Dərc olunmamış yazıya giriş



Yüklə 310,67 Kb.
səhifə4/6
tarix21.10.2017
ölçüsü310,67 Kb.
#7723
növüYazı
1   2   3   4   5   6

Alim və müdriklərin bizə verdiyi məntiqi bilik həyatın mənasını inkar edir, böyük insankütləsi, bütün bəşəriyyət isə - bu mənanı məntiqsiz bilikdə görür. Bu məntiqsiz bilik – inamdır, o inam ki, mən onu kənara atmıya bilməzdim. Bu – tək və üç simada olan Allahdır, altı gün ərzində baş verən yaranışdır, şeytan və mələklərdir və bütün o şeylər ki, mən onları yalnız ağlımı itirdikdə qəbul edə bilərəm.

Mənim vəziyyətim dəhşətli idi. Mən bilirdim ki, məntiqi bilik yolunda həyatın inkarından başqa heçnə tapmayacam, orada inamda isə - dərrakənin inkarından başqa heçnə, bu isə həyatın inkar edilməsindən daha mümkünsüz idi. Məntiqi bilikdən belə çıxırdı ki, həyat bədbəxtlikdir, insanlar bunu bilirlər və yaşayıb-yaşamamaq onların özlərindən asılıdır, onlar isə yaşayıblar və yaşayırlar, mən özümdə yaşayıram, ona baxmayaraq ki, həyatın mənasız və bədbəxtlik olduğunu çoxdan bilirəm.

Inamdan isə belə çıxırdı ki, həyatın mənasını başa düşmək üçün mən dərrakədən imtina etməliyəm, o dərrakədən ki, hər şeydə məna axtarır.

IX
Nəticədə ziddiyyət alınırdı bu ziddiyyətdən yalnız iki çıxış var idi ; ya mən məntiqi adlandırdığım bilik mən düşündüyüm qədər də məntiqi deyildir; ya da mənə məntiqsiz görünən bilik, mən düşündüyüm qədər də məntiqsiz deyildir. Mən öz məntiqi biliyimin fikir gedişini yoxlamağa başladım.

Məntiqi biliyin fikir gedişini yoxladıqda, mən onun təmamilə düz lduğunu müəyyən etdim. Həyatın mənasız olması haqda nəticə qaçılmaz idi; lakin mən səhvi gördüm. Səhv onda idi ki, mən qoyduğum suala uyğun düşünmürdüm. Sual belə idi: mən nə üçün yaşamalıyam, mənim qeyri-real, məhvə doğru gedən həyatımdan həqiqi, məhv olmayan nə çıxacaq, bu sonsuz dünyada mənim müvəqqəti həyatımın mənası nədir? Bu suala cavab vermək üçün, mən həyatı tətqiq edirdim.

Həyat sualının heç bir həlli, şübhəsiz ki, məni qane edə bilməzdilər, çünki mənim sualım ilk baxışdan nə qədər sadə görünsə də, müvəqqətinin sonsuzla və əksinə sonsuzun müvəqqəti ilə izah edilmə tələbini özündə birləşdirirdi.

Mən: Mənim həyatımın zaman, səbəb, məkan xaricində olan mənası nədir? sualını qoyurdum. Cavabı isə: mənim həyatımın zaman, səbəb və məkan daxilində olan mənası nədir? sualına verirdim. Nəticədə, ağlımın böyük zəhmətindən sonra mən: heçnədir – cavabını verdim.

Öz düşüncələrimdə mən daima müvəqqətini müvəqqətiyə və sonsuzu sonsuza bərabər tuturdum və heç başqa cür edə də bilməzdim, ona görə mən qaçılmaz bir nəticə əldə etdim: güc gücdür, maddə maddədir, iradə iradədir, sonsuzluq sonsuzluqdur, heçnə heçnədir və bundan başqa heçnə əldə edə bilmirdim.

Riyaziyyatda tənliyi həll etməyi düşünərək bərabərlik həll edildiyi hala bənzər bir hal alındı. Fikir gedişi düzdür, lakin nəticədə: a=a, yaxud x=x, yaxud 0=0 cavabı alınır. Həyatımın mənası haqda sualla bağlı düşüncələrimlə də eyni hall baş verdi. Elmin bu suala verdiyi cavabların hamısı – yalnız bərabərlikdirlər.

Həqiqətən də, dəqiq məntiqi bilik, Dekart etdiyi kimi, hər şeyə tam şübhə etməklə başlayan, inam üzərində qurulan hər hansı bir biliyi atan və hər şeyi yenidən məntiq və təcrübə qanunları üzərində quran bilik – həyat sualına mən aldığım cavabdan başqa, yəni qeyri-müəyyən cavabdan başqa heç bir cavab verə bilməz. Mənə yalnız əvvəlcə elə gəldi ki, bilik müsbət cavab verdi, yəni Şopengauerin: həyatın mənası yoxdur, obədbəxtlikdir – cavabını verdi. Lakin məsələni araşdırdıqda mən başa düşdüm ki, cavab müsbət deyil, sadəcə olaraq mənim hissim onu belə ifadə edib. Dəqiq ifadə edilən cavab isə, yəni braminlərin, Süleymanın, Şopenqauerin ifadə etdikləri cavab, yalnız qeyri-müəyyən cavabdır, yaxud bərabərlikdir: 0=0, mənə heçnə kimi görünən həyat – heçnədir. Belə ki, fəlsəfi bilik heçnəyi inkar etmir, o yalnız cavab verir ki, bu sualı həll edə bilməz və onun üçün bu sualın həlli qeyri müəyyən qalır.

Bunu anlayaraq, mən başa düşdüm ki, məntiqi bilikdə mənim sualıma cavab axtarmaq olmaz idi və məntiqi biliyin verdiyi cavab yalnız ona işarə edir ki, cavab yalnız sualın başqa qotuluşunda, yalnız düşüncə prosesinə müvəqqətinin sonsuzluğa münasibəti sualı daxil edildik də alına bilər. Mən başa düşdüm ki, dinin verdiyi cavablar nə qədər məntiqsiz və qüsurlu olsalarda, onların o üstünlüyü var ki, onlar hər bir cavaba, onun mükünlüyünü təmin edən, müvəqqətinin sonsuzluğa münasibətini daxil edirlər. Mən sualı necə qoyuram sa qoyum: Mən necə yaşamalıyam? – cavab: Allahın qanunu ilə. Mənim həyatımdan həqiqi nə çıxacaq? – Əbədi iztirablar, yaxud əbədi həzz. Həyatın ölümlə yox edilməyən nə mənası var? – Sonsuz tanrı ilə qovuşmaq, cənnət.

Belə ki, mən avvəllər yeganə təsəvvür etdiyim məntiqi bilikdən başqa, mövcud olan bütün bəşəriyyətin hansı sa başqa, məntiqsiz, ona yaşamaq imkanı verən bir biliyi var. Bu bilik – inamdır. Mən bunu etiraf etmək məcburiyyətində idim. Inamın bütün məntiqsizliyi mənim üçün əvvəlki kimi dəyişilməz olaraq qalırdı, lakin mən onu etiraf etməyə bilməzdim ki, yalnız o bəşəriyyətə, onun həyat suallarına cavab verir və nəticədə yaşamaq imkanı yaradır.

Məntiqi bilik məni həyatın mənasızlığının etirafına gətirdi, mənim həyatım dayandı və mən özümü məhv etmək istədim. Insanlara, bütün bəşəriyyətə nəzər saldıqda isə mən gördüm ki, onlar yaşayir və iddia edirlər ki, həyatın mənasını bilirlər. Özümə baxdım: mən həyatın mənasını bilənə qədər yaşayırdım. Başqa insanlar kimi mənə də həyatın mənasını və yaşamaq imkanını inam verirdi.

Daha uzaqlara, mənim müasirlərim və ömürlərini başa vurmuş, başqa dövlətlərin insanalına nəzər saldıqda mən eyni şeyi gördüm. Harada ki həyat var orada , bəşəriyyət mövcud olan zamandan, inam yaşamaq imkanı verir və inamın əsas xüsusiyyətləri hər yerdə və hər zaman eynidir.

Hər hansı inam, hər hansı insana, hər hansı cavab verirsə versin, inamın hər bir cavabı insanın müvəqqəti həyatına əbədi məna verir – iztirablarla, itkilərlə və ölümlə məhv olmayan məna. Deməli – yalnız inamda həyatın mənasını tapmaq olar və yalnız inam yaşamaq imkanı verir. Mən anladım ki, inamın ən mühüm, ən vacib rolu yalnız “görünməyən şeylərin aşkara çıxarılması” və s. deyil, vəhu da deyil (bu yalnız inamın əlamətlərindən birinin təsviridir), yalnız insanın tanrıya münasibəti də deyil (tanrıdan inamı müəyyən etmək yox, əksinə, öncə inamı müəyyən etmək lazımdır, sonra isə tanrını), inam, əksər hallarda düşünüldüyü kimi, yalnız insana deyilənlərlə razılıqda deyil – inam insana özünü məhv etməmək və yaşamaq imkanı verən həyatln mənası haqda bilikdir. Inam – həyat gücüdür. Əgər insan yaşayırsa, deməli o nəyə isə inanır. Əgər o inanmasa idi ki, nə üçünsə yaşamaq lazımdır, onda o yaşamazdır. Əgər o müvəqqətinin xülya, qeyri-real olduğunu anlayırsa, onda o sonsuza inanmalıdır. Inamsız yaşamaq mümkün deyil.

Mən öz daxili fəaliyyətimin bütün gedişini xatırladım və dəhşətə gəldim. Indi mənə aydın idi ki, yaşamaq üçün insan ya sonsuzu görməməlidir, yahud da həyatın elə izahına malik olmalıdır ki, o müvəqqətini sonsuza bərabərləşdirsin. Belə bir izah məndə var idi, lakin mən müvəqqətiyə inanarkən, o mənə lazım deyildir və mən onu məntiq, dərrakə ilə yoxlamağa başladım. Nəticədə, məntiq və dərrakənin işığında bütün əvvəlki izahlar alt-üst oldular. Lakin elə bir zaman gəldi ki, mən müvəqqətiyə olan inamımı itirdim. Onda mən məntiqi əsaslar üzərində məndə olan biliklərlə həyatın mənasını verə bilən izahı qurmağa başladım; lakin heçnə qurulmadı. Bəşəriyyətin ən böyük müdrikləri ilə birlikdə mən 0=0 nəticəsinə gəldim və belə bir cavab almağıma çox təəcübləndim, halbuki heç bir başqa cavab ola bilməzdir.

Təcrübi bilikdə cavab axtararkən mən nə edirdim? Mən nə üçün yaşadığımı bilmək istəyirdim və bunu üçün mənim xaricimdə olan nə varsa, hamsını öyrənırdim. Aydındır ki, mən, mənə lazım olan şeydən başqa, çox şeyi öyrənə bilərdim.

Fəlsəfi biliklrdə cavabı axtararkən mən nə edirdim? Mən, elə mənim vəziyyətimdə olan, mən nə üçün yaşayıram sualının cavabını bilməyən insanların fikirlərini öyrənirdim. Aydındır ki, mən yalnız özüm bildiyim şeyi – yəni heçnə bilmək mümkün deyil – öyrənə bilərdim.

Mən nəyəm? – sonsuzluğun bir hissəsi. Axı bütün məsələ elə bu iki kəlmədədir. Görəsən yalnız dünənmi bəşəriyyət özünə bu sualı edib. Görəsən mənə qədər heç kim özünə, hər bir ağlı kəsən adamın dilinə gələn, belə sadə sualı etməyib?

Axı bu sual insan mövcud olan zamandan qoyulub; və insan mövcud olan zamandan aydındır ki, bu sualın həlli üçün müvəqqətini müvəqqətiyə və sonsuzu sonsuza bərabər tutmaq eyni dərəcədə kifayət etmirvə insan mövcud olan zamandan müvəqqətinin sonsuza münasibəti axtarıb tapılıb və təsvir edilib.

Müvəqqətinin sonsuza bərabərləşdirən və nəticədə həyatın mənası alınan bütün bu anlayışları, yəni Allah, azadlıq, xeyr anlayışlarını biz məntiq, dərrakə ilə tədqiq edirik. Lakin bu anlayışlar məntiq və dərrakənin tədqiqinə tab gətirmirlər.

Bizim uşaq kimi lovğalıq və özümüzdən razılıqla saatı sökməyimiz, yayı çıxardıb ondan oyunçaq düzəltməyimiz və sonra saatın artıq işləməməsinə təəcüb etməyimiz bu qədər dəhşətli olmasa idi, gülməli olardı.

Müvəqqətinin sonsuzla olan ziddiyyətinin həlli və həyat sualına həyatı mümkün edən cavabın müəyyən edilməsi vacib və qiymətlidir. Hər yerdə, hər zaman və bütün xalqlarda rast gəldiyimiz bu yeganə həlli – bizim üçün insan həyatı başlayan zamanlardan çıxarılan həlli, elə bir çətin həlli ki, biz ona bənzər heçnə düşünə bilmirik – biz ağılsız casına dağıdırıq ki, yenidən, hər bir insana xass olan, lakin bizdə cavabı olmayan həmin o sualı qoyaq.

Sonsuz Tanrı, ruhun ilahiliyi, insan əməllərinin Tanrı ilə əlaqəsi anlayışları, mənəvi xeyr və şər anlayışları – bəşər həyatının bizim nəzərimizdən itən tarixi keçmişində yaradılan anlayışlardır, bu həmin o anlayışlardır ki, onlar olmadan nə həyat, nə də mən özüm mövcud olmazdıq, mən isə bütün bəşəriyyətin bütün bu əməyini kənara ataraq, hər şeyi özüm tək başına yenidən və özüm bildiyim kimi etmək istəyirəm.

Mən o zaman belə düşünmürdüm, lakin bu fikirlərin toxumları artıq mənim daxilimdəidilər. Mən anlayırdım ki, 1. Mən Şopenqauer və Süleymanla, bizim bütün müdrikliyimizə baxmayaraq, axmaq vəziyyətdəyik – biz həyatın bədbəxtlik olduğunu anlayırıq və buna baxmayaraq yaşayırıq. Bu, şübhəsiz ki, axmaqlıqdır, çünki, əgər həyat mənasızdırsa – mən isə mənalı hər şeyi bu qədər sevirəm – onda həyatı məhv etmək lazımdır və o zaman onu inkar edən də olmayacaq. 2. Mən anlayırdım ki, bizim bütün düşüncələrimiz dişli çarxa ilişməyən təkər kimi, tilsimlənmiş bir dairədə fırlanırlar. Biz nə qədər dərin və yaxşı düşünsəkdə, suala cavab ala bilməyəcəyikvə hər zaman 0=0 olacaq, buna görə bizim tutduğumuz yol, yəqin ki, səhvdir. 3) Mən anlamağa başladım ki, inam verdiyi cavablarda başariyyətin ən dərin müdrikliyi qorunub saxlanılır və mənim haqqım yox idi ki, məntiqə əsaslanaraq onları inkar edim və, ən əsası, yalnız bu cavablar həyat sualına cavab verirlər.

X

Mən bunu anlayırdım, lakin mənim vəziyyətim ağır olaraq qalırdı.



Mən indi istənilən inamı qəbul etməyə hazır idim, təki o məndən dərrakə və məntiqin açıq inkarını tələb etməsin, çünki bu yalan olardı. Mən buddizm və islamı kitablardan və, xüsusilə də, xristianlığı həm kitablardan həmətrafımda yaşayan insanlardan öyrənməyə başladım.

Təbii ki, mən, ilk olaraq, ətrafımda yaşayan mömin insanlara, alimlərə, pravoslav iləhiyyətçilərinə, rahiblərə, yeni çalarlı pravoslav ilahiyyətçilərinə və hətta yeni xristianlar adlanan, xilası bağışlanmağa inamda görən və buna etiqad edən xristianlara müraciət etdim. Mən bu möminlərdən bərk-bərk yapışdım və onları necə inandıqları və həyatın mənasını nədə gördükləri haqda sorğu-suala tuturdum.

Ona baxmayaraq ki, mən hər cür güzəştlər edirdim, hər bir mübahisədən çəkinirdim, mən bu insanların inamını qəbul edə bilmirdim – mən görürdüm ki, onlar inam kimi qələmə verdikləri şey, həyatın mənasının izahı deyil, əksinə onun qarışdırılmasıdır və onlar özləri öz inamlarını, məni inama gətirən həyat sualına cavab vermək üçün deyil, əksinə, hansı sa başqa, mənə yad olan məqsədlər üçün isbat edirlər.

Bu insanlarla ünsiyyətdə olduğum müddətdə, qəlbimdə doğan ümid hissindən sonra, yenidən əvvəlki ümidsizliyə qayıdışın üzücü dəhşət hissini dəfələrlə keçirtdiyimiyaxşı xatırlayıram. Onlar öz inam və məzhəblərini mənə nə qədər dolğun, ətraflışərh edirdilərsə, o qədər mən onların səhvlərini və onların inamında həyatın mənasının izahını tapmaq ümidinin itməsini aydın şəkildə görürdüm.

Məni onlardan uzaqlaşdıran onların öz inamlarının şərhində mənə hər zaman doğma olan xristian həqiqətlərinə saysız-hesabsız lazımsız və məntiqsiz əlavələr olmadı; məni uzaqlaşdıran o oldu ki, bu insanların həyatı eynilə mənim həyatım kimi idi, fərq yalnız onda idi ki, o, onların öz inamlarında şərh etdikləri əsaslara uyğun deyildir. Mən aydın şəkildə hiss edirdim ki, onlar özlərini aldadırlar və onların da, mənim kimi, həyatlarının yalnız bir mənası var: nə qədər ki, həyat var – yaşamaq və əl çatan nə varsa hamsını götürmək. Mən bunu onda görürdüm ki, əgər onlar yoxsulluq, iztirablar və ölüm qorxusunu yox edən həyat mənasına malik olsaydılar, onda bütün bunlardan qorxmazdılar. Onlar isə, bizim aramızda yaşayan bu insanlar, mənim kimi bolluq içində yaşayır, onu artırmağa yaxud qorumağa çalışır, yoxsulluq, iztirablar və ölümdən qorxur və mən və bizə bənzər dinsizlər kimi istək və ehtiraslarını razı salaraq yaşayırdılar, dindən uzaq insanlar kimi bəlkə daha pis, yaşayırdılar.

Heç bir mülahizə və düşüncələr məni onların inamlarının həqiqət olduğuna inandıra bilməzdilər. Məni yalnız onların əməlləri inandıra bilərdilər, o əməllər ki, onların elə bir həyat mənasına olduqlarını göstərsin ki, onun nəticəsində məni dəhşətə gətirən yoxsulluq, xəstəlik, ölüm qorxusu onları qorxudmasın. Bizim mühitdə yaşayan bu müxtəlif dindarlar arasında isə mən belə əməlləri görmürdüm. Mən bu cür əməlləri bizim mühitin dindar adlanan dindarları arasında deyil, əksinə, bizim mühitin ən dinsiz insanları arasında görürdüm.



Mən anladım ki, bu insanların inamı – mən axtardığım inam deyil, onların inamı inam deyil, o yalnız həyatda olan epikürçü təsəllilərdən biridir. Mən anladım ki, bu inam ölüm yatağında peşmançılıq çəkən Süleymana, təsəlli üçün də olmasa, bir qədər dərdini dağıtmaq üçün yarıyır, lakin o, başqalarının əməyi ilə əylənməklə deyil, əksinə, həyatı qurub-yaratmaqla məşğul olan bəşəriyyətin böyük əksəriyyəti üçün yarıya bilməz. Bütün bəşəriyyətin yaşıya bilməsi üçün, öz həyatını, ona məna verərək, davam etməsi üçün, onların, bu milyardlarla insanların, başqa həqiqi inamı olmalıdır. Məni inamın mövcud olmasına inandıran, mənim Süleyman və Şopenqauerlə özümüzü öldürməməyimiz olmadı, məni inandıran o oldu ki, bu milyardlarla insanlar yaşayıb və yaşayırlar və bizi və Süleymanları öz həyat dalğalarında çıxarıblar.

Mən yoxsul, sadə, savadsız insanlardan olan möminlərlə: zəvvarlarla, rahiblərlə, raskolçularla, kəndlilərlə yaxınlıq etməyə başladım. Xalq içində yaşayan bu insanların inamı bizim mühitdə yaşayan yalançı müminlərin inamı kimi xristianlıq idi. Xristian həqiqətlərinə, həmçinin, saysız-hesabsız mövhumatlar qatılmışdır, lakin fərq onda idi ki, bizim mühitdən olan müminlərin müvhumatları onlara təmamilə gərəksiz idi, onların həyatı ilə düz gəlmirdi, yalnız bir növ epikürçü əyləncə idi; zəhmətkeş xalqdan olan möminlərin mövhumatları isə onların həyatı ilə o dərəcə bağlı idi ki, onların həyatını bu mövhumatlarsız təsəvvür etmək olmazdır, - onlar bu həyatın ən zəruri, ən vacib şərti idi. Bizim mühitdən olan möminlərin bütün həyatı onların inamlarına zidd olduğu halda, mömin və zəhmətkeş insanların bütün həyatı inamın və dini biliyin həyata verdiyi mənasının təsdiqi idi. Mən bu insanların həyat və inamlarını diqqətlə öyrənməyə başladım və öyrəndikcə əmin olurdum ki, onların həqiqi inamı var, bu inam onlar üçün vacibdir və yalnız bu inam onların həyatına məna özlərinə isə yaşamaq imkanı verir. Bizim mühitdə gördüyümün əksi olaraq, yəni inamsız yaşamağın mümkün olduğunun və min nəfərdən bəlkə birinin özünü mömin hesab etdiyinin əksi olaraq, onların içində, demək olar ki, minlərdən biri dinsiz idi. Bizim mühitdə gördüyümün əksi olaraq, yəni bütün həyatın avaralıqla, əyləncə ilə, həyatdan narazılıqla keçdiyinin əksi olaraq, bu insanların bütün həyatının ağır zəhmət içində keçdiyinin və onların varlılardan daha az həyatdan narazı olduqlarının şahidi oldum. Bizim mühitdən olan insanların qismətlərinə düşən yoxsulluq və iztirablardan hiddətlənmələrinin və müqavimət göstərməklərinin əksi olaraq, bu nsanlar xəstəlik və bədbəxtlikləri təəcübsüz və müqavimətsiz qəbul edirdilər, təlaş etmirdilər və qəti inanırdılar ki, bunlar hamısı olmalıdır, başqa cür ola bilməz və hamsı onların xeyrinədir. Bizim, ağıllı olduqca həyatın mənasını anlamamağımızın və iztirab və ölümdə hansısa qəddar, zalım bir zarafat görməyimizin əksi olaraq, bu insanlar arxayın və təlaşsız, əksər hallarda isə sevinclə, yaşayır, iztirab çəkir və ölümə yaxınlaşırlar. Təlaşsız, qorxusuz və ümidsiz ölüm bizim mühitdə ən nadir istisna olduğu halda, həyacanlı, itaətsiz və kədərli ölüm xalq arasında ən nadir istisnadır. Mənimlə Süleyman üçün həyatın yeganə xoşbəxtliyini təşkil edən hər şeydən məhrum olmuş və bununla belə ən böyük xoşbəxtlik duyan bu cür insanlar olduqca çoxdur. Mən öz ətrafıma daha geniş nəzər saldım. Mən keçmişdə və müasir dövrdə yaşayan böyük insan kütləsinin həyatına diqqətlə baxdım və həyatın mənasını başa düşmüş, yaşayıb və ülməyi bacaran insanları iki, üç, onlarla deyil, əksinə, yüzlərlə, minlərlə, milyonlarla gördüm. Onlar hamısı öz xasiyyətləri, ağılları, savadları, mövqelərinə görə nə qədər fərqli olsalarda, hamısı eyni dərəcədə, mənim xoşbəxtliyimin tam əksi olaraq həyatın və ölümün mənasını bilir, arxayın çalışır, yoxsulluq və iztirablara dözür, həyat və ölümlərində məna və fayda görürdülər.

Mən bu insanları sevdim. Haqlarında oxuduğum və eşitdiyim həyatda olan və həyatdan köçmüş bu insanların həyatına diqqət yetirdikcə, onları daha da sevirdim və öz həyatımda asanlaşırdı. Beləcə mən iki ilə yaxin yaşadım və mənim həyatımda çoxdan gözlənilən və təmayülləri həmişə məndə olan, çevriliş baş verdi. Bizim mühitin – varlı, savadlı insanların – həyatı nəinki məni bezdirdi, hətta təmamilə mənasını itirdi. Bizim bütün fəaliyyətimiz, düşüncələrimiz, elmimiz, incəsənətimiz – hamısı mənə bir nadinclik, dəcəllik kimi göründü. Mən anladım ki, bütün bunlarda məna axtarmaq olmaz. Həyatı qurub-yaradan zəhmətkeş xalqın əməlləri isə, mənə yeganə həqiqi fəaliyyət kimi görünürdü. Mən anladım ki, bu həyata verilən məna həqiqətdir və mən onu qəbul etdim.

XI

ərivvvb


E Etiqad etdikləri inanclara zidd yaşayan insanları gördükdə bu inanclar məni özlərindən uzaqlaşdırır və mənasız görünürdülər və əksinə etiqad etdikləri inanclara uyğun yaşayan insanları gördükdə elə həmin bu inanclar mənə mənalı görünür və özlərinə cəlb edirdilər. Bütün bunları xatırladıqda mən anladım nə ücün o zaman mən bu inancları atdım və mənasız hesab etdim, indi isə onları qəbul etdim və təmamilə mənalı olduqlarını gördüm. Mən yolu azdığımı və necə azdığımı anladım. Mən düzgün düşünmədiyimdən deyil, düzgün yaşamadığımdan azmışdım. Mən başa düşdüm ki, həqiqəti məndən gizlədən mənim fikrimin yanılması yox, müstəsna epikürçüluq, istəkləri razı salmaq şəraitində keçirtdiyim həyatımın özüdür. Mən başa düşdüm ki, mənim həyatımın nə olması haqda sualım və ona: bədbəxtlik - cavabı təmamilə doğru idi. Səhv isə yalnız onda idi ki, yalnız mənə, mənim həyatıma aid olan cavabı mən ümumiyyətlə həyata şamil etdim: mən özümə mənim həyatım nədir sualı verdim və: bədbəxtlik və mənasız şeydir – cavabı aldım. Həqiqətəndə, mənim həyatım – ehtiraslarımı, istəklərimi razı salaraq yaşamağım – mənasız idi və bədbəxtlik idi və ona görə “ həyat mənasızdır və bədbəxtlikdir” cavabı ümumiyyətlə insan həyatına deyil, yalnız mənim həyatıma aiddir. Mən sonralar İncildə rast gəldiyim həgigəti anladım: insanlar zülməti işıqdan artıq sevdilər, ona görə ki, onların əməlləri yaman idi. çünki yaman əməllər törədən hər bir kəs işığa nifrət edir və ona doğru getmir ki, əməlləri aşkara çıxmasın. Mən başa düşdüm ki, həyatın mənasını anlamaq üçün hər şeydən əvvəl həyatın mənasız və yaman olmamağı vacibdir və məhz bundan sonra onu anlamaq üçün dərrakə lazımdır. Mən başa düşdüm nə üçün mən bu qədər uzun müddət bu aydın həqiqət ətrafında dolanırdım və əgər biz bəşəriyyətin həyatı haqqında danışmaq və düşünmək istəyiriksə (iddiasındayıqsa), onda bir neçə həyat parazitinin həyatı haqqında deyil, bəşəriyyətin həyatı haqqıda danışmaq və düşünmək lazımdır. Bu həqiqət, 2x2=4 kimi, hər zaman həqiqət olub, lakin mən onu etiraf etmirdim, çünki 2x2=4 etiraf etdikdə, mən özümün pis olduğumu etiraf etmək məcburiyyətində idim. Özümü yaxşı, ləyaqətli hiss etmək isə, mənim üçün, 2x2=4-dən, mühüm vəvacib idi. Mən yaxşı insanları sevdim, özümə nifrət etdim və həqiqəti etiraf etdim. Indi mənə hər şey aydın idi. Əgər həyatını işkəncə vermək və boyun vurmaqda keçirən bir cəllad, yaxud ölü vəziyyətində olan bir sərxoş, yaxud bütün ömrünü qaranlıq otaqda keçirmiş, bu otağı batırmış və bu otağı tərk etdiyi halda, öləcəyini zənn edən bir dəli - əgər onlar özlərinə: həyat nədir? – sualını versəidilər, nə olardı? - Yəqin ki, onlar: həyat nədir? – sualına, həyat böyük bədbəxtlikdir – cavabından başqa cavab ala bilməzdilər; və dəlinin cavabı təmamilə doğru olardı, lakin yalnız onun üçün. Bəlkə elə məndə belə ağılsızam? Bəlkə elə biz hamımız zəngin, savadlı insanlar belə ağılsızlarıq?

Mən başa düşdüm ki, biz həqiqətəndə belə ağılsızlarıq.

Mən, heç şübhəsiz, belə bir ağılsız idim. Həqiqətən, quş elə yaşayır ki, o uçmalıdır, yem yığmalıdır, yuva qurmalıdır və mən görəndə ki, quş bunu edir, onun sevinci ilə sevinirəm. Keçi, dovşan, canavar elə yaşayırlar ki, onlar qidalanmalıdırlar, artmalıdırlar, öz ailələrini yedirtməlidirlər və onlar bunu edəndə, məndə qəti inam var ki, onlar xoşbəxtdirlər və mənalı həyat yaşayırlar. Bəs insan nə etməlidir? O da heyvan kimi həyat qurmalıdır, lakin o bunu tək etsə məhv olar – o bunu tək özü üçün deyil, hamı üçün etməlidir və o bunu edəndə məndə qəti inam var ki, o xoşbəxtdir və mənalı həyat yaşayır. Bəs mən öz otuz illik şüurlu həyatım ərzində nə edirdim? Mən nəinki hamıya həyat qurmaqda kömək etmirdim, mən hətta öz həyatımı təmin etmirdim. Mən parazit kimi yaşayırdım və özümə: mən nə üçün yaşayıram, - sualı verdikdə, - heçnə üçün, - cavabı aldım. Əgər insan həyatının mənası onu qurmaqdadırsa, otuz il onu qurmaqla deyil, əksinə, özümün və başqalarının həyatını məhv etməklə məşğul ola ola, necə ola bilərdi ki, mən, mənim həyatım bədbəxtlik və mənasız bir şeydir cavabından başqa cavab ala bilərdim? O elə həqiqətən də bədbəxtlik və mənasız bir şey idi.

Bəşəriyyətin həyatı kiminsə iradəsi ilə yaşanır – kimsə bəşəriyyətin bu həyatı ilə və bizim həyatımızla özünün hansı sa bir işini görür. Bu iradənin mənasını anlamaq ümidini əldə etmək üçün, hər şeydən əvvəl onu yerinə yetirmək lazımdır – bizdən istənilən şeyi etmək lazımdır. Əgər mən, məndən istənilən şeyi etməsəm onda heç vaxt nə məndən istənilən şeyin nə olduğunu, nədə ki, bizim hamımızdan və ümumən bəşəriyyətdən istənilən şeyin nə olduğunu başa düşməyəcəm.

Əgər miskin, üryan, ac bir insanı küçədən götürüb, gözəl bir müəssisənin örtülü yerinə gətirib, yedirib, içirib və hansısa bir ağacı yuxarı və aşağı qaldırıb-endirməyə məcbur ediblərsə, onda, şübhəsiz ki, yoxsul nə üçün bura gətirildiyini, ağacı qaldırıb-endirməyin nəyə lazım olduğunu, bütün bu müəssisənin quruluşunun nə qədər mənalı olub-olmamasını ayırd etməkdən öncə - hər şeydən öncə yoxsul bu ağacı qaldırıb-endirməlidir. Əgər o ağacı qaldırıb-endirsə, onda başa düşəcək ki, bu ağac nasosu hərəkətə gətirir, nasos isə suyu vurur, su isə ləklərə axır; onda onu örtülü quyudan çıxarıb başqa işə qoyacaqlar və o məhsul yığacaq və öz ağasının məhəbbətini qazanacaq və aşağı vəzifədən yuxarı vəzifəyə keçərək, yavaş-yavaş bütün müəssisənin quruluşunu anlayaraq və onun işində iştirak edərək heç zaman nəinki ağasını təqsirləndirməyi, hətta nə üçün buradadır sualını ağlına belə gətirməyəcək.

Biz heyvan hesab etdiyimiz sadə, zəhmətkeş. Savadsız insanlar ağanın iradəsini yerinı yetirərək onu təqsirləndirmirlər; biz, müdriklər isə, ağaya məhsus hər şeyi yeyirik, ağa bizdən gözlədiyi heç nəyi isə etmirik və iş görmək əvəzinə bir yerə yığışıb: “Ağacı hərəkətə gətirmək nəyə lazımdır? Bu axı ağılsızlıqdır” , düşünərək deyirik. Gör iş gəlib nə yerə çatıb. Biz belə bir qənaətə gəlmişik ki, ağa ağılsızdır yaxud o yoxdur, biz isə ağıllıyıq, lakin hiss edirik ki, heçnəyə yaramırıq və hansı sa bir yolnan özümüzü özümüzdən xilas etmək istəyirik.


Yüklə 310,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin