Ключевые слова: “Китаби-Деде Горгуд”, библиография, Азербайджан, книга, статья, диссертация, издание.
Hamının bildiyi kimi, bu tarixlərdə “Kitabi-Dədə Qorqud” abidəsinin əlyazmasının elm aləminə bəlli olmasının 200 illiyini qeyd edirik. Bu böyük hadisə səbəbi ilə ədəbiyyat və sənət aləmində, xüsusilə şifahi xalq ədəbiyyatı sahəsində böyük canlanma mövcuddur. Ona görə də yeni nəşrlər, yeni tədqiqatlar geniş vüsət alır, dünya alimlərinin bu mövzudakı əsərləri dilimizə tərcümə olunur, “Kitabi-Dədə Qorqud”un elm aləminə bəlli olması tarixinə yenidən işıq salınır. Biz də AMEA Folklor İnstitutu və bilavasitə “Dədə Qorqud” şöbəsi olaraq bu yubileyə öz işimizlə töhfə veririk.
Türk xalq ədəbiyyatının ən möhtəşəm abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” (“Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”)1 haqqında, qeyd etdiyimiz kimi, 200 il əvvəl alman diplomatı və şərqşünası Henrix Fridrix fon Dits (Heinrich Friedrich Diez, 1751-1817) məlumat vermiş və “Təpəgöz” boyunu (1815) alman dilində tərcüməsi ilə dərc etdirmişdir (9). Alman şərqşünası T.Nöldeke əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəmişdir. V.V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirmişdir (20, 21, 22, 23). O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırmışdır. Həmin tərcümə H.Araslı və M.Təhmasibin redaktəsi ilə 1950-ci ildə Bakıda, 1962-ci ildə isə Moskvada (24) nəşr olunmuşdur.
“Kitabi-Dədə Qorqud” Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət (16), Azərbaycanda isə 1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr olunmuşdur (1). Lakin Azərbaycanda abidənin “araşdırılması yolunda ilk yaşıl işığı Əmin Abid (Mütəllim oğlu Əhmədov) yandırmışdır” (18, 5). Əmin Abid ədəbiyyatşünaslıq mövzusunda yazdığı məqalələrində həmişə “Oğuznamə” və “Kitabi-Dədə Qorduq” haqqında da söz açmışdır. O, “Kitabi-Dədə Qorduq” abidəsini Azərbaycan ədəbiyyatının ilk yazılı əsəri hesab edirdi (4, 17). Əmin Abid “Türk el ədəbiyyatının başlanğıcına elmi bir baxış” adlı məqaləsində (5) “Oğuznamə”lərin yaranma tarixi, Dədə Qorqudun şəxsiyyəti, “Kitabi-Dədə Qorqud”un yazıya alınma tarixi, abidənin tarixi coğrafiyası və s. haqqında dəyərli araşdırmalarından bəhs etmişdir. Bundan sonrakı məqalə və məruzələrində də o, abidə haqqında zəngin bilgilər vermişdir.
XX əsrin 30-cu illərindən başlayaraq “Kitabi-Dədə Qorqud” haqqında H.Zeynallı, R.Əfəndizadə, A.Şaiq, A.Musaxanlı, H.İsmayıl və s. ədəbiyyatşünaslar da geniş təhlil edilmiş fikirlər söyləməyə başlamış, bu mövzuda tədqiqatları genişləndirmişlər. 1930-cu ildə sovet yazıçılarının I Ümumittifaq qurultayında “Kitabi-Dədə Qorqud” haqqında ədəbiyyatşünas M.Ələkbərli ilk dəfə böyük miqyaslı bir tədbirdə məruzə ilə çıxış etmişdir. Məruzədə Dədə Qorqud bir müdrik ağsaqqal kimi təqdim edilmiş və daha çox abidənin dilindən və qədim folklor ənənələrinin tarixindən bəhs edilmişdir. Məruzənin mətni “Революция и культура” məcmuəsində çap olunmuşdur (10).
Bundan sonra bir-birinin ardınca H.Araslı, M.Rəfili, Ə.Dəmirçizadə, M.Kamran, M.Rzaquluzadə və s. ədəbiyyatşünaslar əsərin ilk Avropa, türk və rus tədqiqatçıları, boyların yarandığı tarixi coğrafiya, boyların məzmunu, adət və etnoqrafiyası, dili, yarandığı dövr və s. haqqında geniş məqalələr çap etdirmiş, abidənin motivləri əsasında yeni pyes, libretto və başqa bədii örnəklər yazılmağa başlanmışdır. “Araşdırmalar göstərir ki, 1926-cı ildən 1950-1951-ci ilə qədər “Dədə Qorqud” eposunun tədqiqi və təbliği əsasən bir neçə istiqamətdə aparılmışdır: dövri mətbuatda məqalələr nəşr edilir; elmi yığıncaqlarda ali və orta məktəblərdə məruzə və mühazirələr oxunur; ədəbiyyat tarixi üzrə proqram və dərsliklərdə öz əksini tapır; epos bütünlükdə 1939-cu ildə nəşr edilir; onun boylarının süjeti əsasında dram, libretto və hekayələr yazılır” (17, 80).
1951-ci ildə “Kitabi-Dədə Qorqud” Azərbaycanda “Zaqafqaziya xalqlarının qardaşlığına zidd olan (?!) əsər feodalizm dövründən qalmış sənət nümunəsi” kimi yasaqlanmışdır (11). Bu qadağa Türkmənistanda da ciddi şəkildə tətbiq edilmiş, əsərin tədrisi və tədqiqi bir müddət dayandırılmışdır. Gərgin mübarizələrdən sonra “Kitabi-Dədə Qorqud” Azərbaycanda 1957-ci ildə, Türkmənistanda isə 1980-ci ildə yenidən elmi və mədəni dövriyyəyə daxil edilmişdir.
1952-ci ildə italyan türkoloqu Ettori Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini tapıb italyanca tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. E.Rossi “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsini çap etdirərkən yüz səhifədən daha çox geniş ön söz yazmışdır. O, burada hər boyu ayrı-ayrılıqda dünya ədəbiyyatı ilə müqayisəli şəkildə təhlil etmiş, eyni zamanda abidənin nəşr tarixi və biblioqrafiyası haqqında dəqiq və ətraflı məlumat vermişdir (19). Daha sonrakı dövrlərdə “Kitabi-Dədə Qorqud” bir sıra əcnəbi dillərə tərcümə edilmiş, Almaniyada, İngiltərədə, Yuqoslaviyada, İranda, Litvada, Latviyada, Estoniyada, Amerika Birləşmiş Ştatlarında, Fransada, Hollandiyada, Braziliyada, Yaponiyada və başqa ölkələrdə çapdan çıxmışdır.
Müxtəlif dövrlərdə Azərbaycanda, Türkiyədə, Avropa ölkələrində “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı çoxlu kitab, monoqrafiya və məqalələr yazılmış, dissertasiyalar müdafiə edilmişdır. Azərbaycanda “Kitabi-Dədə Qorqud” abidəsinin ikinci dövrü 1957-ci ildən sonra başlamışdır. Bu dövrdə ölkəmizdə bir-birindən dəyərli tədqiqatlara nümunə olaraq H.Araslı, Ə.Sultanlı, Ə.Dəmirçizadə, M.Qövsi Fərzanə, S.Əlizadə, F.Zeynalov, Ş.Cəmşidov, Y.Qarayev, B.Nəbiyev, X.Koroğlu, A.Nəbiyev, S.Əliyarlı, E.Əlibəyzadə, M.Seyidov, Y.Seyidov, M.Adilov, B.Abdulla, S.Babayev, A.Axundov, T.Hacıyev, K.Abdulla, Q.Namazov, P.Xəlilov, N.Cəfərov, M.Kazımoğlu, K.V.Nərimanoğlu, F.Bayat, Ə.Tanrıverdi, R.Kamal, R.Qafarlı, K.Əliyev, F.Əlimirzəyeva, Y.İsmayılova, Ü.Nəbiyeva, G.Yoloğlu, A.Hacıyev, A.Xəlil, E.Piriyev, M.Aslanlı, A.İslamzadə, X.Xəlilli, O.Əliyev, İ.Sadıq və başqa alimlərimizin sanballı araşdırmalarını göstərə bilərik.
Türkiyədə M.F.Köprülü, Kilisli M.Rifət, Ə.İnan, Hüseyn N.Orkun, P.N.Boratav, Ə.Cəfəroğlu, M.Ergin, O.Ş.Gökyay, F.Kırzıoğlu, V.İzbudaq, Əhməd R.Yalman, Ş.Ülkütaşır, F.İz, M.Kaplan, S.Sakaoğlu, S.Tezcan, B.Ögəl, Ş.Elçin, Ə.Şapolyo, O.F.Sərtqaya, Ə.B.Ərcilasun, F.Türkmən, S.Göməc, C.Öztelli, M.Tulum, T.Gülənsoy, M.Kaçalin, H.Dəvəli, A.Binyazar, Ş.Aktaş, Ə.Duymaz, D.Yıldırım, S.Tural, Ə.B.Alptəkin, H.Aslanbəzər, İ.Başgöz, D.Kaya, Z.Karqı-Ölməz, K.Üstünova, M.Miyasoğlu, B.S.Özsoy kimi adlı-sanlı alimlər “Dədə Qorqud” dastanı haqqında dərin məzmunlu əsərlər yazmışlar.
Xarici türkoloqlardan H.Boşoten, R.Dankof, G.L.Levis, H.Yoaxim, F.Babinger, C.S.Mandi, V.Ruben, V.Volker, H.Əhməd Şmidt, M.Bernardini, M.Kirşner, S.Kleinmişel, M.Suqahara kimi tanınmış elm adamları “Kitabi-Dədə Qorqud” abidəsinin öyrənilməsinə mühüm töhfələr vermişlər.
20 aprel 1997-ci il tarixini “Kitabi-Dədə Qorqud” abidəsinin ad günü kimi qeyd etmək olar. Bu gün Azərbaycan Respublikası prezidenti abidənin 1300 illiyini keçirmək haqqında sərəncam imzalamışdır. Bundan sonra, 1 aprel 2000-ci il tarixindən başlayan dövlət tədbirlərinə YUNESKO da qoşularaq abidənin yubileyinin dünya miqyasında qeyd edilməsinə dəstək oldu. Yubiley ərəfəsində “Kitabi-Dədə Qorqud”la bağlı onlarla dəyərli əsərlər, monoqrafiyalar nəşr edildi. Lakin “Kitabi-Dədə Qorqud” haqqında biblioqrafik informasiya olmadan ilkin mənbələrin istifadə olunması çətinləşirdi. “Kitabi-Dədə Qorqud” abidəsinin nəşri və tədqiqatı artdıqca bu ədəbiyyatların axtarışı və oxunuşunu təmin etmək üçün biblioqrafik göstəricilərə böyük tələbat yaranmağa başladı.
“Folklorşünaslıq üzrə biblioqrafik informasiyanın formalaşdırılması və ehtiyacı olanlara çatdırılması vasitələri onun təsbit olunduğu mənbələrdir. Biblioqrafik mənbələr müxtəlif əlamətlərə görə təsnifləşdirilir – funksiya istiqamətinə və xronoloji əlamətə, oxucu və məqsəd istiqamətinə, biblioqrafiyalaşdırma obyektinin məzmununa görə.
Məlumdur ki, folklorşünaslığa dair materiallar ümumi xarakterli retrospektiv və cari xarakterli mənbələrdə öz əksini tapmışdır. Çox təəssüf ki, müstəqillik illərində folklorşünaslığa dair çoxsaylı sənəd kütləsi mövcud olsa da, biblioqrafik informasiya mənbələri olduqca azdır” (15, 167).
İlk belə biblioqrafik göstərici hazırlamaq təşəbbüsü Bakı Dövlət Uiversitetindən gəldi. “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” dastanının Bakı Dövlət Universitetində tədqiqi” adlı biblioqrafik göstərici tərtib olundu (tərtib edənlər: Ş.Tahirqızı, S.Ayazqızı). 500 tirajla 74 səhifə həcmində hazırlanmış kitabda Bakı Dövlət Universitetinin elmi-pedaqoji heyətinin “Kitabi-Dədə Qorqud” haqqında yazdıqları əsərlərin göstəriciləri əks olunmuşdur. Qorqudşünaslıq sahəsində hazırlanmış ilk biblioqrafik göstərici olaraq kitab dəyərli mənbə rolunu öhdəsinə götürmüş, cəmi 229 kitab və məqalənin məlumatlarına yer verilsə də, bu sahədə olan boşluğu nisbi ölçüdə doldurmuşdur. Sonda yardımçı aparat verilməklə sərlövhələr, nəşriyyatlar, qəzet və jurnalların əlifba göstəricisi hazırlanmışdır (8).
Bundan başqa, “Kitabi-Dədə Qorqud”un biblioqrafiyası” adlı kiçik bir kitabça “Kitabi-Dədə Qorqud” − 1300” seriyasından çap olunmuşdur. 1999-cu ildə 56 səhifə həcmində çap olunan kitabçanı tərtib edənlər H.Məmmədov, K.Nərimanoğlu, H.Məmmədov, F. Vəliyevdir (3).
“Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” Ensiklopediyası” (2 cilddə, Bakı, XXI-Yeni Nəşrlər Evi, 2000) nəfis tərtibatla işıq üzü gördü. Kitabın birinci cildi abidənin mətnindən, ikinci cild isə abidə haqqında görkəmli qorqudşünaslar tərəfindən yazılmış məlumatlardan ibarətdir. İkinci cildin sonunda yüz səhifəlik geniş biblioqrafiya Azərbaycan, türk və türk xalqlarının dillərində, eyni zamanda rus, alman, ingilis, italyan, fransız, fars və digər xarici ölkə dillərində olan materialları əhatə edir. Böyük zəhmət bahasına meydana gəlmiş biblioqrafiya ilk sanballı “Kitabi-Dədə Qorqud” biblioqrafiyasıdır (13). Bu biblioqrafiyanın tərtibçisi A.Xəlilov daha sonra tədqiqatlarını daha da genişləndirmişdir. Bu tədqiqat “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar olaraq 2000-ci ildə AMEA-nın Əlyazmalar İnstitutunda “Kitabi-Dədə Qorqud” biblioqrafiyası” adı ilə kitab şəklində çap edilmişdir.
Ənənəvi biblioqrafiyalar əlamətdar günlər haqqında verilmiş dövlət fərmanlarının əsli ilə başlayır. Bu fərmanların və dövlət rəsmilərinin bu haqda məruzə və məqalələri çap olunmuş rəsmi orqanlarının nömrələri ilə davam edir. Bu göstərici də ənənəyə sadiq qalaraq “Kitabi-Dədə Qorqud” – 1300”; Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması və s. haqqında verilmiş dövlət fərmanları ilə başlayır. Bu biblioqrafiyaya çap olunduğu dövrü əhatə edən “Kitabi-Dədə Qorqud” mətninin nəşrləri və onun haqqında mövcud olan materiallar daxil edilmişdir. Bu göstərici də dillərə görə ayrılmış və hər dil daxilində də yarımbaşlıqlara bölünmüşdür. Göstərici “Kitabi-Dədə Qorqud”un nəşrləri, “Kitabi-Dədə Qorqud” haqqında və “Kitabi-Dədə Qorqud” bədii ədəbiyyatda” adlı yarımbaşlıqlarla əhatə edilmişdir. Azərbaycan dilində əvvəldə “Kitabi-Dədə Qorqud”un əlyazmalarının göstəricisi yerləşdirilmişdir. Hər dilin öz daxilində materiallar müəlliflərin yazdığı dilin əlifbası ilə qruplaşdırılmışdır. “Kitabi-Dədə Qorqud” biblioqrafiyası” geniş və zəngindir, lakin bəzi qüsurlardan da xali deyildir. Məsələn, mənbələrin nömrələnməməsi və müəlliflərin əlifba göstəricisinin olmaması axtarış vaxtı bu qədər iri həcmli bir biblioqrafiya üçün bəzi çətinliklər və dolaşıqlıqlar yaradır. Bütün bunlara baxmayaraq, bu biblioqrafiya 21 dildə mənbələri əhatə etdiyinə görə çox dəyərli bir topludur (2).
“Kitabi-Dədə Qorqud” abidəsinin də biblioqrafiyasının yer aldığı bir başqa göstərici də “Azərbaycan folkloru: biblioqrafik göstərici” adlanan mənbədir. Kitab AMEA Mərkəzi Elmi kitabxanasında A.Əliyeva-Kəngərli tərəfindən tərtib edilmiş və 2011-ci ildə 484 səhifə həcmində çapdan çıxmışdır. Bu biblioqrafik göstəricinin əsas xüsusiyyəti bütün folklor janrlarını əhatə etməsidir. Kitab folklorşünaslar və eləcə də qorqudşünaslar üçün dəyərli mənbədir (7).
Dünya folklorunun incisi “Kitabi-Dədə Qorqud”un H.F. fon Dits tərəfindən elm aləminə tanıdılmasının 200 illiyinə həsr olunmuş, yekunlaşdırmaq üzrə olduğumuz biblioqrafiyanın hazırlanması bu sahədə olan çatışmazlıqları aradan götürmək, bütün informasiyaları özündə əks etdirən, günün tələblərinə cavab verən, dolğun, əhatəli bir mənbənin yaradılması məqsədi daşıyırdı.
XX əsrin ilk illərindən indiki tarixə qədər Azərbaycanda nəşr olunmuş bütün kitab, monoqrafiya, dissertasiya, avtoreferat, məqalə, məruzə və tezisləri əhatə edən biblioqrafik göstərici hazırlamaq işini öhdəmizə götürdük. İşin böyük hissəsində kitabxanada kataloq və kartoteka üzərində axtarışlarımızdan, internet vasitəsi ilə topladığımız materiallardan istifadə olunmuşdur. Bunlarla yanaşı, tədqiqat üçün 4 əsas mənbəyə istinad edilmişdir: bu sahədə daha əvvəl hazırlanmış biblioqrafiyalar, mövzuya həsr edilmiş əsərlər, şifahi xalq ədəbiyyatı ilə bağlı olan mətbu orqanlar, qorqudşünas alimlər və tədqiqatçılar. Bütün toplanmış məlumatlar müqayisə edilərək ən son kitabxana qaydalarına uyğun olaraq hazırlanmışdır.
Çox böyük, saysız-hesabsız elmi nəşrlərdə və nəşriyyatlarda çap olunan kitab, monoqrafiya, dissertasiya, avtoreferat, məqalə və araşdırmaları bir məxəzdə toplamaq, qorqudşünasların onlardan xəbərdar olmasını və yararlanmasını təmin etmək üçün bu biblioqrafiyanı ərsəyə gətirmək çox gərgin əmək tələb edirdi. Bu biblioqrafiyanın sayəsində “Kitabi-Dədə Qorqud”un aliliyi, ehtişamı və dərinliyi daha yaxşı anlaşılacaq, oğuzun və türkün böyüklüyü və əzəməti bir daha gözlər önünə səriləcəkdir. Bu məqsədlə əlçatan kitabxanaların fondları ciddi şəkildə araşdırılmış, həmkarlarımız və dostlarımız bu işə cəlb edilmiş, mühüm olan və olmayan mənbə və məxəzlər, qəzet və jurnalların mündəricə və künyələri daranmış, son dərəcə böyük faktiki material araşdırılmış, indiyədək hazırlanmış irili-xırdalı bütün kataloq, kartoteka və biblioqrafiyalar, elektronik saytlar bir daha gözdən keçirilmişdir.
Müəlliflərin sayı mindən artıq olduğu üçün sonda mənbələr üçün əlifba göstəricisi tərtib olunmuşdur. Əlifba göstəricisini yalnız müəllifi olan əsərlər üçün tərtib etmiş, sərlövhəsi olan əsərlər mətndaxili əlifba ardıcıllığına görə sıralanmışdır.
Qəbul edilmiş qaydaya uyğun olaraq müəlliflər familyaları və adlarının baş hərfi yaxud hərfləri ilə göstərilmişdir. Məsələn, Araslı H. = Həmid Araslı, Dadaşzadə M.A. = Məmməd Arif Dadaşzadə, Sərtqaya O.F. = Osman Fikri Sərtqaya. Yalnız Abdulla K. (Kamal Abdulla), Abdulla B. (Bəhlul Abdulla) və Kamal R. (Rüstəm Kamal) adlarının bir-biri ilə qarışdırılmaması üçün birinci müəllifin adı tam şəkildə Kamal Abdulla kimi verilmişdir.
Biblioqrafiya ilə bağlı bəzi statistik rəqəmlərə nəzər salaq. Kitabın müəllifi olmayan yazılarla birlikdə (informasiya səciyyəli materiallar, kitab və məcmuə adları və s.) 1304 müəllifin (bunların arasında əsərləri dilimizə çevrilmiş, Bakıda keçirilən elmi toplantılarda azərbaycanca məruzə oxumuş və ya jurnallarda məqalə çap etdirmiş bir neçə əcnəbi alim də var) 5047 əsəri toplanmışdır. Bunun 573-ü birbaşa və ya dolayısı ilə “Kitabi-Dədə Qorqud” mövzusunda yazılmış kitab, kitabça, monoqrafiya, dissertasiya və ya avtoreferat, 4474-ü isə abidəyə həsr olunmuş məqalə, məruzə və ya tezisdir.
Biz niyə biblioqrafiyanı mövzulara və illərə görə bölmədik? Qəbul olunmuş qaydalara görə biblioqrafik göstəricilər hazırlandığı zaman mövzulara görə müvafiq bölümlərə ayrılır. Hər mövzu da daxilində xronoloji ardıcıllıqla əsərin nəşr olunduğu illərə görə bölünür. Bu özlüyündə daha anlaşılan və əlçatan olsa da, əslində axtarış zamanı müəllifləri ardıcıl olaraq bir yerdə görməyə mane olur və qarışıqlıq yaradır. Oxucuya daha rahat xidmət etsin deyə biblioqrafiyanın bir vahid mövzuya həsr edildiyini də nəzərə alaraq onu yarım mövzulara bölməyi lüzumsuz hesab etdik. Xronoloji prinsiplə bölmək isə səhifələrdə böyük boşluqlar yaradır və biblioqrafiyanın həcmini lüzumsuz yerə böyüdürdü. Bütün bunları göz önünə alaraq biblioqrafiyanı mövzulara və illərə görə bölməyi məqsədəuyğun hesab etmədik.
Göstərici giriş və 3 fəsildən ibarətdir: I fəsildə monoqrafiyalar, dissertasiyalar, avtoreferatlar, kitablar, II fəsildə məqalələr, məruzələr, tezislər, III fəsildə müəlliflərin əlifba göstəricisi yer alır.
Biblioqrafik göstəricidə “Kitabi-Dədə Qorqud”un çoxşaxəli tədqiqat sahələri tamamilə əhatə olunmuş, informasiya xarakterli qəzet materialları da buraya daxil edilmişdir. Burada abidənin tədqiqat tarixindən, tədqiqatçılarından, dilindən, ədəbiyyatşünaslıq məsələlərindən, bədii ədəbiyyatda və incəsənətdə inikasından, abidədə bəhs olunan adlardan, toponimlərdən, miflərdən, dünya şərqşünaslığında yerindən və tədqiqindən, ailə-məişət, tərbiyə məsələlərindən, Dədə Qorqudun və ayrı-ayrı qəhrəmanların kimliyindən, tarixi coğrafiya və dövlətçilik məsələlərindən və s. bəhs olunan monoqrafiyalar, dissertasiyalar, avtoreferatlar, kitablar, məqalələr, məruzələr, tezislər iki ayrı bölüm şəklində daxili əlifba sırasına uyğun olaraq yerləşdirilmişdir.
Dostları ilə paylaş: |