Cübran Xəlil Cübran



Yüklə 1,96 Mb.
səhifə28/32
tarix10.01.2022
ölçüsü1,96 Mb.
#106377
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   32
NƏHAVƏND [muğamı]

Nəhavənd sevgililərin ayrılığını, vətən həsrətini ifadə edir, son mənzilə yola salınan əziz adama sonuncu baxış anını təsvir edir. Ehtiras alovunun doğurduğu üzücü ürək ağrılarını təcəssüm etdirir. Nəhavənd məhzun qəlbin dərinliklərindən gələn bir səsdir. Tərk olunmaq üzrə olub, ayrılıq dərdindən üzülməzdən qabaq son anda mərhəmət diləyənin hisslərini təcəssüm etdirən melodiyalar toplusudur. Acı həyatdan bezmiş adamın dərindən köks ötürməsi, çəkdiyi əzablardan səbri və dözümü tükənərək ümidsizliyə qapılmış adamın ahlarıdır. Nəhavənd payızı – ağacların saralmış yarpaqlarının sakit, səssiz tökülməsi, küləyin onları oynadaraq səpələməsi mənzərəsini canlandırır. Nəhavənd oğlunu uzaq səfərə yola salandan sonra gecəni ayrılıq dərdi ilə mübarizədə keçirən, ümidsizlik qılıncı ilə hücum çəkən, bu dərdin qarşısını səbir və ümid qalxanı ilə kəsən bir ananın duasıdır. Nəhavənddə elə məna, daha doğrusu, mənalar və sirlər var ki, onları yalnız ürək başa düşər, qəlb anlayar. Bunlar elə sirlərdir ki, dil onları demək istəsə, gücü çatmayıb quruyar, qələm yazmaq istəsə, bənd-bənd qırılar.



İsfahan [muğamı]

İsfahanı dinlədim, qulağımın gözü ilə həyatı sönmək üzrə olan aşiqin hekayətinin son fəslini müşahidə etdim. Onun sevgilisi ölmüş, ümid bağları qırılmışdır. O, ara vermədən ah-nalə edir, son gücünü toplayıb sevgilisini ağlayır, qalan anlarını sevgilisinə ağı deməklə keçirir. İsfahan həyat sahili ilə əbədiyyət dənizi arasındakı ölüm gəmisində dayanmış, can çəkişmələri içrə olan insanın sonuncu nəfəsidir. İsfahan insanın ara verməyən kəsik-kəsik hıçqırtılarla, dərindən ah çəkə-çəkə öz-özünə ağı deməsidir. O elə bir nəğmədir ki, onun sakit sədasında ölüm və ümidsizlik acısı, göz yaşı və vəfa şirinliyi bir-birinə qarışmışdır.

Əgər Nəhavənd yaşamağa azacıq ümidi olan insanın kədəridirsə, İsfahan ümid bağları qırılmış insanın naləsidir.
Səba [muğamı]

Səbanı eşidirik, qəm-qüssəyə bürünmüş ürəklərimiz oyanır, canlanır, kökslərimizdə rəqs etməyə başlayır. Çünki Səba elə bir şən melodiyadır ki, insana qəm-qüssəsini unutdurur, insan şərab istəyir, onu qəribə bir iştahla içir, bir daha içmək istəyir. Sanki o, sevinc sərxoşluğunun şərab sərxoşluğu ilə yarışıb qalib gələcəyini bilir. Səba riskə gedib tale ilə çarpışaraq ayrılağa qalib gəlmiş, gecələr uzaq bir guşədə öz gözəl sevgilisi ilə görüşdən həzz alan, bu görüşün şadlıq və xoşbəxtlik bəxş etdiyi aşiqin hekayətidir. Səba keçdiyi yoldakı çəmən çiçəklərinin iftixar və sevincdən həyəcana gəlib titrədikləri səba yellərinə bənzəyir.


Rəsəd (Rast) [muğamı]1

Rastın gecənin sakitliyində duyğularda buraxdığı təəssürat uzaq ellərə gedib çoxdan sorağı gəlməyən doğma, əziz adamdan gəlmiş məktubdakı sözlərin təsirinə bənzəyir. Budur, məktub gəlib ümid hissini oyadır, ruhu görüşə hazırlayır. Mənə elə gəlir ki, Rəsəd [muğamını] oxuyan tezliklə dan yerinin söküləcəyindən, qaranlığın yox olacağından xəbər verir. Axı: «Gecənin xeyrindən gündüzün şəri yaxşıdır» – demişlər.

Bəəlbək məsxərələri içərisində məzmunu yumorla satira arasında cərəyan edən məlahətli bir mahnı var, melodiyası insanı kədərləndirən Nəhavənd [muğamı] ilə şənləndirən Səba [muğamı]nın qatışığından ibarət olub, ruha onların ikisinin birgə təsiri kimidir.

İndi, bu səhifələri yazıb qurtarandan sonra mən özümü Allah ilk insanı yaradarkən mələklərin oxuduğu uzun-uzadı bir himndən tək bir söz öyrənən körpə kimi, yaxud hikmətin duyğu səhifələrinə zamanın başlanmasından bir az əvvəl yazdığı yazıdan tək bir cümlə əzbərləyən savadsız bir insan kimi hiss edirəm.

Sən, ey musiqi, müqəddəs Yevterpa1, sənin ilham pəriləri olmuş bacıların keçmiş insan nəsilləri arasında öz rəqslərini başa vuraraq unudulub getmişlər. Sən isə onlara istehza edir, ruh səhnəsindən bir gün belə aşağı düşmürsən. Sanki sən Adəmin Həvvanın dodaqlarından aldığı ilk busənin əks-sədasısan. Sədadan səda, ondan da başqa bir səda qopur, sədalar yayılır, çoxalır, hər şeyə hopur, hər şeydə yaşayır. Musiqi ilə məşğul olanlara onların məşğuliyyəti ləzzət verir, buna istedadı çatmayanlar da onun gözəl təsirlərini duyub şənlənirlər.

Sən ey ruhun, sevginin qızı! Ey həm acı, həm şirin olan ehtiras badəsi! Ey insan qəlbinin fantaziyası! Ey kədər meyvəsi, sevinc çiçəyi! Ey duyğu çiçəklərindən tutulmuş dəstədən qopan gözəl qoxu! Ey sevənlərin dili, aşiqlərin sirlərini aləmə faş edən carçı! Ey gizli duyğuları göz yaşlarına çevirən zərgər! Ey şairlərin ilham pərisi, misraları və qafiyələri vəzn boyunbağılarına düzən əl! Fikir ərişlərini söz ilmələri ilə birləşdirib zərif xalça toxuyan qız, ülvi duyğular oyadan gözəl! Ey onu içənləri xəyallar aləminin zirvələrinə qaldıran könül şərabı! Ey düşüncələrə cəsarət verən, möminlərin qəlblərini təmizləyən qüvvə! Sən ey ruh kabuslarını daşıyan efir dalğaları, ey zəriflik və həssaslıq dənizi! Biz öz ruhlarımızı sənin dalğalarına təslim edir, qəlblərimizi sənin dərinliklərinə əmanət edirik. Onları metafizik aləmə apar, bizə qeyb aləmlərində olanları göstər.

Çoxalın, ey qəlb duyğuları, böyüyün ey ürək hissləri! Bütün insanların əllərini bu böyük ilahəyə heykəllər ucaltmaqdan ötrü hərəkətə gətirin. Ey ilham pərisi, şairlərin qəlblərinə en, onları bu müqəddəs böyük varlığı mədh etməyə, öyməyə ilhamlandır. Ey rəssamların, nəqqaşların fantaziyası, böyü, onun yeni-yeni şəkillərini, görüntülərini yarat.

Ey Yer kürəsinin əhalisi, musiqi fədaisi olan kişilərə və qadınlara ehtiram göstərin, musiqi xadimlərinin xatirəsini yad edin, onlara abidələr ucaldın. Ey xalqlar, Orfeyə, Davud Mosuliyə [Allahdan] xeyir-dua diləyin, onları alqışlayın. Bethorvenin, Vaqnerin, Motsartın xatirələrini əziz tutun. Ey Suriya, Şakir Hələbinin, ey Misir, Əbdüh Həmulinin adlarına nəğmələr qoşun! Ey kainat, öz könlündəkiləri sənin səmana səpib havanı lətafətli ruhlarla dolduran, insan qulağı ilə görməyi, qəlbi ilə eşitməyi öyrədən kimsələri uca tut. Amin!


Seçİlmİş kəlamlar


Məhəbbət mənim gözlərimi öz sehrli şüaları ilə açanda və alovlu barmaqları ilə ilk dəfə könlümə toxunanda mənim 18 yaşım var idi. Səlma Kərame gözəlliyi ilə mənim ruhumu oyadan və məni ülvi hisslərin cənnətinə aparan həmin ilk qadın oldu.

Şövqlü, gözəl Səlma mənə məhəbbətin sirrini açaraq gözəlliyə səc­də etməyi öyrətdi. Ruhani həyatın poemasından ilk şeiri də mənə o oxudu.

Kim öz zərifliyi ilə onu yeniyetməliyin qayğısızlığından ayırdı?


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin