FƏSİL I. MENECMENTİN MAHİYYƏTİ VƏ METODOLOJİ ƏSASLARI
1.1. Menecmentin mahiyyəti
“Menecment” sözü ingilis dilindən götürülüb, mənası idarəetmə, təşkiletmə deməkdir. Bazar münasibətlərinə keçid şəraitinin qarşısında duran ən mühüm vəzifələrdən biri də müəssisələr (təşkilatlar, birliklər) səviyyəsində menecmentin nəzəri və metodoloji problemlərini araşdırmaq və həll etməkdir.
Menecment sözünü ilk dəfə amerikan biznesmeni Q.Taun 1886-cı ildə mühəndis-mexaniklərin iclaslarından birində işlətmiş, bundan sonra bu söz bir məfhum kimi leksikonda istifadə olunmuşdur.
Menecmentin predmetini idarəetmə münasibətləri təşkil edir. Menecmentin obyekti bazar münasibətləri şəraitində istehsal, ticarət, xidmət, nəqliyyat, tikinti və s. fəaliyyət sahələri ilə məşğul olan müəssisə və təşkilatlardır. Menecmentin subyektləri dedikdə isə, idarə edən və idarə olunan sistemlər başa düşülür.
Menecment fənlərarası elmi biliklər sahəsi kimi də başa düşülür. Çünki elə bir sahə yoxdur ki, orada idarəetməyə ehtiyac olmasın. Məsələn maliyyə iqtisadiyyatın bir sahəsidir və onun menecmenti də vardır. Həmçinin istehsal, marketinq, innovasiya, kommersiya, informasiya və s.
Menecment bazar münasibətləri şəraitində idarəetmə nəzəriyyəsi hesab edilir. Menecment və idarəetmə anlayışları bir-birinə tam eyni olmayan sinonim kimi çıxış edir. İdarəetmə insanların fəaliyyətini istiqamətləndirməklə və onların davranışlarının əsaslarını yaratmaqla məqsədə nail olmaq bacarığıdır. İdarəetmə anlayışı insan fəaliyyətinin bütün sahələrinə aid edilə bilər. Baxmayaraq ki, menecment idarəetmə mənasında işlədilir, bütün idarə edən şəxslər menecerlər hesab edilmirlər. Məsələn hər hansı bir nazir idarə edən şəxsdir, lakin menecer hesab edilmir. Ailə başçısı ailəni idarə edir, amma menecer sayılmır. İdarəetmənin formalarına nəzər salsaq, biz bunu açıq aydın görərik. İdarəetmənin formaları aşağıdakılardır:
1.Canlı aləmin idarə edilməsi.
2.Cansız aləmin idarə edilməsi.
Canlı aləmin idarə edilməsi sosial idarəetmədən və bioloji aləmin idarə edilməsindən ibarətdir.
Sosial idarəetmə öz növbəsində aşağıdakı kimi təsnifləşdirilir:
Cəmiyyətin idarə edilməsi.
Müəssisə və təşkilatlarda çalışan kollektivin idarəedilməsi.
Sosial qrupların idarə edilməsi.
Özünü idarəetmə.
Menecment anlayışı yalnız bazar mühiti şəraitində fəaliyyət göstərən müəssisələrdə sosial-iqtisadi proseslərin, maliyyə–təsərrüfat sahələrinin idarə olunmasını əks etdirir. Menecment məfhumunun məzmununu araşdırarkən aydın olur ki, o sərbəst peşəkar fəaliyyət növü olub, təkcə sənaye firmalarının elmi–tədqiqat, layihə–konstruktor işləri ilə deyil, həmçinin istehsal, texnoloji, təşkilati, maliyyə, satış sahələrini, həm də bank, sığorta təşkilatları, turizm agentliyi, mehmanxana, nəqliyyat kompaniyaları, ümumiyyətlə, bazara sərbəst daxil olan iqtisadi subyekt kimi bütün təsərrüfat vahidlərini əhatə edir.
Menecment daha az maddi, əmək və maliyyə ehtiyatlarından istifadə edərək səmərəliliyi yüksəltmək və mənfəəti artırmaq məqsədi ilə həyata keçirilən idarəetmə fəaliyyəti ilə əlaqədar peşədir. Bu peşə idarəetmə fəaliyyəti ilə bağlı bütün funksiyaların, metodların, prinsiplərin, strategiyaların və formaların məcmusudur. Başqa sözlə, menecment bazar və bazar münasibətləri şəraitində idarəetmə deməkdir ki, o;
- qarşıya qoyulan məqsədə nail olmaq üçün işçiləri, onların imkanlarını səfərbər etmiş olsun;
- tam təsərrüfat sərbəstliyi şəraitində keyfiyyətli məhsul istehsalını təmin etsin;
- firmanı tələb və təklifə uyğunlaşan bazara və məhsul buraxılışına elə yönəltməlidir ki, nəticədə yüksək mənfəət əldə etmiş olsun;
Menecment insanları və onların potensialını məqsədyönlü formada səfərbər etməklə qarşıya qoyulan məqsədə nail olunmasından ibarətdir. Deməli, menecment sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərində işçilərin əməyini istiqamətləndirməklə və onların davranışlarının əsaslarını yaratmaqla məqsədə nail olmaq bacarığıdır.
İdarəetmə özü bir sistemdir. Bu sistem üç səviyyədən ibarətdir:
Ali səviyyə.
Orta səviyyə.
Aşağı səviyyə.
Hər üç səviyyədə idarəetmə fəaliyyəti menecmentdir. Lakin təcrübədə, əsasən idarəetmənin orta səviyyəsində çalışan şəxslər menecerlər hesab edilirlər. Yəni müəssisənin direktorlarını, prezidentlərini, sədrlərini deyil, şöbə müdirlərini, funksional icraçıları, hər hansı bir təşkilati struktur vahidlərində çalışan mütəxəssisləri və ya məsul şəxsləri menecerlər hesab edirlər.
İdarəetmə çox məsuliyyətli bir fəaliyyətdir. İdarəetmənin təsirli və məqsədəuyğun olması üçün idarə edən şəxslərin bilik və bacarıqlara malik olması vacibdir.
İdarəetmənin məqsədi idarəetmə obyektinin gələcəkdə arzu olunan vəziyyətə gətirilməsidir. İdarəetmə məqsədyönlü fəaliyyət olduğundan fəaliyyət ali (baş) məqsədin qoyuluşu ilə başlayır. Ali məqsədə nail olmaq üçün isə alt məqsədlər müəyyən olunur. Məsələn istehsal fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmək üçün (bu ali məqsəd hesab edilir) alt məqsədlərə aşağıdakıları aid etmək olar:
maliyyə vəsaitlərinə malik olmaq;
əsas və yardımçı sahələrdən ibarət bina və ya obyektləri inşa etmək və ya icarəyə götürmək;
avadanlıqları və texnologiyanı cəlb etmək;
personalı cəlb etmək;
fəaliyyətə başlamaq.
Menecment idarəçilik fəaliyyəti sistemi kimi idarəetmə prosesini, fəaliyyətin təşkilini, icraçılar arasında funksiyaların və məsuliyyətin bölüşdürülməsini, resursların (material, texnika–texnologiya, kapital, informasiya, əmək resursları) səmərəli seçimini və istifadəsini, çoxvariantlı qərarların qəbul edilməsini, iş stilinin müəyyən edilməsini və bütün bunlar üçün xüsusi idarəetmə strukturunun mövcudluğunu nəzərdə tutur.
Menecment–idarəetmənin sosial-iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etməklə qarşıya qoyulan məqsədə nail olmaq üçün həyata keçirilən peşəkar idarəetmə fəaliyyəti növüdür. Deməli, menecment–bazar iqtisadiyyatı və rəqabət şəraitində idarəetmədir.
Dostları ilə paylaş: |