Situasiyalı yanaşma (məqam yanaşma) konkret məqamları və vəziyyətləri nəzərdə tutur. Situasiyalı yanaşma konkret məqamlarda konkret qaydaların tətbiq edilməsini tələb edir. Yəni gözlənilən və gözlənilməyən, planlaşdırılan və planlaşdırılmayan halların baş verdiyi məqamlarda və vəziyyətlərdə nə etmək lazım gəldiyi bu yanaşma forması ilə müəyyən edilir. Məsələn qəfildən istehsal sexində yanğın hadisəsi baş verir. Həmin anda operativ tədbirlər görülməzsə, istehsal sexi yanıb yararsız hala düşəcəkdir. Bu problemə situasiyalı yanaşma yanğının operativ surətdə qarşısının alınmasını, onun nəticələrinin aradan qaldırılmasını və istehsalın bərpa olunmasını tələb edir. Deməli, situasiyalı yanaşma operativ qərarların qəbul olunması ilə əlaqədardır. Lakin yanğın problemi aradan qaldırıldıqdan və istehsal prosesinin bərpası təmin olunduqdan sonra, rəhbərlik tərəfindən komissiya təşkil edilib sistemli, kompleks və proses yanaşmaları həyata keçirməklə nöqsanları, çatışmamazlıqları, günahkarları aşkar etmək və gələcəkdə bir daha bu cür halların baş verməsinin qarşısını almaq yollarını müəyyən etmək olar.
İdarəetmə fəaliyyəti ilə əlaqədar başqa bir misal göstərək. Müəssisənin biznes planı tərtib olunmuş, bunun əsasında ilin sonunda əldə ediləcək iqtisadi səmərəlilik göstəriciləri müəyyənləşdirilmişdir. Lakin bazarda qiymətlərin aşağı düşməsi müəssisənin fəaliyyətini iflic vəziyyətinə qoymuşdur. Bu zaman müəssisənin qiymət siyasətində dəyişikliklərin aparılması, problemin yaratdığı fəsadların müəyyən olunması, yaranmış vəziyyətdən çıxış yollarının axtarılıb tapılması situasiyalı yanaşmanın həyata keçirilməsini tələb edir.
Bəzən situasiyalı yanaşma konkret formaların tətbiq edilməsini tələb edir. Yəni hansı konkret məqamda hansı addımların atılması lazım gəlir?
Situasiyalı yanaşma aşağıdakı funksiyaların həyata keçirilməsini tələb edir:
Baş verəcək situasiyaların qabaqcadan müəyyən olunması.
Situasiyaların yaranması ilə bağlı daxili və xarici təsir ünsürlərinin müəyyənləşdirilməsi.
Baş verəcək və ya baş vermiş situasiyaların nəticələrinin müəyyənləşdirilməsi. (Nəticə müsbət və ya mənfi dəyişikliklərlə əlaqədar ola bilər.)