Dinc oturmaq–artıq hərəkətlərə yol verməmək, sakitliyə riayət etmək.
Səbirlilik–hər bir işin, hərəkətin məqamını gözləmək.
Səliqəlilik–geyimdə, sənədləşmə işində, iş otağında səliqə-sahmana, təmizliyə, nizam-intizama riayət etmək.
Ədalətlilik – obyektivlik, düzgünlük.
Xeyirxahlıq–yardım etmək, xeyir vermək, kömək etmək.
Əxlaq tərbiyəsi ilkin tərbiyənin təzahürü olduğu üçün bu tərbiyə növü ailənin, məktəblərin və digər bu kimi mühitin təsirindən formalaşır. Müəssisə rəhbəri işçini işə götürərkən əxlaq tərbiyəsinin bəzi elementlərini müşahidə edə bilər. Məsələn işə qəbul məqsədi ilə müsabiqələrin təşkili, işçiyə sınaq müddətinin verilməsi qısa müddət ərzində onun ədəb–ərkan qaydalarına əməl etməsinə, səliqəsinə, qabiliyyətinə və insani keyfiyyətlərinə qiymət vermək imkanı əldə edə bilir. Rəhbərlər bu cür keyfiyyətlərə malik olmayan insanlarla işləməyə üstünlük vermirlər.
İqtisadi tərbiyə qənaətçilik tərbiyəsi, sahibkarlıq tərbiyəsi, vergi ödəmək tərbiyəsi, halallıq tərbiyəsi və sairdən ibarətdir. İqtisadi tərbiyə insanlarda vətənə, xalqa, vətəndaşlara məhəbbət hissinin olmasını aşılayır. Çünki bu hisslər rəhbərlərdə, işçidə, kollektivdə, istehsalçılarda müştərilərə, alıcılara qarşı etik-iqtisadi münasibətləri formalaşdırır, istehlakçıların və alıcıların mənafeyinə ləyaqətlə və vicdanla xidmət etməyə, onların tələbatına uyğun məhsul istehsalına sövq edir. İqtisadi tərbiyə insanları maddi, əmək və maliyyə resurslarından səmərəli istifadə etmək ruhunda tərbiyə edir.
İqtisadi tərbiyə insanları iqtisadi qanunlara əməl etməyə, dövlətin direktiv sənədlərinə, qanunvericilik aktlarına hörmətlə yanaşmağa dəvət edir, rəhbərdə, sahibkarda, biznesmenlərdə vergi mədəniyyətinin formalaşdırılmasına, cəmiyyətin iqtisadi və sosial maraqlarına uyğun fəaliyyət göstərmələrinə səbəb olur.