D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə146/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   142   143   144   145   146   147   148   149   ...   154
Dr. Rövşən Əlizadə

İstanbul Aydın Universiteti

İtkilərimiz
ƏXMƏT SÖLƏYMƏNOV DÜNYADAN KÖÇDÜ

Və ya türk dünyası bir alimini də itirdi

Başqırdıstanın görkəmli folklorçusu, fi­lologiya elmləri doktoru, professor Əxmət Sö­ləy­mənovun 2016-cı il noyabrın 21-də dünya­sı­nı dəyişdiyi xəbərini Türkiyədəki dost­lar­dan eşitdim. Ailəsi ilə əlaqə saxladım. Fol­klor İns­ti­tu­tunun rəhbərliyi, kollektivi adından və ailəm adından başsağlığı verdim. Acı xəbəri belə tez, yəni ölümündən iki gün sonra, həm də Türkiyəli dostlardan eşitdiyim qızı Ley­sa­nın təəccübünə səbəb oldu.

Başqırdıstan Dövlət Universitetində eti­ka, estetika və dinlər tarixi kafedrasının mü­di­ri, fəlsəfə elmləri namizədi Leysan İtkulova Əx­mət bəyin üç övladının böyüyüdür. O, atası ilə bərabər AMEA Folklor İnstitu­tunun 2004-cü il martın 18-21-də keçirdiyi “Ortaq türk keç­­mi­şindən ortaq türk gələcəyinə” simpo­ziu­muna gəlmişdi. İnstitutu­muzun əməkdaş­larının bəzilərini yaxşı tanıyırdı, onlarla yazışır, tanıdığı adamlardan salam göndərirdi.

Leysan xanımla Türkiyədə keçirilən bir neçə simpoziumda da görüşmüşdüm. Görünür, məni əzizlərindən sayıb kövrəldi də. Atasını vəsiyyətinə uyğun olaraq doğul­duğu kənddə – Burzyan rayonundakı Nabi kəndində, ata-babasının yanında dəfn etdik­lərini söylədi. Sonra nə düşündüsə, “rəhbərlik atamın dəfnini yüksək səviyyədə təşkil et­di, Dövlət Dram Teatrının binasında vidalaşma törəni də oldu”, – dedi. Görünür, o, mə­nim Əxmət Söləymənov kimi istedadlı bir alimin Ufada, ictimai-siyasi xadimlərin, nü­fuzlu sənət adamlarının, alimlərin, yazıçı və şairlərin dəfn olunduğu qəbiristanlıqda bas­dırılmadığına üzüləcəyimi düşünüb “vəsiyyətinə görə kəndə apardıq” deyə təkrar­ladı.

Əxmət Söləymənovla (Axmet Suleymenov) ilk dəfə 1999-cu il martın 18-20-də Türkiyənin Elazığ şəhərində Fırat Universitesi Rektörlüğü, Atatürk Yüksek Kurumu, Atatürk Kültür Merkezi Başkanlığının birgə keçirdiyi “Türk dünyasında Nevruz Üçüncü Uluslararası bilgi şö­leni”ndə tanış olmuşduq. Uca və şux qamətinə milli geyimi, başındakı canavar dərisindən olan papağı xüsusi yaraşıq verirdi. Ona görə də simpozium iştirakçılarının əksəriyyətinin diqqətini cəlb edir, onunla birlikdə şəkil çəkdirməyə icazə istəyirdilər.

Mənim diqqətimi isə oxuduğu məruzəsi çəkdi. Onunla söhbət edərkən haqqın­da oxuduğum və yazmağı planlaşdırdığım başqırd ictimai-siyasi xadimləri, alim­ləri, yazı­çı və şairləri haqqında mənim üçün qaranlıq qalan məsələləri aydınlaş­dır­mağa çalışır­dım. Tatar-başqırd şairi, 1918-ci ildə Başqırdıstan Respublikasının qurul­masında bö­yük əməyi olan Şeyxzadə Babiçlə, “Şura” jurnalının (1908-1918) redaktoru və “Vakt” qəzetinin redaktor müavini işləmiş Fexrettin Riza ilə, “Qaliyə” mədrəsəsinin müdiri və “İslam məclisi” jurnalının redak­toru, böyük din alimi Ziya Kamalla, Bakıda keçirilən Birinci Türkoloji Qurultayın iştirakçısı Xaris Yumaku­lov­la, şair Məcid Qafuri ilə bağ­lı verdiyim suallar onun fikrə dalmasına səbəb oldu. “Türkiyədə məndən əsasən Zəki Vəlidi Toğan və Abdülqadir İnan haqqında, Azərbaycan, Türkmənistan, Özbəkistan və b. respublikalardan olanlar isə əsasən Mustay Kərimi, hərdən bir də Majit Qafurini, Seyfı Kudaşı, Xayrı Qaynanı xəbər alırlar. Siz isə elə insanları xəbər alırsınız ki, uzun illər onların adlarını çəkmək qadağan idi. Hələ indi də çoxları onların adları çəkiləndə yan-yörələrinə baxır”.

Bu qısa söhbət bizi bir-birimizə yaxınlaşdırdı. Həmin günlərdəki kiçik bir hadi­sə­ni də heç vaxt unuda bilmirəm. Simpoziumun proqramında adı və soyadı Ahmet Su­leymenov kimi yazıldığından mən də ona bu cür müraciət edirdim. O, mənə vizit kartını verərkən bir anlığa duruxdu, əlindəki karta baxıb geri qaytardı. Yenidən cibinə qoydu. Bir az ciblərini qurdalayandan sonra başqa bir vizit kartı çıxardı. Mənə verərkən də “ xahiş edirəm mənə müraciət edəndə, məktub yazanda burada yazılanlara əməl et” – dedi. Vizit kartını gözdən keçirəndə orada “Əxmət Möxəmmətvəli ulu Sö­ləy­­mənov” yazıdığını gördüm. Onda anladım ki, vermək istədiyi vizit kartını qaytarıb cibinə qoymasının səbəbi nəymiş. Onun əsas vizit kartında adı və soyadı Ax­met Suley­manov yazılmışdı. Sonralar görüşəndə də, məktub yazanda da həmişə onun istəyinə əməl edirdim.

Adətən şairləri, yazıçıları, alimləri əsərləri tanıdır. İlk tanışlığımızadək Əxmət Söləymənovun yaradıcılığı ilə tanış deyildim. Baxmayaraq ki, hər ikimiz SSRİ-də yaşamışdıq. Ölkədə çap olunan kitabların sayı çox olurdu. Həmin kitabların nüsxələri respublikaların, muxtar respublikaların, böyük şəhərlərin mərkəzi kitabxanalarına gön­də­­rilirdi. Mən isə onun nə məqalələrini oxumuşdum, nə də kitablarını görmüş­düm. Bu­nu etiraf edəndə Əxmət bəy qəribə bir təbəssümlə: “Biz bir-birimizi oxumağa ehti­yac duy­murduq, rus alimlərinin əsərlərini oxumaqla kifayətlənirdik. Azərbaycan, Özbə­kistan, Türkmənistan uzaqdır, yaxınlığımızdakı tatar folklorçularının da çoxunun əsər­lərindən xəbərsizik. Onlar da bizim yazdıqlarımızı oxumağa ehtiyac duymazdılar. Elə düşünərdik ki, ən yaxşısını, gərəklisini ruslar yazıb” – dedi.

Şəxsi tanışlıqdan sonra yaradıcılığını diqqətlə izlədim. Belə bir folklorçunu tanımadığıma görə özümü qınadım. Ufada Elmlər Akademiyasının nəşrə hazırladığı “Başkort xalq icadı” (Baş­qırd xalq yaradıcılığı) çoxcildliyinin redaksiya heyətinin üzvü olan Əxmət Söləymənov 1981-ci ildə həmin çoxcildliyin 4-cü cildinin tərtibçısı, ön söz və izahlarının müəllifi olub. Ardıcıl nəşr edilən bu möhtəşəm əsərin 18 cildi çap olunub. Onlardan 4-nü, yəni folklor nümunələri toplananları ya təkbaşına, ya da qoşa müəlliflə birlikdə hazırlayıb, ön söz və izahlar yazıb. 1987-ci ildə ona Baş­qır­dıstanın Salavat Yulayev adına Dövlət Mükafatını veriblər.

Əxmət Söləymənovla Elazığda tanış olduqdan sonra əlaqələrimizi möhkəm­ləndirdik. 2004-cü ilin martın 18-21-də Bakıda Folklor İnstitutunun keçirəcəyi İkinci “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” simpoziumuna müxtəlif ölkələrdən xeyli alim dəvət etmişdik. Əxmət Söləymənov nəinki özü gəldi, hətta qızı Leysanı da gətirdi. Hər ikisi məruzələrini oxudu. Onun “Başqırd eposu "Ural Batır"da "əbədi hə­yat sirrinin axtarışı" motivinin interpretasiya xüsusiyyətləri” mövzu­sunda oxuduğu mə­ru­zə diqqətçəkən oldu.

Milli geyimi isə yalnız iclas salonunda deyil, küçə və meydanlarda da diqqəti ona çəkirdi. Biz də necə deyərlər ona “borclu qalmamaq üçün” anadan olmasının 65 illiyi münasibətilə kiçik bir məclis də düzəltdik. Baxmayaraq ki, yubileyindən üç gün keçmişdi.

İnstitutumuzla sıx əməkdaşlıq edən, keçirdiyimiz simpoziumlara maddi imkanı olan­da gələn, imkanı olmayanda təbrik məktubu göndərən Əxmət Söləymənov hər gə­ləndə kitabxanamıza da xeyli kitab bağışlayırdı.

Əxmət Söləymənov 1939-cu il martın 15-də Başqırdıstandakı Böryәn (rus di­lin­də Burzyan kimi yazırlar – Ə.Ş.) rayonunun Nəbi kəndində (xalq arasında Bəy­ğəmbər deyilən bu aulu ruslar Nabievo kimi yazırlar – Ə.Ş.) kasıb bir ailədə doğul­muşdur. İlk təhsilini kəndlərindəki məktəbdə almış, sonra rayon mərkəzindəki orta mək­təbdə oxu­malı olmuşdur. 1957-ci ildə orta məktəbi bitirdikdən sonra kolxozda işlə­mək məcbu­riy­yətində qalmışdır. 1958-ci ildə hərbi xidmətə çağırılmış, diribaş­lı­ğı­na görə onu tank­çılar hazırlayan kursa yazmışlar. Hərbi məktəb bitirməsə də, ali təh­si­li olmasa da, ona zabit rütbəsi vermiş və tank komandiri təyin etmişlər.

1961-ci ildə əsgəri xidmətini başa vurub kəndlərinə dönmüş və həmin il Ufadakı Başqırdıstan Dövlət Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Ali məktəbdə oxuyarkən tələbələr arasından seçilmiş, 1964-1965-ci illərdə təhsilini dayan­dırıb kəndlərindəki səkkizillik məktəbdə müəllim işləmişdir.

1967-ci ildə Universiteti bitirdikdən sonra yenə də kəndlərinə dönmüş, kənd səkkizillik məktəbində müəllim işləmiş, folklor toplamış, aspiranturaya qəbul olun­muşdur. 1972-ci ildə onu Başqırdıstan Dövlət Universitetində başqırd dili və fol­klo­run­dan dərs deməyə dəvət etmişlər. 1973-cü ilin fevralında isə yazdığı disserta­siyanı müdafiə edərək “10.01.09 – folklorşünaslıq” ixtisası üzrə elmlər namizədi elmi dərə­cə­si almışdır.

1973-1991-ci illərdə universitetdə dərs deyən Əxmət Söləymənov əsasən peda­qoji fəaliyyətlə məşğul olub. Özünün dediyi kimi, “həmin illərdən ona elmi fəa­liyyət adına yazdığı beş-on məqalə, 1991-ci ildə Moskvada Lomonosov adına Uni­versitetdə müdafiə etdiyi "Başqırd məişət nağıllarının janr özünəməxsusluğu" (1990-cı ildə dis­ser­tasiyası əsasında yazdığı monoqrafiya Ufada rus dilində kitab kimi nəşr edilmişdir – Ə.Ş.) mövzusunda doktorluq dissertasiyası, bir də Başqırdıstan Respubli­kasının Əməkdar Mədəniyyət İşçisi fəxri adı qalıb”. 1994-cü ildə isə Moskvadakı “Na­u­ka” nəşriyyatı onun “Başqırd xalq məişət nağılları: süjet repertuarı və poetika” “Башкир­ские народные бытовые сказки: сюжетный ре­пертуар и поэтика” kitabını çap edir.

Əxmət Söləymənov ciddi elmi fəaliyyətlə Sovetlər Birliyi çökdükdən sonra məş­ğul olub. Elə həmin il Rusiya Federasiyası Elmlər Akademiyasının Macit Qafuri adına Tarix, Dil və Ədəbiyyat İnstitutunun folklor və incəsənət şöbəsində müdir kimi işə başlayıb, dosent seçilib. Gənclik illərində yazdığı, topladığı, lakin çap etdirə bilmədiyi əsərlərinin üzərində yenidən işləyərək dalbadal nəşr etdirməyə başlayıb. 1997-ci ildə “Nağılda həqiqət”, 1998-ci ildə “Yumoristik xalq nəsri”, 1999-cu ildə R.Rajapovla birgə yazdığı “Başqırd xalqının arxaik eposu”, 2000-ci ildə L.Baraq ilə birgə yazdığı “Başqırd folklorunun təhkiyə janrları”, 2001-ci ildə “Möcüzənin mənbəyi”, 2002-ci ildə “Hesabını bilən qədirbilən olar” kitablarını nəşr etdirib.

2003-cü ildə isə üç kitabı – “Yolumuz hayanadır?”, “Ayıq-sayıq olaq” və “Şairi ulduzlar işıqlandırdı: şair Rif Mitxatovun ədəbi portreti” kitablarını çap etdirib.

Folklorla bağlı “Başqırd xalq novellası” (2005), Q.Xusainov və M.Nader­qu­lov­la birgə yazdığı “Yazılı dastanlar” (2006), “Akmullanın soydaşlarının – minlərin folklo­ru” 1-ci hissə (2006), “Uşaq oyun folkloru”(2007), “Bizim epik abidələr” (2007), “Məhəbbət dastanları” (2007), qızı Nərgiz Xubiddinova ilə birgə hazırladığı “Akmul­lanın soydaşlarının – minlərin folkloru. 3-cü hissə” (2008), yenə Nərgiz Xubiddinova ilə birgə hazırladıqları “Başqırd uşaq təhkiyə folkloru. 3-cü hissə” (2008) kitablarını nəşr etdirib.

Əxmət Söləymənov ictimai-siyasi işlərdə də fəal olmuş, zamanında baş verən hadisələrə münasibətini yazıları və radio-televiziyadakı çıxışları ilə bildirmiş, başqırd­ların müasir yazılı ədəbiyyatı haqqında dəyərli əsərlər yazmışdır. Bunu onun aşağıda adını çəkdiyimiz əsərlərinin timsalında aydın görə bilərik: “Seçkilər haqqında düşün­cələr” (2004), “Ölkəmizin sevinci – xalq şairi Mustay Kərim haqqında esse” (2007), “Üç möcüzə: M.Akmulla, Ş.Babiç yaradıcılığının folklorizminə dair və xalq şairi Mustay Kərim haqqında esse” (2009), Nərgiz Xubiddinova ilə birgə yazdığı “Ədəbi əsərlərin təhlil yolları” (2012) və s.

Əxmət Söləymənovun Türkiyəyə, Azərbaycana sevgisi tükənməz idi. Hərdən də təəssüf­lənirdi ki, sərhədlərin açılması, SSRİ-nin dağılması onun yaşlı vaxtına düşdü. Türkiyə türkcə­sində yazmağı öyrənə bilmədi. Gah da övladlarından, tələbələrindən gileylənirdi. Deyirdi ki, onlar Türkiyəyə getməyə çox can atırlar, gedəndə də oradan geri dönmək istəmədiklərini bildirir­lər. Amma cavan olsalar da, Türkiyə türkcəsini öyrənməyə o qədər maraq göstərmirlər. İngilis dilini daha həvəslə öyrənirlər, nəinki Türk dilini. Bu da Rusiyada 300 ildə türklərin əleyhinə aparılan təbliğatın nəticəsidir. Hamımız rus dilində təhsil alırıq. Onun təsirindən çıxmaq çox çətin olur. Bunu mən azərbaycanlı, özbəkistanlı, türkmənistanlı aydınlar arasında da müşahidə et­mi­şəm. Onların milli məktəblərində oxuyanlarında rusdilli məktəblərdə oxuyanlarla müqa­yi­sədə türklük sevgisi daha çoxdur.

Başqırd folklorunu, tarixini, ədəbiyyatını ümumtürk folklorunun, tarixinin və ədəbiyyatının bir hissəsi hesab etsə də, yazılarında bu ruhu hiss etmirdim. Bir dəfə bu­nun səbəbini soruşduqda: “Sizə nə var ki! Müstəqil bir ölkənin vətəndaşısınız. Mə­nim içimdə hələ də “pantürkist” adlan­dırıl­maq qorxusu qalır”.

Səmimiyyətinə görə ona Türkiyədə məqalələr nəşr etdirməsinə, konfranslara get­mə­sinə köməklik edirdik. Məqalə və məruzələrini, tezislərini beynəlxalq standart­lar­da hazırlanmasına yardımçı olurduq.

Mülayim, uyumlu və yumşaq xasiyyətli idi. Qəti sərt mövqe nümayiş etdirməz­di. Sərt mövqe nümayiş etdirənlərdən acığı da gəlməzdi, əksinə, onlara sayqısını bil­dirirdi. Deyirdi ki, mənim içimdən keçənləri onlar deyir. Mənim düşündüklərimi onlar dilə gətirirlər.

Görünür, elə uyumlu və barışdırıcı davranışına görə elmi və pedaqoji fəaliyyə­tin­­dəki uğurları nəzərə alıb 1997-ci ildə ona Başqırdıstan Respublikasının “Əməkdar Elm Xadimi”, 1999-cu ildə Başqırdıstan Respublikasının “Təhsil Əlaçısı”, 2006-cı ildə Rusiya Federasiyasının “Əməkdar Elm Xadimi” adlarını vermişdilər. Onun təltif­ləri sırasında 2004-cü ildə aldığı “Cəlil Kiakbayev” adına, 2009-cu ildə aldığı “Mifta­xetdin Akmulla” adına mükafatlar da vardır. İkinci mükafatı o, Miftaxetdin Akmulla əsərlərinin tərtibinə, kitaba yazdığı izahlar və ön sözə görə almışdır.

1991-2002-ci illərdə Rusiya Elmər Akademiyası Ufa Elm Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri işləyən Əxmət Söləymənovu Ümumdünya Başqırdları Qurultayı İcraiyyə Komitəsinin sədri seçirlər. Dörd il bu vəzifəni ləyaqətlə yerinə yetirdikdən sonra 2006-cı ildə Miftaxetdin Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universitetinin Başqırd Ədəbiyyatı və Mədəniyyəti kafedrasına müdir seçilir. Burada işləyərkən “Folklor mərkəzi” yarada bilir və ona da rəhbərlik edir.

30-a yaxın monoqrafiya, 400-ə yaxın elmi məqalə, orta və ali məktəblər üçün 40-a yaxın metodik vəsait çap etdirən Əxmət Söləymənov bədii yaradıcılıqla da məş­ğul olduğuna görə onu Başqırdıstan və Rusiya Fedarasiyası Yazıçılar Birliyinə üzv seçmiş­dilər.

Türkiyədə nəşr olunan türk xalqlarının folkloru ilə bağlı kitabların Başqırdıstan folkloru və ədəbiyyatı bölümünün müəlliflərindən biri olan Əxmət Söləymənovun Tür­kiyə alimləri arasında nüfuzu böyük idi. Azərbaycana böyük sevgisi olan folklor­çu-alimin Başqırdıstandakı Azərbaycan diasporuna qayğı göstərdiyi, hər yerdə Azər­bay­canla bağlı qürurla danışdığı xəbərləri bizlərə də gəlib çatırdı. Alim Azər­baycanla Baş­qırdıstan arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsir­gəmirdi. Başqırd alim­lərinin elmi məqalələrinin Azərbaycanda nəşrinə, elmi ad almaq istəyən alimlərin dis­ser­tasiyalarına azərbaycanlı alimlərin rəy yazmasına, eləcə də, azərbaycanlı alim­lərin əsərlərinin Başqırdıstanda çapına, dissertasiyalarına elmi rəy verilməsinə kömək etməyə çalışırdı.

O, elmi-pedaqoji fəaliyyətlə, ədəbi-bədii yaradıcılıqla məşğul olmaqla, ictimai iş­­lərə zaman xərcləməklə yanaşı, vətən və millət üçün gərəkli övladlar da tərbiyə edib bö­yütmüşdür. Belə ki, böyük qızı Leysan İtkulova fəlsəfə elmləri namizədidir. Hazırda Baş­qırdıstan Dövlət Uni­versi­tetinin etika, estetika və dinlər tarixi kafedrasına rəhbərlik edir. Kiçik qızı, filologiya elmləri doktoru Nərgiz Xubiddinova Rusiya Federasiyası Elm­lər Aka­demiyası Ufa Elmi Məkəzində aparıcı elmi işçisidir. Oğlu Cəlil Söləy­mə­nov Başqırdıstan Respublikası Rəssamlar İttifaqı sədrinin mü­a­vinidir, Şeyxzadə Babiç adı­­na Respublika mükafatına layiq görülüb. Uzun illər Başqırdıstan radiosunun Musiqi re­daksiyasına rəhbərlik etmiş xanımı Faniya Bay­­qi­diyeva xalq artisti adını almış və Baş­­qırdıstan Respublikasının Şaqit Xudayberdiyev adı­na mükafatına layiq görülmüş­dür.

Ufada anadan olmasının 75 illik yübileyi keçiriləndə AMEA Folklor İnstitutu onu təbrik et­miş­dir. Bu təbrik yalnız Əxmət Söləymənovu və ailəsini sevindirməmişdi. Başqırd alimləri və zi­yalıları arasında ruh yüksəkliyi doğurmuşdu.

O, Azərbaycanda İlkin Rüstəmzadənin “Azərbaycan nağıllarının süjet kataloqu ha­zır­­la­ma­­­sı­na sevinirdi. Deyirdi ki, kaş türk xalqlarının nağıllarının belə bir kataloqu ha­zırlanmış olay­­­dı. San­ki ömür vəfa etməyəcəyini duymuşdu. Yetirmələrinə Tatar-Baş­qırd nağıllarının sü­jet kata­loqunu hazırlamağı tapşırmışdı.



AMEA Folklor İnstitutunun tövsiyəsi ilə Əxmət Söləymənov yeni nəşrə baş­layan “Tür­ko­­lo­giya” jurnalının redaksiya heyətinə daxil edilmişdir. Ondan sonun­cu məktubu sent­yabrın 15-də almışdım. Xahiş edirdi ki, “Türkologiya” jurnalının nəşr olunan saylarını ona göndərim. Ney­­lə­yək ki, ömür vəfa etmədi. “Türkologiya” jurnalı­nın ilk sayını ala bilmədən dünyadan köç­dü.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin