Düşüncənin məkani hüdudları arasında Mədəniyyət millətin özünəməxsus cizgidə inkişaf edib pərvazlanmasında baş vuracağı önəmli bir qaynaqdır. Millətin adab davranışının ahəngi və istiqaməti ilə mədəni başlanğıcının durulması arasında hər zaman sıx bir münasibət mövcud olmuşdur. S.Rzasoy bir çox mülahizə və təhlillərində haqqla batilin arasında qalır. Bu isə onun islami biliklərinin hələ təsəvvüfi düşüncə ilə çulğaşmasından irəli gəlir. Knışdan gətirdiyi sitatda hal məqamından bəhs edir. Knış da, Milça da, Nəsrəddin Xan da və onlarca bu səpkidə yazanlar hal, həvalə və təvəssülün sıradan birinə aid olmamasını bilirlərsə belə, dilə gətirmirlər. Sadalanan məqamlar yalnız peyğəmbərlərə və məsumlara xas ola bilər.
Amma..., amma S.Rzasoy etnosistemin psixologiyasından daha çox onun semantik estetikasına diqqət yetirir ki, bu da nəticədə etnosun mədəni təfəkkürünü müstəviyə çıxarır. Bütün mediasiyalarda, qurulan və incələnən mətn-sxemlərdə alim yeni baxışlar sərgiləyir. Yəni indiyə qədər yazılan üslub və sistemlərdən tam halı ilə fərqli, düşündürən, hədəfə niyyətli elmi kompleks qarşımızdadır. “Şaman arxetipi” yeni yanaşmadır. Burada alimin illərlə topladığı elmi bilgilərlə yanaşı, fəhm və intuisiyası da iştirak edir. Kitabı oxuduqca təkcə “ölü mətni” deyil, keçmiş adətləri, mədəniyyəti köksünə yığmış “müdrik qoca”nın canlı danışığını duyursan. “Kitab” elementi özü bunu diktə edir. Bilgilər bir sistem olaraq elmi baxışların məcmusudursa, təhkiyə, nəql, axıcı üslub danışanın, yəni müdrik qocanın interpretasiyasıdır.