Müasir idarəetmə məktəbi idarəetmə məktəbləri arasında ən mütərəqqi səciyyə daşıyır. Bu məktəb idarəetmədə riyazi- iqtisadi modellər və üsulların tətbiqini nəzərdə tutur. Müasir idarəetmə məktəbi yeni texnologiyaların idarəetməyə gətirilməsinə üstünlük verir. Məsələn yeni ra-bitə texnologiyalarının köməyi ilə informasiyaların ötürülməsi, kompüter texnologiyası vasitəsiləriyazi hesablamaların aparılması, məlumatların uçota alınması, saxlanılması, işlənməsi və ötürülməsi, texniki vasitələrlə hadisələrin gedişatını izləmək və müşahidələr aparmaq və s. Bu hallar idarəetmə sahəsində vaxta, əl əməyinə xeyli qənaət olunmasına, işin səmərəliliyinin, sürətinin və keyfiyyətinin yüksəldilməsinə səbəb oldu.
İdarəetmə məktəbləri idarəetmə elminin formalaşması və inkişafında böyük rola malik olmuşdur. Çünki bu məktəblər idarəetmə elminin müxtəlif tərəflərini öyrənmiş, bu sahədə tədqiqatlar aparmış və problemləri araşdırımışdır. İdarəetmə elminin hazırki duruma gəlib çıxmasını idarəetmə məktəblərinin elmi fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək olar.
1.5. İdarəetməyə elmi yanaşma
İdarəetməyə elmi yanaşma dedikdə, idarəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prinsiplərinə elmi-nəzəri baxışların məcmusu başa düşülür. İdarəetməyə elmi yanaşmanın aşağıdakı formaları mövcuddur:
1.Sistemli yanaşma.
2.Proses yanaşma.
3.Situasiyalı yanaşma.
4.Kompleks yanaşma.
Sistemli yanaşma bütün yanaşmaları özündə birləşdirərək, idarəetmənin sistem halında öyrənilməsini həyata keçirir. Sistemli yanaşma idarəetmənin tərkib hissələrini, proseslərini, funksiyalarını, metodlarını, prinsiplərini qarşılıqlı əlaqədə öyrənir.
Sistem iki və ya daha artıq vahidin öz xassələrini saxlamaqla, onların birləşməsi nəticəsində yaranmış yeni xassəli tam və ya vahiddir. Sistemi təşkil edən hissələr, hadisələr, elementlər qarşılıqlı əlaqədə olmalıdırlar. Sistemlər 2 cür olur. Açıq və qapalı sistemlər.
Açıq sistemlərin tərkib elementləri ətraf mühitlə əlaqədə olur. Məsələn müəssisə açıq sistem kimi digər təşkilatlarla: sifarişçilərlə, malgöndərənlərlə, podratçılarla, malalanlarla, banklarla, sığorta təşkilatları ilə, dövlət təşkilatları ilə, məsələn vergi və gömrük xidməti orqanları ilə, sosial müdafiə fondu ilə və s. əlaqədə olurlar.
Qapalı sistemlər isə ətraf mühitdən təcrid olunmuş, başqa sözlə desək, izolə edilmiş sistemlərdir. Məsələn bu cür sistemlərə saat sistemini, dünya iqtisadi sistemini, keçmiş sosialist təsərrüfatı sistemini, məxfi orqanların məlumat sistemlərini və s. misal göstərmək olar. Hər bir subyekt özünə məxsus olan sistemləri qapalı və ya açıq sistem kimi formalaşdıra bilərlər. Məsələn: müəssisə biznes planını rəqiblərin, digər təşkilatların əlinə keçməməsi üçün məxfi sənəd kimi saxlaya bilər.
Sistemli yanaşma hadisələri öyrənərkən, onu digər hadisələrlə əlaqədə öyrənir və ya onun daxili aləmini əlaqəli şəklidə tədqiq edir. Məsələn hesabat ili zərərlə başa vurulmuşdursa, bu zaman zərərin baş verməsinə səbəb ola bilən bütün amillər: gəlir və xərc maddələri, istehsalın həcmi, satışın həcmi, keyfiyyət göstəriciləri, qənaət prinsipi və s. bu kimi məsələlər araşdırılır. Çünki bu problemin həllinə sistemli baxış qeyd edilən amilləri qarşılıqlı əlaqədə araşdırmağı tələb edir.