S.Rzasoy “sabahın xəbəri” kimi
Hörmətli həmkarım Seyfəddin Rzasoy, Amerikadan, Avropadan (folklorşünaslığından) etnik məkanca uzaq olsan da, yazdığın əsərlər dünya elminin kiçik zərrəsi, ayrılmaz hissəsi və milli elmin sabahının xəbəridir.
Qalib SAYILOV
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi
Folklorşünas təqvimi
SEYFƏDDİN
QƏNİYEV
FOLKLORŞÜNAS SEYFƏDDİN QƏNİYEV
Azərbaycanın müstəqilliyi milli düşüncənin oyanışına xüsusi önəm verdi. Bütün sahələrdə olduğu kimi, folklorşünaslıqda da bu məsələ bir nömrəli problem olaraq diqqət mərkəzində saxlandı və deyərdim ki, ən çox da qazanan elə xalqın milli-mənəvi mədəniyyəti oldu. Daha doğrusu, uğurlu bir hərəkat xarakteri aldı. Bunlar son olaraq böyük bir folklorşünaslar nəslinin yaranması ilə nəticələndi. Həmin nəslin öncüllərindən biri də filologiya üzrə elmlər doktoru, AYB Şamaxı bölməsinin sədri Seyfəddin Həmzə oğlu Qəniyevdir. Onun Azərbaycan folklorşünaslığı üçün gördükləri bir sonsuzluqladır. Xalq ədəbiyyatının toplanması, nəşri, tədqiqi sahəsində apardığı işlər ancaq və ancaq fədakarlıq nümunəsi hesab edilə bilər.
Folklorşünas S.Qəniyevlə bağlı qənaətlərimizi bölüşməzdən öncə onu da əlavə edək ki, Azərbaycan folklorşünaslığı zəngin, həm də uğurlu bir inkişaf yolu keçmişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən başlayan bu yol həmişə çoxalan, xalq mədəniyyətinə marağın artan istiqamətə getməsi ilə səciyyələnmişdir. Ə.Qaracadağinin, M.Mahmudbəyovun, R.Əfəndiyevin, S.S.Axundovun, E.Sultanovun, Y.V.Çəmənzəminlinin, Ə.Abidin, F.Köçərlinin, C.Əfəndizadənin, S.Mümtazın, V.Xuluflunun, Əbdürrəhman Dainin, H.Əlizadənin, M.H.Təhmasibin və başqalarının gördüyü böyük işlər özlüyündə ənənənin formalaşmasına, milli düşüncənin oyanışına yönləndirilmiş hadisədir. Ona görə də hesab etmək olar ki, Azərbaycan folklorşünaslığı möhkəm özül üzərində bərqərar olmuşdur və bu gün də onun üzərindədir. Buraya digər məsələni də əlavə etmək lazımdır, bu da böyük klassiklərimizin zəngin yaradıcılığı ilə bağlı olanlardır...
Azərbaycan ədəbiyyatı keçib gəldiyi yolda həmişə uğurlarla, yeni-yeni yaradıcı ruhların ədəbiyyata gəlişi ilə səciyyələnmişdir. Klassik ədəbiyyatın görkəmli nümayəndələri öz dünya şöhrətli əsərlərini məhz xalqın zəngin şifahi ədəbiyyatından yararlanmaqla yaratmışlar. Q.Təbrizinin, M.Gəncəvinin, X.Şirvaninin, N.Gəncəvinin, A.Ərdəbilinin, M.Əvhədinin, Ə.Təbrizinin, Q.Bürhanəddinin, Ş.İ.Xətainin, M.Füzulinin, M.Əmaninin, Fədainin, Məsihinin, S.Təbrizinin, M.V.Vidadinin, M.P.Vaqifin, A.M.Şirvaninin, Ş.Şirvaninin. Q.Zakirin, M.Aşiqin, C.Nəvanın, X.Natəvanın, S.Ə.Şirvaninin, M.Ə.Sabirin, A.Səhhətin, S.Vurğunun və başqalarının yaratdığı böyük sənət abidələrinin qaynağında xalq ədəbiyyatı dayanır. Məhz xalq ədəbiyyatı bir motiv, hadisə, əhvalat, forma, məzmun hadisəsi kimi bu sənətkarların yaradıcılığını və düşüncəsini cilalamışdır. Bir növ etnosun qəlb çırpıntılarını, ruhunu ifadə etmək kimi müqəddəs amala xidmət etmişdir. Görkəmli alim B.Humbolt vurğulayırdı ki, “xalqın dili onun ruhu, ruhu isə onun dilidir”. Azərbaycan ədəbiyyatının klassikləri təkcə xalqın əfsanə, əsatir, rəvayət, nağıl, dastan, nəğmə, bayatı, atalar sözü örnəklərindən yararlanmaqla kifayətlənməmiş, həm də bunlardan bəhrələnmənin istiqamət və yolunu göstərmişlər. Bir növ bu nümunələrin gələcəyə ötürülməsi kimi müqəddəs vəzifəni yerinə yetirmişlər. N.Gəncəvinin yaradıcılığı bu müstəvidə zəngin xəzinədir.
Folklorşünas alimimiz S.Qəniyev bir istiqamətdə klassiklərin yaradıcılıq ənənələrini, onların əsərlərində olanları mənimsəmiş və bütün təfərrüatları ilə öyrənməyə çalışmışdır. Digər tərəfdən o, zəngin, həm də ucu-bucağı görünməyən bir mühitin, Şirvan ədəbi-mədəni mühitinin yetirməsidir. Bu mühitin əhatə elədiyi düşüncə onun sərhədlərindən çox-çox genişdir və bəlkə də insan ağlının gedib çata biləcəyi bir əhatəliliklə müqayisə oluna bilər. Bu səbəbdən də S.Qəniyevin folklorşünaslıq fəaliyyətində olanların əzəməti və əhatəsi elə qaynağını buradan, daha doğrusu, boya-başa çatdığı, bütün varlığı ilə bağlandığı Şirvanın ədəbi-mədəni zənginliyindən alır. Etiraf edək ki, Şirvan ictimai, siyasi, mədəni düşüncəmizin, dövlətçilik tariximizin ən qədim məkanlarındandır. Təkcə onu etiraf etmək lazımdır ki, Şirvanın dövlətçilik baxımından min ildən çox olacaq bir tarixi vardır. Bu özlüyündə digər məsələlərə, bütünlükdə ədəbi, mədəni sahədə olanların hamısına işıq salır. X.Şirvani, K.Ömər, İ.Şirvani, F.Şirvani, V.Şirvani, Z.Şirvani, B.Şirvani, İ.Nəsimi, M.Şirvani, A.M.Şirvani, Ş.Şirvani, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Hadi, A.Səhhət və s. onlarla, bəlkə də, yüzlərlə sənətkarlarımız bütün varlığı, ruhu etibarilə mədəniyyətimizin, ədəbiyyatımızın çiçəklənməsinə xidmət ediblər və bu sahədə vətəndaşlıq nümunəsi göstəriblər. X.Şirvani “şeir səmasının günəşiyəm mən” deyirdi. Z.Şirvani “Mənanın canı mənəm, çünki bu dünya qədəri var hünərim, o uca çərx mənəm, çünki bir özgə fələk olmuş qədərim” söyləyirdi. B.Şirvani “getdi Xaqani, mənəm indi mədh edən, şeir elmində bu gün bir kimsə deyil həmtayi-mən” qənaətinə gəlirdi. Bütün bunlar və bu kimi nümunələr mühiti ifadəyə, onun zənginliyinin təqdiminə hesablanmışdır.
Belə bir zənginliyin öyrənilməsinə və inkişaf texnologiyasının izlənməsinə həmişə ehtiyac olmuş və bu gün də vardır. Müsbət haldır ki, ədəbi-nəzəri fikrimiz bu istiqamətdə həmişə ciddi addımlar atmaq, mühitin spesifikasını araşdırmaq yolunu tutmuşdur. Əlbəttə, buraya maraq bir tərəfdən Azərbaycan ədəbi-nəzəri fikri ilə bağlanırsa, digər tərəfdən bütünlükdə türk, Şərq və Avropa elmi mühiti ilə əlaqələnir. S.Qəniyevin bir folklorşünas kimi bu mühitə bağlantılarının genetikası məhz milli düşüncə, etnos təsəvvürləri ilə əhatələnir. Son dövr Azərbaycan folklorşünaslığı ciddi uğurlarla səciyyələnir və bunlar çoxşaxəliliyi, müxtəlifyönümlülüyü, məzmun mündəricəsinin əhatəliliyi ilə maraq doğurur. Toplama, nəşr tədqiq sahəsində olanlara diqqət yetirmək kifayətdir ki, lazımı təsəvvürü əldə edəsən. Məsələn, “Dərbənd folklor antologiyası”, “Bakı folklor örnəkləri”, “Borçalı folklor örnəkləri” “Şəki-Zaqatala folklor antologiyası”, “Ağbaba folklor antologiyası”, “Naxçıvan folklor antologiyası”, “Göyçə folklor antologiyası”, “Qarabağ: folklor da bir tarixdir” külliyyatı və s. Azərbaycan folklorşünaslığında gedən işlərin dönməzliyini səciyyələndirir. AMEA-nın Folklor İnstitutu bu möhtəşəm işlərin başında durmaqla perspektivləri, gediləcək yolu müəyyənləşdirir və bu yolun başlanğıcı isə bizim böyük-böyük ziyalılarımız tərəfindən qoyulmuşdur. Folklor İnstitutu və onun əməkdaşlarından biri olan S.Qəniyev bütün varlığı ilə bu müqəddəs işə köklənmişdir. Biz region folklorunun öyrənilməsi sahəsində antologiyaların adını çəkdik. Onu da əlavə edək ki, “Şirvan folklor antologiyası”nın toplanması məhz folklorşünas alimimiz S.Qəniyevin adı ilə bağlıdır.
Folklorşünas S.Qəniyev Şirvan folklor mühitinin tədqiqatçısıdır. Onun Şirvan folklorunun toplanması, nəşri, tədqiqi sahəsində etdikləri bəlkə də bir institutun görə biləcəkləri qədərindədir. O, Şirvanı el-el, oba-oba gəzib dolaşmış, müdriklərin, el ağsaqqallarının, ağbirçəklərinin dizinin dibində oturmuş, onların söz boxçasını, yaddaşında olanları yazıya gətirmişdir. Daha doğrusu, böyük bir vətəndaşlıq missiyası yerinə yetirmişdir. “Aşıqlar və el şairləri” (1993), “Şirvan aşıqları” (1993), “Şamaxı” (1994), “Şirvan şairləri” (1994), “Beytüs-Səfa davamçıları” (1994), “Bu yol Şirvan yoludur” (1994), “Şirvan folklor antologiyası” (1994), “Övliyalar, ziyarətgahlar, müqəddəslər və din xadimləri” (1995), “Sənətdə yaşayan ömürlər” (1995), “Mən bir elin oğluyam” (1995), “Dağdan ağır elim var” (1996), “Şirvan qadın şairləri” (1996), “Şirvan aşıqları” (1997), “Şirvanın 350 şairi” (1999), “Aşıq Xanış” (1999), “Adım Aşıq Şakir, mahalım Şirvan” (2001), “Mən Abbasam, Cəyirlidi məkanım” (2002), “Şirvanlı Aşıq Mirzə Bilal” (2003), “Şirvanlı Aşıq Xanmusa” (2004), “Şirvanlı Aşıq Yanvar” (2004), “El şairi Naburlu Badam” (2005), “El şairi Qobustanlı Qara” (2005), “Şirvanlı Aşıq Hacalı” (2005), “Şirvan aşıqları” (2007), “Şirvanlı Aşıq Ağalar” (2011), “Şirvanlı Aşıq Şakir” (2012), “Şirvanın 555 şairi” (2013), “S.Ə.Şirvani ocağı” (2014) və s. Ona görə və sair dedim ki, bunlar onun toplayıb tərtib etdiyi kitabların hamısı deyildir. Elə adını xatırladığım kitabların siyahısı folklorşünas alimimiz haqqında ciddi təsəvvür yaradır və nə qədər gərəkli işlər gördüyünü aydınlaşdırır. Adi halda bunları etmək çox çətindir, düşünürəm ki, bunlar onun xalqın milli-mənəvi mədəniyyətinə vurğunluğunun göstəricisidir.
Bir reallığı da etiraf edim ki, folklorşünaslıqda toplama və tədqiq kimi iki ciddi istiqamətin paralel aparılması çətindi və hər kəsə də nəsib olmur. Bizim az-az folklorşünasımız bu sahələrin hər ikisində də gərəkli uğura imza atıblar. Bəziləri toplama sahəsində ciddi işləri ilə diqqəti cəlb etmişsə, digər bir hissəsi nəzəri mülahizələri ilə diqqət mərkəzində olmuşlar. S.Qəniyevdə hər iki xətt paralel şəkildə özünü göstərir və onun gördüyü işlərin ağırlıq mərkəzində toplama sahəsində etdikləri durur. Şirvan aşıqları onun toplamaları sayəsində bir bütöv kimi kitablaşaraq Azərbaycan ədəbi ictimaiyyətinə çatdırılmışdır və bu gün də çatdırılır. Artıq Seyfəddin müəllim altmış beş yaşındadır və bu altmış beş illik ömürdə o, ancaq xalqın mənəvi mədəniyyətinə sahiblik missiyasını yerinə yetirmişdir. Onun vurğunluğunun mahiyyətində xalqın yaratdığı böyük mədəniyyətə münasibət dayanır. Bütün fəaliyyəti öz qaynağını oradan götürür. Ola bilsin ki, biz onun bu işlərinin zamanımızda qədrini bilməyək, bir qədər biganəlik göstərək. Ancaq illər ötdükcə, zaman keçdikcə onun dəyəri və qiyməti daha çox bilinəcək. Elmimiz, folklorşünaslığımız ona bir mənbə kimi müraciət edəcəkdir. Bir qədər də dəqiq desək, biz bir istiqamətdə Şirvan mühitini, onun folklor mənzərəsini S.Qəniyevin kitablarından öyrənəcəyik. Necə ki, indi M.Mahmudbəyovun, E.Sultanovun, S.Mümtazın, V.Xuluflunun, H.Əlizadənin və bu sıradan olanların kitabları bizim üçün əvəzsiz mənbədir... Təkrar edirəm, vaxt gələcək folklorşünas alimimiz S.Qəniyevin kitabları da bu sıraya daxil olacaqdır. “Aərbaycan folklorunun ilkin nəşrləri” seriyasından olan kitablara baxmaq kifayətdir...
...Seyfəddin Qəniyev Şirvan folklor mühitinin tədqiqatçılarındandır. Onun ağırlıq mərkəzini isə aşıqlarla bağlı gördüyü işlər təşkil edir. “Şirvan folklor mühiti” (1997), “Aşıq şeirinin poetikası” (1999) və s. monoqrafiyaları uzun illərin araşdırmasının yekunu kimi ortaya çıxmışdır. Düzdür, onun ciddi araşdırmalarının başlanğıcında M.F.Axundovla bağlı apardığı tədqiqatlar dayanır. Elə namizədlik dissertasiyası da M.F.Axundovun “Kəmalüddövlə məktubları” ilə bağlı olmuşdur. Uğurlu bir tədqiqat əsəri yazmışdır. Müdafiəsində Azərbaycan elminin görkəmli alimləri bu əsərlə bağlı özlərinin fikir və mülahizələrini söylədilər və S.Qəniyevə özlərinin xeyir-dualarını verdilər. Lazımı qədər zəngin, həm də fəlsəfi xarakterli mövzudan sonra onun xalq ədəbiyyatına gəlişi uğurlu alındı. Gərəkli və böyük işlərin görülməsi ilə ədəbi-nəzəri fikrimiz bir qədər də zənginləşdi...
Azərbaycan elmi-nəzəri fikri filologiya elmləri doktoru S.Qəniyevi bir folklorşünas kimi tanıyır. Lakin onun zəngin yaradıcılığında folklorşünaslıq bir tərəfdir və təkrar edirik ki, həm də aparıcı tərəfdir. Gördüyü gərəkli işlərin mühüm bir hissəsi klassik ədəbiyyatla bağlıdır. O, Şirvan mühitində yaşayıb yaratmış klassik ədəbiyyatın nümayəndələrinin əsərlərinin bir yerə toplanması və haqqında informativ bazanın yaradılması sahəsində də ciddi işlərə imza atmışdır. Onun “Şirvanın 350 şairi” (1999), “Şirvanın 555 şairi” (2013) kitabları fakt bolluğu və Şirvan ədəbi mühitinin inkişaf tarixini öyrənmək baxımından mənbədir. Bu kitablara, ümumiyyətlə, S.Qəniyevin yaradıcılığı ilə bağlı olanlara həmişə maraqlı olmuş, həssaslıq göstərmişəm. Bəzən mətbuat səhifələrində fikirlərimi də bölüşmüşəm. O qənaətə gəlmişəm ki, Şirvan mühiti bir bütöv olaraq S.Qəniyevin tədqiqatlarında özünə yer alır...
Əfsanəvi İran hökmdarı vurğulayırdı ki, “günlərin səhifəsi ömür səhifəsidir, ona ən gözəl əməllər və ən gözəl əsərlərdən başqa heç nə yazmayın”. Seyfəddin müəllim də belə bir düşüncə ilə məhz altmış beş ilə gəlib çatmışdır. Və ömür səhifəsinə ən gözəl əsərləri, xalqın zəngin yaradıcılığını, mənəvi sərvətini toplamaq işini yazmışdır. Belə bir müqəddəs əməllə yaşamaq isə hər kəsə nəsib olmur...
Dostları ilə paylaş: |