Ərəb dİlİnİn
gələcəyİ
Birincisi. Ərəb dilinin gələcəyi nə deməkdir?
Dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır. Amma məlum olduğu kimi, dayanmaq tənəzzüldür, tənəzzülün arxasında isə ölüm və puçluq dayanır.
Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqlar ailəsinin indiki və gələcək yaradıcı düşüncəsindən asılıdır. Əgər ideyalar yaşasa, ərəb dilinin gələcəyi keçmişdə olduğu qədər möhtəşəm olacaq. Belə olmasa onu qonşu yəhudi və Suriya dillərinin aqibəti gözləyir.
Bəs biz nəyi yaradıcı güc adlandırırıq?
Bu – milləti irəliyə aparan qətiyyətdir; zira, millətin qəlbində naməlum olana maraq, aclıq, ehtiras, ruhunda isə onun gecə və gündüz həyata keçirməyə çalışdığı arzular zənciri vardır. Hər bir halqanı qət etdikdən sonra həyat yenisini əlavə edir. Şəxslərdə bu – istedaddır, cəmiyyətdə – entuziazm. Ayrıca şəxslərin istedadlı olması isə cəmiyyətin gizli cəhdlərini konkret aşkar formalarda həyata keçirtmək bacarığından başqa bir şey deyil. İslamaqədərki dövrdə şair bir növ müjdəçi idi. Belə ki, ərəblər nə isə yeni bir şey gözləmək vəziyyətində idilər. Bütpərəstlikdən islama keçid günlərində o, inkişaf edərək yetkinləşirdi, böyümə və yetkinlik mərhələsini yaşayırdı. Postklassik dövrdən sonra o, ikiləşdi, çünki bütün islam cəmiyyəti parçalanırdı. Şair də həmin mərəhələlərdən keçirdi, o yüksəyə qalxır, öz görkəmini dəyişir, bəzən filosof kimi, bəzən həkim kimi görünürdü, hətta astronom belə olurdu. Nə qədər ki, ərəb dilində yaradıcılıq gücünü mürgü tutmamışdı, hər şey belə idi. Bu güc zəiflədikcə şairlər – qafiyəpərdazlara, filosoflar – əzbərçilərə, həkimlər – fırıldaqçılara, astronomlar – astroloqlara çevrildilər.
Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqların yaradıcı gücündən asılıdır. Əgər onlar xüsusi mahiyyətə və mənəvi birliyə malik olsalar və uzun sürən yuxudan sonra bu mahiyyətdə yaradıcı güc oyansa, deməli ərəb dilinin gələcəyi də keçmişi kimi möhtəşəmdir, əks halda onun gələcəyi yoxdur.
İkincisi. Avropa sivilizasiyasının və Qərb ruhunun ərəb dilinə təsiri necə ola bilər?
Təsir isə müəyyən bir qidadır ki, onu dil kənardan qəbul edir və sonra çeynəyərək udur, öz mövcudluğu üçün xeyirli olan hər şeyi mənimsəyir. Necə ki, ağac da işıq, hava və torpağın elementlərini budaqlara, yarpaqlara, çiçək və meyvələrə çevirir. Amma əgər ancaq dil varsa, diş və mədə yoxdursa, onda yeməkdən bir fayda olmaz, üstəlik o, öldürücü zəhərə çevrilər. Nə qədər ağaclar həyatı aldatmağa cəhd edərək, kölgədə gizlənməyə çalışırlar, amma günəşə çıxan kimi solur və məhv olurlar. Atalar demişkən, «tamarzıdan al, dadanmışa ver».
Qərb ruhu – bəşər həyatının mərhələlərindən, dövrlərindən biridir. Bəşər həyatı – daim irəli gedən nəhəng bir yürüşdür. Yolda qalxan qızılı tozdan dillər, təlimlər, dövlət institutları yaranır. Yaradıcı millətlər bu yürüşə başçılıq edirlər. «Yaradıcı» isə «nüfuzlu» deməkdir. Sonda təqlid edən millətlər gedir, təqlid etmək – təsirə məruz qalmaq deməkdir. Şərq öndə gedəndə, Qərb isə geri qalanda bizim sivilizasiyamızın onun dillərinə güclü təsiri var idi. Ancaq Qərb irəli çıxdı və biz arxadan gələnlər olduq. Təbii ki, Qərb sivilizasiyası həm bizim dilimizə, həm düşüncəmizə, həm də əxlaqımıza.
Qərb xalqları keçmişdə bizim hazırladıqlarımızla qidalanır, çeynəyir, udur və öz mövcudluqları üçün bütün xeyirli şeyləri mənimsəyirdilər. İndi də Şərqin xalqları Qərbin hazırladığını yeyir, ancaq xeyirini mənimsəmirlər, yalnız qərbliləri təqlid edirlər. Bax, məni qorxudan və narahat edən də budur! Şərq gah dişləri tökülmüş qoca, gah da dişləri hələ çıxmamış körpə təsiri bağışlayır.
Qərb ruhu bizə həm dostdur, həm düşmən. Ona güc gəliriksə – dost, o bizə qalib gəlirsə – düşməndir. Ona ürəyimizi açırıqsa – dost, ürəyimizi ona veririksə – düşməndir. Ondan bizim üçün bütün xeyirli şeyləri götürükürsə – dost, ruhumuzu ona xoş olan hala salırıqsa – düşməndir.
Üçüncü. Müasir siyasi inkişafın ərəb ölkələrinə təsiri necədir?
Qərbdə və Şərqdə bütün yazıçı və mütəfəkkirlər bir fikirdə həmrəydirlər ki, ərəb ölkələri siyasi, inzibati və ruhi xaos vəziyyətindədirlər. Onlardan çoxu əsasən bu fikirdədirlər ki, xaos – dağılmanın və tənəzzülün səbəbidir.
Mən isə soruşuram: bu xaosdur, yoxsa yorğunluq? Əgər yorğunluqdursa, onda bu, millətin sonu və xalqın məhvi deməkdir. Yorğunluq – alatoranlıqda canvermədir, yuxuda ölümdür.
Əgər bu, həqiqətən də xaosdursa, mənim əqidəmə görə, xaos həmişə xeyir gətirir, çünki o, sərxoş yuxu ayılma ilə, hissiyyatsızlıq fəaliyyətlə əvəz olunanda millətin gizli imkanlarını aşkarlayır. Ağacları şiddətlə silkələyən tufan kimi – onları kökündən çıxartmır, yalnız qurumuş budaqları sındırır və sarı yarpaqları tökür. Hər dəfə hələ təbii təməlini qoruyub saxlamış milləti xaos bürüyəndə, bu, onun fərdlərində yaradıcılıq gücünün, cəmiyyətində isə hazırlığın əlamətinə çevrilir. Dumanlılıq – həyat kitabında ilk, lakin son olmayan sözdür, dumanlılıq isə xaos halında həyatdır.
Beləliklə, siyasi inkişaf ərəb ölkələrinin xaosunu nizama, daxili çəkişmələri – barışığa çevirər. Amma o, yorğunluğu coşquya, əzginliyi – hünərə çevirə bilməz. Dulusçu gildən şərab va ya sirkə üçün küp düzəldə bilər, ancaq qum və qəmbərdən heç nə düzəldə bilməz.
Dostları ilə paylaş: |