“Koroğlu” eposu XVI-XVII yüzilliklərdə baş vermiş tarixi hadisələrin təsiri ilə meydana gəlsə də, qədim ənənələr əsasında formalaşmış, mayasında türk təfəkkürünün alplıq, ərənlik haqqındakı qənaətlərini əritmişdir. Bu səbəbdən də çoxqollu eposun tarixi köklərində ən əski təsəvvürlər və qəhrəmanlıq pafosu durur, epik lövhələr əhatəli, canlı və gerçəkliyə uyğun təsvir edilsə də, ilk motivindən tutmuş, sonuncu qocalıq əhvalatınadək hamısının daxili strukturunda ənənəvi sxemlər, “Dədə Qorqud”dan, “Oğuz kağan”dan gen yaddaşına keçən igidlik, mərdlik və mübariz ruh var. Milli məhdudiyyətdən, dini təəssüfkeşlikdən uzaq olduğundan hadisələr bəşər oğlunu eyni amal uğrunda mübarizəyə yönəldir, eşidənlərin hər birinə ictimai haqsızlığa qarşı barışmazlıq hissləri aşılayır. Koroğlu Çənlibeldə elə bir mühit yaradır ki, haqq, ədalət, mərdlik, kişilik uğrunda qılınc oynatmaq insanların adi yaşayış tərzinə çevrilir, at belində ləyaqətli ömür sürmək sarayların bər-bəzəkli, dəbdəbəli, gözqamaşdırıcı həyatından üstün tutulur. Şərəfini ölüm ayağında da itirməmək insanlığın əsas əxlaq və etik norması tək təsdiqlənir. Eposda insanlığı bir-birindən uzaqlaşdıran amillərə yer ayrılmadığından, yaxud yaxşılıqla aradan qaldırıldığından Azərbaycan xalqının “Koroğlu”su dünyanın əksər ölkələrinin əhalisinin qəlbinə yol tapmağı bacarır. B.A.Karrıyev yazır: “Biz unutmamalıyıq ki, eposun son orta əsrlərdəki tarixi nüvəsi (cənubi Azərbaycan əsası) mövcud folklor ənənəsinin zəminində qurulmuşdur. Eposda mif yaradıcılığı özünə yer alır, ilkin soy qurumunun normaları və gerçəklikləri verilir. Deyilənlər, ilk növbədə, eposun Orta Asiya, xüsusilə özbək və türkmən versiyalarına aiddir (at kultu, mifik obrazlar – devlər, pərilər, tilsimkar qarılar, qəhrəmanlıqla nişanlanma, ekzoqamik nikahın normalarına ciddi əməl etməklə gəlini qaçırmaq və s.). Lakin eposun əsas məzmunu – cəsur döyüşçü, xanəndə və musiqiçinin ardıcıl, qorxmaz mübarizəsinə həsr olunur”1. Eposun oxuculara təqdim etdiyimiz yeni qolu (“Koroğlunun Bilhədi səfəri”) qədim oğuz yurdu Dərbəndin Çinar bölgəsinin 1925-ci ildə doğulmuş azərbaycanlı sakini Əyyubov Qazıqədir Mollaoğlunun dilindən yazıya alınmışdır. Mətni redaksiyaya Dağıstanda yaşayan soydaşımız folklorşünas, professor Samilə Xurdamieva təqdim etmişdir.