Nəhayət, keçid dövrü, milli iqtisadiyyatın artım tempinə təsir edən amillər, iqtisadi artımın forma və tipləri, gəlirlər və əhalinin həyat səviyyəsi, beynəlxalq valyuta münasibətləri, iqtisadi inteqrasiya və müasir qloballaşma prosesləri işıqlandırılmışdır.
II FƏSİL. TƏKRAR İSTEHSAL PROSESİ VƏ
İQTİSADİ ARTIM
2.1.Təkrar istehsal prosesinin mahiyyəti və formaları
Müxtəlif cəmiyyətlərin formalaşıb inkişaf etməsi üçün ictimai əmək bölgüsü əsasında maddi nemətlərin və xidmətlərin fasiləsiz təkrar istehsal prosesi hökmən baş verməlidir. Çünki hər bir cəmiyyət və onun üzvləri fərdi-ictimai tələbatlarını ödəmədən yaşaya bilmədiyi kimi eyni zamanda təkrar istehsal prosesini həyata keçirmədən sosial-iqtisadi tərəqqi yolları ilə irəliləyə bilməz.
İstehsal prosesi dedikdə, insanların müxtəlif təyinatlı tələbatlarını ödəmək üçün maddi nemətlərin yaradılması, hazırlanması və xidmətlərin göstərilməsi başa duşulür. Təkrar istehsal prosesi isə cəmiyyətin çoxcəhətli təsərrüfat əlaqələrinin qarşılıqlı axın halında daimi hərəkəti və fasiləsiz yeniləşməsidir. İqtisadi artım, müəyyən bir vaxt (məsələn 1 il ərzində) milli iqtisadiyyat, yaxud dünya miqyasında istehsal olunmuş əmtəələrin və göstərilmiş xidmətlərin əvvəlki müvafiq dövrə nisbətən müqayisəli həcmidir.
İctimai xarakter daşıyan təkrar istehsal prosesi, cəmiyyətdəki ayrı-ayrı istehsalçıları, yaxud çoxsaylı təsərrüfat subyektlərini (ev təsərrüfatlarını, sahibkarları, dövləti, xarici investorları) vahid bir fəaliyyət – istehsal–xidmət dairəsində birləşdirir. Bu proses özündə istehsal, bölgü, mübadilə, istehlak mərhələlərini məntiqi və texnoloji ardıcıllıqla əhatə edərək, onların bir-biri üçün şərt olmasını, habelə tamamlanmasını nəzərdə tutur. Cəmiyyətin yaşayıb və normal fəaliyyət göstərməsi naminə təkrar istehsal prosesi gedişində əmtəə-xidmətlərin, iş qüvvəsinin, istehsal münasibətlərinin təkrar istehsalı zəruridir.
Bütövlükdə istehsal ayrı-ayrı bölmələrə, sahələrə, yarımsahələrə, yardımçı istehsallara bölünür. Bəzən bu təsərrüfat sahələri yanacaq-energetika, aqrar sənaye, hərbi müdafiə kompleksi, xidmət dairəsi kimi qruplaşdırılır.
BMT-nin təsnifatına görə iqtisadiyyatın maddi istehsal və qeyri-istehsal kimi 2 sahəyə: maddi nemətlər, maddi xidmətlər və qeyri-maddi (mənəvi) xidmətlər kimi 3 bölməyə ayrılması qəbul olunmuşdur.
İqtisadiyyatın birinci bölməsi kənd təsərrüfatını, meşə təsərrüfatını, ovçuluq və balıqçılığı əhatə edir. İkinci bölməyə sənaye, energetika, tikinti sahələri daxildir. Üçüncü bölmə xidmət sahələrini (nəqliyyatı, rabitəni, ticarəti, elmi təhsili, səhiyyəni, maliyyə-kredit sistemini, mədəniyyəti, mənzil-kommunal təsərrüfatını, sosial-təminatı, ictimai-iaşəni, turizmi, bank-sığorta müəssisələrini, bədən tərbiyəsi və idmanı, dövlət və ictimai təşkilatları) özündə birləşdirir.
İqtisadi nəzəriyyə real və maliyyə (pul) bölmələrini (sektorlarını) bir-birindən fərqləndirir. İqtisadiyyatın real bölməsində əmtəələr hazırlanır, maliyyə bölməsi isə real sektora xidmət göstərir.
Təkrar istehsal prosesi bütün cəmiyyətlərdə sadə və geniş kimi iki formada həyata keçirilmişdir. Sadə təkrar istehsal müəyyən vaxt (adətən 1 il) ərzində istehsalın əvvəlki həcmdə təkrarı prosesidir. Bu proses nəticəsində hazırlanmış əmtəə-xidmətlər cəmiyyət tərəfindən tamamilə sərf olunaraq, istehlaka yönəldilir. Sadə təkrar istehsal forması, sərbəst (kapitalist) sahibkarlıq fəaliyyətinin meydana çıxmasından əvvəlki dövrlər üçün səciyyəvi olmuşdu. Bu vəziyyət müxtəlif ölkələrdə XVI-XVIII əsrə qədər davam etmişdir.
Cəmiyyət tarixində iri müharibələr, təbii fəlakətlər, kütləvi xəstəliklər dövrü baş verən iqtisadi geriləmələr və təsərrüfat həyatının tənəzzülünü nəzərə almasaq, ictimai istehsal həmişə artmağa doğru meyl etmişdir.
Lakin azad sahibkarlıq fəaliyyətindən əvvəlki dövrlərdə istehsalın təkrarı elə hüdudlar daxilində həyata keçirilmişdir ki, iqtisadi nəzəriyyə elmi onu sadə təkrar istehsal prosesi kimi qiymətləndirir.
Böyük coğrafi kəşflərdən sonra dünyanın müxtəlif qitələri və ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin sürətlə genişlənməsi, əhalinin təbii artımı, cəmiyyətin istehsal və istehlak xarakterli tələblərinin çoxalması, elmi-texniki sahələrdəki irəliləyişlər, geniş təkrar istehsal prosesini zəruri etdi.
Geniş təkrar istehsal - sadə təkrar istehsal prosesindən fərqli olaraq, mövcud istehsalın əvvəlki dövrə nisbətən müqayisəli sürətdə mütləq göstəricilərlə, yaxud faizlə artmasını nəzərdə tutur. Əgər sadə təkrar istehsal gedişində, müəyyən istisnalarla məhsulların əksəriyyəti, hətta hamısı istehlaka gedirdisə, geniş təkrar istehsalda istehlakdan başqa, hökmən yığım fondu (hissəsi) ayrılaraq, istehsalın genişləndirilməsinə yönəldilməsi tələb olunur.
Cəmiyyətin əldə etdiyi məhsulun və yaratdığı sərvətlərin düşünülmüş surətdə yığıma ayrılaraq, istehsalın gələcək inkişafına yönəldilməsinin bir sıra səbəbləri vardır.
Dostları ilə paylaş: |