Cübran Xəlil Cübran



Yüklə 1,96 Mb.
səhifə5/32
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#106377
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   32
Gəminin gəlməsi

Seçilmiş və sevilən, öz gününün səhəri əl-Mustafa on iki il Orfales şəhərində onu geriyə, doğulduğu adaya qaytaracaq gə­misinin gəlməsini gözləyirdi. Və on ikinci ildə, sentyabr ayı­nın yeddisində – biçin ayında o, qala divarlarından bayırda, bir tə­pənin başına çıxaraq dənizə sarı boylandı və dumanla bərabər yaxınlaşan gəmini gördü.

Ürəyinin qapıları taybatay açıldı və onun sevinci də­niz­dən çox uzaqlara uçdu. O, gözlərini qapadı və qəlbinin sakit­li­yin­də dua etdi.

Lakin təpəni enincə qüssə onu haqladı və o, ürəyində fikirləşdi:

“İndi mən qüssələnmədən və könül rahatlığı ilə necə ge­dim? Yox, ruhumu yaralamadan tərk edə bilməyəcəm mən bu şə­həri.

Uzun, çox uzun idi bu divarlar arasında keçirdiyim ağrılı gün­lər, tənhalıq dolu gecələr. Kim öz ağrısından və tənhalı­ğın­dan asanlıqla ayrıla bilir ki?

Bu küçələrə ruhumun çoxlu damlalarını səpələmişəm və bu təpələrin arasında həsrətimin çoxlu uşaqları dolaşır. Ayağı yalın, başı açıq; və mən onları ağrısız tərk edə bilmərəm.

Bu gün mən libasımı soyunmuram; yox, dərimi soyuram, öz əllərimlə.

Arxada düşüncələri deyil, aclıq və susuzluqdan incəlmiş ürəyimi qoyub gedirəm.

Lakin daha dözə bilmirəm.

Hamını özunə doğru səsləyən dəniz məni də çağırır və mən gəmiyə minməliyəm.

Qalmaq. Həyat saatlarının gecə uzunu yanmasına baxma­ya­raq, donmaq, buz bağlamaq və palçığın içində bərkimək de­mək­dir.

Burda qalanları necə həvəslə götürərdim özümlə. Lakin bu mümkünmü?

Səs ona qanad vermiş dil və dodağa artıq dözə bilmir. İndi o özü, efir axtarışına çıxmalıdır, tək-tənha.

Qartal da öz yuvasını qayalarda qoyub günəşə sarı tək uçur”.

Təpənin ətəyinə çatınca, o, bir daha dənizə sarı boylandı və gəmisinin limana yaxınlaşdığını gördü; gəminin göyər­tə­sində dənizçilər, onun doğma torpağının adamları durmuşdular.

Onun qəlbi qışqırıb onlara dedi:

“Mənim qədim anamın uşaqları, qabarmalar üstə çapanlar.

Yuxularımda neçə dəfə üzüb gəlibsiniz. İndi isə mən ayıq ikən gəlmisiniz və bu, mənim ən dərin yuxumdur.

Mən getməyə hazıram və həsrətimin bütün yelkənləri açıq halda küləyi gözləyir.

Yalnız bir daha köksümü ötürüm, bu sakit havada bir daha buraları məhəbbətlə seyr edim. Sonra isə mən sizinləyəm, dənizçilər arasında dənizçi.

Sən isə, geniş dəniz, yuxulu ana, çaylar və arxlar üçün ye­ganə rahatlıq və azadlıq məkanı, bu çay daha bir döngə bu­rularaq açıqlıqda nəğməsini bir də oxuyacaq və mən sənə qo­vu­şacam, sonsuz damla sonsuz okeana qatılan kimi”.

Gedərkən o, uzaqdan öz tarla və üzümlüklərini tərk edib şə­hər darvazalarına doğru tələsən kişi və qadınları gördü.

O, onların səslərini eşidirdi; onun adını çağırır, bir tarla­dan o birinə qışqıraraq onun gəmisinin gəldiyini xəbər verir­di­lər.

O, öz-özünə dedi:

“Görəsən, ayrılıq günü görüş günü ola biləcəkmi?

Deyiləcəkmi ki, mənim qürubum, əslində, mənim səhə­rim idi?

Kotanını şumun içində qoyub gələnə və ya şərab presinin çar­xını buraxıb gələnə mən nə verə biləcəm?

Mənim ürəyim bol meyvə gətirmiş bir ağaca dönə bilə­cək­mi ki, mən o meyvələri dərib adamları qonaq edim?

Arzularım necə, bulaq kimi çağlayacaqmı ki, gələnlərin piya­lələrini doldura bilim?

Mən bir arfayammı ki, Qüdrət Sahibinin əli toxunsun, ya bir neyəmmi ki, nəfəsi içimdən keçsin?

Mən sükut axtarıcısıyam və görəsən, bu sükutda hansı xəzinəni tapmışam ki, indi onu inamla paylaşa biləm?

Əgər bu gün mənim biçin günümdürsə, görəsən, hansı unu­dulmuş fəsillərdə, hansı tarlalarda səpin səpmişəm?

Əgər bu, doğrudan da, mənim çıraq qaldıracaq saa­tım­dır­sa, onun içində alışacaq alov mənimki deyil.

Mən öz çırağımı boş və sönük qaldıracam

Gecənin gözətçisi özü çırağımı yağla dolduracaq və o da alışdıracaq”.

* * *

O, bunları sözlərlə dedi. Lakin çox şey isə deyilməmiş qal­dı ürəyində. Çünki özünün ən dərin sirrini ifadə etməkdə aciz idi.



Şəhərə girəndə, bütün camaat onu qarşılamağa çıxdı. On­lar bir ağızla onu çağırırdılar.

Şəhərin ağsaqqalları qabağa çıxaraq söylədilər:

“Tərk etmə bizi hələ.

Bizim alatoranlığımızın gündüzü oldun və sənin gən­c­li­yin bizə arzulamaq üçün arzular bəxş etdi.

Aramızda nə qərib, nə də qonaqsan; bizim oğlumuzsan, əzizimizsən.

Hələ nurunu itirməyib üzünə həsrət gözlərimiz”.

Kahin və kahinələr də ona söylədilər:

“Qoyma dənizin dalğalari bizi ayırsın, aramızda keçir­di­yin illər bir xatirəyə dönsün.

Bizim aramızda bir ruh kimi gəzirdin, kölgən isə üzümü­zə işıq kimi düşürdü.

Səni çox sevirdik. Lakin dilsiz və ağızsız idi bizim sevgi­miz, pərdə ilə örtülmüşdü.

İndi isə o, var gücü ilə səni çağırır və bütün aşkarlığı ilə qar­­şında görünəcək.

Həmişə belə olub məhəbbət ayrılıq saatınadək öz dərinli­yi­ni tanıya bilmir”.

Digərləri də gəldilər və yalvardılar ona. Lakin o, cavab ver­­mədi onlara. O, yalnız başını aşağı saldı və yaxında daya­nan­­lar onun göz yaşlarının sinəsinə necə düşdüyünün şahidi oldular.

O da, camaat da məbədin qarşısındakı böyük meydana yollandılar.

Orada səcdəgahdan əl-Mitra adlı bir qadın çıxdı. O, görücü idi.

Əl-Mustafa bu qadına hədsiz şəfqətlə baxdı, çünki bu, məhz həmin qadın idi ki, hamıdan əvvəl onu tanımış və ona iman gətirmişdi; onun şəhərə gəldiyi bircə gün olmasına bax­ma­yaraq.

Qadın onu salamlayaraq dedi:

“Allahın Peyğəmbəri, əlçatmazın axtarışlarında sən uzun müddət öz gəmin üçün uzaq üfüqlər aradın.

İndi isə budur, sənin gəmin gəlmişdir və sən getməlisən.

Yaddaşında qalan torpaq və ali istəklərinin məkanı üçün çək­­diyin həsrət çox böyükdür və nə bizim sevgimiz sənin əl-qo­­lunu bağlaya bilər, nə də bizim ehtiyaclarımız səni bu yoldan sax­laya bilər.

Səndən yalnız bircə istəyimiz var. Nə qədər ki, bizi tərk et­məmisən danış bizimlə və öz həqiqətindən bizə də bəxş et.

Biz onu uşaqlarımıza ötürərik, onlar da öz uşaqlarına və o itməyəcək.

Öz tənhalığında sən bizim günlərimizin axarını müşahidə et­misən, öz oyaqlığında isə bizim yuxumuzun ağlamağını və gül­məyini dinləmisən.

Odur ki, indi özümüzü göstər bizə, doğumla ölüm arasın­da olanlardan sənə nə açılıbsa hər şeyi danış bizə”.

O cavab verdi:

“Orfalesin camaatı, mən qəlblərinizi hələ də riqqətə gə­ti­rən şeydən başqa nədən danışa bilərəm ki”?



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin