalar - yığım-likvidlik (satış) - pul şəklində göstərmişlər. Şübhəsiz, makroiqtisadi tarazlıq ideyası mütləq mənada reallaşdırıla bilməsə də, lakin ölkənin təsərrüfat həyatında ona doğru irəliləyişə xidmət edən tədbirlər sisteminin dövlət siyasəti səviyyəsində həyata keçirilməsi zəruridir.