Psixoloji üsul. İdarəetmədə psixologiyanın, psixi proseslərin rolu böyükdür. İdarəetmə fəaliyyətində psixoloji üsul insanların davranış və ünsiyyət fəaliyyəti ilə əlaqədar olub, onların fəaliyyətinə təsir göstərmək, onları vacib məqsəd ətrafında səfərbər etmək üsuludur.
Psixoloji üsullar sistemi də sosial fəlsəfənin tərkibinə daxildir. Psixoloji üsul fərdlərin, qrupun və ya kollektivin psixologiyasına təsir etməklə onların fəallığının yaradılması və artırılması üsuludur. İdarəetmənin bu metodu kollektiv arasında psixoloji əhval ruhiyyə yaratmaqla istehsalın inkişafına, keyfiyyətin yaxşılaşdırılmasına və insanlar arasında birgə fəaliyyətin və sosial münasibətlərin tənzimlənməsinə yönəldilir.
Psixoloji üsul işçinin daxili imkanlarını araşdırmaq, onlardan istifadə etmək və psixologiyasına təsir etmək üsuludur.
Psixoloji üsul kollektivin psixologiyasına birbaşa və dolayı təsir göstərməklə onları əmək prosesində fəallaşdırır. Aşağıdakı birbaşa təsir üsullarını tətbiq etməklə işçinin fəallığını artırmaq mümkündür:
Tərifləməklə.
Vədlər verməklə.
İstiqamətləndirməklə.
Fəxri fərmanlarla, diplomlarla, medallarla təltif etməklə.
Şərəf lövhəsinə şəklini vurmaqla və s.
Birbaşa təsir üsulu mənəvi cəhətdən həvəsləndirməklə, işçini əmək prosesində ruhlandırır.
Psixoloji üsulun dolayı təsir üsulları aşağıdakılardır:
1. Kollektivdə fərdi və kollektiv psixoloji xüsusiyyətləri nəzərə almaq.
2.Təşkilatda sağlam psixoloji mühiti formalaşdırmaq.
3. İdeya-siyasi tərbiyələndirmə.
4. Kollektivin ənənələrinin, adətlərinin qorunması və inkişaf etdirilməsi.
Kollektivdə fərdi və qrupdaxili münasibətlərdən, onların psixoloji xüsusiyyətlərindən “Əmək resursları” fəslində bəhs olunmuşdur.
Dolayı psixoloji üsullardan biri müəssisədə sağlam psixoloji mühitin formalaşdırılmasıdır. Bu üsul kollektivdə daim yüksək abu-havanın, əhval-ruhiyənin olmasını təmin edir. Sağlam psixoloji mühit insanlar arasında münasibətləri tənzimləyir, humanizmin inkişafına şərait yaradır.
İdeya-siyasi tərbiyə dedikdə, konstitusiyasının ali məqsədinə hörmətlə yanaşmağı, dövlət direktivlərinə, qanunvericilik aktlarına əməl etməyi, əməli fəaliyyətdə dövlətin mənafeyini şəxsi mənafedən üstün tutmağı tələb edir. İdeya-siyasi tərbiyə milli bayramların, məsələn Konstitusiya gününün, müstəqillik gününün, milli dirçəliş gününün və s. qeyd edilməsi, işçilərin bir sıra siyasi xadimlərlə görüşlərinin keçirilməsi, kollektivin dövlət tədbirlərində, siyasi tədbirlərdə fəal iştirakı ilə əlaqədardır. İdeya-siyasi tərbiyə kollektivin vətənpərvər ruhda tərbiyələnməsi üçün önəmlidir.
Kollektivin adət-ənənəsi bir neçə illər və ya on illiklər ərzində yaranır və formalaşır. Yeni təyin olunmuş rəhbərlər də kollektivin adət-ənənələrini öyrənməli və ona uyğunlaşmalıdırlar. Çünki kollektivin adət-ənənəsi kollektivin xarakterinin, xüsusiyyətlərinin, onlar arasında ünsiyyətin, əlaqənin təzahüründən formalaşır. Kadrların hərəkəti, yeniləşməsi, işə qəbulu tədricən baş verdiyindən, yeni kadrlar həmin ənənələrin təsirinə məruz qalır və ona uyğunlaşırlar. Kollektivin adət–ənənəsi onu digər kollektivlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir.
Din insanlar üçün paklıq, saflıq rəmzidir. Müəssisədə müxtəlif dinə sitayiş edən insanlar çalışa bilərlər. Onların dini etiqadına, ibadətinə hörmətlə yanaşılması kollektiv münasibətlərin tənzimlənməsi üçün olduqca vacib məsələlərdən biridir. Onların ibadəti üçün şəraitin yaradılması, dini bayramlarda onlara diqqət yetirilməsi, hədiyyələrin, yardımların verilməsi psixoloji üsulun elementi sayılır.
Psixoloji təsirin müsbət nəticələri aşağıdakılardır:
1) Xoş əhvalı-ruhiyyə.
2) Özünə inam.
3) Aktivlik.
4) Məsuliyyətlilik.
Kollektivdə bu cür psixoloji hallar və vəziyyətlərin yaranması işçilərdə müsbət emosiyalara səbəb olur, onların əmək prosesində daha da aktivləşməsinə müsbət təsir göstərir.