“İqtisadi nəzəriyyə” kursunun “Makroiqtisadiyyat” bölməsi üzrə hazırlanmış dərslik, Azərbaycan Respublikası Təhsil Nazirliyinin metodik göstəriş və tövsiyələrinə uyğun olaraq, 76 saat (mühazirə 46 saat, məşğələ 30 saat) həcmində tədris yükü Proqramına hesablanmışdır.
C.M.Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə “inqilabi dəyişikliklər” (P.Samuelson) yaratmış bu istiqamət, sonralar müəyyən təkmilləşdirilmələrlə zənginləşərək, öz ciddi müddəaları, əsaslı prinsipləri, yeni ideyaları ilə iqtisadi elmi – nəzər fikrin inkişafında mühüm rol oynamışdır.
Bakı Biznes Universitetinin xüsusiyyətlərini nəzərə almaqla təqdim olunan dərslikdə, tarixi və məntiqi ardıcıllıqla makroiqtisadiyyatın meydana çıxması səbəbləri və vəzifələri; iqtisadi artım, onun formaları və tipləri; ümumi daxili məhsul (ÜDM) və milli gəlirin hesablanması metodları; məcmu tələb və məcmu təklifin makroiqtisadi səviyyədə tarazlığı; işsizlik və inflyasiya; dövlətin fiskal siyasəti; vergilər və büdcənin formalaşması; pul sistemi və bankların fəaliyyəti; gəlirlər və əhalinin həyat səviyyəsi; milli iqtisadiyyat, daxili bazar və iqtisadiyyatın dövlət tənzimlənməsi; beynəlxalq valyuta münasibətləri və xarici ticarət əlaqələri; iqtisadi inteqrasiya və qloballaşma prosesləri şərh edilmişdir.
Professor – müəllim heyəti və tələbələrin tənqidi qeydləri, işgüzar təklifləri, arzuları dərsliyin gələcək daha mükəmməl nəşrində, minnətdarlıqla nəzərə alınacaqdır.
I FƏSİL. KURSUN MƏQSƏDİ, VƏZİFƏLƏRİ VƏ QURULUŞU
Makroiqtisadi nəzəriyyənin meydana çıxması və mahiyyəti
Bazar münasibətləri iqtisadi sistemi şəraitində cəmiyyətin çoxsahəli təsərrüfat həyatının müxtəlif problemlərinin iqtisadi nəzəriyyə istiqamətində öyrənilməsi əsasən iki - mikroiqtisadi və makroiqtisadi səviyyələrdə aparılır. Mikroiqtisadiyyat müxtəlif təyinatlı məhsullar istehsal edən və xidmətlər göstərən ev təsərrüfatlarının, şirkətlərin, sahələrin təşkili prinsiplərini, fəaliyyətlərini, bazarla bağlı dəyişkən tələb-təklif, qiymət, rəqabət mübarizəsi şəraitində qəbul etdikləri qərarları, bazar subyektlərinin qarşılıqlı işgüzar münasibətlərini öyrənir. Makroiqtisadiyyat isə hər bir ölkənin, milli iqtisadiyyatın, bölgənin (regionun) təsərrüfat həyatının bütövlükdə, yəni tam şəkildə öyrənilib təhlil edilməsini nəzərdə tutur. Ölkənin və milli iqtisadiyyatın çoxsaylı problemləri sırasında makroiqtisadi təhlili ilk növbədə, ümumi milli məhsul (ÜMM) və onun artım templəri, inflyasiya və işsizliyin səviyyəsi, iqtisadiyyata investisiya qoyuluşlarının həcmi və səmərəliliyi, xarici ticarət dövriyyəsi və tədiyyə balansının vəziyyəti, dövlətin iqtisadi siyasətinin əsas istiqamətləri və onun real nəticələri kimi ümumiləşdirici (sintetik) göstəricilər, habelə onların dəyişmə dinamikası maraqlandırır. Qeyd etmək zəruridir ki, iqtisadi nəzəriyyənin mikroiqtisadiyyat, mezoiqtisadiyyat, makroiqtisadiyyat, metaiqtisadiyyat kimi bölmələri arasında sədd çəkmək, onları bir-birindən ayırıb təcrid etmək mümkün deyildir. Vahid iqtisadi nəzəriyyənin hissələri sayılan bu bölmələrin, xüsusilə də mikroiqtisadiyyatla makroiqtisadiyyat arasında daxili bir rabitə, qarşılıqlı asılılıq və səbəb-nəticə əlaqəsi vardır. Obrazlı desək, mikroiqtisadiyyat dəniz sahillərindəki qum danələrini və çınqılları, şəhərdəki küçə və evləri, meşədəki ağac və bitkiləri öyrənirsə, makroiqtisadiyyat bütövlükdə sahili, şəhəri, meşəni tədqiq edib öyrənir. Makroiqtisadiyyatla hər hansı bir ölkənin «milli iqtisadiyyatı» anlayışı forma və məzmun etibarilə üst-üstə düşsə də, lakin bunların oxşarlığı ilə yanaşı, özünəməxsus xüsusiyyətləri də vardır. Milli iqtisadiyyat ölkənin təsərrüfat həyatının tarixən formalaşmasını, onun inkişaf qanunauyğunluqlarını, iqtisadiyyatın struktur (quruluş) məsələlərini, müstəqil yaxud asılı xarakterini əhatə edir. Makroiqtisadiyyat isə ölkənin müasir inkişaf səviyyəsinin ümumiləşdirici göstəricilərinin təhlili və tədqiqi ilə məşğul olur. Makroiqtisadiyyat iqtisadi nəzəriyyənin ən gənc və sürətlə inkişaf edərək, daima yeni ideyalarla, konsepsiyalarla zənginləşən bir bölməsidir. Onun məzmununun əhatə dairəsi (predmeti) və özünəməxsus tədqiqat üsulları (metodları) XX əsrin 30-cu illərindən formalaşmağa başlamışdır. Makroiqtisadiyyatın qərarlaşması və sonrakı inkişafı prosesinə aşağıdakı amillərin ciddi təsiri olmuşdur: