Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
Ləman SÜLEYMANOVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutunun
“Dədə Qorqud” şöbəsininaparıcı elmi işçisi
e-mail: leman_suleymanova@mail.ru
HAYLAÇI SƏNƏMİN HƏYATI VƏ YARADICILIĞI
Xülasə
Azərbaycanda vaxtilə geniş yayılmış tənbur sənəti hal-hazırda yalnız Zaqatala-Balakən bölgəsində yaşayır. Bu bölgədə tənbura dambır, dambırla oxunan mahnılara isə hayla deyirlər. Bölgədə həm qadın, həm də kişi dambırçılar olmuşdur. Belə sənətkarlardan biri də Balakən dambırçıları arasında xüsusi yerə və sanbala malik Haylaçı Sənəmdir. Sənəm həm dambır ifa edib, həm də yaxşı hayla dediyi üçün camaat ona Haylaçı Sənəm deyərmiş. Balakənli söyləyicilərin verdikləri məlumatlara görə, Haylaçı Sənəm Balakəndə hər kəs tərəfindən tanınan və sevilən sənətkar olmuşdur. Sənəmin olduqca kədərli taleyi olmuşdur. Nakam sevginin təsiri ilə o, əlinə dambır alaraq nisgilini haylaları vasitəsilə çatdırmışdır. Sevgidə oxu daşa dəyən Sənəm qadın paltarını çıxarıb ataraq kişi paltarı geyinir və ömrünün sonuna qədər bu paltarda gəzir. O, I Aşıqlar Qurultayının qadın iştirakçılarından biri olmuşdur. Görkəmli alim Əzizə Cəfərzadə həmin qurultaydan sonra Haylaçı Sənəmlə görüşmüş, ondan 213 hayla da qeydə alaraq çap etdirmişdir. Ancaq çox təəssüf ki, Əzizə Cəfərzadə bütün bölgə əhalisi arasında Haylaçı Sənəm kimi tanınan ustadı Aşıq Sənəm kimi təqdim etmişdir. Bu, bəlkə də Sənəmin I Aşıqlar Qurultayındakı iştirakı ilə bağlıdır. Bu gün də xalq arasında Sənəmin oxuduğu haylalar və taleyi ilə bağlı müxtəlif rəvayətlər xalq arasında dolaşmaqdadır. Onun vaxtilə çağırdığı haylaların bir qismi xalq bayatılarına qarışsa da, bir qismi bu gün də Haylaçı Sənəmin adı ilə oxunmaqdadır. Sənəm dambırda “Çay daşı, çaylaq daşı”, “Yerli hava”, “Qərib hava” və s. dambır mahnılarını da məharətlə ifa edərmiş.
Dostları ilə paylaş: |